Modern.az

Koronavirusa görə kefinizi pozmayın - PSİXOLOQLARDAN MƏSLƏHƏT  

Koronavirusa görə kefinizi pozmayın - PSİXOLOQLARDAN MƏSLƏHƏT  

16 Mart 2020, 17:12

Koronavirusla əlaqədar təhsil müəssisələrinin bağlanması, bir aylıq xüsusi rejimin tətbiq olunması, eləcə də bəzilərinin evdən işləməsi ailə üzvlərinin birlikdə daha çox vaxt keçirməsinə şərait yaradır. Lakin insanların əksəriyyəti  vaxtlarının çox hissəsini evdə keçirdiyindən pandemiya haqqındakı xəbərlərin təsiri altına düşür və bu zamanı səmərəli şəkildə istifadə edə bilmir.

 

Bu situasiya, təbii ki, ailədaxili münasibətlərə də təsir edir. Bəs, bu məqamda ailədə sabitliyi qorumaq, yaranmış vəziyyətdən faydalı şəkildə necə yararlanmaq olar?

 

Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, ailəsi ilə vaxt keçirə bilmədiyindən şikayət edən valideynlər fürsətdən istifadə edə bilər:

 

“Hər ailə bir sistemdir. Ailə sistemində hər hansı bir təsir bütövlükdə tərəflərin münasibətinə bu və digər dərəcədə təsir göstərə bilir. Nəzərə almaq lazımdır ki, koronavirusla bağlı ümumtəhsil müəssisələrinin bağlanması, əlbəttə ki, ailədaxili münasibətlərə təsir göstərə bilər. Ailədaxili konfliktlərin yaranmasına da, həllinə də gətirib çıxara bilər. Bu, ailənin prosesi necə görməsindən və onun aradan qaldırılması istiqamətində hansı tədbirləri həyata keçirməkdən asılıdır. Bununla bağlı ailə olaraq birinci növbədə bərabər zaman keçirə bilərlər. Hansı ki valideynlər işlədiyi üçün övladı ilə ünsiyyət qura bilməməkdən şikayət edirdi. Bərabər harasa çıxa bilərlər. Bununla bağlı heç bir qadağa yoxdur, yalnız kütləvilik təqdir olunmur. Birlikdə film də izləyə bilərlər. Önəmli olan niyyətdir”.

 

Digər psixoloq Murad İsayev isə vaxtımızın çox hissəsini alan sosial şəbəkələrdən uzaq qalmağı, internetdən faydalı şəkildə istifadə etməyi tövsiyə edib:

 

“Əslində insanların evdə olmağı ailənin birlikdə vaxt keçirməsi üçün çox yaxşıdır. Amma çox təəssüflər olsun ki, ailələr evdə olsa da, daha çox sosial şəbəkələrdə müxtəlif gərginləşdirici xarici və yerli xəbərləri oxuduqlarına görə ailəiçi stress daha çox olur. Mən şəxsən özüm daxil olmaqla əhatəmdə olan bütün insanlara sosial şəbəkələrə girməyi qadağan etmişəm.

 

Ümumiyyətlə, virusla bağlı hamı ilkin tədbir almağın yollarını onsuz da bilir. İnsanların digər məsələlər haqqında çox məlumatı olsa da, heç bir iş görə bilməyəcək. Dövlət də insanlara, uşaqlara evdə vaxt keçirmək imkanı verir. Kinoteatra getmək önəmli deyil ki, evdə də kinoya baxmaq olar. İnternet ki bağlanmayıb”.

 

Psixoloq hazırki şəraitdə təşviş yaratmağı da düzgün hesab etmir:

 

“Şəhərdən qaçmaq da lazım deyil. Rayonlara getmək və s. kimi fikirlər yayılıb. Ajiotaja yol vermək olmaz”.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı