Modern.az

Elə bilin ki, həbsdəyik, dözməliyik  – HAFİZ HACIYEVLƏ  #evdəqal SÖHBƏTİ

Elə bilin ki, həbsdəyik, dözməliyik  – HAFİZ HACIYEVLƏ  #evdəqal SÖHBƏTİ

29 Mart 2020, 16:01

Modern.az “Evdə qal” rubrikasını davam etdirir. Növbəti həmsöhbətimiz Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir. Yeri gəlmişkən, Hafiz Hacıyevin bir müddət öncə koronavirusa tutulduğu da iddia edilirdi. Onunla müsahibəni təqdim edirik:

 

- Koronavirus gündəlik həyatınıza necə təsir etdi?

-  Biz payız aylarında partıyanın qurultayını keçirməyi düşünürdük. Ona görə bütün rayon təşkilatları, o cümlədən mərkəzi struktur qurultaya hazırlıq üçün işlər görürdü. Amma bu durumla bağlı o işləri təxirə salmalı olduq. Amma mütəmadi əlaqə saxlayırıq. Elə bir vəziyyətə gəlib çıxmışıq ki, birlik olub, iradə nümayiş etdirməliyik.

 

- Evdə olarkən, koronavirusdan qoruna bilirsinizmi?
- Əlbəttə, bütün görüşləri, vətəndaşlarla ünsiyyəti dayandırmışam, vacib planları təxirə salmışam. Səhiyyənin tələblərinə uyğun olaraq, gigyena-dezinfeksiya tədbirlərini gücləndirib, özümüzü qorumağa çalışırıq. Nə tələb olunursa, hamısına riayət edirəm. Şükür ki, hələlik sağ-salamatam.

 

#evdəqalaraq partiyanı necə idarə edirsiniz?

- Artıq bunu təmin etmək üçün virtual qərargah yaratmışıq. Rayon təşkilat sədrləri, digər partiya nümayəndələri narahatdırlar. Onlara təskinlik, həm də partiyanın işlərini qaydasına salmaq üçün hər gün əlaqə saxlayırıq. İnanın ki, bəzən olur, birdəfəlik  ən azı 30-40 manatlıq kontura pulu xərcləyirəm. Elə yer var, internet tutmur, yaxud partiyanın rayon təşkiilatlarının sədrlərinin belə bir imkanı yoxdur, o zaman kömək də edirik.

 

- Belə qlobal problemlər, daha çox sadə insanların zərər çəkdiyi epidemiyalar olanda adətən siyasi şayiələr də çox yayılır. İndi də iddia olundu ki, bu virus laboratoriyada hazırlanıb, böyük dövlətlərin bioloji müharibəsidir. Siz də buna inanırsınızmı?

- Təbii ki, böyük dövlətlərin özlərinin fərqli maraqları var. Bizi ən çox narahat edən məsələ diktator dövlətlərin rəhbərliyini dəyişmək üçün Amerikanın böyük çaba göstərməsidir. Məsələn, Amerika İran və Rusiyaya qarşı hər zaman aqressiv münasibət sərgiləyib. İndi isə neftin qiyməti çox ucuzlaşıb. Ona görə, koronavirusla bağlı da siyasi ehtimallar çoxdur. Amma hər bir halda dəqiq bilmədiyimiz bir məsələyə belə münasibət bildirmək bir az da düzgün çıxmaz. Sadəcə fərziyyələrimizi ortaya qoya bilərik. Məsələn, Amerika İrana virusla mübarizə üçün kömək təklif etdi, İran isə imtina etdi. Rusiya isə aprel ayında koronavirusun bitəcəyini iddia edib. Elə bil Rusiya bunu əli ilə qoyub, əli ilə də götürəcək. O cür əminliklə danışırlar, görünür, nəsə var. Nə qədər müəmmalı olsa da, hər bir halda biz bütün vəziyyətlərə hazır olmalıyıq.

 

- Siz koronavirusa görə partiyanın qurultayını təxirə salmısınız. Elə dünyada da bir çox siyasi proseslər, siyasi planlar koronavirusa görə təxirə salındı. Bütün bu ertələnmələrin nəticəsi nə olacaq?

Əslində bu da çox müəmmalı məsələdir. Çünki əgər iş olmayacaqsa, hər şey təxirə salınacaqsa, insanların dolanışığının təmin olunması, əməkhaqqı alması, sosial ehtiyacları və s. sual altın da qalır. Ona görə, hesab edirəm ki, koronavirusun sonrakı mənfi nəticələrini nəzərə almalıyıq. Belə bir vəziyyətdə isə işbazlar sui-istifadə edib, hər şeyin qiymətini qaldırmağa çalışırlar. Məncə, bu durum heç də düşündüyümüz kimi hamar keçməyəcək.

Siyasi məsələlərə gəlincə, Prezidentimiz bu durumda da daim çalışır, işləyir, vəziyyəti nəzarət altına almaq üçün müvafiq aadımlar atır. Biz siyasilər də onun yanında olmalıyıq.  Belə bir zamanda təmkin, ağıl nümayiş olunmalı, qərəzsiz mövqe ortaya qoyulmalıdır.

 

- Hafiz müəllim, artıq dünyada bir çox tanınmış insanların da koronavirusa yoluxduğu xəbərlərini alırıq. Amma yoluxanlar arasında siyasətçilər ya çox azdır, ya da demək olar ki, yoxdur. Hətta bəzən siyasətçilərin yoluxduğu barədə xəbərlərin gizlədildiyini iddia edənlər də olur. Sizcə, məsələnin əsli nədir?

Görünür, biz siyasətçilərin üzü badoşdan qalındır, ifadəmə görə çox üzr istəyirəm. Virus da bizdən qorxur. Düzünü deyim, mən də hələ ki, siyasətçilərin yoluxması barədə xəbərlərə rast gəlməmişəm. Bəlkə də siyasətçilərin iradəsinin möhkəmliyindən, özlərini çətin vəziyyətlərə hazırlaya bilməsindən irəli gəlir. Hər bir halda belə bir durum yoxdursa, deməli sevinməyə dəyər.

 

- Azərbaycanda karantin rejimi tətbiq olunsa da, buna əməl etməməyə cəhd göstərən, laqeyd yanaşan insanlar da var. Belə münasibət ümumi azərbaycanlı psixologiyasıdır, yoxsa durumun ciddiyyətinin fərqində deyilik?

Biz dözümlü xalqıq, buna da dözürik. Amma hər şeyin qaydası, qanunu var. Laqeydlik etmək, qadağalara məhəl qoymamaq düzgün deyil. Bəziləri deyirlər ki, evdə otura bilmərəm, çörəyim yoxdur, nə yeməliyəm, necə işləməliyəm və s. Amma müvəqqəti çətinlikdir, karantindir, dözmək lazımdır. Elə bilin ki, həbsdəyik, dözməliyik. Öz səhhətimizi qoruyuruq. Dövlətin tövsiyyələrinə əməl etməsək, yaxşı nəticə verməz. Özündən razı insanlar düşünməlidir ki, hər an hər şey ola bilər. Yekəxanalıqdan, təkəbbürdən, eqoistlikdən uzaq olmalıyıq.

 

- Sosial şəbəkələrdə koronavirusla mübarizəni yumora çevirənlər də var. Hətta belə bir fikir yazmışdılar: “Azərbaycan xalqı nəyə dözsə də, toyları ertələməyi qəbullana bilməz”. Sanki toylarımız bizim ən vacib, ən xüsusi tədbirlərimizdir. Həqiqətən belədir?

Allah hamıya toy, xeyir iş qismət etsin. Biz hətta ən ciddi vəziyyəti belə yumora çavirməkdə ustayıq. Amma indiki məqamda ciddi yanaşmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına əməl etsək, virus tez bitər, ondan sonra elə toylarımıza da qaldığımız yerdən başlaya bilərik. Təki koronavirus bitsin, kim də istəyir on günlərlə toy etsin, yeyib- içsin.

 

- Bakıdasınız. Adətən #evdəqalanda hətta kişilərimiz də ev işlərinə əl qatmağa başlayırlar. Siz necə, evdə xanımınıza kömək edirsinizmi?

Açığı deyim, evdə bir iş də yoxdur. Yemək bişirilir, hər halda bunu mən edəsi deyiləm, qab da yuya bilmərəm. Düzü, gününün çoxunu partiyanın qərargahında təkbaşına keçirirəm. Qərargah evimizə də yaxındır. Evdə olduğum müddətdə ev işlərindən kənardayam. Dediyim kimi, partiyanın işləri ilə məşğul oluram, mətbuatı izləyirəm, jurnalistlərin sualları olarsa, cavablandırıram.

 

- Gəncə, Göygöl tərəflərdə yaşayan qohumlarınızla əlaqə saxlayırsınızmı? Evinizə qonaq gəlmək istəyən, sizi qonaq çağıran olubmu?

Karantin rejimi ilə əlaqədar hər şeyi məhdudlaşdırmışam. Qonaq qəbul etmirəm, nə də ki, qonaq gedirəm. Anam Gəncədə tək yaşayır, tez-tez danışırıq, əlaqə saxlayırıq. Ona qulluq edən adama tapşırıqlarımı verirəm, anamın səhhətinə, qidalanmasına diqqət etməsini deyirəm. Digər qohumlarla da eynilə telefon, internet vasitəsilə hal-əhval tuturam. Amma qonaq getmək, qonaq qəbul etmək fikrim yoxdur.

 

- Partiyanın yaşlı üzvləri də var. Sizə müraciət edib, nəsə istəyən, ehtiyacı olduğunu deyən üzvlərinizə kömək edə bilirsinizmi?

Əlbəttə. Məsələn, müşavirimin 65-dən çox yaşı var, Əhmədli qəsəbəsində yaşayır. Müvafiq karantin rejiminə görə evdən bayıra çıxa bilmir. Ona nə lazım olsa, dəstək göstəririk. Hətta lazım olanda, rayon təşkilatlarına da köməklik edirik.

 

- Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürən partiyalar oldu. Siz də partiya olaraq, bu məsələyə qoşulmağı düşünürsünüzmü?

- Biz gələn həftə bu məsələni dəyərləndirəcəyik. Öz imkanlarımız daxilində məsələyə baxacağıq. Hər bir halda Fonda pul keçirməsək də, müəyyən kateqoriyadan olan insanlara, partiya üzvlərinə köməklik göstəririk. Məncə, elə bu da bir dəstəkdir.

 

- Bayaq qeyd etdim ki, sosial şəbəkələrdəki statuslarla, cəmiyyətdə insanların öz aralarındakı dialoqlarında koronavirusu yumora çevirmək tendensiyası da var. Kiminsə kimdənsə xoşu gəlmirsə, bir naqis hərəkətini görürsə, deyir, onu görüm, koronavirus tutsun. Yəqin bu epidemiya bitəndən sonra belə ifadə məişətimizdə qalacaq. Sizin də “koronavirusa tutulsun” deyib, giley etdiyiniz adamlar varmı?

Ermənilərə arzu edirəm. Koronavirusun əli ilə olmasa, necə olur-olsun, Allah erməniləri yer üzündən silsin. Zaman-zaman bizi də incidən, pis əməllərini gördüyümüz insanlar olub. Amma açıq deyim ki, heç kimə belə virus arzu etmirəm. Biz möhkəm insanlarıq, əqidəmizdən dönmərik. Ona görə, elə bir qarğışı etməyi də özümə yaraşdırmıram.

 

- Digər partiya sədrləri ilə də əlaqə saxlayırsınızmı?

- Bəli, tez-tez danışırıq, fikir mübadiləsi aparırıq. Hazırkı durumu müzakirə edirik.

 

İnsanları qorumaq üçün koronavirusun simptomları sosial şəbəkələrdə, mətbuatda, televiziyalarda tez-tez sadalanır. O qədər yaddaşımıza oturub ki, hərdən əks effekt də verir. Bəzən hətta bir dəfə asqıran, bir dəfə öksürən insanda da “birdən koronavirusa tutulmuş olaram” şübhəsi yaranır. Siz də bu situasiyadasınız?

Adam adi qrip də, soyuqdəymə də ola bilər. O demək deyil ki, kimsə mütləq koronavirusdur. Mən qətiyyən elə qorxu içərisində deyiləm. Bu cür hallara qarşı mübarizə aparmalıyıq. İradəsi möhkəm adamlar buna qalib gəlir. O ki, zəif, qorxaq adamlar var, bir balaca başı ağrıyan kimi koronavirusdan şübhələnir. Təşvişə düşüb, hamını ayağa qaldıranda da həkimlər aparıb, karantinə salır, deyirlər, dur burada. Ona görə, mən nikbinəm, qohumlara dostlara da deyirə ki, təmkinli olmaq lazımdır.

 

#evdəqalanda belə deyirlər ki, insanın yaradıcılığa meyli də artır. Heç evdə darıxanda bir şeir yazmağı düşünmüsünüzmü?

- Düzünü deyim, şeir yazmağa nə həvəsim, nə də istedadım var. Şeir yazanlarımız onsuz da çoxdur. Elə koronavirusdan da istifadə edib, rekord vurmağa çalışırlar. Mənim heç şeir yazmağa vaxtım da qalmır.

 

- Hər mənfi hadisənin arxasında müsbət məqamlar da olur. Koronavirusun müsbət tərəfi nədir sizcə?

Ola bilər, harada səhvimiz, nöqsanlarımız, arxayınçılığımız olub, onları aradan qaldırmağımıza koronavirus siqnal ola bilər. Buraxdığımız səhvləri, dırnaqarası baxdığımız məqamları yəqin ki, düzəltməyə imkanımız olacaq. İqtisadiyyatımızı normal təhlil edə bilsək, vəziyyətdən çıxmağa da şansımız yüksək olar. Koronavirus sübut etdi ki, arxayınçılığa, özümüzdən razılığımıza heç bir əsasımız yoxdur. Ağıllı dövlətlər koronavirusdan sonra inkişafa nail olacaqlar.

 

#Evdəqalan insanlara tövsiyələriniz nələrdir?

Əsas məsələ can sağlığıdır. Ola bilər, insanlar evdə darıxırlar, düşünürlər ki, nə qədər belə oturmaq olar. Amma dözməliyik. Cəmi 1 aya, 20 günə adama heç nə olası deyil. Bizim xalqımız dözümlü xalqdır. Bir az da təmkinli, səbirli, olsaq daha yaxşı olar. Nə olubdur, bir az da az yeyək, hər şeyin dərdini çəkməyək, evdə oturub, karantin şərtlərinə əməl edək, görək, axırımız necə olur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır