Modern.az

“Gərək, namusumuzu, qeyrətimizi qoruyaq!” - Mənsum İbrahimovun ETİRAFLARI - MÜSAHİBƏ

“Gərək, namusumuzu, qeyrətimizi qoruyaq!” - Mənsum İbrahimovun ETİRAFLARI - MÜSAHİBƏ

Müsahibə

15 Mart 2020, 10:10

Modern.az saytı jurnalist Səfurə Çərkəzqızının məşhur xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovla ilə illər öncə qələmə aldığı müsahibəsini təqdim edir. İndiyədək internet mediada yayımlanmayan müsahibə Mənsum İbrahimovun gənclik illərindən bəhs edir.


***

(
Mənsum İbrahimovun bu müsahibəsi ilk dəfə elektron KİV-də təqdim olunur)

 

“Məcnun”un vüsalı...
 

...Eşqdən Məcnun olub çöllərə düşmək asan işdimi? Bu eşqin atəşinə nə qədər Leyli “əriyib”. Amma Məcnun hələ məcnunluğundan usanmayıb. Bu bir səhnə həyatıdı, oyundu... Bəs gerçəklər?
 

- Məcnunun dəliliyi sizə “yoluxmayıb”?


Fikirləşir.


- Mürəkkəb sualdı. Məcnunun dəliliyi... Əslində, dəli deyildi...


- Gözlər belə görürdü, amma...


- Orası elədi. Nə deyim, mən də dərdi sevən adamam. Belə olmasaydım, yəqin, Məcnunu oynaya bilməzdim.


- O dərdin adını eşq qoysaq?


- Olar. Elə hər şey ondan yaranır daa...


- Bəs eşqin məcnunluq  zirvəsi? Ondan xəbəriniz var?   


- Ona tam çatmaq mümkün deyil.


- Niyə?


- Məcnunun eşqi başqa, Mənsumunku başqa. Mən Leylimlə qovuşmuşam axı...


- Məcnun udub, yoxsa siz?


Cavab yubanır...


- Hər halda, mən udmuşam.


- Niyə?


- Ən əsası odu ki, sevdiyim mənimdi. Xoşbəxtik. 3 uşağımız var.


- Deyirlər, ailə məhəbbəti adiləşdirir...


- Mən elə fikirləşmirəm. Düzdü, hər evdə söz-söhbət düşür. Amma sevgiylə qurulan ailələrdə bu, heç vaxt qlobal problemə çevrilmir. Bizdə də elədi. Bir qanqaraçılıq olur, yaz yağışı kimi də ötüb keçir. Ya mən güzəştə gedirəm, ya da Fəridə.


- Onunla necə rastlaşmısız?


- 17-18 yaşım olardı. Ağdamda orta məktəbdə oxuyurdum. O da məndən 2-3 sinif aşağıdaydı. Heç özümdən baş açmırdım. Bilmirdim, yaşadıqlarım nədi, adına nə deyirlər. Özü də uzun müddət açıb-ağartmamışam. Kənd yeriydi, görüş-filan da mümkün deyildi.


- Onun xəbəri varıydı?


- Hiss eləmişdi. Bu barədə onunla danışmasam da, üz-üzə gələndə münasibətimdən başa düşürdü.


- Bəs, nə vaxt ürəkləndiz?


- Gec. Mən getdim əsgərliyə, o da oxumağa. Qayıdandan sonra axtarıb tapdım. Sən demə, o da məni gözləyirmiş.


- Heç ordan məktub yazmadız?


- Yox.


- Qorxmadız ki, siz gələnə qədər başqasıyla ailə qurar? 


- Nə bilim, içimdə güclü inam vardı, “mütləq ona çatacam”-deyirdim.  Bir-birimizin xarakterinə də əminiydik. Bir yerdə böyümüşdük.


- Qonşuyduz?


- Yox, bir kənddənik. Əsas odu ki, bir-birimizi başa düşürük. Sənətimə ciddi yanaşır.


- Leylilərə qisqanmır?


- Yox. Allaha şükür, hamısını tanıyır. Çox vaxt zəng eləyib, Fəridənin özüylə danışırlar. Tamaşalarımda, tədbirlərdə bir yerdə oluruq. Amma elə şeylər var ki, qısqanır.


- Məsələn, nə?


- Hərdən evə zəng eləyirlər, “zapiska”-filan göndərirlər. Arada şeir də yazırlar...


- Deyirsiz, hələ xanımınız qısqanmasın ?


- Yox, mən onu qınamıram. Qısqanclıq məhəbbətin göstəricisidi. Amma o özü də bilir ki, mən o məktublara, “zapiska”lara, zənglərə qeyri-ciddi baxmışam. Nəyimə lazımdı, mən öz Leylimi tapmışam.


- Əminsiz?


- Hə.


- Onda, hardan biləsiz ki, Məcnun nə çəkib?

(Gülür)


- Mən sənətimin Məcnunuyam. Leylilərim çox olub: Qəndab xanım, Səkinə xanım, Gülyaz xanım, Nəzakət xanım. Məndən soruşurlar ki, bu Leylilərin hansını sevirsiz? Deyirəm, heç birini, xəyalımdakını. Bilmirəm, o insandı, mələkdi, hər nədi? Füzuli “yar” deyəndə çox vaxt Allaha xitab eləyib. “Leyli və Məcnun”da birinci qat sevgidi. Bir az içəri varanda  fəlsəfədi, insanın kamilləşməyidi, Allaha qovuşmağıdı. Bu da bir zirvədi. Məcnunluq, Leylilik zirvəsi. Leyli zirvəsinə yüksəlmək hər qadının işi deyil. Leylidə çox şey var: sadiqlik, tükənməyən eşq, zəriflik, xanımlıq. Kaş bütün qadınlarımız Leyliyə bənzəyərdilər.


- Kişilərin çoxu gözəl xanımlara laqeyd qala bilmir. Bəs siz?


- Heç bir qadında gözüm yoxdu. Çoxu evlənəndən sonra başlayır, orda-burda sevgi axtarmağa. Mən bunu qəbul eləyə bilmirəm.


- Qəbul eləmirsiz, ya özünüzə qadağa qoyursuz?


- Yox, xarakterim belədi. Amma qadağa da lazımdı. Ətraf var, camaat var. Onlara qadağa da demək olmaz. Hər insanın öz iç qanunları var.


- Birdən içiniz o qanunlara baş əymədi?


- Ola bilməz!


- Birdən yenə vurulduz...


- Necə yəni?


- Sadəcə, bir xanım gördüz, sevdiz onu, mümkün deyil?


- Yox!


- Bəs deyirlər, yaradıcı adamlar tez-tez vurulur, sevgi onlara stimul verir? Sizin başınıza belə bir iş gələ bilməz?


- Yox! Ola bilməz! 


- Mühafizəkarsız?


- Təbii. Azərbaycanlı kişisinin əməl elədiyi qanunlara, şərtlərə mən də əməl eləyirəm. Bunlar yazılmamış qanunlarımızdı. Gərək, böyük-kiçik yeri bilinsin, namusumuzu, qeyrətimizi qoruyaq. Əslində, bunları dilə gətirmək də düzgün deyil...


- Kaprizləriniz var?

(Gülür)


- Sənət adamları kaprizsiz olar? Hələ uşaq xasiyyətlərimi demirəm. Rəsmiyyətçilikdi – filandı, bunlardan da acığım gəlir. Birdən tədbirə-zada dəvət edirlər, ürəyim sıxılır, darıxıram. Sağlıq deməyin dərdindən, bəhanə eləyib aradan çıxıram. Nəyə görə özümə işgəncə verməliyəm ki...


- Evinizdə də darıxırsız?


- Yox, belə olmayıb heç vaxt. Elə də çətin adam deyiləm. Xanımım da sənətimi sevir, anlayır. Özü də qarabağlıdı axı.


- Səsi var?


- Yox. Amma musiqidən başı çıxır. Çox vaxt qulaq asıb deyir, bax, buranı yaxşı oxudun,  bura bir az zəif alınıb. Mən də onunla razılaşıram. Tamaşalarımda məndən çox,  o  həyəcanlanır.

 

1999

Səfurə Çərkəzqızı,
“Sevdalılar”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi