Modern.az

Novruz ənənələri musiqidə

Novruz ənənələri musiqidə

Ədəbi̇yyat

20 Mart 2020, 11:21

Ariz ABDULƏLİYEV,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, aparıcı elmi işçi 

 

  1. Musiqi bahariyyələri

Orta əsrlərin klassik poeziyasında baharı vəsf edən, Nozruzun gəlişinə həsr olunan şeirlər yazılmışdır. Tədqiqatçılar bu mövzuda şeirləri "bahariyyə" adlandırırlar. O da məlumdur ki, orta əsrlərdə Novruza həsr olunan şeirlərə, poemalara, fəlsəfi-etik əsərlərə bəzən müəlliflərin özü tərəfindən "Novruznamə" adı verilmişdir. Habelə ədəbiyyatla yanaşı, qədim xalq musiqisi nümunələrində, orta əsrlərin peşəkar musiqi sənətində də Novruz ənənələri, mövzuları və atributları geniş bədii təcəssümünü tapmışdır. Başlıcası, etnomədəni ənənələr sistemində mahnı və rəqs, oxuma və çalğı, reçitasiya, ritm-intonasiya və melodiya xalq bayram və mərasimlərinin strukturunu təşkil etmiş, onların vacib tərkibi və icra-ifa vasitəsi olmuşdur. Bu xüsusda "Novruz və musiqi"  probleminə iki aspektdə baxılmasını təklif edirik:

  1. Musiqi Növruz bayramında və ənənələrində;
  2. Novruz və bahar mövzuları musiqidə.

Bu mövzu ilə əlaqədar məqaləmizdə ilk dəfə "musiqi bahariyyələri", "musiqi novruznamələri", "muğam novruziyələri" anlayışlarını işlədirik.  Bu anlayışlar hər iki aspektə aid olan musiqi nümunələrini ehtiva edirlər.   

 

  1. Novruz və xalq rəqsləri

 

Novruz mərasimləri, oyunları və tamaşaları mütləq çal-çağırlı, yəni alətlərin, instrumental musiqinin, oxumaların və rəqslərin vacib iştirakı ilə həyata keçirilmişdir. Çünki Novruzda nəğmə, oxuma, rəqs olmadan kütləvi bayram əhval-ruhiyyəsi və şənlik ovqatı yarana bilməzdi. Novruzun etnomədəniyyət hadisəsi - bayram və mərasimlər sistemi kimi tarixi yaranışından başlayaraq, bu gün də musiqi və musiqiçilər bu bayramın və onun müxtəlif ənənələrinin ayrılmaz tərkib hissəsi və birbaşa iştirakçısıdırlar. Odur ki, ənənəvi Novruz musiqisi ilə yanaşı, zaman-zaman bayram ənənələrinin və etnomusiqi yaddaşının təsiri ilə xalq sənətkarları tərəfindən Novruz mövzulu yeni  instrumental musiqi nümunələri, o cümlədən, xalq rəqsləri yaradılmış və həmin nümunələr də tədricən bayram şənliklərinə daxil olmuşdur.


İnstrumental rəqs musiqisində "Novruzu", "Novruzgülü", "Baharı", "Bənövşə" ("Bənövşə" oyunu ilə bağlı rəqsdır), "Bağdagülü",   "Dərvişxanı" ("Dərviş oyunu" ilə bağlı rəqsdir), "Ənzəli" ("Ənzəli" oyunu ilə bağlı rəqsdir), "Atqovdu", "Cıdırhəngi" (Cıdır yarışı ilə bağlı rəqsdir), "Qıtqılıda", (gənclərin və yaşlılarn oynadığı məzəli rəqsdir), "Uzundərə" (qız-gəlinlərin icra etdiyi mərasimlərdə oynanılıb), "Mirzəyi", "Darçını", "Mixəyi", "Xançobanı", "Xanbəzəmə" (eyni adlı oyuna aiddir), "Mücəssəmə" ("Lal oyunu" ilə bağlı rəqsdir), "Maralı" ("Maral oyunu"na aiddir),  "Küfyallı" (yaşıllıq və ağac tapınışına aid mərasimin rəqsidir), "El yallı", "Çöp-çöpü", eləcə də  "Tulumu", "Köçəri", "Ayrımı", "Qaytağı", "Keçiməməsi" (saya və təkə oyunlarının rəqsləridir) və digər rəqs havaları Novruz bayramının musiqili tərənnümü, onun ayrılmaz tərkibidir. Bu kimi oyun havaları həm də qədim bayram ənənələrinə daxil olan meydan tamaşalarını (kəndirbazlar, ayı oynadanlar, pəhləvanlar, cıdır, çövqan) və xalq oyunlarını ("Xan-xan", "Xanbəzəmə", "Kosa və keçəl", "Yazla-qışın deyişməsi", "Küfdibi", "Təkə oyunu", "Ənzəli", "Maral oyunu" və s.) müşayiət etmişlər. Qız-gəlinlər tərəfindən icra olunan ayin və mərasimlərdə isə bayatılar oxunmaqla yanaşı, instrumental rəqs havaları da çalınmış, lirik və oynaq rəqslər, mahnı-rəqslər ifa edilmişdir. Başlıcası, ənənəvi yaz mərasimlərinə və ritullarına, oyun və tamaşalarına daxil olan folklor mətnləri mütləq meloreçitativlə və ritmik çəpiklərin müşayiəti altında avazla hündürdən deyilmiş, bəzən  mahnıvari melodiyalarla, yaxud məlum mahnıların melodiyası ilə oxunmuş, bəzən də ənənədən gələn rəqslərlə birgə ifa edilmişlər. 


Yeri gəlmişkən, Novruz bayramında Yallı, Çəngi  növlü rəqslərin və Halay, Haxışda, Gülümey növlü mahnı-rəqslərin həm instrumental, vokal, həm də xoreoqrafik ifası mühüm yer tutmuşdur. Bu çalğı havalarının, rəqs və mahnı-rəqs nümunələrinin ənənəvi ifası bayrama sevinc, nikbinlik, şənlik, birlik, qələbəlik əhval-ruhiyyəsi aşılamışdır. Mərasim və oyunlarda rəqslərin, mahnıların, gedişatın ifası əsasən qopuz, cürə saz, tavar saz, balaban, zurna, tulum, tütək, tənbur, dəf, nağara, davul, çəpik və ev əşyalarının ritmik müşayiəti ilə, eləcə də meloreçitativ, yaxud mahnıvari solo, xor və solo-xor oxumalarla, deyişmələrlə aparılmışdır.        

 

  1. Novruz və aşıq sənəti

 

Növruzun gəlişi, yaz fəsli, onun təbiəti, gözəllik əlamətləri XVI əsrdən etibarən aşıq şeirində də öz poetik tərənnümünü tapmışdır. XVI əsrin aşığı və şairi Aşıq Qurbanidən başlayaraq, XX əsr də daxil olmaqla ustad aşıqların yaradıcılığında bu mövzuya müraciət olunmuşdur.  Lakin aşıq sənətindən əvvəl Novruzun ozan-baxşı musiqisində qopuz və oxuma ilə vəsfi də fikrmizcə baş verə bilərdi.

 
Bahariyyələrin bir qolu klassik divan ədəbiyyatı, orta əsrlərin klassik şeiridirsə, bir qolu da şübhəsiz xalqa ədəbiyyatına və folklor üslubuna daha yaxın olan yazılı aşıq şeiridir. Aşıq sənətinin musiqişünaslıqda "xalq-professional musiqi" adı ilə təsnifatlaşdırılmasının bir səbəbi də onun üslub baxımından məhz xalqın musiqi dilinə daha yaxın olması, digər tərəfdən ana dili, folklor və xalq ənənələri ilə sıx təmasda yaşamasıdır.


Aşıq sənətində mövcud olan klassik-ənənəvi havalar, məlumdur ki, bir qayda olaraq, aşıq şeirlərinə oxunurlar. Bu yaşarı ənənədə bayrama (novruza, yaza, bahara) və onun canlı rəmzlərinə həsr olunan şeirlər də klassik havalarla ifa olunmuşdur və bu gün də belədir. Baharın gəlişindən, yazdan  bəhs edən aşıq şeirlərindəki vəsfetmə janr etibarilə aşıq gözəlləməsinin bədii-estetik kriteriyelarına uyğundur. Çünki gözəlləmə - mövzu və janr olaraq, təkcə yarın gözəlliyini deyil, təbiətin, mənəviyyatın, o cümlədən yaz ovqatının və sovqatının da vəsfini ehtiva edir.


Novruz ənənələrinə saya, təkə oyunları ilə, tərəkəmə mədəniyyəti və musiqisi ilə birbaşa bağlı olan qədim "Çoban-bayatı" adlı aşıq və tütək havası, eləcə də sazın "Bayatı" kökü və pərdəsi, əslində, Novruzun xalqın məişətinə, təsərrüfatına, poetik ruhuna və yaradıcılığına gətirdiyi əmək, artım, təbiət mövzusu ilə, eləcə də etnogenetik yaddaşa köklənən mif-totem-yaradılış təsəvvürü ilə bağlı olan musiqili təsvir, tərənnüm və rəmzlərdir. Artıq variantlaşmış "Baharı", "Bayramı" klassik aşıq havaları da şübhəsiz etnoyaddaşa söykənən bahar və bayram ənənələrinin musiqi dilə ilə bədii-emosional, duyğusal ifadəsidir. Aşıq şeirində yaranan bahariyyələrin oynaq, rəqsvari melodiyalarla (havalarla) oxunması XIX-XX əsrlədə Şirvan aşıq məktəbinə də xas olmuşdur.   

 

 

  1. "Novruz" muğamı və onun növləri

 

"Musiqi novruznamələri"ndən bəhs edəndə "Novruz" adı daşıyan muğam nümunələri üzərində dayanmağı vacib bilirik. Çünki Azərbaycan musiqisində Novruz mövzusu, o cümlədən Novruzun bədii tərənnümü və vəsfi musiqi-yaradıcılıq sahəsi, ifaçılıq və üslub baxımından çoxşaxəli olub, öz təzahürünü  muğam sənətində də tapmışdır. Maraqlıdır ki, orta əsrlərin şeirlərində Novruzdan, Bahar fəslindən bəhs olunursa, bu şeirlərdə "Novruz" adı həm də musiqi termini kimi keçir. Orta əsrlərin klassik poeziyasında Novruzu vəsf edən, bahara həsr olunan "Novruz" adlı musiqinin də adı göstərilir və çox hallarda "Novruz"dan konkret bir muğam kimi bəhs olunur.        


Beləliklə, biz musiqidə "Novruz" anlayışına həm də professional bədii tərənnümdən yaranan musiqi termini və janrı kimi yanaşa bilərik. "Musiqi novruznamaləri", "musiqi novruziyələri" və ya "musiqi bahariyyələri" dedikdə, "Novruz" muğam silsiləsini də bu qrupa aid edirik, eyni zamanda həmin nümunələrin özünməxsus janr, struktur, üslub və ifa əlamətlərini da nəzərə alırıq.   


Azərbaycan-Şərq ənənəvi peşəkar musiqisində Novruzu tərənnüm edən musiqi nümunələrindən biri də VI-VII əsrlərə aiddir. Erkən orta əsrlərdə Şərqdə çox məşhur olan ifaçı və bəstəçi Fələhbad Mərvli tarixdə həm də Barbəd (bəzən Bərbət) təxəllüsü ilə tanınmışdır. O, VI əsrdə Sasanilər hökmdarı II Xosrov Pərvizin saray musiqiçisi olmuşdur. Nizami Gəncəvi "Xosrov və Şirin" poemasında Şərq musiqi tarixinin bu real şəxsiyyətindən geniş bəhs etmişdir. Poemadan bəlli olur ki,  Barbəd hökmdar Şirinin saray musiqiçisi Nəkisə ilə yarışanda "Novruz" muğamını oxumuşdur. Bu qaynaq bizə "Novruz" adlı muğamın artıq VI əsrdən (bəlkə də daha əvvəldən) məlum olduğunu deməyə əsas verir. Maraqlı bir fakt da budur ki, N.Gəncəvi Barbədin bəstələdiyi melodiyaları (ləhnləri) sadalayanda ustadın "Nazi-Novruz" ləhninin də adını çəkir. Bu fakt isə bizə imkan verir ki, Novruzun (Baharın) musiqili vəsfinin erkən orta əsrlərdə peşəkar musiqi yaradıcılığında və ifaçılığında artıq bir ənənə və mövzu kimi mövcudluğunu  təsdiqləyək.


N.Gəncəvidən başlayaraq, XX əsrə qədər müsəlman Şərq ölkələrində şairlərin heca və əruz vəznli şeirlərində "Novruz" muğamının adı dəfələrlə çəkilmişdir.


Orta əsrlərin musiqi risalələri, bəzi qaynaqlar da ayrıca bir "Novruz" muğamı haqqında məlumat verirlər. Bu yöndə araşdırmalarımız göstərir ki, "Novruz" muğamı və onun növləri X əsrdən başlayaraq, XX əsrdə qədər yazılan musiqi risalələrində qeyd olunmuşdur. Belə ki, bu yazılı mənbələrdə muğam-məqam-makam-makom sistemini təşkil edən 6 avaz, 12 muğam və 24 şöbə silsiləsində üç növ "Novruz" göstərilmişdir: "Novruz", "Novruzi-Əcəm", "Novruzi-Səba".  Bu muğam-makam nümunələri risalələrdə "şöbə" janrına (şöbeyyat), bəzən "muğam" janrına (muğamat) aid olunmuşdur.    


Maraqlıdır ki, orta əsrlərdə və bu gün də muğamların səs sırasını əmələ gətirən və quruluş etibarilə "tetraxord" (dörd səs, dördlü) adlandırılan özək məqam sturkurlarından biri də məhz "Novruz" dördlüsüdür. Onun quruluşu "Üşşaq" muğamına yaxın olsa da, ifa qaydası və ayaq tonu fərqli idi. Məhz bu dördlü "Novruz" muğamının səs sırasını əmələ gətirmişdir.   "Novruz" dördlüsünün digər muğamların səs sırasında əvvələ və ya axıra birləşdirilməsi ilə nəzəriyyədə və ifaçılıq sənətində bu adla bağlanan muğam növləri meydana gəlmişdir. Məsələn, "Novruzi-Rast", "Rast-Novruz" , "Novruz-Bayatı," "Hicaz-Novruz", "Novruz-Hüseyni" və s.  Beləliklə, orta əsrlərdə "Novruz" muğamının digər muğamlarla bağlı olan müxtəlif növləri (variantları) yaranmış, ifa olunmuşdur.  Eyni zamanda XX əsrə qədər mövcud muğam ailələrinə (Üşşaq ailəsi, Rast ailəsi, Segah ailəsi, Şur ailəsi, İraq ailəsi, Nəva ailəsi, Hicaz ailəsi, Busəlik ailəsi və s.)  "Novruz" muğamı ilə quruluş, intonasiya, səs sırası, modulyasiya, ayaq cəhətdən əlaqələnən muğamlar da daxil olmuşdur. Bu nümunələrin adına "Novruz" sözü yazılmışdır. Nəticədə əsas muğam ailələrində "Novruz"la ilgili muğam törəmələri (variantları) yaranmışdır. Bunlar Azərbyacan və Türk musiqi nəzəriyyəsində və ifaçılığında quruluş baxımdan "birləşik muğam" və ya "mürəkkəb muğam" kimi səciyyənlənmişdir.


Yekun olaraq, qeyd edək, orta əsrlərin mugam-makam sənətində "Novruz" adlı  muğam nümunələri yaranmışdır ki, onları "muğam novruznamələri" (və ya "muğam novruziyələri") adlandırırıq. Forma etibarilə onlar böyük və kiçik quruluşlu idilər. Həmin muğamlar bunlardır: "Novruz", "Bahar",  "Novbahar", "Novruzi-Əcəm", "Novruzi-Ərəb", "Novruzi-əsl", "Novruz-Bayatı", "Novruzi-Xara", "Novruzi-Rumi", "Novruzi-sultani", "Novruzi-Səba", "Novruz-Zirgülə", "Rast-Novruz",  "Üşşaq-Novruz", "Novruzi-Əcəm", "Novruz-Nəva", "İraq-Novruz", "Busəlik-Novruz", "Novruz-Hüseyni", "Novruz-Hicaz", "İsfahan-Novruz", "Büzürk-Novruz", "Novruzi-Rəhavi", "Novruzi-Küçək", "Zəngulə-Novruz", "Rəkəb-Novruz". Şübhəsiz, bu muğamların mövcudluğu bir tərəfdən musiqi nəzəriyyəsinin, digər tərəfdən də musiqi praktikasının (ifaçılığının) inkişaf məhsulu idi. Çünki onların yaranması və ifası məhz dövrün professional musiqişünas-ifaçılarının yaradıcılığı ilə bağlı olmuşdur. Digər tərəfdən, "Novruz" muğamları  Novruz və ya baharın professional musiqi yaradıcılığında necə yüksək sosial, ictimai və bədii səviyyədə qarşılandığını, yaradıcı insanlar üçün həyat, işgüzarlıq, uğur mənbəyi, məhsuldar mövsüm, mənəvi-ruhsal qida, ilham və gözəllik mənbəyi olduğunu deməyə əsas verir.   


Yuxarıda adı çəkilən muğam novruznamələri XX əsrdə bu və digər səbəbdən Azərbaycan klassik muğam sənətindən silinsə də, onlardan ikisi hazırda ifa olunur və tədrisdə keçilir. Bu, Rast və Bayatı-Qacar dəstgahlarında ilk şöbə kimi çalınıb-oxunan "Novruzi-rəvəndə" və "Mahur-Hindi" dəstgahında bərdaşt kimi çalınlb-oxunan "Novruzi-əcəm" şöbələridir.

 

  1. Novruz mövzusu bəstəkar yaradıcılığında

 

XX əsrdə Azərbaycan musiqisinə Novruz mövzusunu daxil edən ilk bəstəkar dahi Üzeyir Hacıbəyli olmuşdur. O, sözləri və musiqisi özünə aid olan "Bahar nəğməsi" adlı mahnının müəllifidir. Sonrakı nəsil bəstəkarlar bu gözəl ənənəni yaşadaraq baharın gəlişini və bayramı tərənnüm edən müxtəlif janrlı əsərlər  yazmışlar. Məsələn, F.Əmirov, Ə.Abbasov, C.Cahangirov, T.Quliyev, R.Hacıyev, S.Ələsgərov, R.Mirişli, R.Mustafayev, N.Məmmədov, O. Kazımi, C.Quliyev, E.Mansurov, A.Dadaşov, E.Dadaşova, R.Şəfəq, S.Fərəcov, E.Rüstəmov, M.Əhmədova, S.Fərziyeva və  başqaları Novruza, baharın gəlişinə ürəyəyatımlı gözəl mahnılar bəstələmişlər. T.Quliyevin yallı ritmli "Bahar bayramı" və R.Mirişlinin "Bayramı axşamlarında" mahnıları isə xalq arasında sevilərək artıq çoxdan folklorlaşmışlar.


Maraqlıdır ki, hələ 1950-cı illərdən başlayaraq, yaz-bayram mövzusunda çoxlu uşaq mahnıları yazılmışdır. Bu fakt sovet dövründə Novruz mövzulu musiqi əsərlərinə siyasi qadağaların qoyulmadığını təsdiqləyir. Həmin onillikdə və sonrakı illərdə nəşr olunan mahnı toplularını araşdırmaq kifayətdir ki, bahar mövzulu uşaq mahnılarının orta məktəblərdə, uşaq bağcalarında, uşaq musiqi kollektivlərində proqrama və repertuara daxil edilməsi, məktəblərdə keçilməsi, nəğmə dərslərində və bayram şənliklərində oxunması aydınlaşsın. Məsələn, Fikrət Əmirovun "Ay uşaqlar, şən bahar gəlir", Soltan Hacıbəyovun "Bənövşə", Səid Rüstəmovun "Yaz günləri", "Uşaq və buz", "Uçan quşlar", "Qərənfil", "Qaranquşum", "Gün çıx",   C.Cahangirovun "Yaz günləri", Qənbər Hüseynlinin "A yaz günləri", "Yaz", "Yaz gəlir", Ağabacı Rzayevanın "Qaranquş", həmçinin O.Zülfüqarovun "Gəl bahar", R.Şəfəqin "Novruz bayrmı", "Yaz", A.Dadaşovun "Bahar tonqalı", E.Dadaşovanın "İlk bahar", "Bahar şərqisi", G.Abdullazadənin "Bahar nəğməsi", M.Əhmədovanın "Qaranquşlar gələndə", xalq bəstəkarlarından Ə.Tağıyevin "Mən baharın qızıyam", M.Bağırzadənin "Novruz" və digər bəstəkar mahnıları uşaqlarda bahara, onun gözəl əlamətlərinə maraq və sevgi oyatmışdır.  Uşaqlar üçün Novruz töhfəsi musiqili səhnə əsərlərində də  tərənnümünü tapır. R.Həsənovanın "Kosa-Kosa" balet-pantomimini, C.Abbasovun "Şən bahar" və Ə.Yusifovanın "Yaz nağılı" uşaq operalarını nümunə göstərə bilərik.


Bəstəkarların Novruz mövzularına müraciətini instrumental pyeslərdə də izləyirik:  A.Zeynallı piano üçün "Uşaq və buz", F.Əmirov piano üçün "Yaz nəğməsi", Ə.Abbasov fleyta ilə fortepiano üçün "Yaz nəğməsi",  A.Əlizadə piano üçün "Qədim oyunlar" və s. 


Novruz və onun mərasimləri, oyunları, folkloru, təntənə və şənlik ruhu orkestr və ansaml əsərləri üçün də mövzu kimi seçilmişdir. Məsələn, M.Mirzəyev "Bayram poeması", V.Adıgözəlov "Bayram üverturası" simfonik poemalarını, N.Mirişli "Mərasimlər" simfoniyasını, S.Fərəcov simli kvartet üçün beş hissəli "Xalq şənliyindən səhnələr" silsiləsini, M.Quliyev xalq çalğı alətləri orkestri üçün "Bayram yallısı ",  A.Dadaşov "Qaravəllilər" suitasını bəstələmişdir.


V.Adıgözəlovun dörd hissəli "Novruzum", C.Abbasovun on hissəli "Bayram mərasimləri" kantataları monumental janrda olub mövzunun teatrlaşdırılması, ənənəyə uyğun şəkildə zurnanın və zərb alətinin tətbiqi ilə seçilir. Bu əsərlərin hissələrində bayram sinkretizmini təşkil edən Novruz oyunları (Kosa-Kosa,), Yallı rəqsi, Səməni, Haxışda, folklor örnəkləri, oynaq bayram ritmikası, təntənəli və səmimi xalq birliyi, nikbin bayram ovqatı ifadə olunur.  


Adları çəkilən mahnı və əsərlərdə  şən və nikbin bayram ruhuı, yallı ritmləri, oyun və şadlıq intonasiyaları, rəqsvarilik, xalq birliyinin və ənənəsinin təntənəsi, milli yaddaş və qürur, həyatsevərlik kimi bədii-emosional ifadələr üstünlük təşkil edir. Bununla belə təravətli yaz mehinin və günəşinin, ruhsal duyğulara rəvac verən bahar səmasının və güllərinin, bahar təravətli sevgi və arzuların lirik-romantik təsvirini Vaqif Mustafazadə məşhur "Mart" əsərində, bayramın çoşqulu və ritmik enejisini isə tanınmış istedadlı cazmen İfsar Sarabski sevilən "Novruzum" kompozisiyasında çox həssas duyğularla, ənənəyə və təbiətə səmimi sevgilərlə, novatorcasına açıqlamışlar.          

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi