Modern.az

Hacı Əbdüllə bağlı xatirələrim var...

Hacı Əbdüllə bağlı xatirələrim var...

Ədəbi̇yyat

7 Aprel 2020, 11:46

Firuz Mustafa

Hacı Əbdül 80 yaşında vəfat edib. Allah rəhmət eləsin.

Mənim də onunla bağlı bəzi xatirələrim var.

Vaxtilə (sovet dönəmində) AzTV-də “İlğım” adlı bir verilişin aparıcısı idim. Düzdür, mən adı çəkilən təsisatın, yəni televiziyanın ştatda olan əməkdaşı deyildim. Amma bu veriliş o vaxtlar kifayət qədər populyar idi və onun özəlliklərindən biri də qeyri-adi hadisələrə işıq tutmaq idi.

Bizim verilişlərdə “qar adam”, “uçan boşqab”, “klinik ölüm”, “ölüm tuneli”, xülasə, qeyri-adi hadisələr haqqında söhbət açılırdı. Hətta, o zamana qədər haqlarında mediada söz deyilməsinə ciddi tabu qoyulmuş, amma xalq arasında məşhur olan çıldaqçı Ağasəlim, meyxanaçı Nizami Rəmzi haqda da verilişlər hazırlamışdıq.

Günlərin bir günü qərara aldıq ki, təzə meydana gələn “Tövbə” cəmiyyəti və onun sədri Əbdül Almasov haqda da bir veriliş hazırlayaq. İşıqçını və operatoru götürüb üz tutduq dəqiqləşdirdiyimiz ünvana-Əbdülün, səhv etmirəmsə, o vaxtlar fəaliyyətə başladığı yerə, daha doğrusu təmirdən təzəcə çıxan İmam Hüseyn məscidinə.

Söhbət əsnasında o da məlum oldu ki, Əbdül deputat olmaq istəyir. Amma sonralar birinci turda onun bəxti gətirmədi və yenə səhv etmirəmsə onun “sənəd verdiyi” dairədən əvvəlcə dostumuz, Xalq şairi Nəriman Həsənzadə deputat seçildi.

Əbdül həyatın hər üzünü görmüş adam idi. Verilən sualları öz imkan və qabiliyyəti çərçivəsində cavablandırdı. Biz onun dediklərini lentə aldıq. Bu, öz yerində.

Amma məsələnin ən maraqlı yeri sən demə hələ irəlidə imiş. Arada Əbdül bizdən çox mədəni qaydada bir neçə dəqiqəlik icazə alıb məsciddən çıxdı. Və az sonra geri qayıtdı. İndi onun əlində uzun bir şallaq və yanındasa kürən bir oğlan vardı. Bu gənc oğlan milliyyətcə rus (və ya ukraynalı) idi. Demə, bu bakılı vətənpərvər həmyerlimiz könüllü şəkildə, yəni öz ayağı ilə Əbdülün yanına gəlibmiş. Oğlanın ricası çox sadə və bir az da əcaib idi: əyyaşlıqdan (yəni alkollu içki asılılığından) uzaq qaçmaq və müsəlman olmaq (yəni sünnət olunmaq).

Bunun üçün xüsusi protsedura varmış: əvvəlcə oğlanın, yəni bu xristian balasının tövbə etməsi lazım idi. Əbdül elə yanımızdaca oğlanın kürəyinə bir-iki şallaq dartdı. Əyyaşlığa qurşanmış gənc əllərini yuxarı qaldırıb gülümsəyərək qarışıq bir leksikonda cani-dildən Əbdülə təşəkkür etməyə başladı.

Sanki bu “tamaşa” əvvəlcədən məşq edilib hazırlanmışdı. Mən bu “tamaşanın” arxasına baxmaq istəmirdim. Ona görə də Əbdüldən xahiş etdim ki, bu “çıxışa” xətm versin, çünki biz tələsirik, buradan biz çıxıb başqa bir çəkilişə getməliyik.

Əbdül təəccübləndi. Bizə, yəni televiziyadan gələnlərin timsalında mənə, müraciətən dedi:

- Bəyəm çəkmək istəmirsiz bu tövbə epizodunu?..

Mən bildirdim ki, bu cür hərəkətlərin lentə alınması, üstəlik ekranda göstərilməsi, həm onun özünün, həm də “Tövbə” cəmiyyətinin nüfuzuna xələl gətirə bilər.

Əbdül çox da dərinə gedib mübahisə etmədi. Amma bizə öz arzusunu bildirdi:

- Çəkmək istəməsiniz, lap yaxşı, bu sizin öz işinizdır. Onsuz da mən indi bu övladımızın şallaq payını necə lazımdır artıqlaması ilə verəcəyəm. Amma bir xahişim var. Bir həftədən sonra bu balamızın sünnət toyu olacaq. Kirvəsi də məlumdur. Mən onu müsəlman edəcəyəm. Bax indi mən bu fürsətdən istifadə edib sizin hamınızı sünnət toyuna dəvət edirəm. Bütün xərclər mənim boynumadır. Mənim borcum bu mütəqəlqəl zamanda yolunu azanları Allah yoluna dəvət etməkdir... Bəyəm pis iş görürəm?

Biz xudahifizləşib Əbdüldən ayrıldıq.

Veriliş efirə getdi. Pis də qarşılanmadı.

Az sonra, Hacı Əbdül deputat seçildi.

Sonralar o, siyasi proseslərə qoşuldu. Bir müddət həbsxanada da “yatdı”. Və səsi də, fiziki mənada batdı.

Bir-iki il əvvəl ailə qurub təzədən evləndi və dünyaya gələn oğluna öz adını verdi, yəni dünyaya ikinci Əbdül gəldi.

Biz sonralar onunla Hüseyn Cavid bağı və “Nizami” metrostansiyası tərəfdə arabir rastlaşdıq. İndi Hacı Əbdülün səsi tutulmuşdu, sanki danışanda onu boğurdular.

Koloritli bir adam idi Hacı Əbdül. Özü də köhnə idmançı idi.

Onun səsi qulağımdadır: “Mənim borcum bu mütəqəlqəl zamanda yolunu azanları Allah yoluna dəvət etməkdir... Bəyəm pis iş görürəm?..”

Bax belə.

Ta orasını bilmirəm ki, bu bu mütəqəlqəl zamanda Hacı Əbdülün dəfni necə keçdi?

Bax belə-belə işlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi