Modern.az

Xoşmissiyalı koronavirus

Xoşmissiyalı koronavirus

5 Aprel 2020, 15:37

Tanrı tərəfindən göydən göndərilən xəbərdarlıq və ya Şeytanın yerdə qurduğu bir oyun, qlobal sosial pandemiya və ya fantastik həddə qədər şişirdilmiş “siyasi-iqtisadi” qrip olmasından asılı olmayaraq, bu gün dünyaya meydan oxuyan koronavirusu bəlkə də bir müddətdən sonra “xoş niyyətli” bir bəla kimi xoş xatirələrlə xatırlayacağıq.

 

Təbii ki, onun aldığı canlar, yaratdığı qorxu, çökdürdüyü iqtisadi təsislər yaddan cıxmayacaq. Amma bəlkə də elə bunların baş verməsini  “yaxşı ki, oldu” deyərək müsbət mənada xatırlayacağıq. Çünki həqiqətən də bu gün bir çox “dünyagörmüş” insanların “heç  nə indiki kimi olmayacaq” proqnozları təsdiqlənəcək. Lakin “dəyişən dünya”dakı yeniliklər yalnız iqtisadi və siyasi mənada olmayacaq. Əsas, ən əsas dəyişiklik bəşəriyyətin, yəni insanların düşüncə tərzində, şüurunda, mənəviyyatında, vicdanında olacaq. İnsanlar milli və mənəvi dəyərlərin, mərhəmətin, məsuliyyətin mənasını, yəni insanlığın mahiyyətini yenidən dərk edəcəklər.

 

Yüz illərdir sakit və firavan həyat yaşayan Avropa dövlətlərinin insanları hətta kraliça, nazirlər, toxunulmaz dövlət adamları, dünyaca məşhur ulduz insanlara fərq qoymadan hər kəsin “nəfəsini kəsməyə” qadir olan bir virusun əlində aciz qalıb ucuz bir “ÖLÜMÜN GÖZLƏ QAŞ ARASINDA OLDUĞUNA” əmin olaraq, İraq, Suriya, Əfqanistan, Fələstin, Liviya, Somali, Sudan, Keniya, Higeriya, Konqo və s. bu kimi daim müharibə şəraitində olan ölkələrdəki insanların hər an bu hisləri yaşadıqlarını başa düşəcəklər.

 

Koronavirusun qorxusundan panikaya qapılaraq ac qalma qorxusu ilə mağazalara hücum edən, hətta tualet kağızı üstündə dava salan, yüksək yaşam tərzi olan ABŞ, Almaniya, İtaliya, ispaniya, Fransa, İngiltərə, Hollandiya, İsveçrə kimi ölkələrin sıravi insanları ilə yanaşı, həmçinin bu və ya digər ölkələrin varlı insanları belə anlayacaqlar ki, həqiqətən “TOXUN ACDAN XƏBƏRİ YOXDUR”. Bəli, aclığın nə olduğunu bilməyən insanlar anlayacaqlar ki, Mozambik, Qvineya, Niger, Malavi, Konqo, Somali, Burundu və onlarla bu kimi Afrika və Asiya ölkələrindəki insanlar hər gün koronovirusun yaratdığı aclıq və mərhumiyyətlər qorxusunu sadəcə hiss etmirlər, yaşayırlar.

 

Böyük sərvətə sahib olan, bu var-dövləti əksər halda məzlum insanların haqlarını kəsərək toplayan, hərəsi oz ətrafının gözündə bir “allah” olan harınlamışlar anlayacaqlar ki, bütün varidatları və canları bir virusun bir anın içində məhv edə biləcəyi qədər fanidir. Onların ətrafında olanlar isə anlayacaqları ki, yaxşı həyat tərzi yalnız restoranlarda yemək-içmək, istirahət mərkəzlərində dincəlmək, əyləncə yerlərində kef eləməklə maddi dəyərlərdən ibarət deyil. Yaxşı həyat tərzi həm də mənəvi öhdəlikləri icra etməklə başqa insanların da həyatının yaxşılaşmasında rol oynamaqdır. Bəlkə bundan sonra az da olsa İNSAFA gələcəklər.

 

Virusun heyvandan əmələ gələrək insanlara geçməsinin də bir mənası var bəlkə də. Bəlkə də insanlar anlayacaq ki, təbiətə qarşı cox mərhəmətsizdirlər. Meşələri qırıb bahalı mebellər düzəldən, çayları, dənizləri çirkab sularla çirkləndirən, heyvanların dərisindən özlərinə geyimlər tikən, atmosferi hər cür zəhərli maddələrlə zəhərləyən insan övladı başa düşəcək ki, təbiət onları evlərinə həbs edə biləcək qədər amansız ola bilər. Nəticədə insanların evdən çölə cıxa bilmədikləri halda Hollandiyadakı kimi dövşanların, Britaniyadak kimi dağ keçilərinin şəhər küçələrində meydan sulaması bir işarət sayıla bilər. İnsan başa düşəcək ki, hər kəsə, hətta dili-ağzı olmayan təbiətə qarşı “ƏDALƏTLİ” olmaq lazımdır.    

 

Bundan başqa sadə insanların düşüncə tərzində, həyata baxışında, milli dəyərləri dərk etmək mənasında şüur dəyişikliyi baş verəcəyi qaçılmazdır. Müxtəlif məhrumiyyətlərə məruz qaldıqlarından ailəsi daha çox vaxt keçirən insanlar ailə dəyərlərini yenilədi, ac qalmaq qorxusu insanı nəfsinə hakim olmağa sövq etdi, əziz bildiyi insanlarla görüşüb-öpüşə bilmədiyindən onların dəyərini daha çox anladı, ümumi bəla qarşısında statusundan asılı olmayaraq insanların bir olmaq məcburiyyətini dərk etdi. İnsanlar maddi resurslardan qənaətlə istifadə etmək, hər zaman hər şeyin komfort olmadığını anladı, hətta evdə çörək bişirmək kimi milli ənənələri yada saldı...     

    

Və sonda, ən asası, dinindən, irqindən, millətyindən asılı olmayaraq, hər kəs anladı ki, ən ağır anda Tanrı-dan başqa yardım istəniləcək bir qüvvə yoxdur. ABŞ xəstəxanasında virusun öhdəsindən gələ bilmədiklərindən aciz vəziyyətdə qalan həkimlərin kollektiv şəkildə diz çökərək Tanrı-dan imdad diləmələri onu göstərir ki, ELMin yanında mütləq İMAN da olmalıdır. İnsan anladı ki, gözlə görünməz qədər kiçik bir virus ona bu dərəcədə aciz vəziyyətə sala bilirsə, o canlını yaradan GÖZƏGÖRÜNMƏZİN qüdrətinə iman gətirməkdən başqa çarəsi yoxdur. Çünki... “Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur” (Ənam sürəsi, 59).

Pərviz Rəhimoğlu           

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir