Modern.az

“Büdcəyə baxılmasına ehtiyac qalmayacaq” - İqtisadçı deputat nikbindir

“Büdcəyə baxılmasına ehtiyac qalmayacaq” - İqtisadçı deputat nikbindir

11 Mart 2020, 12:34

Dünya birjalarında kəskin ucuzlaşmadan sonra bu gün neft qiymətləri nisbətən yüksəlməyə başlayıb. Amma yenə də neftin 1 barrelinin qiyməti Azərbaycanın dövlət büdcəsində götürlən həddən aşağıdır. Hazırda dünya birjalarında bazar ertəsindəki düşüşdən sonra bu gün Brent markalı neftin 1 bareli 38,66 dollar, WTI markalı neftin 1 bareli 35,41 dollar, “Azeri Light” markalı neftin bir barreli 36,47 dollar təşkil edib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, “Büdcə təsnifatı haqqında” Qanuna əsasən büdcəyə baxılması və dəyişikliklər edilməsi mümkündür:

 

“Amma bu, neftin 1 barrel qiymətinin mart-apreldə necə dəyişməsindən asılı olacaq. Yanvar-fevral ayında neft qiymətləri büdcədə nəzərdə tutulandan yüksək olub. Mart ayında isə qiymətlərin aşağı düşməsini müşahidə etmişik. Əgər aprel ayında qiymətlərin yenidən stabilləşməsi müşahidə olunarsa, büdcəyə yenidən baxılmasına ehtiyac qalmayacaq”.

 

Deputatın sözlərinə görə, qiymətlər ucuzlaşmaqda davam edərsə, Maliyyə Nazirliyi 2014-2015-ci illrədə olduğu kimi bəzi xərclərin azaldılması tədbirlərini həyata keçirə bilər:

 

“Aşağı neft qiymətləri uzunmüddətli olarsa, o zaman parlament səviyyəsində büdcəyə baxıla və büdcə gəlirlərinin mövcud qiymətlərə uyğunlaşdırılması aparıla bilər. Amma düşünürəm ki, hələlik büdcəyə baxılmasının müzakirə olunması tezdir. Çünki hazırkı neft qiymətləri aşağı olmasına baxmayaraq, ilk 2 ayda büdcədə nəzərdə tutulandan daha yüksək olub. Söhbət illik orta qiymətin 55 dollar olmasından gedir. Əgər apreldən etibarən qiymətlər stabilləşərsə, büdcənin gəlir və xərclərində hər hansı dəyişiklik edilməsinə ehtiyac qalmayacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?