Modern.az

Hesablama Palatasının İş planına yenidən baxılacaq - Sədrin AÇIQLAMASI

Hesablama Palatasının İş planına yenidən baxılacaq - Sədrin AÇIQLAMASI

Aktual

7 Aprel 2020, 15:14

“Pandemiya bir dövlət qurumu olaraq bizim də fəaliyyətimizə təsir göstərib. Biz fəaliyyətimizi qəbul edilmiş qərarlar çərçivəsində qurmuşuq, belə ki, “evdən iş” prinsipinə keçmişik”.

Modern.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yeni şəraitin yaratdığı şərtlər, fəsadların aradan qaldırılması istiqamətində atılan addımlar və postpandemiya dövründə zəruri olan tədbirlər barədə danışarkən bildirib.

 

V.Gülməmmədov qeyd edib ki, 2020-ci il üçün İş planına yenidən baxmaq zərurəti yaranacaq:

“Biz, planlaşdırılmış tədbirlərin tam olaraq həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Ötən ildən tətbiq etməyə başladığımız AFİS proqramı audit fəaliyyətinin bütün mərhələlərinin distant idarə olunması imkanlarını da yaradır. Cari ildə başlanılan auditlərin bu şəraitdə başa çatdırılmasına çalışırıq. 
İş planına yenidən baxılan zaman diqqətimizdə beynəlxalq təcrübədə ali audit orqanlarının tətbiq etdiyi yanaşmaları öyrənməklə bu şəraitdə üstünlük verilən nəzarət metodları və istiqamətləri də olacaq. Pandemiya ilə mübarizə istiqamətində icra olunan vəsaitlərin nəticəliliyinin səmərəlilik (performans) auditindən istifadə etməklə qiymətləndirilməsi məsələləri diqqətdə saxlanılacaq”.

 

Palata sədri deyib ki, COVID-19 pandemiyasından ən çox zərər görən sahə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da sosial sahədir:

“Əlbəttə, pandemiya məşğulluq imkanlarını məhdudlaşdırıb ki, bu da gəlir əldə etmə imkanlarının məhdudlaşması deməkdir. Son dövrlərdə kölgə iqtisadiyyatı ilə aparılan əhəmiyyətli mübarizə tədbirləri fonunda gizli iqtisadiyyatın azalması müşahidə olunsa da, bu hal hələ də tam aradan qaldırılmayıb və işlər davam edir. Əlbəttə ki, mövcud və yüksələn qeyri-müəyyənlik, azalan tələb ilk növbədə bu tip iqtisadi fəaliyyətdən gəlir əldə edənlərin maddi vəziyyətinə təsir edəcək. Digər tərəfdən, yalnız həyat üçün zəruri hesab edilən obyektlərin işləməsinin sahibkarlığa nəzərəçarpacaq dərəcədə ziyan vuracağı qaçılmazdır. 
Makrofiskal şəraitdə atılan addımlar üzrə ilk olaraq qeyd edək ki, dövlətimizin addımları zamana və şəraitə uyğun olaraq operativ şəkildə atılıb. Belə ki, ayrı-ayrı ölkələrin hazırkı təcrübəsi (ABŞ, Fransa, Rusiya, Honkonq və sair) nağd pul vasitəsilə əhali və biznesin maddi maraqlarını qarşılamağa çalışır. Hətta sosial həssas qruplara aylıq və davamlı ödənişlər edilir. Bu şəraitdə dövlətimiz tərəfindən atılan addımların mərkəzində məhz vətəndaşların sosial rifahının dəstəklənməsi durur. Bu, qəbul edilmiş Tədbirlər Planında aydın şəkildə öz əksini tapıb. Pul vəsaitlərinin inflyasiya təsiri ilə bağlı səsləndirilən gözləntilərə cavab olaraq qeyd edim ki, cari şərtlərdə bu, aktual deyil, belə ki, hazırda prioritet məsələ ölkə vətəndaşlarının həyat səviyyəsinin qorunmasıdır və atılan addımlar da bu istiqamətdədir. Koronavirusla mübarizəyə yönəldilən vəsaitlər, hesab edirik ki, cari il üçün ÜDM-in 5 faizindən çox olacaq”.

 


O qeyd edib ki, pandemiyanın sürətlə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq:

“Xərclərə təsirinə gəldikdə, qeyd edim ki, pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir.

 Büdcəyə yenidən baxılması zərurəti daxilində ali audit orqanı olaraq Hesablama Palatasının təkliflərinə gəlincə, onlayn rejimdə struktur şöbələrlə bu barədə müzakirələr aparılıb və təkliflərimizi həftənin sonuna qədər Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırırıq. Hər bir təklifin mümkün qədər əsaslandırılmasına çalışacayıq. Göndəriləcək təkliflərin hökumətin fəaliyyətinə faydalı olması və bu ağır sınaqdan az itkili çıxmasına səbəb olacağı qənaətindəyik.
Qeyd etdiyim kimi, pandemiya gəlirlərə təsirsiz ötüşməyəcək və bu təsir mənfi istiqamətlidir. Bu baxımdan büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır. 
Aydındır ki, gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır. Ümumiyyətlə, fiskal intizamın ən kəskin keşikçilərindən hesab olunan ali audit orqanları belə cari şərtlərdə bu intizamın bir qədər yumşaldılması tərəfdarlarındandır. Düşünürük ki, Azərbaycan nümunəsində büdcə xərclərinin ünvanlılığının artması – daha həssas qruplara davamlı olaraq müavinətlərin verilməsi (hətta pandemiya bitdikdən sonra) ilk addımlardan olacaq. Pandemiyanın nə qədər müddət davam edəcəyini və tam fəsadlarının miqyas olaraq qiymətləndirmək çətindir. Həssas qruplar davamlı olaraq əziyyət çəkdiyi üçün bu tədbirlər müntəzəm xarakter alacaq. 
Cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Xüsusilədə büdcə sektorunda çalışan (sosial sahədə çalışan) işçilərin maliyyələşdirilməsi davam edəcək. Dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin 2020-ci il ilin birinci rübü səviyyəsində saxlanılmasına da diqqət yetirməliyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər