Modern.az

Bu virusun dərmanı heç bir ölkədə yoxdursa, Azərbaycana niyə qayıtmalısan? – KİPRDƏKİ AZƏRBAYCANLI TƏLƏBƏ İLƏ MÜSAHİBƏ

Bu virusun dərmanı heç bir ölkədə yoxdursa, Azərbaycana niyə qayıtmalısan? – KİPRDƏKİ AZƏRBAYCANLI TƏLƏBƏ İLƏ MÜSAHİBƏ

Müsahibə

2 Aprel 2020, 09:46

Şimali Kipr Türk Respublikasnda da koronavirusa yoluxanların sayı artmaqdadır. Bu pandemiya səbəbi ilə indiyədək burada 9 nəfər dünyasını dəyişib, 320 nəfər isə virus daşıyıcısıdır.

 

Azərbaycanlıların da Kiprə sıx-sıx getdiyini və məskunlaşdığını nəzərə alaraq, ölkədəki vəziyyəti, oradakı azərbaycanlıların durumunu öyrənmək maraqlı olardı.

 

Suallarımızı magist təhsilini yeni başa vuran Toğrul Salehli cavablandırdı:

 

- Toğrul bəy neçə ildir Kiprdə yaşayırsınız? Tələbəsiniz, ya işləyirsiniz?

 

- 2011-ci ildən Kiprdə yaşayıram. Əvvəl burda bakalavr təhsili aldım, sonra magistrdə təhsilimi davam etdirdim. İndi banklardan birində kredit departamentində çalışıram.

 

- Hazırda Kiprdə ümumi vəziyyəti təsvir etmənizi istərdik.

 

- Digər ölkələrə baxanda burda vəziyyət stabildir. Amma başqa ölkələrdə olduğu kimi burda da karantin rejimi elan edilib, təyyarə reysləri təxirə salınıb. Gəmi ilə gəliş-gediş var ki, bu yolla da Kiprə gələnlər 14 gün karantində qalmalıdır. Yəni bu kiçik ada ölkəsi bir növ özü-özünü izolyasiya edib. Axşam saat 21:00-dan səhər saat 06:00-dək rəsmi karantin müddətidir. Amma gün ərzində də küçəyə çıxan zaman polislər səni saxlaya, vəsiqə istəyə bilərlər. Əgər aptek, yaxud da marketə getmirsənsə, 100 manata qədər cərimə oluna bilərsən. Nəqliyyat vasitələrindən yalnız şəxsi avtomobillərin və taksilərin fəaliyyətinə icazə var. Təkcə ötən gün ərzində 70 nəfərdə virus aşkarlanıb, 1 nəfər ölüb.

 

 

- İnsanlar karantin qaydalarına əməl edirmi? Yəni çətinlik olmadı bu rejimə keçməkdə?

 

- Düzü, ilk günlər bu cür rəsmi məhdudiyyətlərə alışmaq bir qədər çətin oldu. Yəni günün çox hissəsini evdə keçirmək asan deyildi. Amma indi əhali vəziyyətə alışıb. Əsas problemlərdən biri isə yaşlı nəsilin rejimə həssas yanaşmaması idi.

 

- Həssas yanaşmamaq deyəndə nəyi nəzərdə tutursunuz? Yəni yaşlı nəsil karantin rejimini pozur?

 

- Düzdür, hamıya aid etmək olmaz, amma karantin qaydalarını pozanlar adətən yaşlılardır. Demək olar ki, market və aptekə getdiyimizdə küçədə daha çox yaşlı insanlarla rastlaşırıq. Evdə qalmaqda qocalar çətinlik çəkirlər.

 

- Xəstəliyə yoluxanlar haqqında məlumatlısınız? Yəni təxmini neçə yaş arası insanlar virusa yoluxub?

 

- Medianın verdiyi məlumata görə virusa yoluxanlar 40 yaş üstü insanlardır. Amma üstünlüyü 50 yaşdan yuxarı insanlar təşkil edir.

 

 

- Kiprdə maska, spirt problem var?

 

- Haradasa mart ayının 25-nə kimi tibbi qoruyucu vasitələri tapmaqda problem yaşayırdıq. Əsas da maska və dezinfeksiya vasitələri yox səviyyəsində idi. Amma sonradan Türkiyədən bu məhsullar gətirildi və problem aradan qalxdı.

 

- Kiprdə azərbaycanlılar arasında əlaqə necədir? Bir-birinizlə ünsiyyət yaradırsınızmı?

 

- Aramızda güclü həmrəylik var demək istərdim, amma son 3-4 ildə azərbaycanlılar arasında burda əlaqələr zəifləyib. Bu da tələbələrimizin azalması ilə bağlıdır. Azərbaycanlı müəllimlər  və işləmək üçün burda yaşayan həmyerlilərimizlə ünsiyyət var. Xüsusilə bayramlarda biri-birimizlə görüşüb, yığışırıq.

 

- Virusa yoluxanlar arasında hazırda azərbaycanlı varmı?

 

- Xeyr, virusa yoluxanlar almanlar, kiprlilər, türklər və ingilislərdir.

 

- Hazırda işə gedib-gəlirsiniz, ya necə?

 

- Bəli, işləyirəm amma ev şəraitində. Şöbələr məhdud işçi qüvvəsi ilə işlərini davam etdirirlər. Şirkətlər işçiləri lazımi avadanlıqlarla, kompüterlə təmin edir ki, ev şəraitində çalışmaq rahat olsun. Səhər saat 08:00-dan axşam saat 17-18:00 aralığına kimi iş başında oluram. Bunun xaricində deyim ki, marketlər 18:00-adək açıq olur, apteklər isə gecə 2-ədək. Gecə saat 2-dən sonra hər şəhərdə cəmi iki aptek səhərədək açıq olur.

 

 

- Yəni saat 6-dan sonra marketlər də çalışmır?  

 

- Yox, bütün marketlər bağlı olmur. Məhəlləarası vacib ehtiyacları ödəmək üçün satılan məhsullardan ibarət açıq market tapmaq mümkündür.

 

- Toğrul bəy, oradakı azərbaycanlıların çoxu təhsil alır ya işləmək üçün Kiprdədir?

 

- Burdakı azərbaycanlıların böyük qismi tələbədir. İşləyənlər isə universitetdə müəllim, dosent və professor kimi çalışır. Turizm sahəsində də həmyerlilərimizi görmək mümkündür.

 

- Karantin elan olunduqdan sonra Azərbaycana qayıtmaq istədiniz? Eləcə də digər azərbaycanlılar təxliyyə edilmək istəyirmi?

 

- İlk yoluxmalar qeydə alınanda konsulluğa müraciət olundu və bəzi vətəndaşlarımız Azərbaycana qayıtdı. Burdan Azərbaycana qayıtmaq bir qədər çətindir, çünki birbaşa reyslər yoxdur. Gərək ilkin olaraq Türkiyəyə gedəsən. İndiki vəziyyətdə Türkiyədə 14 gün, Azərbaycanda da 14 gün karantində qalmaq vaxt itkisidir. Həm də 3 hava limanı dəyişmək sağlamlığa əks təsir göstərə, təhlükə yarada bilərdi. Üstəlik işim də davam edir. Buna görə də qayıtmadım. Şəxsən mən bu dövürdə dünyada yaşayan azərbaycanlıların geri dönməsinə yaxşı baxmıram. Birincisi ona görə ki, bu virusun dərmanı heç bir yerdə yoxdur. Digər tərəfdən isə, yaşadığımız ölkələrdə səhiyyə zəif deyilsə, Azərbaycana niyə getməlisən? Başqa məsələ ki, xarici ölkələrdə təhsil alan təlbələrin Vətənə dönməkdən başqa yolu qalmır. Özümə gəlincə, yəni mən burada dövlətin verdiyi qərara uyğun evdə qalmağa alışıram, işimi evdən davam etdirirəm.

 

 

- Xaricdə yaşayan gənclərə görə valideynlər narahat olur. Yəni hər vəchlə övladlarını geri qaytarmaq istəyirlər. Sizdə necə bu haldan narahat deyillər?

 

- Təbii ki, valideynlərim mənə görə çox narahatdır. Ələlxüsus, qardaşım həkim olduğu üçün məndən nigarandır. Amma zamanla yol gedib-qayıtmağın  riskli olduğunu gördükdən sonra ailəm də razılaşdı ki, burada qalım.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?