Modern.az

İnsanları karantinə çağıranlar özləri nə edir: DARIXAN DA VAR, YALAN DANIŞAN DA…

İnsanları karantinə çağıranlar özləri nə edir: DARIXAN DA VAR, YALAN DANIŞAN DA…

28 Mart 2020, 15:11

Koronavirus pandemiyasının ölkədə yayılmasınınn qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə karantin rejimi elan edib və insanlar karantin günlərində vaxtlarının əksər hissəsini evdə keçirməli olur.

 

Maraqlıdır, karantin rejimində cəmiyyətin informasiya tələbatını ödəyən jurnalistlər necə, evdə qala bilirmi? Onlar ev şəraitində vaxtlarını necə keçirir?

 

Modern.az bu sualla Parlament Jurnalistləri Birliyinin üzvlərinə müraciət edib:

 

Karantin günlərində evdə qalmaq insanları əvvəlki vərdişlərinə qaytaracaq…

 

Modern.az saytının əməkdaşı Namidə Bingöl karantin günlərində evdə qalmağın onun üçün çətin olmadığını deyir:

 

 “Bu günlərdə evdə qalmaq mənə çətin olmadı. Çünki bu müddət ərzində həm sosial şəbəkələri, həm informasiya agentliklərini, eləcə də öz saytımızı mütəmadi olaraq izləyirdim. Çalışdığım qədər gündəmə uyğun olan informasiyalar verirdim.

 

Eyni zamanda bu günlərdə mütaliəyə çox zaman ayırmışam. Yəni əvvəl tətil müddətində 1 kitab oxuyurdumsa, indi 3 kitabı oxuyub yekunlaşdırdım. Bu kitablar türk yazıçı və jurnalist Əli Çimenin “Tarixi dəyişdirən məxfi servislər” “Tarixi dəyişdirən olaylar” kitabını, və hazırki səfirimiz Həsən Həsənovun “Birinci respublikaya aparan yolda” kitabını oxudum ki, hər üç əsər vasitəsilə bir növ tarixə ekskursiya etmiş oldum. Onu da qeyd edim ki, karantin müddətində bir çox maraqlı məqamlar da ortaya çıxdı. Belə ki, əvvəllər biz evdə olduğumuz müddətdə mütləq ki, əyləncə mərkəzlərinə gedir, düşünürdük ki, bu bizim üçün ən ideal istirahətdir. Amma karantin müddətində bunun tamamilə əksini gördüm. Bəzi adamlar elə düşünür ki, karantin müddətində evdə qalsalar sıxılarlar. Lakin insan özünə evdə də maraqlı məşğuliyyət tapıb vaxtını səmərəli keçirə bilər. Məsələn, mən də mütaliəyə vaxt ayırmasaydım, işimə diqqət yetirməsəydim düşünərdim ki, ev darıxdırıcıdır. Açığı deyim ki, bu günlərdə televiziyanı izləyəcəyimi düşünürdüm. Amma gördüm ki, televiziyanı izləmək məni sıxır. Belə ki, yarım saatdan artıq hansısa veriliş ya kinoya baxmaq mənə maraqsız gəldi. Belə anladım ki, insanlar evdə qalmaqla artıq köhnə vərdişlərinə qayıdacaqlar. Yəni kitab oxumaq, mütaliə etmək kimi məşğuliyyətlər daha aktual olacaq”.

 

Jurnalist üçün  ev, ofis ya da dağın başında olmağın fərqi yoxdur

 

“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə deyir ki, karantin rejiminin tələblərinə əməl etmək lazımdır:

 

“Jurnalistika koronavirus kimi qorxunc olmasa belə o da virusun başqa bir xoş  xassəli növü kimi də qəbul oluna bilər. O üzdən bizim üçün evdə, ofisdə və ya rayonda, hətta dağ başında olmağın o qədər də fərqi yoxdur. Harda olsaq telefon əlimizdə, noutbuk dizimizin üstündə olmasa müasir media rəqabətində özündən söz etdirə bilmərsən. Bu gün ölkədə xüsusi karantin rejimidir. Amma bizlərin bir çoxu illərdir şənbə - bazar demədən, növbətçi apteklər kimi 7/24 iş başındayıq və xəbər istehsalı ilə məşğuluq. Amma fürsətdən istifadə edərək hamıya səslənirəm ki, bəşəriyyəti təhdid edən bu bəla ilə zarafat etmək olmaz və karantin rejiminin tələbləri nə qədər əlverişsiz və bezdirici-cansıxıcı olsa belə əməl etmək lazımdır. Əvvəl həyatda qalmağın qayğısına qalmaq lazımdır, yalnız ondan sonra gələcək üçün hansısa planlar qurmağın mənası olar”.

 

Jurnalistlər üçün evdə qalmaq elə də asan deyil…

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy Novruz tətilini keçirməklə bağlı xüsusi planlarının olduğunu desə də bu niyyətinin karantin rejiminə görə baş tutmadığını bildirib:

 

“Nazirlər Kabineti yanında Operativ Qərargah 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edib. Təbii ki, Azərbaycanın hər bir vətəndaşı tətbiq olunan rejimin qaydalarına əməl etməlidir. Ən əsası ona görə ki, məqsəd təhlükəli pandemiyanın ölkəmizdə yayılmasının qarşısını almaqdan, hər vətəndaşın həyatını qorumaqdan ibarətdir. Belə olan təqdirdə hər birimiz öz məsuliyyətimizi dərk etməklə, qayda və qanunlara sözsüz əməl etməliyik. Düzdür, dinamik həyata üstünlük verən, necə deyərlər, hər zaman ayaq üstə olan jurnalistlər üçün evdə qalmaq elə də asan deyil, ancaq vətəndaş olaraq bizdən tələb olunan budursa, o halda, sorğu-suala yer qalmamalıdır. Əslində bayram tətilində Yardımlıya, ata ocağına getmək istəyirdim. Lakin rəsmi qurumların çağırışından və dünyanı cənginə alan koronavirusun əsasən, biganəlik səbəbindən sürətlə yayılması barədə informasiyaları izlədikdən sonra fikrimdən daşındım. Novruz tətilində necə deyərlər, ayağımı Bakıdan kənara atmamışam. Sürət aşağı olsa da, internet məkanının imkanlarından istifadə edirəm, gündəmi izləyirəm”.

 

E.Paşasoy əlavə edib ki, ev şəraitində müntəzəm işləyir:

 

“Sutkanın 24 saatı boyunca yenilənən Musavat.com saytı üçün müsahibə, köşə və xəbərlər yazıram. Yazı vərdişi peşəkar jurnalistlərin əsas “xəstəliyi” olduğundan təbii ki, boş-bekar dayanmaqdan söhbət gedə bilməz. Evdə qaldığımız müddətdə mütaliəyə də vaxt ayırmaq imkanı yaranıb. Məktəbli övladlarıma da vaxt ayırmağa çalışıram. Onların televiziya vasitəsilə yayımlanan dərs saatlarına və müəllimlərin telefonla tapşırdıqları mövzulara nə dərəcədə hazırlaşmasına nəzarət edirəm. Eyni zamanda uşaqlarla şahmat, dama, nərd oyunları üzrə yarışlar təşkil edirik. Həmçinin uşaqların da mütaliə saatları olur. Ümumiyyətlə, çalışırıq ki, bir-birimizi darıxmağa qoymayaq. Bəzən zəruri ərzaq mallarını almaq üçün evdən çıxıram, bu halda da əlcəklə və qoruyucu maska ilə. Hesab edirəm ki, görüşlərin məhdudlaşdırıldığı bu günlərdə dost-tanışların, qohum-əqrəbanın bir-birini telefonla araması da cəmiyyətdəki gərginliyi, depressiv ab-havanı aradan qaldırmağa kömək edər. İnanaq ki, bu gərginlik yaxın həftələrdə ötüb-keçəcək və həyat öz axarına düşəcək”.

 

Bəzi dostlardan fərqli olaraq karantin günlərində mətbəxə keçmirəm

 

“Pravda.az” saytının baş redaktoru İlkin Pirəli evdə də vaxtını səmərəli keçirdiyini deyir:

 

“Hər hansı xəstəlikdən təşvişə düşən deyiləm. Adi hal kimi qarşılayıram. Ümid edirəm, bu proses də tez bir zamanda başa çatacaq, həyat adi axarına düşəcək. Buna baxmayaraq, vaxtımı, demək olar, evdə keçirirəm. Çünki başqa yolumuz yoxdur. Bu, dövlət rəhbərliyi səviyyəsində tövsiyədir, çağırışdır. Kiçicik bir təhlükə belə, evdə qalmağımızla keçib gedirsə, məncə, əməl etməliyik. Günün əhəmiyyətli hissəsini kompüterlə məşğul oluram. Bizim işimiz xəbər axtarışında olmaqdır. Təbii ki, gündəm də qaynayır, bunu özünütəcridlə koordinasiya etmək lazımdır. Demək olar, boş vaxtım olmur. Bundan əlavə, yaşlı qohumlarımla əlaqə saxlayıram, çünki onların bəziləri çox narahatdırlar, dəstək olmalıyıq, hər kəs belə etməlidir. Stolüstü kitabım olan “Gustav Le Bon”u oxuyuram. Bəzi dostlardan fərqli olaraq, mətbəxə keçmirəm, çünki yemək bişirməkdə bəxtim gətirmir, çox duzlu olur. Amma digər ev işlərini görürəm, məsələn, mənzilin yay rejiminə keçirilməsi işləri… Ümumiyyətlə, bekar qalmaq mənə yad xüsusiyyətdir. Digər tərəfdən boş vaxtın düzgün dəyərləndirilməsi çox önəmlidir. Təəssüflər olsun ki, evdən çıxmaq imkanlarımız məhduddur. Bu da keçəcək…”.

 

Karantin rejimi evdə ailə birgə maraqlı vaxt keçirməyə fürsət yaratdı

 

“Report.az” saytının redaktoru İmdad Əlizadə deyir ki, yalnız zərurət olduğu halda marketə getmək üçün evdən çıxır:

 

“Təbii ki, hər gün evdən çıxıb işə gedən, günün böyük hissəsini cəmiyyət arasında keçirən, aktiv şəkildə fəaliyyət göstərən insan üçün qəfildən evə qapanmaq heç də asan deyil. Lakin belə bir vəziyyətdə bunun səbəblərinə diqqət yetirməli və özümüzü evdə qalmağa motivasiya etməliyik. Hazırkı dövrdə koronavirusdan qorunmağın yeganə yolu evdə qalmaqdır. Mən də artıq bir həftədir evdəyəm və yalnız zərurət olduğu halda, yəni marketdən ərzaq almaq üçün bir-iki dəfə qısa müddətliyə çölə çıxmışam. Bu zaman da tibbi maskadan istifadə etmişəm, geri qayıdanda əllərimi həkimlərin məsləhət gördükləri qaydada sabunla yumuşam, spirtlə dezinfeksiya etmişəm. Təhlükə sovuşana qədər evdə qalacam. Bu, həm mənim özüm, həm doğmalarım, həm də bütövlükdə cəmiyyət üçün vacibdir. İndi heç kimin bir başqasının həyatını təhlükəyə atmaq haqqı yoxdur.

Evdə qalmaq heç də çətin və darıxdırıcı deyil. Bunun üçün müəyyən qaydalara əməl etmək lazımdır. İlk növbədə gündəlik rejimi pozmamağa çalışıram. Düzdür, bayram tətili olduğuna görə yuxudan həmişəkindən bir qədər gec oyanıram. Amma gələn həftənin əvvəlindən evdən işləyəcəm və işə getdiyim saatda yerimdən qalxacam. Gecələr yuxusuz qalıb əsəb gərginliyi keçirməmək üçün yuxu rejiminə əməl etmək vacibdir.

Bundan başqa, ailə olaraq gündəlik proqramımız var. Günümüz birlikdə səhər yeməyi ilə başlayır. Həyat yoldaşım yeməkləri hazırlayır, mən də ona kömək edirəm. Uşaqlar üçün maraqlı olsun deyə bunu bir az da əyləncə formasında edirik. Bəzən oğlum Turqutu da bu işlərə cəlb edirik, o, da nəyəsə kömək edir və ona çox maraqlı gəlir. Səhər yeməyimiz ənənəvi günlərdən bir qədər çox davam edir və maraqlı keçir. 

Sonra uşaqlarla birlikdə oyun oynayırıq. Onları televiziya və telefondan uzaq tutmaq üçün gün ərzində bir neçə dəfə oyunlarımız olur. Onlarla birlikdə televiziyaya baxma saatlarımız da var. Qalan vaxtlarda televizorumuz bağlı olur. Uşaqlar darıxmasın deyə onlara nağıl oxuyuruq. 

Əslində, evdə qalmaq ailə ilə birlikdə gözəl vaxt keçirməyə əla fürsət yaradıb. Bundan səmərəli istifadə etmək lazımdır. Mən hamını koronavirus təhlükəsinə ciddi yanaşmağa, hökumətin müəyyən etdiyi qaydalara, tətbiq etdiyi qadağalara əməl etməyə, ən əsası evdə qalmağa çağırıram. Bu bəlanın ciddi olduğunu qəbul etməliyik və "əşi, boş şeydi" yanaşmasını bir kənara qoymalıyıq. Təssüflər olsun ki, hazırda belə  yanaşma, məsələyə başdansovdu münasibət geniş yayılıb. Bu, qəbuledilməzdir”.

 

“Unikal.org” saytının əməkdaşı Hüseyn İsgəndərov evdə qalmağın darıxdırıcı olduğunu deyir:

 

“Adi günlərdə alışdığımız həyat tərzindən fərqli olaraq, karantin günlərində evdə qalmaq bir qədər darıxdırıcı keçir, amma buna baxmayaraq dünyanı cənginə alan koronovirus pandemiyasının törətdiyi faciənin məsuliyyətini dərk edərək, Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın qəbul etdiyi qərarlara və tövsiyələrə çalışıram riayət edim,zərurət olmadığı halda küçəyə, hər hansı bir yerə getməyim. Bununla belə  təəssüflər olsun ki, əksər vətəndaşlarımız qəbul olunan qərarlara biganə münasibət bəsləyir, heç bir şeyin baş vermədiyi kimi davranır, qərargahın çağrışlarına əhəmiyyət vermirlər. Bu da virusa qarşı  aparılan mübarizənin nəticəsinə mənfi təsir göstərə bilər. O ki, qaldı gündəlik vaxtımın necə keçməsinə, biz də bu günlərdə evdə olsaq da saytımızın kollektivi ilə birlikdə  cəmiyyətimizin  marifləndirilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk”.

 

“Ölkə.az” saytının əməkdaşı Mürtəza Bünyadlı deyir ki, evdə qaldığı günlərdə bağ-bostan işləri ilə məşğul olub:

 

“Martın 20-dən etibarən evdəyəm. Martın 29-da artıq iş başlayır. Bu müddət ərzində evdə qaldım. Günlərimi demək olar övladlarıma həsr etdim, xüsusən də dərsləri ilə birlikdə məşğul olduq. Təmiz havada vaxt keçirdik. Bağ-bostan işləri ilə məşğul olduq. İşi də yaddan çıxarmadıq. Redaksiyanın da tapşırıqlarını evdən icra etdik və etməkdəyik. Bax beləcə günlər keçir”.

 

“525-ci qəzet”in parlament müxbiri və “Etikxəbər.az” saytının baş redaktoru Kamil Həmzəoğlu səhhəti ilə bağlı problemlər yaşadığı üçün evdən çıxa bilmədiyini bildirib:

 

“Karantin günlərində səhhətimlə bağlı ciddi problemlər yaşadığım üçün demək olar ki, bu günləri evdə keçirmişəm. Açığı digər günlərdə çöldə vaxt keçirməyə o qədər də üstünlük vermirdim. Çünki 10 aydır ki, təsisçisi olduğum saytdakı işimdən dolayı evdə olmalı oluram. Normalda iki-üç gündən bir həyətə düşən mən, indi demək olar ki, bunu da edə bilmirəm. Çünki dediyim kimi səhhətimlə bağlı problemlər yaşayıram. Evdə hazırda sayta əvvəlki kimi intensiv olmasa da xəbərlər yerləşdirirəm. Səhhətim normallaşandan sonra daha müntəzəm çalışmağa başlayacam. Ailə üzvlərim də Operativ Qərargahın tövsiyyələrinə əməl edir, bacardığımız qədər evdə olmağa çalışırıq. Hər kəsə də tövsiyyəm odur ki, göstərilən qaydalara əməl etsinlər və xəstəliyə ciddi yanaşsınlar. İnsanlar özlərini qoruyaraq ətrafındakıları riskə atmamalıdır”.

 

“Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev günün daha çox hissəni evdə keçirdiyini deyir:

 

“Ayın 29-na qədər bayram tətili olduğu üçün evdəyik. Bu müddətdən evdən işləyirik. Bu günlərdə məlum olduğu kimi karantin rejimidir. Bu baxımdan günün daha çox hissəsi evdə oluram. Buna baxmayaraq müəyyən vaxt çölə çıxıb gəzirəm. Gündəlik vaxtımı kitab oxuyaraq, interntedən istifadə edərək keçirirəm”.

 

“Ədalət” qəzetinin əməkdaşı Nicat Novruzoğlu internetin olmasının ev şəraitində qalmağı asanlaşdırdığını bilıdirib:“Evdə qalmağa çalışıram. Hələ ki çöl vaxtı ilə ev vaxtımı müqayisələndirsək evdə çox oluram. İnternet olmasa idi yəqin ki çox çətin olardı. Çünki televiziyalarımız koronavirusdan betərdi. Virus  bir dəfəlik öldürür, televiziya yaşadaraq əzab, işgəncə verərək. Əsas vaxtım internetdə xəbərlər, informasiyalar oxumaq, filmlərə baxmaq, uşaqların dərsləri ilə məşğul olmaqla keçir”.

 

Hətta insanlarla 2 metrlik ara məsafəsinə də diqqət yetirmək lazımdır

 

Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan bildirdi ki, o, karantin qaydalarına əməl edir:

 

“Karantin elan olunan tarixdən sonrakı iki gün ümumiyyətlə evdən çölə çıxmamışam. Bütün vaxtımı işə həsr etmişəm. Yəni hazırda biz evdən işləyirik. Zəruri ərzaqlar olduğuna görə çölə çıxmağa ehtiyac da yaranmamışdı. Lakin dünən gecə mağazaya və aptekə getdim. Təbii ki, tibbi maska və əlcəklərdən istifadə etmək şərtilə. Hətta marketdə insanlarla 2 metrlik ara məsafəsinə də əməl etdim. İnsanlar başa düşməlidirlər ki, gigiyenik qaydalara, dövlətin müəyyən etdiyi qadağalara əməl etmək lazımdır. Çünki COVİD-19 adlanan koronavirus infeksiyası çox təhlükəli yoluxucu xəstəlikdir. Hökumət mövcud qadağaları, evdən çıxmamağa çağırışları ona görə edir ki, Azərbaycanda bu virusa yoluxma sayı maksimum az olsun. Yoxsa inanın ki, Avropa ölkələrindən də acınacaqlı vəziyyətə düşə bilərik. İtaliya və İspaniyada da koronavirusa bizdəki kimi “boş şeydir” deyib keçirdilər. Yeri gəlmişkən, azərbaycanlılarla ispanların, italyanların milli xüsusiyyətlərində bu cür oxşarlıqlar var. Ona görə də koronavirusla bağlı qadağalara, gigiyenik qaydalara laqeyd yanaşmaq olmaz. Başa düşülməlidir ki, koronavirus nə millət, nə dövlət, nə din tanıyır, nə də varlı-kasıb!

 

Hər gün feysbuk qruplarında, səhifələrdə paylaşımlarımda insanlara koronavirusla zarafat etməməyə çağırışlar edirəm. Lakin yenə də “boş şeydir”, “yalandır”, “Amerikanın oyunudur”, “müsəlmanın Allahı var, Avropaya haqq olur” və sair bu kimi axmaq fikirlər yazırlar.

 

Necə boş şeydirsə, Çinin dünyaya sardığı bu bəla hazırda dünyanın 199 ölkəsində aşkarlanıb. 600 min insanda COVİD-19 tapılıb. 27 mindən çox insan bu virusun qurbanı olub. Bu, necə Amerikanın oyunudur ki, hazırda ABŞ-da bu virusa yoluxanların sayı 105 minə çatıb? Bunu deyən adamlara hələ də çatmır ki, söhbət infeksiyadan, insandan insana keçən yoluxucu xəstəlikdən gedir. Dünyada insanların sayını azaltmaq üçün yoluxucu infeksiyadan istifadə etməzlər, çünki bunu edən insanın və ya dövlətin özü də yoluxa bilər. Bu virusun səbəbi birbaşa Çindir. Koronavirus ötən ilin dekabrın ilk günündə Çinin Uhan şəhərində aşkarlanıb. Lakin Çin hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı iki aya yaxın iddia etdilər ki, koronavirus adamdan adama keçməyib. Nəhayət yanvarın 22-də Ümumdünya Səhiyyə Təşkilatı bəyan etdi ki, Uhanda koronavirus aşkarlanan insanlar hamısı bir-birlərini yoluxduranlardır. Məhz yanvarın 23-də Çin hökuməti Uhanda karantin elan etdi. Təsəvvür edin ki, bu müddətdə Uhana gəlib-gedən milyonlarla insan olub. Onların arasında xarici ölkə vətəndaşları çoxluq təşkil edib. Ən çox da ABŞ və İtaliya vətəndaşları. Təkcə bu şəhərə dünyanın 20-dən çox ölkəsindən təyyarə reysləri həyata keçirilir. Bunları ona görə deyirəm ki, yəni Uhanda karantin elan olunan müddətə kimi yoluxan insanlar – çinlilər və xaricilər bilmədən bu virusu başqa ölkələrə də daşıdılar. Nəticə isə göz qabağındadır.

Bizim boşboğazların dediyi kimi bu nə ABŞ-ın işidir, nə də bunun müsəlmanın Allahına aidiyyəti var. Məgər bu gün koronavirusun tüğyan etdiyi İran, Türkiyə, Pakistan müsəlman ölkələri deyil? Hazırda 165 nəfərin koronavirus xəstəsi kimi qeydə alındığı Azərbaycan müsəlman ölkəsi deyilmi?

 

Mən o laqeyd insanlara çağırış edirəm ki, evdə qalın, yoxsa ailələrinizi, ətrafınızı yoluxdura bilərsiniz. Koronavirus qorxulu xəstəlikdir, hələlik dərmanı da tapılmayıb. Ona görə də insanlar qaydalara, qadağalara, çağırışlara əməl eləsinlər, şəhərdə, kənddə avara-avara gəzişməsinlər. Əlbəttə bir sıra sahələrdə işləyən insanlarımız var ki, onlara evdə qalın deyilə bilməz. Onlar da gigiyenik qaydalara, Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara əməl etmək şərtilə iş başında olmalıdırlar. Lakin dövlətin tətil verdiyi iş yerlərində çalışanlar, uşaqlar, şagirdlər, tələbələr, pensiyaçılar, fəaliyyətinə müvəqqəti qadağa qoyulmuş digər sahələrdə çalışan insanlar mütləq və mütləq evdə qalmalı, vacib olmadığı təqdirdə evdən çölə çıxmamalıdır ki, bu “kitayski” virusdan az itkiylə çıxaq.

 

Anlamaq lazımdır ki, millətimizin və bəşəriyyətin gələcəyi hər birimizdən asılıdır”.

 

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Novruz tətili üçün ayrılmış günlərdə belə evdən onlayn şəkildə işlədiyini deyir:

 

“Bu dəfə iş ilə gətirdi ki, Novruz tətilini belə tətil kimi keçirə bilmədik. Evdə olsaq da, hər gün səhərdan gecə 1-2-dək saytda işləyirik. Günün, saatın, dəqiqənin nəbzini tutmağa, insanlara ən son məlumatları çatdırmağa çalışırıq. Eyni zamanda, koronavirusun yayılmasının qarşısını almaq üçün maarifləndirici fəaliyyətimiz də davam etdirilir. Bu həftənin sonunadək evdən onlayn şəkildə işi davam etdirəcəyik. Gələn həftə həm də qəzet çıxmalıdır. Bu iş isə ofisdə olmadan mümkünsüzdür. Ona görə də, bu barədə vəziyyətə uyğun qərar verəcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir