Modern.az

Koronavirus mediaya necə təsir göstərdi – BAŞ REDAKTORLAR DANIŞDI

Koronavirus mediaya necə təsir göstərdi – BAŞ REDAKTORLAR DANIŞDI

Media

16 Mart 2020, 16:02

Koronavirus dünyanın 157 ölkəsini əhatə edir. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu epidemiya kateqoriyasından daha təhlükəli olan pandemiya kateqoriyasına  salıb. İndiyədək virusa yoluxanların sayı 170 mini, ölənlərin sayı 6 mini keçir.

Virusun yayılması, ölüm halları ümumilikdə pandemiya haqqqında bütün məlumatları ilə heç sözsüz ki, daha çox mətbuat nümayəndələri vasitəsi ilə öyrənirik.

Bəs, maraqlıdır, koronavirus jurnalistlərin iş rejiminə, onların işə münasibətinə təsir edirmi?

 

Modern.az məsələ ilə bağlı media qurumları, mətbu orqanlar arasında sorğu keçirib:

 

 

 

AZƏRTAC-ın baş redaktoru Cavid Bədəlov bildirir ki, işçilər işə əvvəlkindən daha məsuliyyətlə yanaşırlar:

 

“Koronavirusun ölkədə yayıldığı vaxtdan etibarən AZƏRTAC-ın iş rejimində hər hansı dəyişiklik baş verməyib. Əməkdaşlarımız adi qaydada öz fəaliyyətlərini davam etdirirlər.

Virusun yayılması kollektivin davamiyyətinə heç bir təsir göstərməyib. Əksinə, hazırkı vaxtda əməkdaşlarımız işə daha ciddi məsuliyyətlə yanaşırlar. Bütün əməkdaşlarımız Ümumdünya Səhiyyə Təşkilatının koronavirusdan qorunmaq üçün tövsiyələri ilə tanış olur və ciddi əməl edirlər.

AZƏRTAC-ın ofisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Binanın girişində və bütün mərtəbələrdə dezinfeksiya məqsədilə etil spirtləri qoyulub. Müxbirlər tədbirlərə gedərkən tibbi maskalardan istifadə edirlər.

 

Məlum olduğu kimi, AZƏRTAC istirahət və bayram günləri də daxil olmaqla fasiləsiz rejimdə fəaliyyət göstərir. Bununla belə, koronavirusla bağlı yaranmış vəziyyət AZƏRTAC-ın İdarə Heyətinin bu gün keçirilən iclasında müzakirə olunub. Qarşıdan gələn bayram günlərində agentliyin gücləndirilmiş iş rejimində işləməsi barədə qərar qəbul edilib. Qərara əsasən agentliyin əməkdaşları bayram günlərində istər ofisdə, istərsə də onlayn qaydada fəaliyyət göstərəcəklər".

 

 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyir ki, işçilərə işə gəlməklə bağlı sərbəstlik verilib:

 

“İşçilərin işə davamiyyətində bir qədər sərbəstlik vermişik, dövlətin tədbirlərini dəstəkləyirik. Artıq həm də bayram günləridir, işçilər evdən də işləyə bilərlər. İşçilərin işə münasibəti də qaydasındadır. Jurnalist əməyi də elə əməkdir ki, burda həmişə ekstramallıq olur. Mətbuat nümayəndələri cəmiyyətin sivil təbəqəsidir, panika onlara təsir etmir. O ki, qaldı işçilərin qoruyucu vasitələrdən istifadə etməyinə, bu məsələlərdə də sərbəstik. Yəni istəyən maska taxa bilər, istəyən də taxmaya bilər”. 

 

 

“Trend” informasiya agentliyinin baş redaktoru Elçin Vəliyev işçilərin gigiyenik məsələlərə önəm verdiyini vurğulayıb:

 

“Koronavirusun ölkədə yayılması iş rejiminbə təsir etməyib, işçilərin də əhval-ruhiyyəsi normaldır. Hamılıqla göstərilən tövsiyələrə uyğun olaraq hərəkət edirik. Yəni işçilər qoruyucu vasitələrdən istifadə edib işə gəlir, gigiyenik məsələlərə önəm veririk”.

 

 

Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camal artıq işçilərin evdən işləməyinin daha uyğun olduğunu hesab edir:

“Koronavirus haqqında mediadan izlədiklərim məni çox narahat edir. Düşünürəm ki, bir müddət ev şəraitində çalışaq. Təbii olaraq işçilərin fikri mənim üçün çox önəmlidir. Buna görə də bir azdan kollektivi toplayıb bu məsələni müzakirə edəcəyik. Kollektivimiz böyük olduğu üçün düşünürəm ki, bu qədər insanın bir yerdə olması riskli və təhlükəlidir. Təxminən 9 gün tətil olacaq, amma yenə də, evdən işləmək şərti ilə bir qədər tez tətilə çıxmaq olar. Lakin hazırki vaxta qədər işçilər vaxtı-vaxtında işə gəlir, virusun işçilərin işə münasibətinə hər hansı təsiri olmayıb”.

 

 

Report.az saytının baş redaktoru Murad Əliyev işdə hamının maska istifadə etdiyini və səhhətində problem olanlara güzəşt edildiyini bildirib:

 

“Report agentliyində də başqa qurumlardakı kimi virusun yayılmasının qarşısını almaq üçün lazımı tədbirlər görülür. Düzdür, işçilərin hamısına icazə verilməyib, amma kimdə biraz nasazlıq, qrip varsa evdən işləyir. Digər tərəfdən də ofisə daxil olanda elə girişdə antibakterial vasitə qoyuluib ki, hər kəs işə gələndə ondan istifadə edir.

Bundan başqa, tapşırılıb ki, hamı qoruyucu maskadan istifadə etsin. Buna görə də demək olar ki, işdə hamı qoruyucu maska ilə işləyir. Artıq sabahdan etibarən elektron termometr də olacaq ki, hər bir işçi yoxlanılacaq və qızdırması olan işçilər evə göndəriləcək. Ümumilikdə əvvəlki qaydada işimizi davam etdiririk”.

 

 

“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı deyir ki, işçilər daha bir-birləri ilə əl ilə görüşməməyə çalışır:

 

“Koronavirus ajiotajı başlayandan bəri bizim iş rejimimizdə hər hansı dəyişiklik olmayıb. Əvvəlki vaxtlarda olduğu kimi işimizə gəlirik, gedirik. Sadəcə, əllə görüşməyi minimuma endirmişik, bir də dezinfeksiya tədbirlərinə önəm veririk. Başqa sözlə, artıq klaviaturanın düymələrini spirt və odekolonla arındırılmış barmaqlarla sıxırıq. İctimai nəqliyyatdan istifadə edənlərimiz isə maska taxırlar. Bir də aşıb-daşan koronavirus xəbərləri, bu xüsusda baş alıb-gedən informasiya "terror"u hamımızı bezikdirib. Başqa heç nə..”.

 

 

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı iş mühitində lazımi profilaktik tədbirlərin görüldüyünü bildirib:

 

“Koronavirusun iş rejiminə hər hansısa təsiri olmayıb. Demək olar ki, əvvəlki qaydada iş prosesi davam edir. İş mühitində lazımı profilaktik tədbirlər həyata keçirilir, mühafizə işləri görülür. İşçilərdən bəziləri qoruyucu maskalardan istifadə edir. Davamiyyət də normaldır, heç bir işçinin evdən işləmək kimi arzusu yoxdur”.

 

 

 

Modern.az saytının rəhbəri Elşad Eyvazlı bildirib ki, koronavirusun ümumi  işə təsir etmədiyini demək, doğru olmaz:

 

“Dünyanı təhdid edən bu virus Azərbaycana necə təsirsiz ötüşsün? Biz də media olaraq Azərbaycan cəmiyyətinin bir hissəsiyik.

Deməliyəm ki, jurnalistlərin üzərinə bu məsələdə böyük yük düşür. İnsanların təlaşa düşməsinin qarşısını almaq, onların koronavirusa yoluxmamaq üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri üçün biz həm çalışdığımız media qurumlarında, həm də sosial şəbəkələrdə ciddi iş aparmalıyıq.

Təşvişin aradan qaldırılmasında bizim böyük qatqımız ola bilər.

Qayıdıram koronavirusun işimizə təsirinə, işlənən mövzuların 80 faizindən çoxu bununla bağlıdır. Əməkdaşlara isə bildirilib ki, sağlıq durumlarında problem olduqda işə gəlməsinlər.

Bu gün 2 əməkdaşımız bu səbəbdən işə gəlməyib. Bir az da konkretləşdirsək, Operativ Qərargahın bütün tövsiyələrini yerinə yetirməyi özümüzə borc bilirik. Redaksiya dezinfeksiya olunub”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir