Modern.az

Nə etməli, necə olmalıyıq? - Həkim-psixoloqun koronavirusla bağlı TÖVSİYƏSİ

Nə etməli, necə olmalıyıq? - Həkim-psixoloqun koronavirusla bağlı TÖVSİYƏSİ

Mədəni̇yyət

15 Mart 2020, 10:19

Gülarə Rzayeva Uzmanlıq dərəcəsi üzrə təhsil alan gənc psixoloqdur. Bakı Dövlət Universitetinin psixologiya fakültəsini bitirib. Hazırda Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “İstanbul Zaim Üniversitesi”ində  Uzmanlıq dərəcəsi üçün magistratura təhsili alır. Onun bu məqaləsinin aktuallığını nəzərə alaraq oxucularımıza təqdim edirik.

  
Xüsusilə, son 10 gündü təşvişə səbəb olan və hər keçən gün daha da artan COVID-19 virusunun səbəb olduğu psixoloji təzadları nəzərə alaraq, ən azından ətrafımdakı insanlara faydası ola biləcəyini düşündüyüm üçün bu haqda yazmağı özümə borc bildim. Ümumiyyətlə, müşahidələrimə görə, iki qisim insanların çoxluğunu görürəm:


1) Heç əhəmiyyət verməyənlər
2) Həddən artıq panika və təşvişə düşənlər

Hər iki hal da təhlükəlidir. Bəs nə etməli, necə olmalıyıq?

Əvvəla, heç cürə əhəmiyyət verməmək və bəzi gözlənilməli olan qaydaları pozmaq həm sizi, həm də ətrafınızdakıları təhlükəyə atar. Pandemiyanın varlığı və ciddiyyətini qəbul edib, müəyyən qaydalara sağlamlığınız üçün normal şəkildə riayət etməlisiniz.

Gələk əsas da dünən axşamdan sonra özünü daha qabarıq göstərən və mənim sahəmi daha çox əhatə edən ikinci tip insanlara... Hər gün müxtəlif informasiyalara məruz qaldıqları üçün insanlarda bu halların olması normaldır. Amma bu kimi hallar sizə və ətrafınıza zərər verməklə bərabər, həyat keyfiyyətinizi aşağı salmaqda və ən əsası bu müvəqqəti haldan sonra da sizdə fəsadların qalmasına səbəb olacaqdır.


Qısa və açıqlayıcı tərzdə yaranan təşvişi kontrolda tutmağın yollarına baxaq:


XƏSTƏLİYİ DÜZGÜN VƏ QISA ŞƏKİLDƏ BİR DƏFƏ ARAŞDIRIN
: Xəstəlik haqqında həqiqəti 2-3 düzgün və elmi mənbələrdən qısa şəkildə araşdıraraq nə olduğunu, hansı hallarda risk faktoru daşıdığını, digər xəstəliklərlə müqayisədə statistik göstəricilərini və qorunma yollarını öyrənin (bunlar sizə onun əslində düşündüyünüz kimi həddən artıq qorxulu olmadığını göstərəcək). Çünki insan daha çox məlumatı olmadığı, yalan məlumatlara və ya fərziyələrə sahib olduğu şeylərdən qorxar. Ona görə onu DÜZGÜN və QISA şəkildə araşdırmaq sizin üçün faydalı olacaq.


HƏDDƏN ARTIQ VƏ DAVAMLI İNFORMASİYADAN QAÇIN:
Hər hansı sosial şəbəkəyə daxil olduqda ilk qarşımıza çıxan şeylərin bu haqqda olduğundan bundan yaxa qurtarmağın çətin olduğu başa düşüləndi. Amma bir informasiyaya rəsmi olsun və ya olmasın müxtəlif xəbər və adi portallardan məruz qalmaq o şeylə bağlı təşvişin artmasına səbəb olur. Rəsmi və düzgün mənbələrə istinad edən yalnız bir xəbər portalını izləyin. Qeyri-rəsmi olan xəbərlər başda olmaqla bu haqqda olan digər portal, səs yazısı və videolara isə əhəmiyyət vermədən üzərindən keçin. Rəsmi açıqlamalara da həddən artıq təşvişə düşmədən hərfi-hərfinə bağlı qalmağa çalışın. Unutmayın ki heç kəs aclıqdan və ya dərmansızlıqdan təhlükə altında deyil.

SEVDİKLƏRİNİZLƏ DAİM ƏLAQƏDƏ QALIN: Sosial münasibətlərin aktivliyi və hislərin paylaşılması psixi qoruyuculuğunuz artırar, ruh yüksəkliyi verər, stresin azalmasına kömək edər. Bu baxımdan telefon, mesaj və sosial şəbəkələrdə sevdiklərinizlə hiss və qorxularınızı bölüşmək, bir-birinizə dəstək vermək sizə kömək olacaq. Bundan başqa gündəlik və digər mövzular haqqında söhbətlər, zarafatlar sizi bu mövzudan uzaqlaşmağa kömək edəcək.


UŞAQLARINIZI TƏŞVİŞƏ SALMAMAĞA XÜSUSİ DİQQƏT YETİRİN:
Suallarını düzgün və başa düşəcəkləri tərzdə yorulmadan cavablandırın. Onlara güvəndə olduqlarını hiss etdirin. Xəstəliklə bağlı xəbərlərdən və sosial şəbəkələrdən uzaq tutmağa çalışın. Onları gündəlik həyatda etdiyi fəaliyyətlərlə məşğul tutmağa çalışın (dərslərr, kitab oxumaq, oyun, filmlər və s). Bu uşaqla birlikdə sizin də hadisələrdən uzaqlaşaraq vaxt keçirməyinizə və daha yaxşı hiss etməyinizə kömək edəcək.


Gülarə Rzayeva,

həkim-psixoloq

15.03.2020.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi