Modern.az

Yaxın iki ayda koronavirus lokallaşdırılmasa... - Dünya dəhşətli böhranla üz-üzə - PROQNOZ

Yaxın iki ayda koronavirus lokallaşdırılmasa... - Dünya dəhşətli böhranla üz-üzə - PROQNOZ

İqtisadiyyat

31 Mart 2020, 13:41

Bu gün dünyada baş verən böhran 2008-2009, 2014-2015-ci illərdəki böhranlarla müqayisədə kökündən fərqlənir. Bunu Modern.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli koronavirus pandemiyası ilə dünyanın yeni iqtisadi böhrana qədəm qoyması və bunun Azərbaycana təsirləri barədə danışarkən bildirib.

 

Budəfki böhranın izləri daha dərin olacaq

 

İqtisadçı deyib ki, 2008-2009-cu illər böhranı maliyyə bazarlarının böhranı idi:

“Onu tez bir zamanda aradan qaldırmaq mümkün oldu. Böyük dövlətlər və onların mərkəzi bankları, o cümlədən Federal Rezerv Sistemi (FES) 4 trilyon dollara yaxın vəsait xərcləyərək,  8-9 ay ərzində maliyyə böhranını aradan qaldırdılar. 2015-ci il böhranı isə dünyada neftin qiymətinin ucuzlaşması ilə nəticələndi və bu, neft ölkələrinə, o cümlədən də Azərbaycana mənfi təsirlərini göstərdi. Əslində nefti istehlak edən ölkələrə təsirləri çox pozitiv idi. Yəni xaricdən neft alan ölkələrin tədiyyə balansında müsbət nəticələr əldə olundu. Təkcə neft ölkələri bundan 2-3 il əziyyət çəkdi və sonradan neftin qiyməti sabitləşərək, 60 dollar dəhlizində qərarlaşdı. Bu gün baş verən böhran isə real sektorun böhranıdır. Obrazlı desək, dünya iqtisadiyyatının bir çox sahələri, xüsusilə də turizm, ictimai iaşə, xidmət, qeyri-ərzaq istehsalı və ticarətində dayanma-durma nöqtəsinə gəlib. Əvvəlki böhranlarla müqayisədə bu, daha ciddi böhran hesab olunur. Çünki real sektorun böhranı həm uzunmüddətli olur, həm də fəsadlarının aradan qaldırılması və iqtisadiyyatın toparlanması uzun zaman alır. Ona görə də dünya ölkələri, Federal Rezerv Sistemi, Amerika Birləşmiş Ştatları, Çin, Yaponiya ümumilikdə 12 trilyona yaxın təşviq paketi açıqlasalar da, dünyada gedən mənfi iqtisadi prosesləri durdura bilmirlər. Qiymətli kağılar bazarı çökür, aksiyalar ucuzlaşır, neftin qiyməti kəskin eniş edərək fantasik həddə çatıb”.


Koronavirus lokallaşdırılmasa...

 

Ekspertin proqnozlarına görə, yaxın iki ayda koronavirus pandemiyası lokallaşdırılmasa, nəzərəçarpacaq müsbət dəyişikliklər baş verməsə, dünya iqtisadiyyatında 10 faizədək daralma gözlənilir:


“Proses 2 aydan çox davam edərsə, dünya iqtisadiyyatının ikirəqəmli həddə qədər  çöküşü gündəmə gələ bilər. Bu isə milyonlarla iş yerlərinin itirilməsi, dünya əhalisinin kasıblaması deməkdir. Bir sözlə dünya iqtisadiyyatının toparlanması çox çətin olacaq. Virus nəzarət altına alınsa belə, insanların gözləntiləri başqa cür formalaşacaq, ən əsası turizm sektoru bir neçə ay özünə gələ bilmyəcək. Çünki virusla bağlı insanların davranış qaydalarında dəyişikliklərin olması gözlənilir”.

 

“Kommunal xidmətdə güzəştlər və birdəfəlik yardım edilməlidir”


N.Cəfərli qeyd edib ki, indiki böhranın Azərbayacana ikitərəfli təsirləri müşahidə edilir:

“Həm neft qiymələrinin kəskin ucuzlaşması ölkəyə daxil olan valyuta həcmini kifayət qədər aşağı salıb, həm də koronavirusla bağlı iş yerlərinin qapanması iqtisadiyyatı da dayanma nöqtəsinə gətirir. Bir neçə spesifik sahərlər istisna olmaqla, hamısı bağlanıb. Turizm, ictimai iaşə, xidmət sahələrində çalışan yüz minlələ insan qazancını itirir. Burada Azərbaycan ikitərəfli zərər görür. Neftlə bağlı gəlirlər azalır, tədiyyə balansına mənfi təsir göstərir, həm də yüz minlərlə iş yerinin qapadılması real iqtisadiyyatın çarxlarının dönməsinə maneə törədir. Azərbaycanda mart ayının rəsmi rəqəmləri hesablnarkən, bu tendensiyanı açıq görə bilcəyik. Amma proqnozlara görə, aprel ayının göstəriciləri daha da aşağı olacaq. Azərbaycan ÜDM-nin azalması, iş yerlərinin itirilməsi, işsizlər ordusu ilə qarşılaşacaq. Ölkə qarşısında ciddi çağırışlar var. Bununla yanaşı, statistik məlumatlarla da bağlı ciddi problemlər qalmaqdadır. Kölgə iqtisadiyyatının həcminin böyük olması, 100 minlərlə müqailəsiz iş yerlərinin mövcudluğu tez və effektiv qərarların verilməsini də gecikdirir. Əgər Azərbaycan dövləti birbaşa vətəndaşlara yardım etmək istəsə, o zaman qeydiyyatsız işləyənlərlə bağlı problemlər meydana çıxacaq, üstəgəl icarə müqavilələri rəsmiləşdirilməyib. Dəqiq statistikanın olmaması qərarların verilməsini də çətinləşdirir. Amma hər bir halda Azərbaycan əhalisinə ziyan dəydiyi düşünülərək, həm kommunal xidmətlərdə güzəştlər olmalıdır, həm də əhaliyə birdəfəlik yardım göstərilməlidir ki, insalar evdə qala bilsinlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!