Modern.az

Tarixdə iz qoyanlar: İki dəfə SSRİ Dövlət Mükafatı laureatı olmuş azərbaycanlı niyə Sibirə SÜRGÜN OLUNDU?..

Tarixdə iz qoyanlar: İki dəfə SSRİ Dövlət Mükafatı laureatı olmuş azərbaycanlı niyə Sibirə SÜRGÜN OLUNDU?..

14 Mart 2020, 11:33

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınır. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Açığı, indiki nəslin nümayəndələrinin onu tanıdıqlarına əmin deyiləm, hətta texniki universitet və akademiyaların tələbələri də tanınmış neftçi, Azərbaycanın əməkdar mühəndisi, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, bir çox orden və medallara layiq görülmüş Yusif Əliqulu oğlu Səfərov haqqında az məlumata malikdirlər.

Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində Yusif Səfərovun şəxsi arxivi olmasa da, ABŞ-in Texas ştatında neft mədəni hesab edilən Hyuston şəhərindəki "Ocean Star" muzeyində memorial lövhəsi vurulub. Haqqında isə arxivdə onu tanıyanların xatirələri və bəzi sənədlər var. Əfsanəvi neftçinin bacısı oğlu, texnika elmləri doktoru Eldar Süleymanovun şəxsi fondundan istifadə edərək, bu yazını araya-ərsəyə gətiririk.

Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində müəllifləri Məmməd Mirzəyev və Canalı Mirzəyev olan "Qara qızıl, ağ səadət" kitabından:


"Coşqun Xəzərin dibində zəngin neft yataqları vardır.  Bu yataqlar hələ inqilabdan çox-çox əvvəl diqqəti cəlb edirdi. Bakının o zamankı neft kralları - nobellər, mantaşevlər, rotşıldlər və başqaları bu zəngin neft yataqlarını mənimsəmək, oradakı qara qanı sorub çıxarmaq üçün xeyli miqdarda pul sərf etmişdilər. Şübhəsiz ki, geridə qalmış köhnə texnukası olan və rəqabətdə bir-birinisıxan bu kapitalistlər çoxlu sərmayə qoymalarına baxmayaraq Xəzərin dibindəki nefti aşkar və istismar edə bilmədilər.

Neft səltənətinin bu yeni diyarını aşkar etmək qəhrəman Bakı neftçilərinə müyəssər oldu...".

Yusif Səfərov 15 oktyabr 1907-ci ildə Şamaxı şəhərində anadan olub. Hələ kiçik yaşlarında elmə böyük həvəs göstərmiş, Azərbaycan Sənaye İnstitutunun dağ-mədən fakultəsinə qəbul olunmuşdur. 1931-ci ildə institutu bitirən Yusif Lökbatandakı kəşfiyyat kontorunda əmək fəaliyyətinə başlamış, az sonra onun kəşf etdiyi quyudan neft fontan vurmuşdur. 1931-cı ildə "Zarya Vostoka" qəzetindəki məqalədə yazılırdı ki, "bir kəşfiyyat quyusu olduğu halda, (Lökbatan nəzərdə tutulur - müəllif) beş ildən sonra buruqlardan meşə yarandı. 1930-41-ci illərdə artıq tanınmış Yusif "Qaraçuxur" və "Stalinneft" trestlərinin direktoru olmuşdur.

 

"Qara qızıl, ağ səadət" kitabından

 

"Alman faşistlərinə və yapon imperialistlərinə həlledici zərbələr hazırlamaq işində şanlı Bakı neftçilərimiz, o cümlədən Bakının istedadlı mühəndislərindən biri olan Yusif Səfərov görkəmli yer tutmuşdur".

Vəziyyətin gərginliyi aydın idi. Neft müharibəyə hava, su kimi lazım idi. Y.Səfərovun, eləcə də digər mühəndislər –Nikolay Baybakov, Sabit Orucov, Süleyman Vəzirov, Akif Əlizadə haqqında mərkəzdə məlumatlı idilər. Onların gərgin əməyi, istedadı sayəsində Bakı nefti istehsal gücünü artırdı və nəticədə tarixi qələbə əldə olundu.

1941-1945-ci illərdə Yusif Səfərov "Azneftkombinatın qazma işlərinə rəhbərlik edib. Bu illərdə o, "Dənizdə dərin qazma işləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir.

1945-ci ildə Xəzər dənizində kəşfiyyat-qazma işləri aparmaq üçün xüsusi trest yaradılır və 38 yaşlıYusif Səfərov rəhbər təyin edilir. Almaniyadan müasir avadanlıqların gətirilməsi marşal G.Jukova həvalə olunur. Yusif Səfərov və Sabit Orucov (sonralar SSRİ Neft və Qaz Sənayesi naziri) mədən quyularının qazılması planını işləyib hazırladılar və uğurla həyata keşirdilər.

Müharibədən sonra Xüsusi Dəniz Qazma Trestinin dürektoru olan Y.Səfərov mürəkkəb tədqiqatlar nəticəsində az məlum olan Neft Daşlarında neft quyularını aşkar edir. 7 noyabr 1949-cu ildə burada 1 N-li borudan neft fontan vurur. 1951-ci ildə dənizdə neftin kəşfinə görə neftçi mütəxəssislərə Dövlət (Stalin) mükafatları təqdim olunur. Təbii ki, Yusif Səfərova da....

1952-ci ildə Sovetlər məkanında şöhrət qazanmış Yusif Səfərov "Azdənizneft"in Baş direktor müavini vəzifəsindən azad edilərək, Sibirə sürgün edilir. Səbəbi? Tədbirlərin birində Mir Cəfər Bağırovun şəninə deyilən sözlərə qoşulmamaq.


Sibir də onun xarakterini dəyişmir. Sevimli işinə burada da davam edir. Borisov neft-kəşfiyyat idarəsinə rəhbərlik edir. Stalinin ölümündən sonra Bakiya qayıdan Y.Səfərov M.C.Bağırovun məhkəmə prosesinə şahid kimi çağırılsa da, orada iştirakdan imtina edir.

Sonralar Azərbaycan Neft-Qazma Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri, Azərbaycan Sənaye İnstitutunda "Neft və qaz quyularının qazılması" kafedralarında çalışır, gənc mühəndislərin yetişməsində böyük rol oynayır.

Yusif Səfərov 1963-cü ildə əbədiyyətə qovuşub.

 
Müzahim ƏLƏKBƏROV
DETSA-nın Sənədlərin nəşri və istifadəsi şöbəsinin aparıcı mütəxəssis arxeoqrafı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi