Modern.az

Azərbaycanda vərəm TƏHLÜKƏSİ - Tibb Universitetinin kafedra müdiri ondan DANIŞDI

Azərbaycanda vərəm TƏHLÜKƏSİ - Tibb Universitetinin kafedra müdiri ondan DANIŞDI

Aktual

24 Mart 2020, 12:13

Bu gün Beynəlxalq Vərəmlə Mübarizə Günüdür. Azərbaycan Tibb Universitetinin  Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramovun sözlərinə görə, vərəm – vərəm çöpləri tərəfindən törədilən xronik yoluxucu xəstəlikdir. Vərəm çöpləri isə1882-ci il, martın 24-də alman alimi Robert Kox tərəfindən kəşf edilib.

Xəstəliyin xronikası haqqında Modern.az-a danışan Rafiq Bayramov vərəmin tənəffüs infeksiyaları arasında ən təhlükəli və ən çox rast gəlinən xəstəlik olduğunu bildirib:

 

 “Vərəm haqqında olan tarixi məlumatların araşdırılması bu xəstəliyin yaşının bəşəriyyətin, canlıların yaşı ilə eyni olması qənaətinə gəlməyə əsas verir: Vərəmin törədicisinin, yəni vərəm çöplərinin 138 il, ona qarşı istifadə edilən ilk dərman preparatı olan streptomisinin isə 76 ildir ki kəşf olunmasına baxmayaraq bu xəstəlik tarix boyu epidemiya halını alaraq çoxsaylı insan tələfatına səbəb olub. Son illər bütün dünyada olduğu kimi, bizdə də vərəmin epidemioloji göstəricilərində müəyyən müsbət dinamika olmasına baxmayaraq, hal-hazırda da bütün dünyada vərəm xəstəliyi qlobal problem olaraq qalmaqdadır. Xüsusilə, son illər dünyada dərmanlara rezistent vərəmlə yoluxma, xəstələnmə halları daha çox rast gəlinir. Vərəm tənəffüs infeksiyaları arasında ən təhlükəli və ən çox rast gəlinən xəstəlikdir: Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən dünya əhalisinin təxminən 1/3-i vərəm çöpləri ilə yoluxmuşdur”.

Hər il dünyada təxminən 1,3-1,5 milyon insan vərəmdən ölür

“Vərəm tənəffüs infeksiyaları içərisində ən çox ölümə səbəb olan xəstəlikdir. Belə ki, ÜST-nın məlumatına əsasən hər il dünyada təxminən 1,3-1,5 milyon, yəni hər gün təxminən 4000 nəfər insan vərəm xəstəliyindən dünyasını dəyişir. Vərəm xəstəliyi ən çox tənəffüs orqanlarında, ağciyərlərdə rast gəlsə də orqanizmin bütün orqan və sistemlərinin vərəm mənşəli zədələnməsi mümkündür: Sümük-oynaq sisteminin, limfa düyünlərinin, ginekoloji orqanların, qarın boşluğu orqanlarının, dərinin, gözün və s. orqanların vərəm xəstəliyi gündəlik təcrübədə rastlaşdığımız patologiyalardandır. Vərəm əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur: Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir. Bundan başqa vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür.Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil: Çünki, vərəm çöpləri yoluxduğu orqanizmdə latent (“yatmış”) formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zamanda göndərmir…aktiv formaya keçərək xəstəlik törədə bilir”.

İnsan istənilən yaşda vərəmə yoluxa bilər…

 

 “Hər bir kəs ömrünün istənilən dövründə vərəmlə xəstələnə bilər: Çox yerinə düşən bir deyim var ki, vərəm elə xəstəlikdir ki, heç vaxt öz vizit kartını əvvəlcədən heç kəsə göndərmir. Ancaq təbii ki, vərəmlə xəstələnməyə görə risk qrupu olan şəxslər var ki, o, insanlarda vərəm daha çox rast gəlinir. Bu risk qrupunu təşkil edən insanlarda immunitetin zəifləməsi əsas faktorlardan biridir. Cəmiyyətdə vərəm xəstəliyinə münasibətin birmənalı və müsbət olmaması vərəmə tutulan şəxslərin əksər hallarda öz xəstəliyini gizlətməyə çalışmasına səbəb olur: Burada bir səbəb də, cəmiyyətdə vərəmlə qeyri-normal, o cümlədən tüfeyli həyat tərzi keçirən şəxslərin, alkoqoliklərin, narkomanların, həsxanada olanların xəstələnməsi fikrinin olmasıdır. Düzdür, bu insanlarda vərəm daha çox rast gəlinir. Ancaq tam normal həyat tərzi və yaşayış şəraiti olan şəxslər də vərəmlə xəstələnə bilər. Xüsusilə şəkərli diabet olan, açıq ürək əməliyyatları və digər ağır cərrahi əməliyyatlar keçirən, uzun müddətli hormonal preparatlar qəbul edən, pəhriz saxlayaraq kəskin arıqlayan şəxslər vərəmlə daha çox xəstələnir. Buna görə də, cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə tədbirlərinin artırılması yaxşı olardı”.

Vərəm tam sağalan xəstəlikdir…

Vərəmin lokalizasiyasından asılı olmayaraq, bu xəstəlik üçün xas olan nisbi patoqnomik əlamətlər var - axşamlar zəif subfebril hərarətin (37,2-37,4 C) olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyyəsinin tərləməsi, ümimi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsi vərəm intoksikasiyası üçün xas olan əlamətlərdir. Ən çox tənəffüs orqanlarının, ağciyərlərin vərəmi rast gəldiyi üçün qeyd etmək lazımdır ki, ağciyər vərəminin müxtəlif formalarında nisbi patoqnomik əlamətlərlə yanaşı ən çox müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır. Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını sübut etmir. Ancaq bu əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhətdir. Çünki, xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər