Modern.az

Rublun ucuzlaşması qeyri-neft sektorumuz üçün arzuolunmazdır” - İqtisadçı

Rublun ucuzlaşması qeyri-neft sektorumuz üçün arzuolunmazdır” - İqtisadçı

İqtisadiyyat

10 Mart 2020, 18:03

“Brent” markalı neft OPEK+ ittifaqının dağılması və Rusiyanın bu razılaşmdan imtina etməsindən sonra kəıskin ucuzlaşıb. 30 dollara qədər ucuzlaşan “qara qızıl”  ondan sonra 37 dollara qədər bahalaşsa da, neft ixrac edən ölkələr valyuta gəlirlərinin azalmasına görə həssas duruma düşüblər.

 

Rusiyada milli valyutası rublun son günlər dollar qarşısında 10-15% dəyər itirməsi isə manata olan təyziqləri də artırıb. Bəs rublun ucuzlaşması cəmiyyətdə devalvasiya şayiələrinin yayıldığı Azərbaycanda manatın kursuna hansı təsiri göstərə bilər?

 

Məsələ ilə bağlı Modern.az iqtisadçı Samir Əliyevlə danışıb. İqtisadçı rublun manata təzyiq etməsi ehtimallarını qismən təsdiqləyib.

“Azərbaycan manatına təsir indiki məqamda daha çox neftin qiymətindən gəlir. Rusiyada rublun ucuzlaşmasının Azərbaycana təsiri manatın üzən məzənnəyə keçməsi halında müəyyənləşərdi. Baxmayaraq ki, bu gün qeyri-neft sektorunun əsas hissəsi Rusiyanın payına düşür, amma bizim qeyri-neft sektoru bir o qədər də yüksək deyil. Son məlumata görə, 1 ildə 2 milyard dollardan çox qeyri-neft məhsulu ixrac  etmişik və onun əsas hissəsi Rusiyanın payına düşür. Bu o deməkdir ki, rublun ucuzlaşması bizim ixracatımıza çətinlik yaradacaq. Biz Rusiyaya daha çox meyvə-tərəvəz, şəkər ixrac edirik. Rublun ucuzlaşması bizim məhsulların orada rəqabət qabiliyyətinə problem yaradacaq.  Bu əslində bizim dirçəlməkdə olan qeyri-neft sektoru üçün arzuolunmazdır. Lakin Azərbaycan manatına bir başa təsiri yoxdur”.

 

Ekspert manatın ucuzlaşacağı halda, Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artacağını da əlavə edib.

“Təsiri həmin o ucuzlaşmanı kompensasiya etmək üçün öz manatımızı ucuzlaşdırdığımız halda ola bilərdi. Bu  bizim malların orada rəqabət qabiliyyətinə təkan verə bilərdi. Amma digər tərəfdən, manatın ucuzlaşması problemlər yaradar. Çünki biz idxaldan asılı ölkəyik. Rublun ucuzlaşmasının Azərbaycan manatına heç bir təsirini görmürəm. Azərbaycan manatına təsir neftin ucuzlaşmasından ola bilər. Neftin qiyməti təxminən 50 dollara qalxarsa, sabitlik yaranar. Nə qədər ki neftin qiyməti 40 dollardan aşağıdır, gərginlik davam edəcək”.

 

Səkinə ƏLƏKBƏR

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı