Modern.az

Dini rəhbərlərimizin qoyduğu irs - Onları xatırladan Şeyxulislam hansı mesajı verir?

Dini rəhbərlərimizin qoyduğu irs - Onları xatırladan Şeyxulislam hansı mesajı verir?

Analitika

11 Mart 2020, 10:42

Prezident İlham Əliyev Altıncı çağırış Milli Məclisin ilk iclasının açılışındakı çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfələr verdiyini bildirdi.


Bakıda keçirilimiş Dünya dini liderlərinin II Zirvə Görüşünü xatırladan dövlət başçısı qeyd etdi ki, bu gün dünya miqyasında Azərbaycan qədər bu məsələ ilə ciddi məşğul olan və ciddi nəticələr hasil edən ikinci ölkə yoxdur:

“Həm müsəlman aləmi bizi dəstəkləyir, həm də İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibətə görə bizi örnək kimi göstərir. Həm Rusiya Pravoslav kilsəsinin patriarxı Kirill Azərbaycanda gedən dinlərarası proseslərə müsbət qiymət verir, həm də Roma Papası Fransisk. Bunlar aparıcı ənənəvi dünya dini liderlərinin sözləridir”.


Bu sözlər tolerantlıq mərkəzi kimi tanınan ölkəmizdə dinin yerini və mövqeyini göstərən vacib mesajdır. Uzun illər Azərbaycan cəmiyyətinin formalaşmasında, milli özünüdərkində  ciddi rol oynamış islam dini bütün təqiblərə rəğmən unudulmayıb, sələflərdən xələfələrə keçən kövrək zəncirini yarada bilib.


Azərbaycanlı din xadimləri əsrin çağırışlarına cavab verərək tarixin müxtəlif dövrlərində xalqın maariflənməsi üçün səy göstərib  və milli ənənə üzərində qurulan tərbiyə kodlarını çətinliklə də olsa, gələcək nəsillərə ötürə biliblər. 



Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Allahşükür Paşazadə sosial şəbəkə üzərindəki rəsmi səhifəsində #Qafqazmuselmanlariidaresi #Sheyxulislam #Azerbaijan #Baku #AzərbaycandaŞeyxülislamlıq #muftilermiz #Mufti həştəqiylə Qafqaz müsəlmanlarına rəhbərlik etmiş Azərbaycanın ali dini rəhbər statusunu daşımış sələflərinin –Şeyxulislamların həyat və fəaliyyətini paylaşmaqla maraqlı bir kampaniyaya başlayıb. Son 200 ildə Azərbaycan xalqının dini rəhbəri statusunu daşımış bu şəxslərin hər biri yaşadığı dövrün bütün çətinliklərinə baxmayaraq xalqın özünü tanıması və milli yaddaşının itməməsi üçün zəhmət sərf etmiş hörmətli şəxsiyyətlərdir.


Öz dövrünün mükəmməl dini təhsilini almış bu adamlar yaşadıqları ömür çərçivəsində xalqın yaddaşında iz buraxa biliblər.


İlk şeyxulislamımız olmuş Məhəmmədəli Hüseynzadə  1790-cı ildə Bağdad Universitetinin ilahiyyat və tarix fakultələrini bitirmişdi. Tiflisdə Şah Abbas məscidində uzun illər axundluq edən axund Məhəmmədəli bu vəzifədə işləməklə təkcə Tiflisdə deyil, Şərqi və Qərbi Azərbaycan, Borçalı, Dağıstan əyalətlərində də böyük nüfuz sahibinə çevrilmişdi. O, Azərbaycan publisisti, yazıçı və ideoloq Əli bəy Hüseynzadənin babasıdır.


İkinci Şeyxulislam olmuş Fazil İrəvani Misirin “Əl-Əzhər” Unversitetində 25 il təhsil alıb. 1846-cı ildə Şeyxulislam vəzifəsinə seçilən Fazil İrəvani QMİ-nin rus təsirindən çıxarmaq üçün bir sıra addımlar atmışdı.  İdarənin fəaliyyətinə prokuror nəzarəti ləğv edilmiş, yüksək ruhani şəxslərin təyin edilməsini ruhani idarəsi özü həyata keçirməyə başlamışdı.  Fazil İrəvani elmi-dini fəaliyyətlə də məşğul olub. 1812-ci ildə Sank-Peterburqda eyni vaxtda 2 kitabı çap edilib. Onun  “Qızılgül və bülbül haqqında əxlaqi roman” kitabı 1826-cı ildə Vajja Defloribalinin tərcüməsi əsasında Parisdə fransız dilində, 1832 - 1833-cü illərdə isə Yozef Fon Hammer alman dilinə tərcümə edərək geniş tirajla nəşr olunub.


Üçüncü Şeyxulislam olmuş Əhməd Hüseynzadə 1862-ci ildə Zaqafqaziya Şeyxulislamı təyin olunub.  Dövrünün görkəmli islamşunas alimi olmaqla yanaşı, dünyəvi elmləri yaxşı bilən Ə.Hüseynzadə bir neçə fənnə dair dərsliklər yazıb. Yazdığı əsərlər rus, fars, ərəb dillərində geniş oxucu kütləsinə malik olub.

Dördüncü Şeyxulislam Mirzə Həsən Tahirzadənin də həyat yolu maraqlıdır.  1837-ci ildə Şuşa qəzasında anadan olan Mirzə Həsən 1873-cü ildə imperatorun əmri ilə Qafqaz eskadronunun leybqvardiyasının 4-cü vzvoduna axund təyin edilib. 1878-ci ilədək qvardiyada ruhani kimi xidmət edib. Tərxis olunduqdan sonra Mirzə Həsən Tahirzadə Sankt-Peterburq universitetinə müəllim-mühazirəçi kimi Şərq dilləri fakültəsində fars dilindən dərs deyib. 1885-ci ildə Qafqaz Ruhani İdarəsinin şeyxülislamı təyin edilib.


Beşinci Şeyxulislam Əbdüssəlam Axundzadə məşhur Qori Müəllimlər Seminariyasında çalışıb. Azərbaycan şairi Seyid Əzim Şirvaninin müəllimi olub. 1895-ci ildən 1907-ci ilə kimi Qafqaz (Zaqafqaziya) müsəlmanlarının şeyxülislamı vəzifəsini icra edib.


Altıncı Şeyxulislam Məhəmmədhəsən Mövlazadə 1908-ci ildə Şeyxülislam seçilib. Movlazadənin "Kitab əl-bəyan fi təfsir əl-Quran" adlı kitabı çap olunub. İki hissədən ibarət olan bu kitabda o, Quranın tərcüməsi və təfsirini verib.


Yeddinci Şeyxulislam Məhəmməd Pişnamazzadə  1892-ci ildə Gəncə Cümə məscidinə axund təyin olunub, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanıb. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilib, 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunub.
1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə olarkən Şeyxülislam Məhəmmədəli Pişnamazzadə və Müfti Hüseyn Əfəndi Qayıbovla görüşüb, onların çıxışlarını dinləyib.


Səkkizinci Şeyxulislam Ağa Əlizadədir. Bağdadda, Nəcəf şəhərində təhsil alıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsi Bakı şəhərinə köçürülüb və 1917-ci ildə ləğv edilmiş şeyxülislamlıq vəzifəsi təsis olunub. Ağa Əlizadənin qismətinə  AXC-də və sovet Azərbaycanında Şeyxülislam olmaq düşüb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Ağa Axund da hücum və təqiblərə məruz qalır. SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli 17 saylı qərarı ilə Qafqaz Müsəlmanları İdarəsi 24 ildən sonra yenidən bərpa edilir. 1944-cü il mayın 25-28-də Zaqafqaziya müsəlmanlarının 1-ci qurultayı keçirilir və Axund Ağa Əlizadə ikinci dəfə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri seçilir. O, həmin vəzifəni ömrünün sonuna - 1954-cü ilə kimi icra edib.


Doqquzuncu Şeyxulislam Möhsün Həkimzadədir. Şeyxülislam Axund Ağa Əlizadənin vəfatından sonra, bölgə müsəlmanlarının həmin ildə çağırılmış 3-cü qurultayında Sabirabad şəhəri “Şamaxı” məscidinin axundu Şeyx Möhsün Həkimzadə Şeyxülislam seçilir. Dindarların öz vətəndaşlıq borclarını namusla yerinə yetirməsini təbliğ edən, yüksək natiqlik bacarığı olan bu din xadimi mömin müsəlmanlar arasında böyük nüfuza malik olub.


Onuncu Şeyxulislam Axund Əliağa Süleymanzadə olub. Mədinədə imtahan verərək ali ruhanilik təhsili alan Əliağa Süleymanzadə 12 il orada oxuyub. 1968-ci ildə Zaqafqaziya müsəlmanlarının IV qurultayında 83 yaşlı Əliağa Süleymanzadə Ruhani İdarəsinin sədri seçilib. Şeyxülislam Axund Əliağa Süleymanzadə işlədiyi 1968-1978-ci illərdə bir çox konfranlarda, simpoziumlarda beynəlxalq təşkilatların tədbirlərində SSRİ-ni təmsil edib. 1970-ci ilin oktyabrında Daşkənddə “Sülh uğrunda mübarizədə birliyin və əməkdaşlığın əhəmiyyəti”adlı Ümumittifaq konfransda məruzə ilə çıxış edib. 1977-ci ilin iyununda Moskvada “Din xadimləri möhkəm sülh, tərksilah və xalqlar arasında ədalətli münasibətlər uğrunda” Ümumdünya Konfransının da iştirakçısı olub.


On birinci Şeyxulislam Mirqəzənfər İbrahimovdur. Gənc yaşlarında bir müddət milis orqanlarında çalışan M. İbrahimov daha sonra Şeyxülislam Əliağa Süleymanzadənin yoxlamasından və imtahanlarında uğurla çıxaraq bir müddət Quba məscidində axundluq edib.  Axund Mirqəzənfər İbrahimov Molla Əliağa Süleymanzadənin vəfatından sonra 1978-ildə çağırılmış Zaqafqaziya müsəlmanlarının 7-ci qurultayında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri - Şeyxulislam seçilib.
Onun fikrincə, yalnız İslam dini insanlar arasında milli mənsubiyyəti saxlamaqla milli firqələri inkar edir və bu xüsusda milli ədavətə son qoyur.



On ikinci Şeyxulislam olan Allahşükür Paşazadə bu vəzifədə olduğu son 40 il ərzində həmişə öz xələflərini hörmətlə yad edib və xatirəsini əziz tutub. Öz çıxışlarında, paylaşımlarında Azərbaycan din xadimlərinə belə yüksək məqamda təqdim etməsi ölkəmizin dini müstəvidə özünəməxsus  yerinin olduğunu göstərməklə yanaşı, xaricdən Azərbaycana qarşı ixrac edilən müxtəlif şübhəli inanclara qarşı ciddi özülün olduğunu xatırladır.


Azərbaycan müstəqil olduqdan sonra keçən 30 ilə yaxın müddətdə ölkəmizə dini zəmində ən müxtəlif maraqların təbliğatçısı olan qruplar daxil olmağa cəhd edib. İnanclı vətəndaşların dünyanın müxtəlif istiqamətlərinə üz tutaraq oradakı şəxslərə istinad etməsi mürəkkəb situasiya yaradır. Azərbaycan özü daxildə “dini hövzə” rolunu oynamaq üçün kifayət qədər tarixi subuta və potensiala malikdir. Elə yuxarıda sadalanan din xadimlərinin siyahısından aydın olur ki, bu illər ərzində xalq özünün inancında həmişə yerli din xadimlərinə istinad edib. Dövlətin öz dini rəhbərinin olması zəruri amildir.


Şeyxulislam Hacı Allahşükür Paşazadə təkcə Azərbaycanının deyil, bütövlükdə Qafqaz xalqlarının dini rəhbəridir. Bu vəzifə isə əslində sayı 10 milyondan artıq olan Qafqaz xalqlarının mənəvi rəhbəri, ağsaqqalı xarakterini daşıyır. Şeyxin özü də Azərbaycanda xalqın ən çətin  vaxtlarında öz mövqeyini qorxmadan nümayiş etdirə bilib. 


Müxtəlif dini konfessiyaların və xalqların yaşadığı Azərbaycan üçün xaricdən ixrac olunan təhlükəli tendensiyalar  dövlətdən xüsusi həssaslıq tələb edir. Dinləri bir-birinə qarşı qoymaqla siyasi  dividend qazanmağa çalışan qüvvələrin  at oynatdığı bir dünyada tolerantlıq prinsipləri, birgəyaşayış mesajları sülh və barış üçün əsas resept sayılır.  Azərbaycanın da bəyan etdiyi çağırışlar dünya üçün öz aktuallığını saxlayır.


Bu baxımdan xalqın özünün yetişdirdiyi din xadimləri cəmiyyətdə birliyi təmin etməkdə göstərdiyi xidməti ilə dövlət üçün xüsusi əhəmiyyət daşıyır. Belə status dövlətə kənar qüvvələrin müdaxilə imkanlarını zəiflədir və xalqın vahid mövqeydən çıxış etməsi üçün imkan yaradır.

Özünün belə şanlı “sələfələr və xələfələr” zəncirinə malik olan Azərbaycan xalqının öz milli dini liderlərinə istinadı ölkəmizin bir dini hövzə olaraq formalaşmasına töhfələrini verir.


Emin Abbasov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür