Modern.az

Koronavirusdan sonra insanın düşüncəsi, dünyaya baxışı dəyişəcək – ŞAHLAR ƏSGƏROVLA  #evdəqal söhbəti

Koronavirusdan sonra insanın düşüncəsi, dünyaya baxışı dəyişəcək – ŞAHLAR ƏSGƏROVLA  #evdəqal söhbəti

26 Mart 2020, 12:32

Modern.az “Evdə qal” rubrikasını davam etdirir. Növbəti həmsöhbətimiz Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovdur. O koronavirusla mübarizə şəraitində evdə keçirdiyi vaxtı səmərəli etməyin yolları haqqında fikirlərini bizimlə bölüşüb.

Professorun müsahibəsini təqdim edirik:

 

- Şahlar müəllim, evdə keçirdiyiniz zamanlarınızı necə yola verirsiniz? Darıxmırsınız ki?

- Qətiyyən darıxmıram. İllər uzunu çoxlu arxivim yığılmışdı. İndi həmin arxivi nizamlayıram. Bu isə ən azı 1-2 aylıq işdir. Ona görə nəinki darıxıram, işlərin əlindən otura bilmirəm.

 

- Təhsil sistemi ilə birbaşa əlaqəlisiniz. Koronavirusa görə onlayn rejimə keçən ilk sahə də məhz təhsilimiz oldu. Koronavirus təhsilin geriləməsinə səbəb ola bilərmi? 

- Koronavirus indiyə qədər mövcud olmuş bəlalardan ən unikalıdır. Bəşəriyyəti silkələdi. Heç ötən əsrin 1940-cı illərində baş verən İkinci Dünya Müharibəsi bəşəriyyəti bu qədər silkələməmişdi. Koronavirus Yer üzündəki dövlətlərin az qala hamısına yayılıb. Dünya müharibələrində udan və uduzan tərəf var idi. İtkilər çox olsa da, qalibiyyətə sevinən tərəf var idi. Koronavirus epidemiyasının yayılması isə heç bir tərəfi sevindirə bilmədi. Burda qalib tərəf yoxdur. Ortada itkilər varsa, bütün ölkələr məğlubdur.

Mart ayının 10-da sosial şəbəkə hesabımda belə bir paylaşım etdim ki, bizim üçün şagirdlərin təhsili vacibdir, yoxsa sağlamlığı? Təbii ki, bu sualın cavabı sağlamlıqdan yanadır. Sağlamlıq ali dəyərdir. Biz onu hər zaman qorumalıyıq.

Amma unutmayaq ki, bütün pis hadisələrin kölgəsində yaxşı nə isə yatır. Biz həmin yaxşı məqamları axtarıb tapmalıyıq. Məktəblərdə, təhsil sistemində internetin aktiv istifadəsində biz geridə qalırdıq. Koronavirusa görə internetin təhsil sistemində tətbiqi ümid edirəm ki, onlayn təhsil məsələsindəki qüsurumuzu düzəldəcək. Düzdür, videodərslər distant təhsil deyil, amma təhsil prosesinə faydası yüksəkdir.

Biz həmişə dövrün tələblərinə uyğunlaşmağa çalışmalıyıq. Son 30 ildə dövrün tələbi informasiya kommunikasiya texnologiyasından istifadə etməyi bacarmaqdır.

Vaxtında bu yeniliyə uyğunlaşa bilsəydik, hətta Qarabağ münaqişəsinin həlli üçün də önəmli irəliləyiş əldə edə bilərdik.

 

- Bəs, ölkəmizdəki internetin keyfiyyəti və qiyməti aktiv istifadə olunmasına imkan verirmi?

Azərbaycanda internetin sürəti digər inkişaf etmiş ölkələrə nisbətdə zəifdir. Buna baxmayaraq, qiymətlərdə münasiblik hiss edilmir. İnformasiya və kommunikasiya sisteminin inkişafını düşünən ölkələr hələ illər əvvəl bununla bağlı addımlar atdılar. Hətta qonşu Gürcüstanda orta məktəb şagirdlərinə planşet paylanılmışdı. Bu addımın səbəbi Gürcüstanın uşaqlara daha çox diqqət ayırmasından və ya maddi durumunun yaxşı olmasından irəli gəlmir. Gürcüstan sadəcə gələcək tələbləri əvvəlcədən duya bildi və müvafiq addımlar atdı.

Yadımdadır ki, 2000-ci illərin əvvəllərində, bizdə 1032 şagirdə bir kompüter düşən zamanda inkişaf etmiş ölkələrdə az qala hər uşağa bir kompüter düşürdü. Biz inkişafın əsas mahiyyətini düz başa düşməliyik.

Azərbaycanda “Elektron ticarət haqqında” Qanunu hələ 2000-ci illərin əvvəllərində qəbul etmişik. Qanuni baza olsa da bunun tətbiqi mümkün olmadı.

İndi Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus epidemiyasının yayılmasının qarşının alınması üçün bütün zəruri tədbirləri görür. Bu məsələdə həm iqtisadi, həm də administrativ metodlardan məharətlə istifadə edilir.

 

- Operativ qərargahın müəyyən etdiyi qadağalardan biri də 65 yaşdan yuxarı insanların evdən bayıra çıxmaması haqqındadır. Bu qadağa sizin gündəlik həyatınıza məhdudiyyət yaradırmı?

- Əslində bu qadağada aydınlaşdırmalı məqam var. Evdən bayıra çıxmamaq demək düzgün olmaz. Yaxşı olardı ki, məsələnin mahiyyəti daha yaxşı anlaşılsın deyə, yaşlılara bu izah edilsin. Onlar anlamalıdırlar ki, sıx məkanlarda olmaqdan, insanların çox olduğu küçələrdən, ictimai nəqliyyatdan istifadədən, bazara, mağazalara getməkdən, qonaq qəbul etməkdən çəkinmək vacibdir. Evdən bayıra çıxmaq dedikdə, mən hava almaq üçün həyətə düşürəm, həyət mənim üçün bayır deyil, ev həyatının bir hissəsidir.

 

- Koronavirusun yayıldığı müddətdə insanlarımızın bu epidemiyaya münasibətini necə qiymətləndirirsiniz?

Açığı mən bu məsələdə laqeydliyimizi qəbul etmirəm. Azərbaycanda onlarla elm mərkəzləri, Milli Elmlər Akademiyasının neçə-neçə institutu olduğu halda, biz hamımız oturub, koronavirus epidemiyasının dərmanını xaricdən gözləyirik. Sabah,birigün şikayət edəcəyik ki, bizə Nobel mükafatı vermirlər. Axı biz nə vaxt çalışdıq ki, Nobel mükafatı da alaq? Elm inkişaf edirsə, biz dünya elminə töhfəmizi də verməliyik. Elmi nailiyyət qazana bilmək üçün nəzəriyyə, metodika, meyar olmalıdır. Mənim bu barədə araşdırmalar aparmaq haqqında çağırışıma bir neçə doktordan başqa heç kəs reaksiya vermir.

Bu insanlar ömrü boyu maaş alıblar. Həmin maaş məhz bu günlər üçündür. İndi göstərilən etimadı dorğulda bilmirlərsə, dayanıb bir daha düşünsünlər ki, həmin maaşa uyğun nə edirlər. Rəsul Həmzətovun bir fikri var: “Silah insana bəlkə də ömründə bir dəfə lazım olur. Amma onu gərək həmişə üstündə gəzdirəsən”.

Biz niyə düşünə bilmirik ki, bəlkə də koronavirusun dərmanı elə azərbaycanlıların hazırladığı doşab, qızılgülün suyudur? Bunu amerikalı, yaponiyalı, avropalı alimlər bilə bilməz axı?! Elə özümüz axtarıb tapmalıyıq. 

 

- Evdə qaldığınız müddətə qidalanmanıza, immunitetinizi möhkəmləndirməyə necə diqqət edirsiniz?

-  Mənə görə immunitetin yüksək olması çalışqanlıqqdır. Qadağa tətbiq olunmamışdan öncə, hər səhər saat 7-də oyanıb, “Sovetski”nin yanındakı Mərkəzi Parkda xeyli gəzdim. Bu müqavimətimi artırmaq üçün ən yaxşı metodumdur. Amma qadağa tətbiq ediləndən sonra bunu edə bilmirəm. Polis irad tutacaq, deyə düşünüb, o iradın qorxusundan çıxmadım parka. Məncə, qadağalara düşüncə ilə yanaşmaq lazımdır. Operativ Qərargahın tövsiyə etdiyi bütün gigyenik tədbirlərə əməl edirəm. Hesab edirəm ki, biz həmin qaydalara tam riayət etsək, xəstəliyi 1 aya tam cilovlamaq mümkün olacaq. Səhlənkarlıqla yanaşmaq isə xəstəliyin ömrünü uzadır.

 

- Koronavirusun müsbət yönlərindən danışdınız. Necə düşünürsünüz, bu epidemiya həyatımızda hansısa mənfi vərdişi sıradan çıxartsa yaxşı olar?

Koronavirus kişilərin əllə salamalaşmasını, öpüşüb-görüşməsini aradan qaldırsa, daha yaxşı olar. Bizim xalqımızın həmişə adəti olub, sağ əli sinə üzərinə qoyaraq, salamlaşıblar. Yaxşı yadımdadır, tələbə vaxtı rayona gedəndə məni ancaq anam və bibim öpərdi. Əl verib, salamlaşma, öpüşüb-görüşmək bizə xaricdən gəlib, öz adət-ənənəmiz deyil.

 

- İnternet əsrinə yönəlmiş yaxşı bir lətifə var. Bu elə son zamanlar koronavirusa da aiddir. Lətifədə deyilir, evin kişisi deyir ki, evdə qalır və bir neçə günlüyə internet kəsilir. Və o görür ki, evində də maraqlı, yaxşı insanlar var imiş. Bu gün əksəriyyətimiz belə situasiyadayıq. Siz də belə düşünürsünüz?

Koronavirus zamanı dayandırıb ki, qayıt, ailəyə, uşağa, nəvəyə bax. Mən həmişə səhər çıxıb, axşam evə gəlirdim. İndi bütün gün evdə oturmuşuq. Yaxşı səmimi dialoqlarımız, söhbətlərimiz olur, ailə üzvləri ilə.

 

- Amma cavanlar, uşaqlar üçün evdə qalmaq daha çətin gəlir. Adətən, onlar boş vaxtlarını daha çox kompüter oyunları, telefon və planşetlə keçirirlər. Onlarla bu məsələdə razılaşa bilirsinizmi?

Bu, çox vacib və çətin məsələdir. Özümüzün də, xarici ölkələrin də çəkdiyi yaxşı kino əsəsrləri var. Bunlarla tanış olmaq lazımdır. Azərbaycanlı yazıçıların yaxşı əsərləri var. Evdə keçirdiyimiz zamanlar həm də imkan verir ki, tək ailə daxilində deyil, millət olaraq da biri-birimizi yaxından tanıyaq. Mən evdə Tatyan Çernaqorskayanın mühazirələrinə və fərqli müəlliflərin, gənclərin TEDX çıxışlarına baxıram. Bunlar mənim üçün çox maraqlıdır və hər kəsə də məsləhət görürəm.

 

- Bir anlıq düşünək ki, koronavirus dövrü bitdi. İnsanlar əvvəlki həyatlarına geri qayıtdılar. Sizcə, onların təəssüratları necə olacaq?

Koronavirus düşüncəmizi, dünyaya baxışımızı dəyişəcək. Zəngin insanların da hər şeyini itirmək qorxusu yarandığına görə, həyata baxışları dəyişəcək. Xeyriyyəçilik addımları artacaq, aludəçilik azalacaq.

Dünyada çoxlu milyarderlər var ki, pullarının çox hissəsini xeyriyyəçiliyə xərcləyirlər. Onlardan ən məşhuru Bill Qeyts və xanımı, bir də rusiyalı Mixail Fridmandır. Hesab edirəm ki, koronavirusdan yaxa qurtardıqdan sonra bu cür xeyriyyəçi insanların sayı artacaq.

 

- Azərbaycanda da belə insanlar var?

Yəqin ki, var. Əslində hər bir işi görməzdən əvvəl insanda ideya olmalıdır. Baxın, bəşəriyyət idmana bu qədər çox pul xərcləyir. Hətta ali savadı olmayan idmançılar belə ömrünü elmə həsr etmiş həkimdən çox qazanır. Halbuki bu cür həyati əhəmiyyətli məqamlarda bizim həkimlərə ehtiyacımız olur. 100 milyonluq stadionlar tikməyə nə ehtiyac var. Ondansa möhtəşəm təchizatlı bir xəstəxana tikmək olar. Koronavirus bu barədə düşünməli olduğumuzu bizə xatırlatdı.

 

- İndiyə qədər ən çox cavanlar xaricdə oxumağı, xaricdə yaşamağı istəyir, bu iddialarını qabardırdılar. Koronavirus yayılandan bəri hər kəs vətənə dönür. Hətta həyati risklərinin olduğunu bilsələr belə, istəyirlər öz ölkələrində bunu yaşasınlar. Yəni koronavirus bizə bir daha “gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” misalını xatırlatdı?

100 il bundan öncə xeyriyyə işini Hacı Zeynalabdin Tağıyev də görürdü. Gəncləri Avropaya oxumağa göndərirdi. O göndərdiyi cavanlardan 3 öhdəliklə bağlı imza alırdı. Birincisi, xaricdə oxuyub, vətənə qayıtmaq idi. İkincisi, getdiyi ölkədəki millətlərin qızları ilə deyil, azərbaycanlı, türk qızları ilə ailə qurmaq tələbi idi. Üçüncüsü isə bu idi ki, gənclər Bakıya qayıdıb, işlədikdə, yaxşı pul qazandıqda Tağıyevin yaratdığı fonda kömək etməlidirlər. Tağıyev oxudub, pul qazanmağına kömək etdiyi gənclərin qaytardığı pullar hesabına, yeni nəsili də oxuda bilirdi. Bu xeyli müddət davam etdi.

İndiki gəncliyin də arzularını, istəklərini nəzərə almaq lazımdır. Onlar iqtisadi səbəblərdən xaricə getmirlər. Burada mədəniyyət faktoru var. Orada və burada insanların biri-birinə münasibəti tamam fərqlidir. Həmin gənclər hər ikisini görürlər və düşünürlər ki, xaricdə öz savadı, biliyi, bacarığı hesabına irəli getmək daha asandır. Ölkə başçısının da qeyd etdiyi kimi, rüşvətə son qoyulmalıdır. Belə olarsa, xaricə oxumağa göndərdiyimiz savadlı uşaqlar da ürəklə geri qayıdarlar.

 

- Son olaraq, #evdəqalan yaşı 65 və ondan yuxarı insanlara tövsiyələriniz maraqlıdır...

-  Hər kəs, o cümlədən yaşı 65-dən yuxarı hər bir insan individualdır. Ona görə, şablon bir fikir deyə bilmərəm. Əsas məsələ, zamandan yaxşı istifadə etmək məsələsidir. Nəvələrlə oynamaq da olar, valideynlər məktəbli uşaqları ilə ikiqat artıq vaxt keçirməlidirlər. Uşaqların vaxtının boş keçməsinə imkan verməməliyik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi