Modern.az

Koronavirusa yoluxmama ümidi ilə...

Koronavirusa yoluxmama ümidi ilə...

31 Mart 2020, 15:01

1995-ci il ilin axırlarıydı, tələbəydim, Tərtər-Ağdərə bölgəsində  hərbi xidmətdə olan  qardaşım Şöhrətin yanına getmişdim. Elə oldu ki, gecə saat 1 radələrində,  təcili evə qayıdası oldum. Seydimli kəndinə yaxın mal-qara fermasının yanından keçərkən fermanın bütün itləri mənə hücum etdi. Məsafə 150-200 metr olardı və vəziyyyətdən çıxmağa qərar qəbul etmək üçün 10-15 saniyə vaxtım var idi. Ümumiyyətlə, insanlar əsasən şüurdan çox şüuraltının təsiri ilə hərəkət edirlər. Şüuraltı bizim avtomatik davranışlarımızı idarə edir. Məsələn, yazı yazmağı, maşın sürməyi və sair. Şüuraltı  24 saat yatmır, gecə şüur yuxuda olanda belə fəaliyyət göstərir. Şüuraltı şüurumuz nəyi qəbul edirsə ona köklənir. Şüur isə insan çətin vəziyyətə düşərkən, və ya ona yad bir mənzərə ilə qarşılaşdığı zaman özmüzü müdafiə etmək üçün fəaliyyətə başlayır. 

  

Bəli, mənim 10-15 saniyəm var idi. Bu qısa vaxt ərzində şüurum fəaliyyətə başladı. Uzağı 15 saniyə ərzində özümü qurtarmaq üçün çıxış yolu tapmalıydım. İnanılmaz olsada, 7-10 saniyə ərzində bir neçə varintda çıxış yolu fikirləşdim. İlk ağlıma gələn qaçmaq oldu, lakin qaçmağın mənasız olduğunu anladım. Yerə uzanaraq özümü ölülüyə vurmaq istədim (2 dostun nağılı),  fikrimə gəldi ki, ayı deyil axı gələn, üzərimə gələn qəzəbli çoban itləridir. Nəhayət, özümə inanaraq qərar qəbul etdim. Dərhal yerdən 4-5 ədəd daş parçası götürdüm və təkbaşına bir sürü itlə müdafiəyə, daha doğrusu müharibəyə  hazırlaşdım. Beynim saat kimi işləyirdi bir damcı belə qorxu hissi yox idi. İtlər hürə-hürə damba kanalına düşdülər və kanaldan çıxaraq üzərimə gəldilər. Məsafə 5-6 metr qalmış mən var gücümlə “AY İT” deyə bağıraraq daşı birinci gələn itə atdım.  “Atdığım daş itə dəyməz” deyə qorxum yox idi, çünki, əvvəlcədən beynimdə daşın itə necə dəydiyini canlandırmışdım və buna əmindim. Mənim səsimə və daş dəyən itin zəngiltisinə bütün itlər geriyə doğru qaçdılar. Deyəsən daş vurduğum it sürünün başçısı idi. 

 

Təhlükə sovuşmuşdu. Yoluma davam etdim. Seydimli qəbiristanlığının yanından keçərkən Murad Kəkillinin o dövrün ən məhşur mahnısı olan “Bu akşam olürüm məni kimsə tutamaz” mahnısını zümümə etmək istədim... Səsimin batdığının fərqinə vardım. 

“Əgər it səni tutursa, günah itdə deyil, səndədir ki, müdafiəsiz halda itə çox yaxın getmisən”. Bunu da qardaşım Şöhrətdən eşitmişəm. Biz dünyaya göz açarkən qorxularımızla birgə doğulmamışıq. Körpə demək olar ki, heç nədən qorxmur.   Qorxu hissi sonradan yaranma duyğudur. Koronavirusdan qorxumuz da yoluxanların real adamlar olduğunu görəndən sonra yarandı.  İlk vaxtları xatırlayın, çoxumuz  “boş şeydir” demirdik mi? Artıq, bu qorxumuz şüuraltına da keçib.

 

Uşaq vaxtı cindən çox itdən qorxmuşam. Çünki cin qorxusu gecə vaxtı, işıq keçəndə  və ya gecə çölə çıxan zaman yaranırdısa, it qorxusu fərq etmirdi gecə və ya gündüz.  Kəndimizdə qonşumuz Əhməd dayıgilin Alyak adlı vahiməli iti, Tofiq dayıgilin iti, Ruzigilin iti, İsgəndər dayıgilin qırmızı iti ən çox qorxduğum köpəklər idi. Ona görə də itlərlə çox ehtiyyatla davranırdım, xüsusi ilə kəndimizin ara yol deyilən hissəsindən məktəbə gedib-gələrkən. Hətta olub ki, məktəbdən qayıdanda Tofiq dayıgilin iti açıq olduğuna görə arayoldan qayıdıb çox uzaq olsa da digər  tərəfdən evə gəlmişəm. 

Koronavirus  it kimidir.  Əgər  yoluxacaqsa günah virusda deyil, sizdədir ki, ona yaxın durmusunuz, sanitar-gigenik qaydalara riayət etməmisiniz. 

Bir gün dovşan balası anasından soruşurlar ki, anacan, canavarı görəndə qaçmaq yaxşıdır, yoxsa gizlənmək? Anası deyir ki, ən yaxşısı canavarın gözünə görünməməkdir. 

  

Bu gün ən yaxşısı odur ki, koronavirusun gözünə görünməyin. Koronavirusun peşəsi insanlara yoluxmaqdır. Lakin yoluxarkən spirtdən və digər gigyenik qaydalardan istifadə etməklə virusu məhv etmək mümkündür. Qaydalara əməl edin. Evdə qalın, əl ilə görüşməyin, qucaqılaşmayın, spirdən tez-tez istifadə edin. Soyuqdəymə və ya qripə bənzər simtomlar müşahidə edilən şəxslərlə yaxın təmasdan çəkinin. əllərinizlə gözlərinizə, ağzınıza, burnunuza toxunmayın. 

 

İnsanların və ölkələrin koronavirusla mübarizə üçün əsasən 2 fərqli seçimi olur: 

 

1. “Mənə virus düşməz “ deyə istədiynini etmək (toplumda olmaq, rahatçasına insanlarla görüşmək, spirtdən və digər gigyenik vasitələrdən istifadə etməmək, “koronavirus boş şeydir” deyə qadağalara məhəl qoymamaq) 

 

2. Karantin və özünütəcrid qaydalarına əməl etmək.

  

İtaliya 1-ci seçimi etdi və nəticə çox ağır oldu. Yaxşı olardı ki, biz şüuraltı olaraq qaydalara əməl etməklə virusa yoluxmamağa köklənək. 

 

Mən hərbçiyəm. Zabit kimi bu söhbətləri şəxsi heyətlə mütamadi edirəm. Biz onsuz da təcriddəyik. Lakin yaxınlarımızdan, ölkəmizdən narahatıq.  Hərbidə və ya mülkidə olmağımızdan asılı olmayaraq, koronavirusa qarşı ciddi mübarizə aparmaqda keçikməyək. Unutmayaq, sağlığı olanın ümidi vardır, ümidi olanın hər şeyi vardır. 

Koronavirusa yoluxmama ümidi ilə evdə xoşca qalın.

 

Fərəhim Eyvazov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi