Modern.az

“Kişi heç vaxt ərli qadına başqa gözlə baxmamalıdı” - Baba Mahmudoğlunun internetdə olmayan MÜSAHİBƏSİ

“Kişi heç vaxt ərli qadına başqa gözlə baxmamalıdı” - Baba Mahmudoğlunun internetdə olmayan MÜSAHİBƏSİ

Reportaj

11 Aprel 2020, 09:07

Modern.az saytı tanınmış jurnalist Səfurə Çərkəzqızının mərhum Xalıq artisti Baba Mahmudoğlu illər öncə qələmə aldığı müsahibəsini təqdim edir. İndiyədək internet mediada yayımlanmayan müsahibədə Baba Mahmudoğlunun gənclik illərindən bəhs olunur.

***

(Müsahibə elektron mediada ilk dəfə yayımlanır)

“Gözəllik başqadı, göyçəklik başqa”
 

Oxuyanda gözlərini dünyaya bağlayıb könlünü musiqiyə açan sənətkar - Baba Mahmudoğlu! Üç şeydə özünə daha çox güvənir: söz sənətində, musiqidə, bir də gözəlliyi duymaqda. Dediyinə görə,  bu sahələrdə onu imtahana çəkəni uğur gözləmir. Olsun... Şeirdən vaz keçdik, elə musiqidən də...Qaldı gözəlliyi duymaq. Həə, bax bundan danışırıq...


- Sizcə, nədi gözəllik? 

 - Türk dilində bir “gözəllik” sözü var, bir də “göyçəklik”. Bunlar eyni mənanı vermir. Aşıq Ələsgər deyir, dərd alıb, qəm satıb, nəf eyləmişəm. Sözə üzdən  yanaşanda adama elə gəlir, “dərd”, “qəm” eyni sözdü. Amma belə deyil.


- Gözəl nədi, göyçək nədi?

- Məncə, göyçəklik insanların birinci baxışdan gözlə inikasıdı. Bu, ancaq qadının, lap elə kişinin zahiri görünüşündən xəbər verir. Gözəlliksə mənəvi dünyanın çalarıdı.


- Sizcə, qadına hansı gərəkdi?


- Əlbəttə, gözəllik. Çirkin insan yoxdu, çirkin göz var. İranda hansı xanıma desən, siz nə gözəlsiz, adama cavab verirlər ki, ağa, sizin gözləriniz gözəldi.


- Baba müəllimin gözünə hələ çirkin qadın görsənməyib?


- Yox! Doğru sözümdü. Gərək gözəlliyi duyasan. Amma gözəlliyə çatmaq üçün göyçəklikdən keçməlisən. Göyçəklik burda astananı əvəz eləyir. Gözəlliyə gedən yolsa ancaq astanadandı.


- Maraqlıdı... Birdən elə astanadan geri qayıtmalı olduz?


- Onda, bu, mənim zəifliyimdi. Çünki  zahirən yaraşıqsız bir qadın daxilən gözəl ola bilər. Ya da əksinə. Sadəcə, səbirli olmaq, bunları kəşf eləmək lazımdı. Əsas səbəb ünsiyyətdəki problemdi. Ünsiyyətdə hər şey ayırd olacaq.


- Sizin qarşınıza  hansı xanımlar çıxıb: gözəli, ya göyçəyi?


- Gözəli. Mən həmişə gözəlliyin fövqündə dayanmışam. Gözəlliyə nə daxildir? İnsanın xarakteri, intellekti, insanlara münasibəti, səxavəti,  mənəvi dünyasının zənginliyi. Qadın üçünsə ən dəyərlisi həya, etibar, namusdu. Məhəmməd Peyğəmbərin qızı Fatimənin 8 yaşı olanda evlərinə kör bir kişi gəlir. Qız onu görəndə niqabını örtüb o biri otağa keçir. Bu, atasının gözündən yayınmır. Qonağı  yola salıb, evə qayıdanda soruşur ki, qızım, o kişinin gözləri görmürdü, sən niyə örtündün? Fatimə cavab verir ki, o, kor idi, mən ki görürdüm. Mən belə-mütləq mənada etibarın tərəfdarıyam.


- Bunlar kişilərə aid deyil?


- Müsəlmançılıqda belə bir fikir var: qadının günahı yeddi nəslə çəkər, kişininki evinin astanasına qədər...


- Bəs sizin  necə, günahınız olub?


Duruxur.


- Olub...cavan vaxtlarımda. Günah iki cürdü: riyakar, müqəddəs. Mənim günahım qarşı tərəfin günahından doğub.


- Gəlin açıq  danışaq.


- Kişi heç vaxt əri olan qadına başqa gözlə baxmamalıdı. Bu, “Qurani-Kərim”də də var. Qadının əri yoxsa, başqa məsələ. Peyğəmbərimiz də buyurub ki, əri ölən, şəhid olan qadınlar övladlarını saxlamaq, tək qalmamaq üçün kiməsə qanuni ərə gedə bilərlər. Qadının əri yoxsa, kimisə sevirsə, bu da günah deyil. Kişilərsə dinimizin qaydası, namus çərçivəsində istədiyi adama meyl sala bilər.


- Ailəsi olsa da?


- Fərqi yoxdu.


- Onda sizin günahınız nədə olub?


- Məşədi İbad demişkən, mənim eyibim eyibsizliyimdi.


- Bayaq belə demirdiz axı?


- Günahım odur ki...mütləq mənada, fundamental həyatım ola-ola, eyş-işrətə varmışam. Amma açığını desəm, yaradıcı adamçün bunun müəyyən rolu var. İslam dinisə belə şeyləri günah sayır.


- Amma insan həmişə qayda-qanundan kənara çıxmağa can atır.


- Düzdü...


- Bəzilərinin fikrincə, insan həyata bir dəfə gəlirsə, duyğuları boğmağa, çərçivəli yaşamağa  lüzum yoxdu...


- Ürək, məhəbbət çox şey deyə bilər. Bəs ağıl hardadı?


- Məhəbbət olan yerdə ağıl olmur axı...


- Məndə ağıl həmişə olub. Çox şeyi açıqlamayacam, çünki bu, mənim dünyama aiddir. Amma cavanlığımdakı xətalar mənimki deyil. Məni mən eləyən mənlərimdi. Demirəm sevməmişəm.  Sevmişəm, özü də o məhəbbəti həyat yoldaşımda tapmışam.  Başım da az çəkməyib.


- Niyə?

Suala yalnız diktofonu söndürəndən sonra cavab verdi. Deməli, oxucular üçün deyil...


- Deyirlər,  sevgi də bir gün tükənir...


- Həə, sevginin də sonu...(birdən sözünü yarıda qoyur, fikirləşir) bəlkə də, yoxdu. Ağlıma bir fikir gəldi.


- Elə indi?


- Həə. Ölüm həyatın nisbi formasıdı. Mən ölümü ölümsüzlük kimi qəbul eləyirəm. İnsanın ölümündən sonra başqa bir həyatı başlayır. Sevgi də elə. Mən elə bir maqnit sahəsindəyəm ki,  heç cürə ondan kənara çıxa bilmirəm. Amalya xanım məni ovsunlayıb.


- O xanımın tilsimi nədədi?


- Heç özüm də bilmirəm.

 
1999

Səfurə Çərkəzqızı,
“Sevdalılar”

***

REDAKSİYADAN:
Baba Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də Qazax rayonunun Muğanlı kəndində sadə bir ailədə anadan olub. O, orta məktəbi əla qiymətlərlə başa vurub. 16 yaşında Bakıya gəlib, daha sonra o vaxtkı Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mexanika fakültəsinə imtahansız qəbul olunub.
1961-ci ildə institutu bitirib mühəndis ixtisasına yiyələnib və Səttarxan adına zavodda aparıcı konstruktor kimi işləməyə başlayıb. Hələ tələbəlik illərində institutun, işə daxil olduğu vaxtdan isə zavodun Mədəniyyət sarayının mahnı və rəqs ansambllarının solisti kimi sənət addımları atmışdı.

Sənaye İnstitutunda oxuduğu illərdə tələbə yoldaşlarının tövsiyəsi ilə A.Zeynallı adına Musiqi Texnikumunun səs sinfinə gələrək, Seyid Şuşinskinin muğam dərslərində iştirak edib. Həmin vaxt o, Asəf Zeynallı adına Musiqi Məktəbində Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə muğamları öyrənib.

Onun zirvəyə doğru gedən sənət yolu, professional səhnə taleyi isə Opera və Balet Teatrından başlayıb. 1962-ci ildə Opera və Balet Teatrına solist qəbul olunub.
Baba Mahmudoğlu opera səhnəmizə “Leyli və Məcnun”da oynadığı Məcnunla gəlmişdi. Amma sonradan "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Gəlin qayası", "Xanəndənin taleyi" operalarında da baş rolların ifaçısı oldu. 

Sənətə həvəs Baba Mahmudoğlunu hətta M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirməyə də sövq etmişdi.

1979-cu ilə kimi hamı onu xanəndə Baba Mirzəyev kimi tanıyırdı. 1979-cu ilin sentyabr ayında isə özünə "Dastan" folklor ansamblı yaradaraq, o andan Baba Mahmudoğlu kimi çıxış etməyə başladı. 
 B.Mahmudoğlu 1992-ci ildə Xalq artisti titulu alıb. 2005-ci ildə Opera və Balet Teatrından təqaüdə göndərilib.

Sənətkar 2005-ci ilinin noyabrında xəstələnib, insult keçirib. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşib və həkimlər ona rayonda yaşamağı məsləhət görüblər. Bu səbəbdən B.Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində keçirib. Daha sonra Bakıya qayıdıb.

2006-cı il dekabrın 6-da Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir