Modern.az

“Siyasətçi Səyyad Aran yazıçı Səyyad Aranın axırına çıxıb” - MÜSAHİBƏ

“Siyasətçi Səyyad Aran yazıçı Səyyad Aranın axırına çıxıb” - MÜSAHİBƏ

26 Mart 2020, 12:04

Modern.az saytı tanınmış jurnalist Səfurə Çərkəzqızının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini  Səyyad Aranla illər öncə qələmə aldığı müsahibəsini təqdim edir. İndiyədək internet mediada yayımlanmayan müsahibədə müəllim, jurnalist...nəhayət, siyasətçi Səyyad Aranın fəaliyyətindən bəhs olunur.

***

Komsomol, müəllim, jurnalist...nəhayət, siyasətçi


Səyyad Aran deyəndə ilk ağlınıza gələn, yəqin ki, siyasət olur. Amma o, təkcə siyasilərə məxsus qanunlarla yaşamır. Həm də yaradıcı insandı. Yazı-pozuya ehtiyacı var. Özü də necə...


- Siyasiliyinizi kənara qoysaq, Səyyad Aran kimdi?


- Müəllim. İxtisasca filoloqam. Yəni  Azərbaycan dili və ədəbiyyat müəllimi. Məncə, müəllim dünyanın ən şərəfli, lazımlı sənətidi.


- İşdi, siyasətdən uzaqlaşsaz, qayıdarsız o sənətə?


- Əlbəttə. Həm də yazı-pozuyla  məşğul olaram.


- İnsan hansı missiyanı yerinə yetirirsə, yetirsin, həyatdan nəsə bir umacağı, deyəcəyi var. Sizinki nədi?


- Bütün həyatım boyu gördüyüm işi vicdanla yerinə yetirmişəm. Bu, ən böyük umacağım olub. Uşaqlığımda cürbəcür arzularla yaşamışam. Gah hüquqşünas olmaq istəmişəm, gah jurnalist. Jurnalist olmaq arzusu daha şiddətliydi.  Amma bu arzuma gəncliyimdə yox, 40 yaşımda çatmışam.


- Niyə belə gec?


- Nə bilim, belə alındı. 1991-ci ildə İmişlidən Bakıya köçdüm. “Elm” qəzetində jurnalist kimi işə başladım. Axır ki, arzuma yetdim. Sonra da hüquq fakültəsini oxuyub qurtardım. Bu sənət mənə Milli Məclisdə qanunların qəbulunda, şərhində düzgün, doğru yol tutmaqçün lazımıydı. Amma bu gün də məni çoxları jurnalist kimi tanıyır. Əvvəllərsə müəllim işləmişəm. Deyilənə görə, müəllim kimi az şöhrət qazanmamışam.  26 yaşımda  “Ən yaxşı komsomolçu müəllim” adını almışam. Çoxlu fəxri diplomlarım var. O vaxt şagirdlərim teatr müsabiqələrində, respublika olimpiadalarında ədəbiyyatdan, yaradıcılıqdan yüksək yer tutublar. 1975-ci il, mart ayının 20-də rayonda ədəbiyyat gecəsi keçirdim. Böyük sensasiya doğurdu. Hər sinfin kapitanı, bayrağı, mahnısı...KVN tipində hazırlamışdım. Əslində, Moskvanın verilişlərinə baxıb, ssenarini ordan götürmüşdüm. Həmin gecəyə rayon partiya komitəsindən,  komsomoldan çoxlu adamlar gəlmişdi. Sözüm odu ki, həmişə yaxşı müəllim olmaq istəmişəm. Məncə, buna nail olmuşam da. Sonra sürətlə irəlilədim. Müəllim Komsomol Təşkilat katibi, tərbiyə işləri üzrə direktor müavini, 1990-cı ildəsə Rayon Xalq Təhsil Şöbəsinin  müdiri vəzifəsində işlədim. Sonrakı həyatımsa məlumdu: jurnalistika və siyasət.


- Jurnalistikadan təmənnanız nə idi?


- Çalışırdım ki, özüməməxsus söz deyim.  1992-94-cü illərdə çıxan  “Səs” qəzetinin nömrələrinə baxsaz, bunun şahidi olarsız.


- Sonra niyə siyasəti seçdiz? Demək istədikləriniz artıq qəzet səhifələrinə sığmırdı,  yoxsa başqa səbəb vardı?


- Nail ola-ola gəldim, müəyyən müddətdən sonra siyasətə qoşuldum. Bunun əsl səbəbisə rayondakı tədbirlər oldu. O vaxt ermənilərə qarşı xalq hərəkatı başlamışdı. Mən də hərdən o tədbirlərdə iştirak eləyirdim.


- Sizcə, müəllim kimi daha çox fayda verə bilərdiz, ya siyasətçi?


- Bu, şəraitdən və zamandan asılıdır. İndi də şagirdlərim məni görəndə deyirlər ki, kaş yenə o günlər olaydı. Bizimçün maraqlı tədbirlər hazırlayardız, inşalar yazdıraydız. Amma müəllimlik dövrü bitdi.  Siyasi fəaliyyətimsə hələ davam edir. Ona görə də qiymət vermək çox tezdi.


- Siyasət və bədii yaradıcılıq...Bəs bunlar bir insanda necə qərar tutur?


- Siyasətçi Səyyad Aran 1991-ci ildən yazıçı Səyyad Aranın axırına çıxıb. Sonuncu povestimi –“Təmizlik kağızı”nı da elə o ildə yazmışam. Ondan bu yana bədii yaradıcılıqla məşğul olmuram.


- Heç ehtiyac da duymursuz?


- Ölürəm yazmaqdan ötrü! Ürəyim elə dolub ki, bir himə bənddi. Bununçün vaxt və şərait lazımdı. Mən yazanda tənha olmağı sevirəm. Kimsə gəlib, məndən bir söz belə soruşmasın. Hətta yaxşı mənada da. Kimsə öz nəvazişini də göstərməsin. Tək-tənha öz qəhrəmanımla baş-başa qalım. Bax onda yaza bilərəm. Bir də  hansısa  jestdən, hisdən, baxışdan,  məlul duruşdan yarana bilər yazılarım.


- Onda belə nəticə çıxarmaq olarmı  ki, 1991-ci ildən bu yana sizə yaradıcılıq ruhu  verəcək bir şey yaşamamısız? 


- Yox, impulslar olub. Amma oturub yazmağa şərait, vaxt yoxdu. Başqa vacib işlər var.


- Daxilinizin duyğu qəbiristanlığına çevrildiyinə təəssüflənmirsiz?


- Yox, onlar ölməyiblər. Diridilər. Hamısı içimdədi. Sadəcə, indiki fəaliyyətimi dövr və zamançün daha mühüm sayıram.


- Deməli, məqam gözləyirsiz?


- Əslində, burda vaxt daha həlledicidi.


- Şeir də yazırdız?


- Çoxdandı yazmıram. İlk şeirim 8-ci sinifdə oxuyanda çap olunub.


- Yəqin sevgidəniydi?


- Çox maraqlıdı ki, yox! Müharibədə itkin düşmüş  böyük dayım haqqında yazmışdım. Nənəmin iztirablarını vermişdim.


- Yaradıcılığınızda da siyasət var?


- Yox. Yaradıcılıqla məşğul olanda siyasətdən uzaq idim. Orda kənd həyatıdı. Ədalətsizliyə, haqsızlığa bir etiraz var.


- Bəs siyasətə yaradıcılığınızdan nələrsə gətirmisiz?  


- Çıxışlarımda yazıçılığımdan, filoloqluğumdan nəsə var. Obrazlılıq, bədii ifadə...


- Mahiyyətində?


- Hər halda, burda siyasət əsas vurğudu. Siyasət siyasi məqamların ifadəsidi. Amma bu məqamlar bədii və obrazlı şəkildə də olur...


- Siyasətdə loyal mövqeyi ilə seçilən Səyyad Aran evdə-eşikdə, dost-tanış arasında necədi?


- Evdə bir qədər ciddiyəm. Başqalarıyla  münasibətdəsə səmimi, mehribanam.  Amma mənə qarşı kəskin davranan adamlara öz fikrimi bildirməyi də bacarıram. Kimdənsə xoşum gəlmirsə, onun təbiiliyinə, səmimiyyətinə şübhəm varsa, həmin adamın qəlbində ilan balaladığını duyuramsa, o adamla münasibəti qurtarıram. Ümumiyyətlə, təbiətən mülayim, mehribanam. Heç kimin qəlbinə dəymək istəmərəm.


- Ən çox nədən əsəbiləşirsiz?


- Ədabazlıqdan...

2001

Səfurə Çərkəzqızı
“Sevdalılar"

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!