Modern.az

“Kəndçilik” boyuna biçilən ADAM

“Kəndçilik” boyuna biçilən ADAM

31 Mart 2020, 20:26

(Alim Qasımov haqqında düşüncələr)

Qosqoca karvan yolları yumaqlaya-yumaqlaya gedirdi… Karvanın sarvanları dəyişsə də, karvan gedişində idi. Sarvanlar gah oxuyur, gah şeirə oxşayan nələrsə deyirdi:

Yol gedir kannan məkana,
Yoluna uğurlar, könül…
Mən sənə uğur deyirəm,
Məni kim uğurlar, könül?

Beləcə karvan köçünü çəkirdi… Ayağıyalın uşaqlar düşmüşdülər karvanın arxasına… Deyə- gülə karvanla ayaqlaşmağa çalışırdılar. Uzaqdan suyu dumduru görünən dağ çayı düzənlikdə nəfəsini dərirdi. Çayın hələ bulanmamış suyunda bir oğlan səsini yuyurdu… Bir qədər o tərəfdə qoca dərviş yanıqlı-yanıqlı oxuyur, sözləri dərdlərinə yavanlıq eləyirdi:

Şamaxı! Ey mənim sevimli yurdum,
Mən sənin qoynunda xaniman qurdum.
İndisə acığın tutmuşdur mana,
Mən sənin qoynundan ayrılsam ana…

Əfzələddin Xaqani! Azərbaycan şeirinin bənzərsiz siması!.. Küskün-küskün gümüldənirdi… Elindən, obasından küsdürmüşdülər bu ərköyün, sözgötürməz insanı… Ana bildiyi, ana dediyi yurdundan ayrılırdı.

***

Cənnət ayaqlarının altına sərilmiş ana tək bir şiddətdən həzz alar, canına can qatılar. Bu da analıq hissini ona dadızdıran körpəsinin içində atdığı həyat təpikləridi… Bu xırda təpiklər ananın içində bir həyatın canına can qatdığının işarəti olar. Can içində böyüyən can sabahlara ümid kimi gələr. Ruhunun işığıyla sabahlara səs salar. O səsin işığı uzaqlara, uzaqlara axa-axa böyüyəcək, böyüdükcə də səs yiyəsini də böyüdəcəkdi…Səs yiyəsi də böyüyüb Mahmud ağa, Mirzə Bilal, Aşıq Abbas Cəyirli… Alim Qasımov olacqdı.

Mən Alim Qasımovun özündən qabaq səsini görmüşəm. Özündən qabaq səsinə doğru qaçmışam. Bu kəndçi balasının səsi, dağ kəndinin bulaqlarını, qayalardan atılan şırşırlarını, pıçıldayaraq açılan yarpaqları, o yarpaqlara bürünən qönçələri xatırladıb mənə. Tələbəlik illərində uzaq dağ kəndindən instituta oxumağa gəlirdik. Bakıya gələn çox olduğuna görə həmişə ayaq üstə gəlirdik. Yol bizi əzə-əzə sürüyürdü. Ömrümüz sarı rəngli, cındırından cin hürkən , tez –tez xarab olan “Paz”ın yedəyinə qoşulmuşdu. Avtobus sürünə-sürünə Ağsu dolaylarını adlayandan sonra hamı dərindən nəfəs alırdı. Buradan belə Şamaxı yolları başlayırdı. Hansısa yolqırağı çayxanada oturub çay içmək də olurdu. Və o çayxanada, maqnitofondan cavan bir səs yorğunluğumuza məlhəm gətirirdi. Alim oxuyurdu, yol əyrilirdi:

Ey müsəlmanlar, bu gün ol yari pünhan ayrılır…

Alim oxuyurdu, mən öz aləmimdə uçurdum:

Səsin yolunda can verdim,
Doğuldum avaz üstündə.
Səni qiblənüma bildim,
Tutuldum namaz üstündə.

Alim oxuyurdu. Bu səsin işığında bir ömür yol getmək istəyirdi adam:

Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

İmprovizələri, gəzişmələri məni çox uzaqlara aparırdı… Elə indi də aparır:

Üz çevirdim dərd bilənə,
Dərdinə üstün gələnə…
Sözü gözündən ələnən
Dondu canamaz üstündə.

Alim oxuyurdu, yox yanırdı. Elə bil böyük bir sevginin çınqısı düşmüşdü canına. Bu çınqı Şikəstəyə çevrilir, ətrafı qarsa-qarsa “Segah”a dönürdü. Külək qarışdıran saç kimi qarışdırırdı ruhumuzu:

Ey sənəm,hicrin əlində naleyi-zar eylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

Alim oxuyurdu, mən səsinin dalınca gedirdim:

Düşdüm səsinin dalınca,
Ac necə çapır qılınca…
Qanad gətirən qarınca
Yandı ağnağaz üstündə.

Dərviş, bacadan baxar dan,
Gecə sönər pıçıltıdan.
Qönçə oyanar yuxudan
Bir güli—Şahnaz üstündə.

Mən həmişə Alimin belə fərqli oxumalarının haradan qaynaqlandığını özümə izah eləməyə çalışmışam və həmişə də suala ilişib qalmışam. Bir qədər sonra bu məsələyə dönəcəyəm.

***

Azərbaycanın ən uzunömürlü dövləti Şirvanşahların əsası 861- ci ildə Heysəm ibn Xalid tərəfindən qoyulub. Ərəb istilaçıları istila etdikləri yerlərdə mövqelərini möhkəmləndirmək üçün oraya ərəbləri köçürürdülər. Bu köçürülmələr ağalıq siyasətinə xidmət edirdi. Ömrü 7 əsrə qədər davam edən Şirvanşahların şahları Heysəm ibn Xalidin nəslinin nümayəndələri olub. İlk vaxtlarda-- Məzyədilər dövründə Şirvanşahlar ərəblərə vergi verir, onların siyasətini müdafiə edirdilər. Professor M. Qənbərli bu dövrdə Ərəb mədəniyyətinin inkişafında “ərəb olmayan ərəblərin” böyük xidmətləri olduğunu qeyd edir. Ədəbiyyat, poeziya da bu şəxslər tərəfindən yaradılırdı. Kəsranilər dövründə ərəb xilafəti zəifləyir, özlərini Sasanilərin varisi sayan Kəsranilər sarayda fars dilində danışır, elm, ədəbiyyat və mədəniyyətin fars dilində yazılmasına çalışırdılar. Ən kiçik misal: Şivanşah Axsitan məktubla Nizamiyə müraciət edir və “Leyli və Məcnun” adlı əsər yazmasını sifariş verir. Sifariş Nizamini əsəbiləşdirir, çünki Axsitan əsərin fars dilində yazılmasını, “fars, ərəb sözləriylə ona bəzək vurulmasını” istəmişdi. Şair doğma dilinə təhqiramiz münasibətdən inciyir. Amma ki:

Qulluq halqasına düşdü qulağım,
Qan vurdu beynimə əsdi dodağım.
Nə cürətim vardı ki, evdən qaçam,
Nə də gözüm vardı xəzinə açam.

Əfzələddin Xaqaninin də Vətəni tərk etməsinin səbəbkarı Axsitan kimi əzazil, kökünə xor baxanlar idi.

Və zaman keçir, Dərbəndilər Şirvanşahlar dövlətinin başına keçirlər, özlərini Türk mədəniyyətinin yaşadanı sayan Dərbəndilər “Xan, Xaqan, Sultan “ titullarından istifadə edirdilər.Türkdilli ədəbiyyatın inkişafına şərait yaradırdılar. İstər sarayda, istər ondan kənarda Türkdilli ədəbiyyat sürətlə inkişaf edirdi.

Qəribədir… uzun zaman ərəb xilafətinə vergi verən, farslaşmaya məruz qalan ölkə özünü qorumuş, kənardan gələnləri əridib, öz içində itirmişdi... Adları yalnız kənd adlarında qalmışdı ərəb qəsbkarlarının… Bu adların saxlanması, bəlkə də, keçmişdə xalqın başına gətirilən bəlaların unudulmaması üçün idi.

***

Bakıdan Şamaxıya gedənlər, pirləri, ocaqları, övliyaları görənlər, bu yerlərin ruhunun da dərviş havalı olduğunu görərlər. Dərvişlərdə bir sərbəstlik, ötkəmlik, Tanrıya tapınmaq olur… Birdən –birə mənə Alim dərviş xeyməsində göründü. Alimin sərbəstliyi yarı dağ, yarı aran Şamaxının havasından olmasın? Adında mərəz olan Mərəzədən dövrünün loğmanlar loğmanı sayılan Kafiəddin Ömər ibn Osmanın dərdlərə məlhəm olan Məlhəminə qədər, Pir Saata, Şıx Eyyub ocağına qədər, övliyalara, dərviş xeymələrinə qədər elə ağayanalıq, sərbəstlik deyilmi? Bir də ərzin hər yerində səsini duyura bilən bir səsin yolu uzun, çox uzun, hamının istədiyi , gedə bilmədiyi yoldur:

Bütün yollar apardığı kimi
Geri qaytarır gedəni…
Qəribi qəribliyi çəkir
Vətənlini Vətəni…
Hər adamın çölündə,
İçini göstərən güzgüsü..
Heç kimi özü kimi
Duya bilməz özgəsi…

***

Alim Qasımovu heç qalstukla, klassik gyimdə oxuyan görməmişəm. Həmişə şalvarın üstündən sallanan köynək, köynəyin üstən nənələrimizin “içlik” dediyi qolsuz geymə… Bir özü, bir qavalı. Hamıdan fərqli, bardaş qurub oxuması, tez-tez ayağa duracaq kimi hərəkətləri.

Dünya duracaq yer deyil, ey can səfər eylə,
Aldanma anın alına ondan həzər eylə…

Anladır… ömrün gərdişini; gedişini, gəlişini pay verən dərvişlər kimi. Yeriyəndə səsinin kölgəsində, uyuyanda səsinin altında uyuyur. Çoxlarının onunla işi olsa da, heç kimlə işi olmaz.

***

Alim Qasımovun bəxtinə yaxşı müəllimlər düşüb. Aşığı şeş atıb.
Qaltanlı səsi ilə hamını ovsunlayan, Ağakərim Nafiz ; o Ağakərim Nafiz ki bir verilişdə “beşmərtəbənin yanıyla gedirdim, qulağım bir səs aldı. Bir arıq kişi oxuya-oxuya gedirdi. Arxasına düşüb getdim. Uzun bir yolu dayanmadan oxuya- oxuya gedirdi, mən də arxasınca… oxuduqlarını yığırdım… “ Alimin müəllimi belə müəllimdir.
Rəhmətlik Ağaxan Abdullayev, Mirələm Mirələmovu dinləyərkən: Mirələm mənim nəticəm sayılır. Alim mənim, Zabit Alimin, Mirələm Zabitin tələbəsi olub, deməli, Mirələm mənim nəticəmdir.

Və rəhmətlik Hacıbaba Hüseynov, hamının qabından nələrsə götürdüyü Hacıbaba müəllim, Bəlkə də, Alimin maqnitafon yaddaşını bildiyi üçün, hər şeyi öyrənməsinə çalışırdı. Alim Qasımov da onları “maqnitafona yazırdı”…

Hər adamla dostluq eləməzdi, amma Qədir Rüstəmovun yeri başqaydı…

Tələbələri də var. Zabit Nəbizadə… və qızı Fərqanə Qasımova…

Bu günlərdə Mirələm Mirələmov kanalların birində oxuyurdu... Yadıma rəhmətlik İslam Rzayevi və Tanrı qorumuş Alim Qasımovu saldı. Gedənlərə rəhmət, qalanlara salam olsun.


Mart 2020

Osman FƏRMANOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi