Modern.az

Prezidentlərin oxuduğu azərbaycanlı YAZIÇI

Prezidentlərin oxuduğu azərbaycanlı YAZIÇI

6 Aprel 2020, 15:03

Azərbaycan dünya ədəbiyyatına bir sıra sənət ustaları veribdir. Bu sənətkarlardan hər birinin özünəməxsus ədəbi məktəbi, orijinal yaradıcılıq yolu olmuşdur. Eyni sözləri, siyasi dedektiv janrında gözəl romanlar bəxş edən xalq yazıçısı Çingiz Abdullayev haqqında da deməliyik. O, öz yazı üslubu ilə müasir həmkarlarından fərqlənərək, adı çəkilən janrla Azərbaycan ədəbiyyatına yeni ruh, yeni rövnəq gətirdi.


Çingiz Abdullayevin müasirləri arasında qazandığı böyük nüfuz ədəbi mühitlə məhdudlaşmamış, ölkımizin ictimai-siyasi həyatında göstərdiyi fəaliyyət, ictimai proseslərdə fəal və intensiv iştirakı geniş əks-səda doğurubdur. Böyük idealların təsdiqində fəallıq göstərmək, müasir ictimai-siyasi proseslərin hadisə və meyllərin dərin təhlilini vrmək, xalqın, xüsusən də, dəstək verdiyi cavan yaradıcı insanların rifahı naminə mücadilə etmək onun ictimai fəaliyyətinin mərkəzində dayanıbdır. Mirzə Fətəli Axundzadə demişdir ki, “Mənim xalqımın fitri istedadı Avropa xalqlarının fitri istedadından qat-qat artıqdır”. Buna bariz nümunə Çingiz Abdullayevin parlaq yaradıcılığıdır. O, öz yaradıcılığı ilə sübut edir ki, bizim əsərlər milliyyətindən asılı olmayaraq, Avropada və digər qitələrdə yaşayan intellektual səviyyəli oxucuların diqqət mərkəzində ola bilər.


Ədəbiyyatda belə yazılmamış qanun var – hər bir yazıçı yaratdığı əsərlərin kəmiyyətindən və istedad dərəcəsindən asılı olmayaraq çox vaxt bir əsəri ilə tarixə düşür, yalnız bir əsəri onun sənətkar adının tam dəyərli ekvivalentinə çevrilir. XX əsrin sonlarına qədər Çingiz Abdullayevin adı çəkiləndə də yada ilk növbədə məşhur “Mavi mələklər” əsəri düşür.  


İş ondadır ki, “Mavi mələklər” Rus dilində dörd dəfə 1988 (30 000 tiraj), 1989 (100 000), 1992 (20 000) və 1994-cü (50 000) illərdə üst-üstə 200 000 tirajla, Azərbaycan dilinə tərcümə olunan əsər isə 1993 (9000) – 2011 (2000)–ci illərdə üst-üstə 11000 tirajla nəşr olunur. Buraxılış tarixinə və tirajların sayına nəzər salanda, onda görərik ki, Çingiz Abdullayev blokada şəraitində olan Azərbaycan ədəbiyyatı sahəsində inqilabi sıçrayış etdi. Azərbaycanlı nasirin ərsəyə gətirdiyi əsər sayı 100 minlərlə olan geniş oxucu kütləsinə təqdim olunur. O yerdə ki, (Rusiyada) bizi, mənfur ermənilərin iyrənc təbliğatına görə xristianların düşməni, mülki vətəndaşların qatili, mədəniyyətdən kənar barbarlar adlandırırdılar, bütün bu informasiya böhtanına sinə gərən bizim yazıçı, əsərlərini rus dilində nəşr etdirərək, postsovet məkanında azərbaycanlı ziyalısının hansı savada, nəyə qadir olduğunu sübut etdi. Onun bu fədakar uğuru bir çox bədbin insanları, o cümlədən, bəzi qələm sahiblərini qıcıqlandırdı.

 

 Mən, ilk dəfə Azərbaycanın ədəbiyyat məbədi sayılan Azərbaycan Yazıçılar Birliyinə qədəm qoyanda, orada birinci olaraq xalq yazıçısı Çingiz Abdullayevlə ünsiyyət qurmağa və tanış olmağa imkan tapmışam. Həmin ərəfədə mən ilk təfəkkür məhsulum, trilogiyanın birinci cildi “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” adlı əsərimi gətirmişdim. Əsər novator işi olduğundan, ona mütləq tanınmış nasirdən rəy almaq lazım idi. Çingiz Abdullayev tərəddüd etmədən əlyazmanı götürüb, tam yoxlayandan sonra xoşuna gəlsə, mənə kömək edəcəyini bildirdi. Tarixi və coğrafi, xüsusən də, erkən və orta əsrlər coğrafi kəşflər tarixi ilə zəngin olan və İspaniya, Çili tarixinin müəyyən bir dövrünü özündə əks etdirən əsər nəinki yazıçının xoşuna gəlmiş, hətta mövzuya heyran qaldığından o, kitaba dair rəy verdi və həmin tarixi roman çap edilərək, oxucuların ixtiyarına verildi. Həmin görüş zamanı mən onda olan müəmmalı bir sirri özüm üçün kəşf etdim; Çingiz müəllim romanın yaranışı üçün o dərəcədə sevinirdi ki, sanki həmin əsərin müəllifi özü idi. Bu ondan xəbər verir ki, onda həmkarlarına qarşı azacıq olsa da, paxıllıq hissi yoxdur.

İnsanlarda xoş ünsiyyət yaratmaq, zamanın ruhunu duymaq, öz alovlu, təsiredici nitqi ilə on minlərlə, yüz minlərlə insanın məhəbbətini qazanmaq, əxlaqi, etik, mədəni keyfiyyətlərlə ətrafda cərəyan edən içtimai proseslərin nəbzini tutmaq Çingiz Abdullayevi geniş miqyasda kamil insan səviyyəsinə gətirib çıxarıbdır. Kamil insanın daxili aləminə girib onun ürəyindəki duyğuları və təfəkküründəki fikirləri qələmə alıb yazmaq, çox mürəkkəb proses sayılır. Lakin mən Çingiz müəllimi şəxsən tanıdığım üçün, onun daxilində cərəyan edən, bəzi xarakterik sirrlərə bələdəm və məhz buna görə də sözün əsl mənasında, təfəkkürümdə, bu böyük insan barəsində gəzdirdiyim bir çox fikirləri paylaşmaq məcburiyyətindəyəm. Çingiz Abdullayevin əhatə dairəsi və fəaliyyət məkanı o qədər genişdir ki, onun haqqında nəinki qəzetdə məqalə, hətta böyük bir kitab yazsan da azdır. Onunla bağlı mən özümdə bir çox şeyləri kəşf etdim. Həyatın ağrılı-acılı çağlarına sinə gərməyi bacaran, bir çoxları kimi ruh düşkünlüyünə qapanmayan, hansı maneə ilə üzləşirsə-üzləşsin, həyata nikbinliklə baxan nasir tezliklə öz aləmini yaradır. Çingiz Abdullayev getdikcə həyatla daha sıx əlaqəyə girir, onun sirrlərini öyrənməyə, ziddiyyətlərinə açar tapmağa can atır. Onda olan bədii istedad Azərbaycan ədəbiyyatı üçün yeni sayılan yeni romanların yaranmasına gətirib çıxarır və Çingiz Abdullayev peşəkar nasir kimi cürbəcür baxışlı oxucular arasında təşəkkül tapır və əlbəttə ki, onların maraq obyektinə çevrilərək, onun yeni yazılarını izləməyə başlayırlar.

 

Hamıya bəllidir ki, Çingiz Abdullayev nəinki Azərbaycanda, hətta postsovet və Avropa məkanında yazıb-yaradan ən məhsuldar yazıçılardan biridir və demək olar ki, hər ay onun əsərləri yeni-yeni ölkələrin sərhədlərini aşaraq, geniş oxucu kütləsinin qəlbinə yol tapır. Belə bir nəticə ilə yaradıcı insanlarla yanaşı, bütün xalqımız fəxr etməlidir.

Mən xalq yazıçısı ilə ünsiyyətdə olarkən, gördüm ki, o, bəşər mədəniyyətindən, o cümlədən Şərq və Qərb mədəniyyətindən bəhs edən çoxsaylı ədəbiyyat yükünü öz daxilində daşıyır. Özüm erkən və orta əsr coğrafi kəşflər tarixinin araşdırılması ilə məşğulam və bununla bağlı çoxsaylı elmi ədəbiyyatları nəzərdən keçirirəm. Bu haqda Çingiz Abdullayev xəbər tutanda, mənimlə maralı diskussiyalar yaratdı və onda anladım ki, Amerika qitəsinin müəmmalı kəşfi, onun da maraq obyekti sayılır. Ümumiyyətlə, tarixçi olmayan bir şəxsin Amerika qitəsi ilə, həmin qitənin kəşfində müstəsna rol oynamış Xristofor Kolumb, sonrakı illərdə həmin sahillərə dəniz ekspedisiyaları təşkil etmiş, Vasko de Balboa, Pedru Kabral, Diyeqo Nunyes, Bartolomeu Las Kasas, Ameriqo Vespuççi, Fransisko Pisarro, Fransisko Orelyana, Xuan Qrixalva, Ernan Kortes və başqa səyyahlar barəsində geniş bilgiyə malik olması məndə təəccüb hissi doğurdu. Həmin tarixə və tarixin səhifələrinə düşmüş həmin səyyahlara olan marağı o dərəcədə böyükdür ki, o, hətta Kolumbun qəbrini ziyarət etmək üçün İspaniyanın Seviliya şəhərində yerləşən Şəhər Kofedral məbədinə yollanmışdı.

Çingiz Abdullayev öz nəslinə mənsub olan ən gözəl xüsusiyyətlərdən birini öz xarakterində cəmləşdirərək, insanlar arasında yaranan dialoq nəticəsində liberal prinsiplərə üstünlük verir. Əlbəttə, ünsiyyət insanların bir-birini qavramasından başlanır. Çingiz Abdullayev insanlarla söhbət edərkən, ilk növbədə həmsöhbətini səmimi olmağa çağırır və hər hansı bir mövzunun aktual olmasını xoşlayır. Adəti üzrə o, inandığı, etibar etdiyi adamdan heç nə gizlətmir, özündə olan düşündürücü fikirləri, xüsusən də, ona açıqlayır. Səmimiyyət ürəkaçıqlığın, xeyirxahlığın açarıdır. Lakin bir çox insanlar çox vaxt, bu məqamda bir-birini düzgün qavramır, özlərinin davranış motivlərini birtərəfli anlayır, əsaslı bir səbəb olmadan yadlaşır, bir-birindən ayrı düşür, incik gəzir, aylarla-illərlə küsürlər və s. Çingiz Abdullayev isə insan xarakterində olan bütün bu təzadlara baxmayaraq, liberal insan olduğundan hamı ilə kompromissə gedir və humanistliyi ilə hamını sakitliyə, loyal yola dəvət edir. Hətta ətrafında olan dost-tanışlarından kimsə küsəndə, o, həmin adamları barışdırmağa çalışır. O, adamların bir-birilərini qavrayanda ən çox hansı xüsusiyyətlərə daha çox diqqət yetirdiyini aydınca sezir.

Çingiz Abdullayevin psixologiyası və ünsiyyəti

 

Zəngin ünsiyyət təcrübəsi olan Çingiz Abdullayev həqiqətən də çox vaxt rastlaşdığı adamlara praktik psixoloq kimi həssaslıqla yanaşır, onların müsbət və mənfi keyfiyyətlərini nisbətən asanlıqla görür. Bundan başqa o, müntəzəm surətdə bədii ədəbiyyat mütaliə etdiyi üçün başqa adamları daha yaxşı başa düşür. Bu baxımdan psixoloji biliklərin əhəmiyyətini də ayrıca qeyd etmək lazımdır.

Çingiz Abdullayev psixoloji biliklərə ətraflı yiyələndiyindən müxtəlif həyat şəraitində rastlaşdığı adamları daha yaxşı tanıyır, onları düzgün anlaya bilir. Bir psixoloq kimi o, hər hansı bir insanın zahiri xüsusiyyətlərinə görə (əsasən, necə keyinib-gecinməsindən, özünü necə aparmasından) onun içüzünü, daxili aləmini bir növ oxumağa çalışır. Rastlaşdığı adamın vəfalı olub-olmadığını, səmimi, yoxsa yalançı, sədaqətli, yoxsa sədaqətsiz, etibarlı, yoxsa etibarsız olduğunu müəyyən etmək onun üçün mürəkkəb iş sayılmır. Çünki o, qavradığı ünsiyyət bağladığı adamı düzgün anlamağı və dərk etməyi bacarır. Ümumən, səxavətli adamlar, xüsusən də, xeyirxahlıq hissi onlarda irsi gen daşıdığından, kin-küdurətdən uzaq olar, daim başqaları ilə xoş rəftar etməyi özlərinə borc bilirlər. Elə Çingiz Abdullayev də ətrafdakılarına yalnız yaxşılıq etməyi, ahıl insanları sevindirməyi, kimsəsizlərə əl tutmağı özünün müqəddəs amalı hesab edir.

Çingiz Abdullayev səmimi insan olduğundan ünsiyyət zamanı həmsöhbətilə səmimi söhbət aparır ki, arada qaranlıq məqamlar yaranmasın. Alman yazıçısı və tərcüməçisi Fridrix Bodenştedt yaxşı deyibdir: “Hamı yaxşı bilir ki, bir saatlıq səmimi ünsiyyət insanları onillik adi münasibətlərdən daha çox yaxınlaşdırır”. Elə bu təvazökar və təmkinli Azərbaycan ziyalısı da həqiqəti aşılamaqdan ötrü həmin prinsipə üstünlük verir.

İxtiyar insanın öz əlindədir, çünki insanın mənəvi ehtiyacları, mənəvi qüvvələri, kamil fəzilətlərinin şərafəti fikir, əql, şüur və iradə vasitəsilə təmin və idarə edilir.

Ətrafda olan insanların bütün sosial təbəqələrə mənsub olan insanlarla vəhdət yaratmaq kimi yüksək əxlaqi ideal Çingiz Abdullayevin həyati rəmzi sayılır. Heç kəs təklikdə kamala çatmaz və bunun üçün bir-birinə kömək edən bütün insanları vahid bir bədən timsalında birləşdirən bir qrupun yaranması zəruriyyəti meydana çıxır. Allah-təala Çingiz Abdullayevə elə bir qüdrət və istedad bəxş edibdir ki, o, öz təbiəti etibarilə daim inkişafa meyl edir. O, öünün fiziki və kamillik vasitəsilə özündə həqiqəti intuisiyanın köməyilə bilavasitə dərk etmək qabiliyyətinə malikdir.

Siyasi dedektiv əsərlər ustadı hər hansı bir məsələylə bağlı fikirlərini söyləyəndə, ədəbiyyat sahəsində elmi məntiqi nəticəyə gələndə tələsmir, diqqətlə, səbrlə, geniş, elmi-bədii tədqiqatlara, mənbələrə əsaslanaraq, onlara bir-bir insanların gözü qarşısında müraciət etməklə, nəzəri təhlilini verməklə, müqyisələr aparmaqla, elə bir inandırıcı, həqiqi məntiqi fikirləri ümumiləşdirməklə fikrini yekunlaşdırır ki, onun elminə, yaradıcılığına, zəkasina, idrakına, zəngin elmi-nəzəri təcrübələrinə heyrət etməmək, heyran qalmaq olmur. Öz fikirində diqqətli olan Çingiz Abdullayev hər hansı məqaləsini qəzet səhifələrinə çıxarmağa hazırlaşarkən, hasil etdiyi fikrin tam təhlilini verməmiş, nəticə çıxarmağa tələsmir və məhz ondan sonra həmin fikirləri oxucuların ixtiyarına buraxır. O, sözün dəyərini bilən sənətkar kimi qarşısına qoyduğu ən ali məqsədlərə xidmət edir. Nasirin yazıları o qədər mənalı, təsirlidir ki, kitaba qapanan oxucunun diqqəti tarıma çıklir, bütün fikirləri özündə cəmləşdirir, hərtərəfli olaraq özünə çəkir.

Ruh və şüur Allah tərəfindən insanın bədəninə yeridilmiş əbədi və əzəli başlağıcdır. O ölən deyil. Şüur qeyri-maddi başlağıc olan ruhun fəaliyyət təzahürüdür və əslində maddi aləmdəki şeylər və proseslər ondan asılıdır, törəmədir. Çingiz Abdullayevin bildirdiyinə görə gerçəklikdə olmayan şey və hadisələrin obrazlarının təxəyyüldə yaradılması da ruhun və onun fəaliyyət təzahürü olan şüurun fəallığını təsdiqləyən cəhətdir. Hər bir adamın düşüncələri, duyğuları şüura aiddir. 

Çingiz Abdullayev yaradıcı bir insan kimi bütün ömrü boyu insanları anlamaqla, dünyanı dərk etməklə məşğul olur. O, idraksız yaşaya bilmir.

 

Necə ki, mən Bakıda oturub Qabriel Markesin, Paolo Koelyonun, Çarlz Verlindenin, Çarlz Hepqutun əsərlərini oxuyur, eləcə də Londonda, Parisdə, Madriddə, Berlində, Budapeştdə, Osloda, Moskvada, Sankt-Peterburqda və digər şəhərlərdə yaşayan sakinlər Çingiz Abdullayevin əsərlərini oxuyaraq, onlardan böyük həzz alırlar. Mən fəxr edirəm ki, adı çəkilən müasirim və həmyerlimin əsərləri tərəqqipərvər insanları sevindirir, həmin uğur ilə başda ermənilər olmaqla düşmənlərimizin bağrını çartladır.                       

Mən özüm, elə orta məktəbli illərində tarixi-bədii əsərlərə üstünlük versəm də, Artur Konan Doyl, Jorj Simenon, Aqata Kristinin də əsərlərini xoşlamışam. O vaxt həmin yazıçıların yaratdıqları obrazlar çoxlarının dillər əzbəri olmuşdur, lakin ağlıma belə gəlməzdi ki, haçansa Şerlok Holms, komissar Meqre, Erkül Puaro səviyyəsində və həmin çərgəyə daxil olacaq Dronqo kimi bir qəhrəmanı mənim həmyerlim yetişdirib, ədəbiyyat meydanına buraxacaq. Belə bir möcüzə yalnız, zəkası ilə dünya ədəbiyyatını mənimsəyən, güclü intellektual potensiallı geniş dünyagörüşünə malik olan bir yaradıcı tərəfindən yarana bilərdi.

Xüsusilə, onu qeyd etmək istəyirəm ki, Çingiz Abdullayevin səviyyəli, bacarıqlı, Avropa oxucularının nəbzini tuta bilən bir yazıçı kimi, zəngin biliyə malik olan yaradıcı bir insan kimi yetişməsində valideynlərinin də böyük rolu olubdur. Onun anası Şəfiqə Bədəlova 30 ilə yaxın marksizm və leninizm Universitetində rektor, o cümlədən Həmkarlar İttifaqının sədri vəzifəsində işləmiş tarixçi professor idi, atası Akif Abdullayev isə tanınmış hüquqşünas kimi Naxçıvan şəhər prokuroru vəzifəsində işləmiş və Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri olubdur. Çingiz Abdullayevin həddindən artıq məlumatlı və bilikli olması, onun çoxlu mütaliə etməsindən xəbər verir. Öz sahəsinin mütəxəssisi olan Çingiz Abdullayev ixtiyarında olan qəzet və rabitə xidmətlərinin vasitəsilə dünyada baş verən bütün yeniliklərdən xəbərdar olur, daim ixtisas ədəbiyyatı ilə maraqlanır, məşğul olduğu sahənin problemlərindən asanlıqla baş çıxara bilir. Onun idrakı özünə düzgün seçim etməkdə yardım olur və cəmiyyət arasında ona şöhrət gətirir.

 

İstedadı ölkə hüdudlarını aşan yazıçı


“Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edir. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər”
(“Quran” “Əl-Bəqərə” surəsi, 269-cu ayə). Çingiz Abdullayev Allah-təala tərəfindən ona əta edilən həyatda düzgün istiqamət götürdüyündən, həmin istiqamət ona yaradıcılıq sevinci bəxş etmiş, o, bu sahədə görkəmli nasir olmuş, janr etibarilə yenilik kəşf etmiş, hüquq elmində, ədəbiyyatında və digər sahələrdə inamlı addımlar atıbdır. Dünya praktikasında sübut olunubdur ki, iş adamın ürəyincə olmayanda, qabiliyyətinə uyğun gəlməyəndə hədərə çevrilir, onun boynunda ağır yük olur, hər an çalışır ki, ondan xilas olsun. Xilas ola bilməyəndə isə həyat mənasızlaşır, üzüntülər gətirir. Buna görə də nasirə müraciət edən həyat təcrübəsi olmayan cavanların peşə seçimi çox mühüm məsələ olduğundan Çingiz Abdullayev dünya görmüş bir ziyalı kimi perspektivli cavanlara düzgün yol göstərməyə çalışır.

Şəxsiyyətinə, xasiyyətinin xüsusiyyətlərinə görə hər bir insan cəmiyyətdə mühüm rol oynayır, davranış xəttini seçir. Burada iki əks müvqe mövcuddur: eqoizm – xudbinlik, ancaq özünü sevmək, öz şəxsi maraqlarını başqa adamların; bütövlükdə cəmiyyətin mənafeyindən üstün tutmaq, ikinci mövqedəki altruzmdir – öz şəxsi mənafeyini unudub, başqalarının qeydinə qalmağa, öz maraqlarını bütövlükdə cəmiyyətin mənafeyinə tabe etməyə hazır olmaq. Əlbəttə, bunlar ifrat xudbin və ifrat altursit xasiyyələr haqqında təsəvvür yaradır. Çingiz Abdullayev xasiyyət etibarilə ifrat alturist və onun bu nadir xasiyyəti övladlarına keçibdir. O, şəxsi mənafeyini unudub, başqalarının qeydinə qalmağa, öz maraqlarını isə bütövlükdə cəmiyyətin mənafeyinə tabe etdiyi mənə bəllidir. Çingiz Abdullayev istər məişətdə, istərsə də öz iş yerində olanda ətrafda olan insanların qayğılı problemlərinə biganə qala bilmir. Sadəcə olaraq o, bütün bunlara göz yuma bilmədiyindən özünü dağa-daşa vurur və çətin alınan işləri yoluna qoyandan sonra rahat nəfəs alır. Məhz bu kübar xasiyyətinə görə ətrafdakılar ona humanist adam kimi baxırlar.

Çağdaş dünyada gedən qloballaşma prosesi qarşılıqlı əlaqə və zənginləşmə bir çox sahələrdə olduğu kimi, ədəbiyyatda da mühüm məsələlərin müəyyənləşməsinə kömək edir. Müasir qloballaşma prosesində bir xalqın mənəvi sərvətlərinin başqa xalqa dövr edilməsi kulturoloji hadisə olmaqla yanaşı, həm də siyasi və etno-sosial faktora çevrilir və həyatın gerçək təlabatı kimi təzahür edir. Bu təlabatın yerinə yetirilməsində yeni informasiya texnologiyaları nə qədər güclü və ciddi amil kimi ortaya çıxsa da, bu işdə ayrı-ayrı yaradıcı insanların aparıcı rolunu heç nə əvəz edə bilmir. Çingiz Abdullayevin  yaratdığı silsilə əsərlər və hüquqşünaslıqla bağlı olan tədqiqat işləri hələ də geniş məkanda yayımlanaraq, insanlara mənəvi qida verir. Ədəbi-mədəni inteqrasiya prosesində onun və başqa alim və yazıçıların iştirakının böyük bəhrələr verməsi danılmaz bir gerçəklikdir.


Belə hesab edilir ki, insanın əsas vəzifələrindən biri yaşadığı aləmi öyrənməkdən, dərk etməkdən ibarətdir. Bu həqiqətən də belədir. Lakin bu da doğrudur ki, ətraf aləmi dərk etmək üçün Çingiz Abdullayev həmin aləm haqqında bilikləri necə əldə etdiyini, ondakı müxtəlif proses, hadisələrə aid informasiyanı necə topladığını və əxlaq, gözəllik, hüquq baxımından necə qiymətləndirdiyini başa düşmək üçün kamilliyə can atıbdır. 


Qərb mədəniyyətinin bir çox incəliklərini mənimsəyən və həmin mədəniyyətdə olan müəyyən sirrlərə yiyələnən Çingiz Abdullayev coğrafi bölgüsünə görə Şərq dünyasının sakini sayılır. Qəbul olunan ümumi prinsiplərə əsasən, şərq dünyasında göz açıb fəaliyyət göstərən ziyalı insanların təfəkkürünə görə insan hər şeydən əvvəl özündən baş çıxarmalı, özü ilə dünyanın dərin qarşılıqlı əlaqəsini aydınlaşdırmalı, özünün mənəvi aləminin xarici aləmdən yüksək və mürəkkəb olduğunu dərk etməlidir. Şərq üçün yalnız insan həyatının daha da abadlaşması naminə dünyanı dəyişdirmək haqdakı fikrin özü belə qəbul edilməzdir. Çingiz Abdullayevin dünyagörüşünə görə bu abadlığın özündə elə bir şey var ki, insanın təbiətinə ziddir, onun mahiyyətini dəyişdirə, bərpa olunmaz nəticələrə gətirib çıxara bilər. Bundan əlavə təbiətin dəyişdirilməsində nə qədər uzağa getməsini heç kim aydınlaşdıra bilməz. Müəyyən mənada bu yol qanunları bəşəriyyət tərəfindən hələ dərk edilməmiş bütün planetin tamamilə məhv olunmasına gətirib çıxarar. Nasirin fikrincə, əgər insan dünya ilə bu çür sıx bağlıdırsa və onun surətidirsə, idrak prosesini ilk növbədə insanın özünə yönəltməyə çalışmaq daha yaxşıdır. Şəxsiyyətin mənəvi və fiziki kamilliyi insanın mahiyyətində heç bir şeyi aydınlaşdırmayan maddi-texnniki tərəqqidə deyil, mənəvi aləmin dərin təhlilində, insanın mənəviyyatının özündədir.

Bütün sahələrdə yaradıcı işlə məşğul olmaq olar. Çingiz müəllimin fikrincə, mədəniyyət sahəsində yenilik yaratmaq, bədii əsər yazmaq, şəkil çəkmək, rəngkarlıqda, baletdə, teatırda yeni istiqamələri inkişaf etdirmək olar; yeni qanun kəşf etmək, dünyanı açıqlayan yeni nəzəriyyələr irəli sürmək, elmi metodların köməyi ilə tarixi keçmişimizdən nəyisə aşkarlamaq, gələcəkdən xəbər vermək mümkündür. Qısası, isənilən sahədə (maddi istehsal və mənəvi) yenilik yaratmaq olar. Çingiz Abdullayev yaradıcı bir insan kimi adi işlərə də yeni gözlə baxır, onları yaxşılaşdırmağa, təkmilləşdirməyə çalışır. O, hər bir işi yaradıcı kimi həyata keçirir, buna görə də işin xarakteri və keyfiyyəti onun özündən asılı olur.

Geriliyi xoşlamayan Çingiz Abdullayev nikbin əhval-ruhiyyə ilə gələcəyə doğru addımlayır və cavan təfəkkür sahiblərini də öz arxası ilə aparmağa çalışır. İnsanların birgə maddi istehsal praktikası özünün çoxəsrlik tarixində bəşəriyyəti yaşatmaq üçün zəruri olan xeyli iş növləri yaradıb. İslahata meylli olan Çingiz Abdullayev təşəbbüskarlıq, yaradıcılıq üçün meydan açır, işlədiyi janrda yeni yollar açılmasını istəyir. O, bunu onunla izah edir ki, hərə öz qabiliyyətinə, xasiyyətinə, maraq dairəsinə uyğun peşə seçməlidir. Təəssüflər olsun ki, bu həmişə belə olmur.


Fərəhli haldır ki, onun 160-dan çox əsəri işıq üzü görüb və yazdığı əsərlərə dair 10-a yaxın bədii film çəkilibdir və xüsusilə də, qeyd etmək istəyirəm ki, həmin filmlər əcnəbi rejissorlar tərəfindən Azərbaycanın hüdudlarından kənarda çəkilibdir. Belə bir uğur hər nasirə nəsib olmur.


25 milyon tirajdan çox çap olunan və 30 dilə yaxın tərcümə olunan əsərlərinin oxucu kontingenti isə bir çox sahələrdə çalışan sıravi adamlardan başqa, həm də siyasi, dövlət və ictimai xadimlərdir: Azərbaycanın prezidenti İlham Əliyev, ölkənin vitse-prezidenti, birinci xanım Mehriban xanım Əliyeva, Rusiyanın prezidenti Vladimir Putin, Rusiyanın Baş naziri Dmitri Medvedyev, Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov, Litvanın prezidenti Landsberqis, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Ukraynanın prezidenti Viktor Yanukoviç, postsovet məkanındakı MTN, DİN, MN və İnterpolda çalışan bir çox generallar və başqaları.

Mən, Çingiz Abdullayevin yaradıcılığı ilə bağlı fərdi araşdırma aparanda müəyyən etdim ki, onun əllidən çox əsərləri 30 000 tirajdan, on əsəri isə 100 000 və daha çox tirajla buraxılıb;

  1. Голубые ангелы: Роман. Почти невероятное убийство: Повесть.-Баку: Язычы, 1989.-100 000 экз.
  2. Преступление в Монпелье: Повесть. - Баку: Гянджлик, 1989. - 105 000 экз. 
  3. Охота на человека: Роман. - Баку: Гянджлик, 1991. - 100 000 экз.
  4. Игры профессионалов: Роман. В ожидании Апокалипсиса: Роман. - Краснодар: "Советская Кубань", 1994. - 100 000 экз. 
  5. Уйти и не вернуться: Роман. Мое прекрасное алиби: Роман. - Ростов-на-Дону: Проф-Пресс, 1995. - 100 000 экз.
  6. Мрак под солнцем: Роман. - Ростов-на-Дону: Проф-Пресс, 1995. -100 000 экз. 
  7. Совесть негодяев: Роман. - Ростов-на-Дону: Проф-Пресс, 1995. -100 000 экз.
  8. Пройти чистилище: Роман. - Ростов-на-Дону: Проф-Пресс, 1996. -100 000 экз.
  9. Круг негодяев: Трилогия. // Закон негодяев; Кредо негодяев; Совесть негодяев: Романы. - Ростов-на-Дону – Харьков: Проф-Пресс; ЕвроЭкспресс, 1996. -200 000 экз. 
  10. Последний синклит: Роман. На стороне Бога: Роман. - Москва:ACT, 2000. -100 000 экз. 

Üst-üstə bu 1 105 000 tiraj kitab edir. Belə bir nəticə onun böyük məkandakı uğurundan xəbər verir və mən bir azərbaycanlı kimi həmkarımın öz ətrafında milyonlarla oxucunu topladığından qürur hissi duyuram. Mənim fikirimcə, indiki zamanda, yaradıcı insanların geniş oxucu kütləsini öz ətrafında toplamaqda çətinlik çəkdikləri bir dövrdə, ərsəyə gətirilən əsərlərin ölkəsindən kənarda yerləşən hər hansı bir məkanda milyonlarla tirajına nail olursa, mən həmin adamı ədəbi kontingentin triumfatoru adlandırıram.

 

 Nəhəng qələm ustasıdır

                                                   

Xüsusilə, qeyd etmək istəyirəm ki, Çingiz Abdullayev nəhəng yazıçılar arasında həmin rəqabəti, bizim ədəbiyyata yad olan siyasi-detektiv janrında aparır. Bu janrda yazıb-yaratmaq üçün mütləq şəkildə siyasət, tarix, hüquq, coğrafiya, psixologiya elmlərini bilməli, bir çox ölkələrin ictimai, siyasi, hərbi və dövlət xadimlərinin bioqrafik məlumatlarından hali olmalıdır. Ərsəyə gətirilən əsərlərdən isə bilmək olar ki, “Beynəlxalq təcavüz problemi” barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alan (1988), “Beynəlxalq cinayət problemi”barədə doktorluq dissertasiyasını müdafıə edən Çingiz Abdullayev bütün bunlara peşəkarcasına yiyələnibdir.


Mən, dil ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Bir çoxları irad tuturlar ki, Çingiz Abdullayev əsərlərini rus dilində yazır. Mənə elə gəlir burada qəribə heç bir şey yoxdur. O, vaxtilə özünə lazım olan ədəbiyyatları rus dilində oxuduğundan, bu dilə mükəmməl şəkildə yiyələnir. Azərbaycan sovetlər ölkəsinin tərkibində olanda əksər elmi, texniki və bədii əsərlər rus dilində idi və oradakı biliklərə yiyələnmək üçün, həmin əsərlər tərcüməsiz şəkildə kitab rəflərində qalırdı. XX əsrin 80-ci illərin ortalarına qədər dünya yazıçılarının ərsəyə gətirdikləri “Kapitan Qrantın uşaqları”, “Üç muşketyor”, “Oliver Tvistin macəraları”, “Başsız atlı”, “Spartak”, “Ulenşpigel əfsanəsi” və bir neçə əsəri çıxmaq şərtilə, məşhur roman ustaları A. Düma, J. Vern, V. Skott, Ç. Dikkens, M. Drüon, V. Yan, T. Drayzer, M. Tven, F. Kuper, R. Sabatininin əsərləri Azərbaycan dilinə tərcümə olunmamışdı. Müttəfiq respublikalarda onların əsərlərini yalnız rus dilində, özü də tanışlıq sayəsində əldə etmək olurdu.


Çingiz Abdullayev Avropa, Amerika, Asiya ədəbiyyatlarının ən görkəmli sənətkarları, elmi-ictimai, bədii-estetik fikirlərinin nümayəndələri olan Q. Flober, C. Qolsuorsi, A. Sveyq, R. Rollan, A. Morua, Q. Hauptman, L. Feyxtvanger, T. Mann, B. Şou, T. Drayzer, İ. Kant, E. Heminquey, B. Prus, Okeys, H. Ceyms, E. Bronten, A. Kolric, C. Bleyk, A. Strindberq, M. Qandi, R. Taqor, P. Çandr yaradıcılıqlarına, sənətkarlıqlarına valeh olduğunu və əlbəttə ki, gələcək yaradıcılıq işlərində onların əsərlərindən qaynaqlandığını heç kimdən gizlətmir. Onun rus dilinə mükəmməl yiyələnməsi və o dildə müstəqil fikir yürütməsi həmin materialların mənimsənilməsinə və dünyagörüşünün artmasına gətirib çıxarır.

Dünyada bir çox nasirlər öz əsərlərini əcnəbi dillərdə yazıblar və onlar qınaq obyekti olmayıblar. Şəxsən mən çox razıyam ki, o, təfəkkür məhsullarını dünyanın ən oxuyan xalqı rusların dilində yazır və məhz buna görə də nasirin əsərləri çoxsaylı paralelləri və meridianları aşaraq, böyük bir məkanda təşəkkül tapır, oradan isə Avropa ölkələrinə daxil olur. Orta əsrlərdə bizim əksər alim və yaradıcı insanlarımız əsərlərini bizə yad olan tamamilə başqa dillərdə yazmışdılar. Necə ki, dahi Mühəmməd Nəsirəddin Tusi humanitar sahə ilə bağlı əsərlərini fars, elmi əsərlərini isə ərəb dillərində ərsəyə gətirmişdi, lakin özünü dünyaya azərbaycanlı kimi tanıtdırıbdır. Bu siyahıya Qətran Təbrizi, Məhsəti Gəncəvi, Kafiyəddin Ömər, Əfzələddin Xaqani, Bəhmənyar əl-Azərbaycani, Nizami Gəncəvini də daxil etsək, görərik ki, onlar bir azərbaycanlı kimi başqa dillərdə yazıb yaratmışdılar.

Hal-hazırda Moskva şəhərində yaşayıan məşhur yazıçı Rüstəm İbrahimbəyov, tanınmış rəssam Tahir Salahov və digərləri rus dillidirlər, amma hamı onları azərbaycanlı kimi tanıyır.


Haqsız iradlara, əsassız tənqidlərə məruz qalan Çingiz Abdullayev istəyir lap uyqur, monqol, dillərində yazsın, yenə də onun genetik möhürü azərbaycanlıdır və yazdığı əsərlərlə xalqımıza şan-şöhrət gətirir. Mən belə qənaətə gəlirəm ki, nəinki yerli, hətta xarici oxucular arasında kifayət qədər populyarlıq qazanan nasirin yaradıcılığına şübhə ilə yanaşmaq, paxıllıqdan başqa bir şey deyil. XVIII əsrdə yaşayıb yaratmış fransız yazıçısı Klod Helvetsi qeyd edirdi ki,“bütün qəbahətlərdən ən iyrənci paxıllıqdır. Onun bayrağı altında nifrət, xəyanət və böhtan addımlayır”. İspanlar isə deyirlər ki, “paxıl adam ağcaqanaddan da bərk sancar”. Paxıllığı əlində bayraq tutarq, başqalarını ləkələmək istəyən adamlar isə ispan yazıçısı Baltazar Qrasianın XVII əsrdə söylədiyi – “Paxıl adam bir dəfə ölmür; rəqibi haqqında tərifli sözlər eşitdikcə hər dəfə ölür”, ifadəsini eşidəndə bəlkə həmin hissləri özlərindən uzaqlaşdırarlar.

Çingiz Abdullayev yazdığı əsərlərin sayəsində nəinki Azərbaycanda, hətta bir çox ölkələrdə kifayət qədər tanınmış qələm ustasıdır. Onun bir azərbaycanlı kimi məşhur yazıçılarla rəqabət aparması məni həddindən çox heyrətləndirir. Lakin təəssüflər olsun ki, bizim televiziya kanalları demək olar ki, onun təbliğatı ilə, heç bir əməli iş görmür. Halbuki o, bizim hamımızın fəxr etdiyimiz nur saçan ziyalımızdır. Onun ərsəyə gətirdiyi “Mavi mələklər”, “Əclafların qanunu”, “Monte-Mario təpəsində ölüm”, “Qanın üç rəngi”, “Alçağın üslubu”, “Qatil üçün Qran-Pri” və başqa onlarla əsər, oxucular arasında çoxdan dillər əzbəri olubdur və hər ay səbirsizliklə nasirdən yeni kitab əldə etmək üçün, nəzərlərini Bakıda yerləşən ədəbiyyat məbədinə - Azərbaycan Yazıçılar Birliyinə yönəldiblər.  

Xalqın məhəbbətini qazanan belə bir istedadlı yazçıya dövlət qayğısı lazımdır. Cəsarətlə demək olar ki, müasir qələm sahiblərindən bir neçəsinin adını çıxmaqla, onun əsərləri bir çox xarici ölkələrdə yaşayan potensial oxucuların qəlbinə yol tapa bilibdir. Elə bu səbəbdən onu ədəbi külliyat ordusunun sayəsində qəlblərin fatehi adlandırmaq olar.


Bu bir həqiqətdir ki, dünya şörətli ədiblər əsl fatehlərdir. Makedoniyalı İsgəndər, Attila, Çingiz xan, Teymurləng, Məhmət Sultan və başqa dahi sərkərdələr ölkələri fəth etməklə, tarixin səhifələrinə fateh kimi düşsələr də, onları tam şəkildə fateh adlandırmaq olmaz, ona görə ki, onlar ölkələri fəth etsələr də, orada yaşayan xalqların qəlbini fəth edə bilməmişdilər. Əsl fateh isə zor gücünə yox, gərək xeyr əməllər sayəsində insanların qəlbini fəth etməlidirlər, necə ki, həmin işin öhdəsindən yaradıcı insanlar, alimlər, xeyriyyəçilər və humanistlər gəlirlər.

 Çingiz Abdullayevin onlarla əsərləri hər il yeni-yeni ölkələrin sərhədlərini keçir və onun 25 milyonluq ədəbi külliyat ordusu əcnəbi şəhərlərdəki kitabxanalara daxil olub, kitabsevər insanların qəlbini fəth edərək hamının sevimlisinə çevrilir. Bonapart Napoleon demişdir ki, “Bir ölkənin məşhurlaşması üçün bir neçə tanınmış sənətkarın olması kifayətdir”. Çingiz Abdullayevin əsərləri ölkəmizin hüdudlarını aşmaqla, mütaliə edən oxucuların arasında, sanki ölkəmizin məşhurlaşması təbliği ilə məşğul olur.

Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubun vitse-prezidenti, Beynəlxalq Ədəbiyyat Fondunun həmsədri Çingiz Abdullayev ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib, Amerikanın “The Christian Science Monitor” jurnalı onu müasir dövrün detektiv yanrında yazan ən yaxşı müəlliflərdən biri adlandırıbdır. Bütün bu tutul və mükafatlara baxmayaraq ən əsası o, əsərləri ilə birlikdə intellektual səviyyəli ədəbiyyatsevər insanların əziz qonağı sayılır. 


Ramiz Dəniz,
Yazıçı-tədqiqatçı, publisist

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi