Modern.az

\"Koronavirus ailədaxili münasibətlər üçün bir tesdir\" - Hüquq-müdafiəçisi

\

1 Aprel 2020, 12:49

Koronavirus pandemiyası səbəbilə Azərbaycanda tətbiq edilən karantin rejimindən sonra bir çox iş yerlərində fəaliyyət məhdudlaşdırılıb, bəzilərində isə tamamilə qapadılıb. Buna qədər isə uşaq bağçaları, orta və ali məktəblərdə virus təhlükəsilə əlaqədar təlim-təhsil dayandırılmışdı.

Sosioloqlar bütün ailə üzvlərinin evdə cəmləşdiyi bir vaxtda ailə-məişət zəminində münaqişlərin aratacağını proqnozlaşdırırlar.


Məsələ ilə bağlı Modern.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, karantin yeni başladığından problemləri indidən proqnozlaşdırmaq olmur:

“Karantin insanların ailə münasibətlərinə təsir edəcək. Amma bizdə karantinə tam riayət edilmədiyindən, qəti qadağa olmadığından, gərginliyin pik həddə çatacağını düşünmürəm.

Son günlər belə müraciətlərdə artım müşahidə edilmir. Müraciətlər həmişəki kimi az saydadır. Adətən belə problemləri olanlar bizə polis tərəfindən gətirilir, yaxud özləri zəng vurur, sosial şəbəkə üzərindən əlaqə saxlayırlar”.

 

M.Zeynalova qeyd edib ki, pandemiya uzunmüddətli dövrü əhatə edərsə, ailə-məişət zəminində münaqişələrin aratacağı gözlənilir:

“Biz buna hazırıq. İnsanların psixi durumuna, ailədə dözümlülüyün nümayiş etdirilməsi, yaxud qapalı mühitdə insanların bir-birinə olan fobiyaları səbəb ola bilər. Burada gərginliyin qadınlar tərəfindən qaldırıla biləcəyi gözlənilir. Uşaqlar, ailə, ev işləri, qida təminatı, gəlirlərin azalması, sosial durumun çətinləşməsi və  s.-nin onları gərginləşdirməsi gözlənilir. İnsanlar səbr nümayiş etdirsələr, ər və arvad əl-ələ verməyi bacarsa, bərabər şəkildə problemləri həll edərlər. Koronavirus da bir testdir, baxaq görək aillərimiz bu testdən necə çıxacaqlar”.

Hüquq müdfiəçisi karantin dövründən sonra boşanmaların kəskin artacağı ilə bağlı mülahizələrlə razılaşmayıb:

“Bunu heç kim proqnozlaşdıra bilməz. Bəlkə tam əksi olacaq? Ona görə deyirəm ki, bu, ailələrimiz üçün əla testdir. İndidən fikir formalaşdırıb insanlara təsir etməyək. Prosesi izləyək və təxminən 2 həftə sonra bu barədə qəti fikir bildirmək olar. Həm də zorakılıq işləyib-işləməməkdən asılı deyil. Zorakı insan elə hər şeyi yaxşı olanda da zorakıdır”.

M.Zeynalova pandemiya dövründə hamilə qalmamağı tövsiyə edib:

“Bunu dünya alimləri deyir. Amma kim buna riayət edəcək, kim sayı artıracaqsa, artıq insanların şəxsi işidir. Ama bunun tam əksi də ola bilər. Çünki insanlar daha çox uşağın məsuliyyətini üstlənə bilmirlər. İndi daha məsuliyyətli və daha təhlükəli, sabahı məlum olmayan dövrdür. Ona görə də maksimum diqqətli olmalıyıq. Ümid edək ki, hər şey yaxşı olcaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir