Modern.az

Prezidentin çıxışı Yol Xəritəmizdir - YENİ DEPUTATLARI TANIYAQ

Prezidentin çıxışı Yol Xəritəmizdir - YENİ DEPUTATLARI TANIYAQ

Müsahibə

19 Mart 2020, 11:38

Modern.az “Yeni deputatları tanıyaq” rubrikasına davam edir. Növbəti müsahibimiz 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat Emin Hacıyevdir.

 

Onunla söhbəti təqdim edirik:

 

- Emin bəy, artıq seçki prosesi bitib və yeni parlament formalaşıb. Yeni deputat kimi özünüzü necə hiss edirsiniz?

 

- Milli Məclis rəsmi olaraq öz fəaliyyətinə başlayıb və çox şadam ki, bu seçkilərdəki gərgin mübarizə zamanı qalib gələn namizədlərdən biri də mən oldum.

Parlamentin açılış və sonrakı iclaslarında iştirak etdim. Bu iclaslarda əsas hədəflərlə bağlı müzakirələr aparıldı. Təbii ki, seçkilərdə təkbaşına qalib gəlməyim mümkün olmazdı. Təbliğat-təşviqat kampaniyasına gənc və enerjili komandamızla qatıldım, seçicilərlə çoxsaylı görüşlər keçirdik, onların arzu və istəklərini, problemlərini dinlədik.

Deputat kimi fəaliyyətimin, strategiyamın əsas tezisləri də məhz seçicilərin dilə gətirdikləri məsələlər əsasında formalaşıb. Millət vəkili kimi fəaliyyətim müddətində prioritetlərim seçicilərin qaldırdığı məsələlər istiqamətində olacaq.

Bununla yanaşı, daha mühüm məsələ odur ki, seçkilərdə partiyamızın – Yeni Azərbaycan Partiyasının tam dəstəyini aldıq. Partiya dəstəyi olmadan bu seçkilərdə böyük uğur qazanmaq imkansız olardı. Bu baxımdan, YAP-ın proqram və nizamnaməsindən irəli gələn bütün vəzifələrin, partiya tapşırıqlarının layiqincə həyata keçirilməsinə çalışacağam. Düşünürəm ki, parlamentin yeni rəhbərliyi, gənc komanda ilə böyük nailiyyətlərə imza ata biləcəyik.

 

 

- Son parlament seçkilərində Azərbaycanda “hamı deputat ola bilər” düşüncəsi formalaşmışdı.. Siz necə düşünürsünüz, əgər hamı deputat ola bilərsə, deputat olmaq asandırmı?

 

- Təbii ki, qanunvericiliklə qadağan olunmayan bütün hallarda hər kəsin deputat olmaq, deputatlığa namizədliyini irəli sürmək hüququ var. Məhz bu hüquqdan istifadə edərək, son seçkilərdə indiyə kimi müşahidə olunmayan sayda vətəndaşımız millət vəkilliyinə öz namizədliyini irəli sürdü. Böyük miqyasda rəqabət şəraiti yarandı. “Hamı deputat ola bilər” düşüncəsində hüquqi baxımdan problem görmürəm.

Məsələnin praktik tərəfi isə daha önəmlidir. Deputatlığın asan olub-olmaması barədə hələ yolun başında olan bir şəxs kimi fikir bildirməyim düzgün olmaz.

Sadəcə, bu statusun böyük məsuliyyətinin olduğunu anlayıram. Ən azından deputat bir seçki dairəsində olan insanların üz tuta biləcəyi bir ünvandır. Bu, ağır məsuliyyətdir və hər zaman bu ümidləri doğrultmaq üçün çalışmağa ehtiyac var. Xarici ölkələrə millət vəkili kimi səfər zamanı isə dövləti təmsil edirsən, bu da çox böyük məsuliyyətdir.

 

- Gənc deputatlardansınız, güman ki, yeni ideyalarınızi fikirləriniz var.

 

- Çox sevindirici haldır ki, sonuncu parlament seçkilərində bir sıra gənc namizədlər qalib gəldi. Bu, həm parlamentdə yeni nəfəs deməkdir, həm də yeni və fərqli düşüncələrin toplanmasıdır. Həmin gənc millət vəkillərindən biri olaraq yeni nəslin qarşısında dayanan bir sıra məsələlərlə bağlı ideyalarımız var.

Qeyd etdiyim kimi, təbliğat-təşviqat kampaniyası zamanı çoxsaylı görüşlər keçirdik və mənim üçün xoş idi ki, bu görüşlərə gələnlərin böyük əksəriyyəti gənclər idi. Komandamız əhalinin bütün təbəqələri ilə prioritet əsaslarla işləyəcəklər. Sadəcə, sual gənclərlə bağlı olduğu üçün bildirmək istəyirəm ki, biz görüşlər zamanı səsləndirilənlər əsasında seçki dairəmizdə olan gənclərin ümumi problemlərini aktuallığına görə sıralamışıq.

Detalları açıqlamadan demək istəyirəm ki, onların hər birinin həlli yollarının tapılması, uyğun təkliflərin hazırlanması və bunun bir konsepsiya halına salınması üçün hazırda komandamız işləyir.

Ümumilikdə, Azərbaycan gənclərinin məşğulluq məsələləri, asudə vaxtlarının təşkili və təhsili bir millət vəkili olaraq daim diqqətimdə olacaq.

 

- Deputat olmaq bəzi adamların arzusu olur. Yəni əvvəlki illərdə  sizdə də  belə arzu olub?

 

- Mən siyasi proseslərlə aktiv şəkildə maraqlanan bir ailədə böyümüşəm. Dövlət məsələləri, Milli Məclisdə aparılan müzakirələr hər zaman bizim həyatımızın bir parçası olub.

Yeni Azərbaycan Partiyasının üzvü olmağım, partiyanın bir nümayəndəsi kimi fəaliyyətim də məhz ailədən gələn bir seçim olub. Düşünürəm ki, belə mühitdə böyüyən hər bir kəsin içərisində millət vəkili olmaq kimi bir arzunun doğulması qədər normal bir hal yoxdur.

Bu baxımdan, məndə də belə arzular doğulmuşdu. Mənim üçün böyük bir qürur idi ki, partiyamız 43 saylı Sumqayıt seçki dairəsindən namizədliyimi irəli sürdü.

 

- Siz Sumqayıtda doğulub-böyüsəniz də, sonrakı iş fəaliyyətiniz maraqlı olub. Rusiyada təhsil almısınız, konsulluqda çalışmısınız. Diaspor sahəsində fəaliyyət göstərmisiniz. Bu işləri görən insanın deputat kimi fəaliyyət mexanizminə nələr daxil olacaq?

 

- Əvvəldə qeyd etdiyim kimi, deputat fəaliyyətimin prioritet istiqaməti seçicilərlə işləmək olacaq. Prezident İlham Əliyevin Milli Məclisin açılış iclasında deputatlar üçün əsas tövsiyələrindən biri də məhz əhali ilə daimi təmas idi. Mən prioritet kimi bu istiqaməti götürmüşəm. Cənab Prezidentin bu çıxışı deputatlar üçün bir “Yol xəritəsi” idi.

Bununla yanaşı, kifayət qədər diaspor fəaliyyəti təcrübəm var və bu istiqamətdə də dövlətin mənafeləri üçün çalışmalarım olacaq.

Ayrı-ayrı sahələr üzrə qanunvericiliyin daha da təkmilləşdirilməsi, təhsil problemlərinin həlli, əhalinin sosial təminatının daha da yaxşılaşdırılması üçün təşəbbüslərimiz olacaq. Amma indiki halda bunlar haqqında detallı danışmaq və prosesləri qabaqlamaq istəmirəm.

 

 

- Gənclərin bir çox problemi var. Həmin problemlərin qismən də olsa, aradan qaldırılması üçün nə kimi işləri görməyi düşünürsünüz?

 

- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bunun bariz nümunələri odur ki, ölkədə gənclər siyasəti ilə bağlı üç dövlət proqramı həyata keçirilib və həmçinin, Gənclər Siyasəti haqqında qanun qəbul olunub.

Təbii ki, bu gün Azərbaycan gənclərinin mövcud problemlərini 15-20 il əvvəlki problemlərlə müqayisə etmək mümkün deyil. Ozamankı problemlərin böyük əksəriyyəti bu gün mövcud deyil. Bununla yanaşı, Azərbaycan gəncinin heç bir probleminin olmadığını söyləmək də olmaz. Biz bu problemlərin nələrdən ibarət olduğunu onların öz dillərindən eşitmişik. Bunun mahiyyətini və həlli yollarını araşdırırıq. Bu istiqamətdə də dövlət siyasətinə əlimizdən gələn dəstəyi verəcəyik.

 

–Siz necə deputat olacaqsınız? Əvvəlki illərin təcrübəli deputatlarından çəkinməyəcəksiniz ki?

– Düşünürəm ki, parlamentdə təcrübəli deputatların olması bizim üçün hər hansı diskomfort yaratmayacaq. Təbii ki, bu, bir qədər fərdi məsələdir və bunun məndə xüsusi bir çəkingənlik yaradacağını ehtimal etmirəm.

Əvvəlki gənc deputatların aktiv olub-olmaması da bir qədər fərdi məsələdir. Çünki xatırlayıram ki, Milli Məclisdə kifayət qədər gənc deputatlar olub və onlar hər zaman aktivlik nümayiş etdiriblər. Bu mənada, aktiv və qeyri-aktiv olmaq yaş məsələsi ilə bağlı deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir