Modern.az

Xaricdəki azərbaycanlı jurnalistlər: DOĞMALARIMIZDAN NARAHATIQ

Xaricdəki azərbaycanlı jurnalistlər: DOĞMALARIMIZDAN NARAHATIQ

19 Mart 2020, 12:46

Martın 11-dən pandemiya elan edilən koronavirus artıq 176 ölkədə aşkarlanıb.

 

Virus demək olar ki, bütün dünyaya ayaq açıb. Son rəsmi rəqəmlərə görə, virusa yoluxanların sayı 219965, ölənlərin sayı isə 8980 nəfərə çatıb. Təbii olaraq, dövlətlər ciddi tədbirlər görməyə, insanlar isə özlərini mümkün qədər bu təhlükədən qorumağa çalışır.

 

Modern.az olaraq xaricdəki jurnalistlərdən yaşadıqları ölkələrdəki vəziyyəti, dövlətin gördüyü tədbirləri, özlərini və ailələrini koronavirus təhlükəsindən necə qoruduqlarını soruşduq.

 

 

İnsanlarla balkondan-balkona salamlaşmağa çalışırıq...

 

Ehtiyac olmadığı müddətəcə evdən çıxmamağa çalışdığını deyən Nigar Ögeday Türkiyədə də bütün ölkələrdə olduğu kimi məsuliyyətin artdığını deyir:

 

“Dünyanın hər yerində olduğu kimi Türkiyədə də bununla bağlı tədbirlər görülür. Mən İzmir şəhərində yaşayıram. Əvvəldən də İzmirdə xüsusi maşınlarla küçələr təmizlənirdi.

 

Amma ağaclara filan diqqət etmirdilər. İndi isə hər gecə müşahidə edirəm ki, onu da edirlər. Marketlərin hamısı işləyir. Bəziləri deyir ki, bütün rəflərdə hər şey qurtardı. Amma mənim yaşadığım İzmirdə hər yerdə market var, hamısı axşam saat 8-ə qədər açıqdır. Normalda 12-yə kimi açıq olurdu. Demək olar ki, bütün iaşə obyektləri qapalıdır.

 

Xəstəxanalarda ciddi rejimə keçilib. Getdiyin an səninlə maraqlanırlar. Əvvəl gedib, sırada gözləyərdik. İndi isə sanki oradakı həkimlər də, tibb bacıları da məsuliyyətin daha çox artdığını hiss edir. İnsanlarla balkondan-balkona salamlaşmağa çalışırıq”.

 

Jurnalist onu da vurğulayıb ki, Türkiyədə də koronavirusa ciddi yanaşmayan insanlar var:

 

“Əvvəlki izdiham yoxdur. İnsanlar ən çox şəxsi maşınlarından istifadə edirlər. Amma yenə də avtobuslarda insanlar var. Çox az sayda maska taxan insan görürəm. Bəzi insanlarımız bunun bilərəkdən edildiyini deyib, məsələyə laqeyd yanaşırlar.

 

Amma bəllidir ki, təhlükə ilə qarşı- qarşıyayıq. Ona görə də hər birimiz tədbir görməliyik. Artıq apteklərdə maskalar həkim resepti ilə verilməyə başlayıb. Təbii ki, bunu qara bazarın qarşısını almaq üçün edirlər.

 

Belə bir şəhərdə bu halı haçansa görəcəyimi ağlıma gətirməzdim. Amma həqiqətən vəziyyət çox ciddidir. Evdə olmağa çalışırıq. İçimizdə bir sıxıntı var. Azərbaycana çox gedib-gəlməsək də, sərhədlərin bağlı olması adamı düşündürür ki, orada əzizlərimizdən birinə nəsə olsa, ya da əzizlərimiz yanımızda olmadan, tənha ölsək, necə olar. Ölümdən əsla qorxmuram, amma bunu düşünürəm. Bu anda vətəndə vətənsiz olmağın həsrətini daha çox yaşayırıq”

 

 

Bizə də virusun qarşısının alınmasını gözləmək qalır...

 

İsveçdə yaşayan jurnalist Ağa Ağayevin sözlərinə görə, immunitet problemi olan ölkədə əhali koronavirus təhlükəsinə psixoloji baxımdan da hazır deyil :

 

“Artıq İsveçdə 1280 nəfərdə koronavirus aşkarlanıb. Virusa tutulanlardan 10 nəfər həyatını itirib. Ümumən virus daşıyıcılarının əksəriyyəti paytaxt Stokholmdadır. Bütün Avropada olduğu kimi İsveçdə də tam karantin elan olunub.

 

Dünəndən bütün Avropa ölkələrinə, şengen zonasına Avropa İttifaqı, şengen ölkələri vətəndaşı olmayan insanların girişi dayandırılıb. İsveçdə də nəqliyyatda, ictimai iaşə yerlərində virusa qarşı ciddi tədbirlər görülür. Biz də hamı kimi virusa qarşı özümüzü qorumağa çalışırıq. Onsuz da İsveç şimal ölkəsi olduğu və günəşə az təsadüf olunduğu üçün burada hər zaman immunitet, vitaminsizlik problemi var. İnsanların çox olduğu yerlərdən maksimum uzaq durmağa, maskadan və spirtdən istifadə etməyə davam edirik.

 

Ümumi ab-havası depressiv olan İsveçdə bu kimi hallara, viruslara qarşı insanlar psixoloji olaraq da hazır deyillər. İsveçlilər həftə sonu klub və pablarda əylənməyi sevən insanlardır. Amma artıq bu virus yayılandan, karantin rejimi tətbiq olunandan klub və pabların fəaliyyəti də məhdudlaşdırılıb. Bu da insanlarda depressiyanı birə-beş artırıb. Ona görə də bu durumun nə qədər davam edəcəyini hələ bilmirik. Sadəcə bizə də virusun qarşısının alınmasını gözləmək qalır”.

 

 

Pik satlarda avtobusda 1, ya 2 adam görə bilərsiniz...

 

Jurnalıist Lalə Musaqızı yaşadığı ölkədəki vəziyyəti belə izah edir:

 

“Kanadada ilk korona virusu yanvarın 25-də Çindən qayıdan Kanada vətəndaşında  tapıldı. Rəsmi məlumata görə, dünən ölkə üzrə 621 nəfərdə sözügedən virusun olduğu təsdiqini tapıb. Ümumilikdə 9 nəfər dünyasını dəyişib.

 

Qeyd edim ki, Kanadada əhalinin sayı 37.5 milyon nəfərdir və çinlilər çoxluq təşkil etdiyindən çin dili üçüncü ana dili sayılır. İran əsilli Kanada vətəndaşları da kifayət qədərdir.

 

İranla, Çinlə təyyarə reysləri ləğv olunsa da, insanlar başqa şəhərlərə gedib, oradan Kanadaya gəlirlər. Virusa tutulanların 69 faizi səyahət tarixçəsi olanlar, 13 faizi isə səyahət edənlərlə yaxın kontaktı olanlardır.

 

Virusun ən çox yayıldığı yer Ontario əyalətidir. Mənim yaşadığım Toronto şəhəri də bu əyalətə daxildir. Martın 12-də Ontarioda orta məktəblərin 3 həftəlik bağlanmasına qərar verildi.

 

Bunun ardınca uşaq bağçaları, dil kursları, universitetlər 3 həftəliyinə fəaliyyətini dayandırdı. Bütün kütləvi tədbirlər təxirə salındı. Kitabxanalar, muzeylər, zoopark belə müəyyən müddətə qədər fəaliyyət göstərməyəcək.

 

İki gün öncə Ontarioda fövqəladə vəziyyət elan edildi. Əhaliyə imkan daxilində çölə çıxmamaları, insanların çox olduqları yerlərə getməmələri tövsiyə edilir. Hətta təcili deyilsə, xəstələrin həkimlərlə görüşləri ləğv edilir, həmçinin təcili olmayan əməliyyatlar təxirə salınır. Burada məşhur olan Sturbuks və Tim Hortons kafelər şəbəkəsində artıq oturmağa icazə yoxdur, insanlar sifarişlərni götürüb getməlidirlər. Restoranlar bağlanmaq təhlükəsi ilə üzbəüzdür. Artıq satış olan obyektlərin çoxunda nağd pul qəbul edilmir. İnsanların arasında böyük bir təşviş, qorxu hissi var. Məktəblərin dayanması ilə bağlı qərar veriləndən sonra 4-5 gün ərzaq satılan marketlərə insan seli axdı, marketlərdən çölə qədər uzanan növbələr yarandı. Hazırda marketlərdə çox az adama rast gələrsiniz. Pik satlarda avtobusda 1, ya 2 adam görə bilərsiniz. Adamlar hətta virusa yoluxmaq qorxusundan həkimə, təcili yardıma belə getməyə qorxurlar”.

 

O, qeyd edib ki, yerli əhali mövcud vəziyyətə daha həssas yanaşır:

 

“Müşahidələrimə əsasən deyə bilərəm ki, ən çox təşvişə düşənlər gəlmələr deyil, Kanadada doğulub-böyüyənlərdir. Gəlmələr bu virusa bir az dırnaqarası yanaşırlar. Kanadalıların vatsap qrupunda liftin düyməsini diş çöpüyləmi, salfetka iləmi basmaq kimi xırda məsələlər belə müzakirə mövzusudur.

 

Evdən işləyə bilən şirkət işçiləri ofisə getmirlər. Hökumət də daxil olmaqla insanlar İtaliya, İrandakı qorxulu vəziyyətin yaranmasından ehtiyat edirlər. İctimai yerlərdə  insanlar birdəfəlik əlcəklə gəzirlər. İnsanlar biri-birinin evinə getməyə, əl verib görüşmeyə çəkinirlər.

 

İki gün öncə Kanada hökuməti sözügedən virusdan dolayı biznesində problem yaranan kiçik və orta sahibkarlar, həmçinin virusa yoluxanlar, yaxud işə getməyib, iki həftəlik karantin dövrü keçirənlər, koronavirusdan əziyyət çəkən yaxınına qulluq edənlər, təhsil müəssisələrinin bağlanması ucbatından evdə uşağına baxmaq məcburiyyətində qalanlar üçün əlavə pul ayırıb.

 

Həmçinin uşaq pullarına ilin sonuna kimi 300 dollar əlavə edilib. Ümumilikdə, sözügedən virusdan dolayı bizneslərin çökməməsi, insanların əziyyət çəkməməsi üçün əlavə 82 milyard dollar pul ayırılıb. Krediti olanlar da nəzərə alınıb, onlar üçün də güzəştlər nəzərdə tutulub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı