Modern.az

Dünya supergüclərinin menyusuna: DƏYİŞİLMƏYƏ MƏHKUMSUNUZ!

Dünya supergüclərinin menyusuna: DƏYİŞİLMƏYƏ MƏHKUMSUNUZ!

24 Mart 2020, 08:42

Xeybər GÖYYALLI

Bu gün dünya gündəmi karonavirusdur. Tam  əminliklə deyə bilərik ki, qloballaşma erası başlayan  dönəmdən indiyə kimi dünya  gündəmini son aylar yaşanılan karonavirus pandemiyası  qədər  heç  bir  problem zəbt etməmişdir. Səbəbi son  dərəcə bəlli. İnsan  adlanan varlıq  instiktiv olaraq  özünü hər kəsdən və hər şeydən  üstün tutur. Bu   gözəgörünməz eqonun sirri insanın   xisləti ilə        bağlıdır. Dünyanı lərzəyə salan karonavirus    pandemiyası bütün dünyada aşağıdan yuxarıya  yuxarıdan aşağı    bütün silkləri  bərk silkələdi. Dünya  güclərinin başında duranların bəziləri  qorxudan tibbi testdən keçdi, bəziləri isə cəmiyyətdən  belə  tədric olundular. Karonavirus pandemiyasının itkisi, fəsadı    və  məşəqqətləri ölçü-biçiyə gələn deyildir. Başlanacaq dünya böhranı  birinci növbədə   çümlə-cahanı cənginə almış  karonavirus pandemiyası ilə bağlıdır. Bu iqtisadi itkilər yaxın  vaxtlarda rəqəmlərin dili ilə   ifadə olunacaqdır. Ancaq pandemiyanın  ümumən dünya insanına gətirdiyi mənəvi itkilər  rəqəmlərə sığan deyildir.  

Karonavirus pandemiyası  dünya insanına və dünyanı idarə edən supergüclərə hərtərəfli dərs verdi. Əgər nəticə çıxara bilsələr. Çox təəssüflər olsun ki, bəşər övladı yaradılışdan naqis olaraq qalır. Bütün  naqisliklərin rüşeymində  elmsizlik, cümlə-bəlaların kökündə nadanlıq dayanır.

Karonavirusun yaranma səbəbləri  haqqında ortalıqda iki təsdiqlənməmiş  mülahizə dolaşır. İlkin olaraq məişət-qida məsələsi gündəmə gətirildi. Dünya mediasında belə bir informasiya  tirajlandı ki, Çin şəhərlərinin birinin bazarından bir nəfərin alıb yediyi konservləşdirilmiş  yarasa məhsulu vasitəsilə  bu virus yayılmağa başlamışdır.

İkinci informasiya siyasi   aspektlidir. Bu  siyasi informasiya kütlənin yox, bəzi dövlətlərin rəhbərlərinin dilindən dünya çapında bəyan edildi. Özü də ehtimal və mülahizə formasında yox, bəzən lap   qəti və birmənalı şəkildə səsləndirilirdi. Bu mülahizələrin  heç biri  haqqında qəti və birmənalı, gerçək və təsdiqlənmiş fikir  söyləmək iqtidarında deyiləm. Bu barədə daha     geniş informasiya imkanlarına malik olan   səlahiyyət sahibləri belə  qəti və birmənalı söz söyləyə bilmirlər. Hər iki mülahizədə müəyyən bir  həqiqətin olduğunu ehtimal etmək olar.

Birinci mülahizədən başlayaq. İnsan sağlamlığı üçün qidanın əhəmiyyəti  danılmazdır. Bütün dünyada geniş yayılmış və  artıq   aforizmə  çevrilmiş belə bir ifadə var: “İnsan nə yeyirsə, odur”. Bu baxımdan  sonuncu və mükəmməl din olan islamda    halal –haram məsələsi  heç   də təsadüfi deyildir.  Əminəm ki, bu  detal  ateizm və islamafobiya tərəfdarlarının ürəyincə olmayacaqdır, amma bu  məqamda  xatırlatmağım  çox   vacibdir. Dörd səmavi (əslində, dörd səmavi kitabdan da  əvvəl belə əxlaq və dəyər kitabları olub) kitabda bəşər övladına bütün həyat,cəmiyyət və yaşamaq qanunları öyrədilib.Amma bəşər övladı öyrənmək istəmir ki, istəmir.Adına insan deyilən  varlıq  yerin üstündə,  yerin altında  hər nə varsa hamısına yiyələnmək,  daşdan yumşaq nə varsa hamısını yemək istəyir. Çinlilər göydə uçan, yerdə qaçan, suda-quruda yaşayan nə varsa hamısına təmənnalıdırlar. Heç yarasanı da yemək olar?

Özünü dünyanın sivil xalqı sayan avropalılar bir neçə illərdir delikates deyə öyündükləri ilbiz  xörəklərinə girişiblər. Yayılan informasiyalara görə  ölkəmizdən də qoca qitəyə qurbağa və ilbiz əti ixrac olunur. Yuxarıda yazdım ki, insan nə yeyirsə, odur. Qida çox   nəsnələri müəyyənləşdirir. Hər bir canlının özünəməxsus keyfiyyətləri olduğu kimi, hər bir canlının da fərqli xəstəlikləri mövcuddur. Təbii ki, hər bir canlı öz   ömrünü yaşayır. Bir də onu deyək ki, insan adlanan   canlı varlıq bu  işıqlı dünyada hər nə varsa yeməli deyil   ki. Bəşər övladı daim xatırlamalıdır ki, təbiət ondan əvvəl yaranıb, insan adlanan varlıq təbiətin qoynunda yaşayır. İnsan,  həyatı və yaşayışı üçün  Tanrıdan sonra təbiətə borclu  olmalıdır. İnsan  heç vaxt unutmamalıdır ki, bu dünyada hər  şey onun üçün  deyildir.Tanrının yaratdıqlarında  başqalarının da payı  və  qisməti vardır. Bu, Tanrı bölgüsüdür.Bu paya əl aparılanda dünyanın nizamı alt-üst olur, dünyanın yükü əyilir,balansı pozulur.

 Dünyanın balansını pozan, sistemini alt-üst edən insan adlanan varlıqdır. Dünyanın supergüclərinin  əməlləri sayəsində Yer kürəsi nüvə sınaqları və digər kimyəvi silahların   təcrübə laboratoriyasına çevrilib. Atmosfer həddindən artıq çirklənib, ozon  qatı təhlükəli durum alıb, qlobal istiləşmə mərhələsi başlayıb və daha nələr baş verəcəyini bir Allah bilir. Hələ bunlar azmış kimi, indi də  Ayda  torpaq alğı-satqısına   girişiblər. Yer kürəsini öz çirkin əməlləri ilə min bir mərəzə düçar etmiş insanoğlu indi də Ayda torpaq alıb ev tikir.

Karonavirusun bəşər övladı üçün xüsusi ibrət dərsləri var.İbrət alan, nəticə çıxaran olsa. İnsan sözü, səhv etmirəmsə, ərəb kəlməsi olan üns sözündəndir. Üns-ünsiyyət,əlaqə deməkdir. Ünsiyyət, əlaqə insanın təbiət və mahiyyətindədir. Demək, insan tək-tənha yaşaya bilməz. Qloballaşma bir istilah  kimi  yeni ola  bilər. Ancaq  sosial-iqtisadi və  mədəni inteqrasiya   insanların   yaşayıb  fəaliyyət  göstərdikləri  bütün    formasiyalarda mövcud olmuşdur. Yer  planeti vahid bir oqanizm olduğu kimi,onun  üzərində yaşayanlar  da vahid planetin sakinləridir. Yer kürəsi  təkcə insanların yox, ümumən,   bütün   canlıların doğma məkanıdır. 

Pandemiyanın  daha bir  mühüm ibrət dərsi oldu. Dünyanın supergücləri onun fəsad və məşəqqətləri qarşısında nə  qədər aciz   və    gücsüz olduqlarını dərk etdilər. Çox güman ki, silah və kapitalın  hər şey olmadığını anladılar. Gerçəkdən gördülər ki,    güc və  kapital bütün məsələlər üçün    reaktiv deyildir.  Belə olan təqdirdə  dünya supergüclərinin başında duranlar  nüvə və kimyəvi silahların istehsal və sınaqdan  keçirilməsinə,qloballaşmaya, ümumən, insan və insanlığa münasibətləri kökündən    dəyişilməlidir . Onlar dəyişməyə məhkumdurlar. Dəyiməsələr, dəyişdiriləcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər