Modern.az

Türkiyədə qanunsuz yaşayan azərbaycanlılar Dövlət Komitəsinə minnətdarlıq etdilər

Türkiyədə qanunsuz yaşayan azərbaycanlılar Dövlət Komitəsinə minnətdarlıq etdilər

Diaspor

18 Mart 2020, 13:48

Hazırda Türkiyədə işləmək, yaşamaq və digər müxtəlif səbəblərə görə on minlərlə azərbaycanlı var.

 

Onların çoxu uzun illərdir ki, qardaş ölkədə yaşasalar da, pasport, şəxsiyyət vəsiqəsi, yaşayış qeydiyyatı kimi sənədlərdən məhrum olublar.

 

Buna görə də həmin azərbaycanlılar xeyli  problemlər yaşamalı olublar.

 

Bir müddət öncə Diasporla İş Üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı hərəkətə keçərək sənədsiz soydaşlarımızın pasport, yaşayış icazəsi probleminin həlli üçün konkret addımlar atıb.

 

Artıq bu addımların nəticəsi bəhrəsini verir, soydaşlarımızın bir qisminə rəsmi yaşayış icazəsi verilib.

 

Modern.az rəsmi yaşayış icazəsi alan azərbaycanlıların bir neçəsi ilə əlaqə saxlayıb:

 

16  ildir İstanbulda yaşayan Quliyeva Nərminə deyir ki, rəsmi yaşayış icazəsi olmadığı üçün bu müddət ərzində ciddi problemlər yaşayıb:

 

“Rəsmi yaşayış icazəsinin olmaması bizə çox problemlər yaradıb. Hardasa 15-16 ildir Türkiyədə yaşayıram bu müddət ərzində heç yerdə işləyə, gəzməyə gedə bilmirdim, xəstəxanaya gedəndə problem yaşayırdım.

Yəni hər cür çətinliklə qarşılaşırdım. Rəsmi yaşayış icazəsinin verilməsi ilə bağlı xəbərdarlığı azərbaycanlıların çox yaşadığı yerlərdə toplantı edib bildirdilər. Doğum şəhadətnaməsi, yaxud da şəxsiyyət vəsiqəsi ilə burada yaşayan azərbaycanlıların müraciət edə biləcəyini dedilər.

Hamıya rəsmi yaşayış eyni vaxtda verilmədi, qrup-qrup bölərək verirdilər sənədləri bizə. Çox təəssüf ki, şəxsiyyət vəsiqəm yoxdur, əgər vəsiqə olsaydı Azərbaycana da qayıda bilərdim. Elə olsa əhvalımız lap yaxşı olardı.

Amma şəxsiyyət vəsiqəsinin düzəlməsi ilə bağlı bizə belə məlumat veriblər ki, Bakıdan nazirlər gələcək və onlar bizim şəxsiyyət vəsiqəmizi qaydaya salacaq. Amma hələ ki, koronavirusun yayılması nazirlərin Türkiyəyə gəlməsinə əngəl olub. Yəqin virus məsələsi tamamilə sonlanandan sonra bizim də vəsiqə almaq problemimiz həll olacaq.

Bildiyimiz odur ki, bu məsələdə bizə Azərbaycanın diaspor nazirliyi (Diasporla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur - red)”. 

 

Türkiyədə yaşayan digər azərbaycanlı Babayev Kamil bir ay ərzində rəsmi yaşayış icazəsini ala bildiyini deyib:

 

“2003-cü ildən İstanbulda yaşayıram. Bu illər ərzində demək olar ki, hara gedirdimsə, məndən şəxsiyyət vəsiqəqi, yaxud da rəsmi yaşayış icazəsi istəyirdilər. Bu sənədlərdən heç biri məndə olmadığı üçün çox çətinlik çəkirdim.  Keçən il rəsmi yaşayış almaq barədə yaşadığımız bölgədə xəbər yayıldı, ondan sonra gedib maraqlandım ki, hansı sənədlər lazımdır. Bir ay bundan əvvəl mənə zəng gəldi ki, lazımi sənədləri aparım. Sənədləri verəndən sonra bir ay ərzində rəsmi yaşayış icazəsini mənə təhvil verdilər.

Sağ olsunlar. Diasporumuza minnətdarlıq edirik”.

 

Rəsmi yaşayış icazəsi alan Aygül Ramazanlı artıq rahatlıqla bütün imkanlardan istifadə edə bildiyini deyir:

 

“Rəsmi yaşayış icazəsini 16 mart, yəni iki gün bundan əvvəl almışam. Artıq 18 ildir ki, İstanbulda yaşayıram. Bu illər ərzində rəsmi yaşayış icazəsinin olmaması mənim üçün çoxlu əngəl yaradıb. Məsələn, xəstəxanaya özümlə, ya da uşaqlarımla bağlı gedəndə bu sənədi tələb edirdilər, yaxud da iş üçün müraciət edəndə istəyirdilər.

Amma indi rahatlıqla bütün imkanlardan istifadə edə bilirəm. Rəsmi yaşayış icazəsi barədə xəbəri bizə Diaspor nümayəndələrimizdən olan bir xanım verdi.

O lazım olan sənədləri gətirməyimizi xahiş etdi. Lazımi sənədləri göndərəndən sonra elə qısa müddətdə də müsbət cavab aldım.

Açığı inanmırdım ki, müsbət cavab alım, ona görə həyat yoldaşım rəsmi yaşayış icazəsi almaq üçün müraciət etmədi. Amma indi o da artıq sənədlərini göndərib ki, mənim kimi rəsmi yaşayış icazəsi alsın”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir