Modern.az

Koronavirusu ciddiyə almayanlar, karantin qaydalarını pozanlar...

Koronavirusu ciddiyə almayanlar, karantin qaydalarını pozanlar...

Aktual

22 Mart 2020, 09:37

Çinin Uhan şəhərində meydana çıxıb, pandemiya mərhələsinə çatan koronavirus, demək olar ki, bu ölkədə ram edilib. Xalqın birliyi nəticəsində Çin koronavirusun episentri olmaqdan qurtulub.

 

İndi isə Avropada bu virus daha təhlükəli hal almağa başlayıb. İtaliyanın infeksiyanı kifayət qədər ciddiyə almaması ölkəni virusun mərkəzinə çevirib.

 

Azərbaycanda da koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlərə, tətbiq olunan qadağalara hamı bir adam kimi əməl etmir, tövsiyələri qulaqardına vuranlar da var. Halbuki, İtaliyanın halına baxıb, Çinin birliyindən nümunə götürməli deyilikmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva vəziyyətin ciddiliyini gözardı edənlərin sayının çox olduğunu qeyd edib:

 

“Sanki xalqımız iki yerə bölünüb. Bir tərəfdə koronavirusa inanıb, bütün qaydalara riayət edənlər və əks qütbdə isə bu fikirlərə gülərək yanaşanlar, inananlara “nəyə əsaslanıb inanırsınız” deyənlər.

 

Çölə çıxanda insanların rahatlıqla gəzdiyini müşahidə edirik. On nəfərdən bir, ya iki nəfərin maska taxdığını görmək olar. Hətta rast gəlmişəm ki, maska taxmayanlar taxanlardan soruşur ki, bunu nəyə görə taxırsınız? Sanki bu qədər informasiya, dünyada hökm sürən həyəcan boşunadır”.

 

Psixoloq cəmiyyətdə koronavirus təhlükəsinə inananların az olma səbəblərini belə sıralayıb:

 

“Koronavirusun gözardı edilməsinin ilk səbəbi hələ ki yoluxma sayının az olmağıdır. Sayın az olmağı o deməkdir ki, ola bilər ki, bizim yaxınlarımız, tanışlarımız, ətrafımızdakı insanlar arasında bundan əziyyət çəkənlər yoxdur. Təbii ki, yoluxanların yaxınları, qohumları bizim aramızdadır. Onlar da, ehtimal ki, öz qohumlarının bu virusa yoluxduğunu dilə gətirmirlər. Ona görə də insanlar ətrafda yoluxmuş, xəstə adamları görmür deyə, düşünürlər ki, bu, sadəcə şişirdilmiş bir rəqəmdir, siyasi oyundur.

 

İkinci tərəfi odur ki, bəlkə də bu bir növ özünümüdafiədir. Çünki bir şeyi qəbul etməmək, ondan qaçmaq insanlara həmin problemlə üzləşməkdən daha asan gəlir.

 

Üçüncüsü, insanlar xarici ölkələrdə yolda gedərkən adamların anidən yıxılması, ölməsi kimi qorxulu xəbərlər, videogörüntülər olduğunu bildiyi və bunu görmədikləri üçün virusun bizdə olmadığını düşünürlər və qəbul etmirlər”.

 

İtaliyadakı vəziyyəti nümunə gətirən N.Quliyeva insanları mövcud vəziyyətdən dərs çıxarmağa və ən azından gigiyenik qaydalara əməl etməyə çağırıb:

 

“Çox yaxşı nümunədir ki, biz bu gün Çini görürük və vəziyyəti təhlil edə bilirik. Virusun ocağı ora idi və keçən gün oxuduğum məlumatda deyilirdi ki, əvvəllər xəstəxanalara bir gündə ən azı minlərlə yoluxmuş şəxs müraciət edirmiş. Son bir həftədə isə bu, gün ərzində bir nəfərə düşüb. Səhv etmirəmsə, son iki, ya üç gündür ki, yoluxmuş şəxs yoxdur. Bu o deməkdir ki, insanlar daha çox maariflənib, tədbirlərə hamı riayət edir. Bu tədbirlərə riayət etmək çətin deyil. Gündəlik gigiyenamıza diqqət etmək, əllərimizi tez-tez yumaq, immuniteti artıran qidalara üstünlük vermək əslində hər zaman etməli olduğumuz şeylərdir. Bunları etməklə heç nəyi itirmirik. Kim inansa da, inanmasa da, ən azı bu tədbirləri görməklə özünü, yaxınlarını qorumuş olur. İnanmamaq çarə deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi