Modern.az

“Təşvişin olması əsassız deyil, koronavirus çox təhlükəlidir” - ƏHLİMAN ƏMİRASLANOV

“Təşvişin olması əsassız deyil, koronavirus çox təhlükəlidir” - ƏHLİMAN ƏMİRASLANOV

19 Mart 2020, 12:12

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov son vaxtlar dünyada tüğyan edən təhlükəli koronavirusla bağlı Modern.az-a müsahibə verib.

 

- Əhliman müəllim, dünyanı cənginə alan koronavirus ölkəmizdə yayılıb. İnsanlar koronavirusun daha çox psixoloji gərginliyini yaşayır. Belə deyək, virus beyinlərdə daha təhlükəli hala çevrilib. Bunun üçün nə etməliyik?

 

- Əslində gərgin psixoloji durumun yaranması, həyəcan və təşvişin olması əsassız deyil. Doğrudan da koronavirus çox təhlükəli xəstəlikdir. Bir çox hallarda insanların bu xəstəliyə biganə yanaşdığının şahidi oluruq. “Heç nə olmaz”-deyirlər. Halbuki bu xəstəlik dünyada yayılıb. Bəşəriyyət tarixində dünyada bir neçə pandemiya mövcud olub. Növbəti pandemiya isə koronavirusdur. Reallıq odur ki, bizim ölkəmizə də gəlib çıxıb. Ölkəmizdə aşkarlandığına görə son dərəcə ehtiyatlı olmalıyıq. Xəstəliyin psixoloji tərəfinə bir də qayıtmaq istəyirəm. Milli Məclisin Səhiyyə komitəsinin sonuncu iclasına psixoloq da dəvət etmişdim. Hesab edirəm ki, bu məsələyə təkcə psixoloqları deyil, sosioloqları da qatmaq lazımdır. Sadəcə olaraq panika yaratmaq lazım deyil. Çünki panikanın ziyanı daha çoxdur. İnsanlar bunun ciddi xəstəlik olduğunu bilməlidir. Hər birimizin koronavirusa yoluxma ehtimalı var. Heç kim bundan sığortalanmayıb. Ancaq dövlət tərəfindən bütün tədbirlər görülür. Xəstəxanalarımızın imkanı, tibbi avadanlıqlarımız kifayət qədərdir. İlk gündən vacib tədbirlər görülməyə başlanıldı. Dövlət başçımızın tapşırığı ilə əlavə olaraq həm avadanlıqlar, həm ləvazimatlar, həm də  dərman preparatlarının ehtiyatı yarandı. Bu gün dövlət tərəfindən son dərəcə geniş işlər görülür.

 

- Xəstəliyin ölkəmizdə yayıldığı ilk günlərdə koronavirusa yoluxanlar əsasən İrandan, İtaliyadan gələn vətəndaşlarda aşkarlanırdı. Lakin son günlərdə virus aşkarlanan xəstələrin hansısa ölkənin vətəndaşı olması barədə məlumat yoxdur. Bu da onu deməyə əsas verir ki, aramızda koronavirusa yoluxmuş xəstələr var. Güman ki, biz onlarla təmasdayıq. Siz bu barədə nə düşünürsüz?

 

- Bəli, ölkədə koronavirusa yoluxmuş insanlar var. O günkü dinləmələrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlını da dəvət etmişdim. O rəsmi olaraq dedi ki, bizdə 27 xəstə var. Onların biri dünyasını dəyişib, 6 nəfər isə sağalıb evə göndərilib. Kritik vəziyyətdə olanlar yoxdur. Bu gün məlum olur ki, bu pandemiya 150-dən çox ölkədə yayılıb. Elə ölkələr var ki, az, elələri də var ki çox yayılıb. Əvvəla, bu virus son dərəcə sürətli yayılmağa meyllidir. Xüsusilə insandan insana keçmək şansı son dərəcə yüksəkdir. İnsanın hüceyrələrinə daxil olub onu zədələmək imkanları genişdir. İnkubasiya dövrü 14 günə qədərdir. Bu da uzun müddətdir. Təsəvvür edin, virus daşıyıcısı 14 gün ərzində heç nə hiss etmir. Hər kəslə ünsiyyətdə olur, görüşür. 14 gündən sonra məlum olur ki, bu xəstədir. Hətta 27 gün də deyirlər. Bu da virusun həddindən artıq təhlükəli olmasından xəbər verir. Bu xəstəliyin təhlükəli olmasını səciyyələndirən şərtlərdən biri də onun müalicəsi üçün ona təsir edən ciddi dərman preparatlarının və vaksinin olmamasıdır.

 

Bu gün insanların şəxsi gigiyenik qaydalara riayət olunması hər kəsə tövsiyə olunur. Artıq hər kəsin evində, iş masasında, çantasında spirt var. Hətta bir qədər də irəli gedərək koronavirusun məhv olması üçün soğan və sarımsağın faydalı olduğunu iddia edənlər də var. Bütün bunlar barədə fikirlərinizi bilmək istərdik.

 

- Bir məsələni deyim ki, bəzi şeylər şişirdilmiş söhbətlərdir. Burada şəxsi gigiyenanın son dərəcə böyük rolu var. Əlləri tez-tez və sabunla yumaq, əlləri antiseptiklərlə təmizləmək çox vacib elementlərdən biridir. Çünki virus daha çox əl vasitəsilə ağıza, gözə keçir. İkinci tərəfdən hava damcı yolu ilə keçir. Bir-birimizlə yaxın məsafədə olsaq, virusun keçmə şansı daha çox ola bilər. Ancaq soğan və sarımsağın nə dərəcədə profilaktik əhəmiyyətli olacağını demək çətindir. Çünki bunlar təsdiqini tapmayıb. Sadəcə əllərin yuyulmasına, antiseptiklərdən və maskalardan istifadə edilməsinə daha çox əhəmiyyət verilməlidir.

 

- Hələ də karantindən qorxan insanlar var. Ümumiyyətlə, karantin dövrü nə dərəcədə vacibdir?

 

- Karantin çox vacibdir. İnfeksiyanın yayılmış olduğu ölkələrdən gələn insanların karantində saxlanması olduqca zəruridir. Belə epidemiyalarla mübarizədə karantinin xüsusi rolu olur. Təsəvvür edin, kimsə xəstəliyə yoluxub və karantinə alınmır. Evə gedir və evdə, qonşuda, qohumda hər kəslə təmasda olur. Bir müddətdən sonra bu şəxsdə əlamətlər aşkarlananda vəziyyət daha ağır olur. Bir xəstə və daşıyıcı insan yüzlərlə insanı yoluxdurma ehtimalı var. Ona görə də bu çox təhlükəlidir. Bəzən mənə də sual edirlər ki, “bəlkə mənim qohumumu karantinsiz evə buraxsınlar?!” Buna yol vermək olmaz. 14 gün müddətində karantinin olması mütləq vacibdir. Karantin üçün kifayət qədər ən müasir tələblərə cavab verən xəstəxanalarımız var.

 

- Pandemiyanın maraqlı tərəfi odur ki, uşaqlar arasında yayılmır. Bunun konkret səbəbi nədir?

 

- Uşaqlar arasında çox nadir hallarda virusa yoluxma ola bilər. Bu da onunla əlaqədardır ki, həm uşaqlarda, həm də gənclərdə immunitet güclüdür. Ancaq yaşlı adamlarda həm immunitet zəifdir, həm də xroniki və digər xəstəliklərin xəstəliyə tutulma risqini artırır.

Dövlətimiz üzərinə düşən bütün tədbirləri həyata keçirir. Birincisi dövlət səhiyyə müəssisələrinin hamısını lazımi tibbi  avadanlıqlarla təchiz edib. Xəstəxanalarımızın hamısı hazır vəziyyətə gətirilib. Kifayət qədər xəstəxanalarımızda avadanlıqlarımız, tibbi ləvazimatlarımız var. İlk vaxtlarda səs-küy yarandı ki, maska, spirt yoxdur. Ölkə Prezidentinin tapşırığı ilə əlavə tibbi ləvazimatlar gətirildi. Ağır pnevmaniyalı xəstələr üçün əlavə olaraq süni tənəffüs aparatları da gətirildi. Hər bir ləvazimat alınıb və alınmaqda da davam edir.

 

- Mətbuat səhifələrində xəstəliklə bağlı rəsmi xəbərlərə daha çox üstünlük verilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına istinad edirik. Ancaq əhali arasında həqiqəti əks etdirməyən məlumatlar da yayılır. Məsələn, bəzi insanlar ölkəmizdə daha çox insanın koronavirusdan dünyasını dəyişdiyini və bunun gizli saxlanıldığı barədə fikirlər səsləndirirlər. Təbii ki, bu da ajiotaja səbəb olur. Siz bu barədə nə deyə bilərsiz?

 

- Heç bir şaiyə tipli məlumatlara inanmaq lazım deyil. Koronavirusa yoluxmuş hər hansı xəstəni gizlətmək olmaz. Belə bir riskin altına heç kim girə bilməz. Belə söhbətlərin heç birinin əsası yoxdur. Bir məsələni deyim ki, dövlət öz üzərinə düşən vəzifələri çox yüksək səviyyədə həyata keçirir. Xəstəxanalar hazırdır. Müasir tələblərə cavab verən laboratoriyalar qurulub. Dərman preparatları ilə bağlı heç bir çatışmazlığımız yoxdur. Hər şey yüksək səviyyədə həyata keçirilir. Baş Nazir bu məsələyə diqqət edir. Ümumdünya Səhiyyə Təşkilatı ilə ciddi əlaqələrimiz var. Onlar Azərbaycana gəlib vəziyyətlə tanış oldular. Görülən işləri yüksək qiymətləndirdilər. Bəzi insanların məsuliyyətsizliyi, etinasızlığı digərlərini də yoluxdurmağa  gətirib çıxara bilər. Kütləvi tədbirlər qadağan edilib. Ancaq bəzi adamlar yenə də restoranlara üz tutur. Ailənin 6-7 üzvü bir yerdə mağazalara gedir. Böyük bir xəstəxanaya rəhbərlik edirəm. Dünən gördüm ki, bir orta yaşlı insan 1 yaşlı uşaqla xəstə ziyarətinə gəlib. Xəstəxanada nə qədər adam yatır. Biz belə ziyarətləri də qadağan edirik. Görünür, bu istiqamətdə insanlarda informasiya qıtlığı var. Onlara bu virusun nə dərəcədə təhlükəli olduğunu başa salmaq lazımdır. Yenə təkrar edirəm. Koronavirusdan qorxmaq lazımdır, ancaq panikaya, ajiotaja yol vermək olmaz.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi