Modern.az

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinə İctimai Nəzarət Şurası nəzarət edəcək - RƏSMİ

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinə İctimai Nəzarət Şurası nəzarət edəcək - RƏSMİ

11 Aprel 2020, 16:44

Baş Nazir Əli Əsədov sərəncamı ilə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.

Modern.az Şuranın üzvləri Ziyad Səmədzadə və Şəfiqə Məmmədova ilə əlaqə yaradıb. Şəfiqə Məmmədova məsələdən məlumatsız olduğunu, Ziyad Səmədzadə isə təzə məlumat aldığını deyib.



Şuranın fəaliyyəti haqqında Modern.az-a danışan Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə bildirib ki, Şura fondun vəsaitinin idarə olunmasına nəzarət edəcək:

“Sərəncamda da qeyd edildiyi kimi, Şura müvafiq dövlət orqanlarından (qurumlarından) və dövlətə məxsus olan hüquqi şəxslərdən (bundan sonra – satınalan təşkilat) Fondun vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətləri üzrə daxil olan sifarişləri 2 (iki) iş günü ərzində təsdiq edir.
Yəni fondun vəsaiti hansı istiqamətə xəsclənəcəksə, bunu həyata keçirəcək qurumdan, təşkilatdan İctimai Nəzarət Şurasına məlumat daxil olacaq.
Həmin məlumata Şura üzvləri 2 gün ərzində baxıb, qərar qəbul edəcəklər. Göründüyü kimi, Şuranın üzvləri sırasında bəstəkar, aktrisa, idmançı, həkim və eyni zamanda İqtisadiyyat və Maliyyə Nazirliklərin səlahiyyətli nümayəndələri var”.

Şura üzvlərinin yaşnın 65-dən yuxarı olmasına gəlincə, İbrahim Məmmədov onu da vurğulayıb ki, Şuranın fəaliyyəti onlayn rejimdə də aparıla bilər:

“İctimai Nəzarət Şurasının tərkibində 7 üzv var. Onların bir yerə yığışması zəruri olarsa, məsafəli şəkildə oturmaqla iclas keçirilə bilər. İştirak zəruri olmadıqda isə onlayn rejimdə sənədlər üzvlərə göndəriləcək, baxılıb, qərar qəbul olunacaq. Burada əsas məsələ şəffaflığın, xoşməramlılığın olmasıdır. Şura üzvləri bunu təmin edəcəklər. Ayda 2 dəfə “covid19fund.gov.az” saytında xərclənmələr barədə ətraflı məlumat yerləşdiriləcək”.

Nazirlər Kabinetinin sözçüsü onu da qeyd edib ki, koronavirus pandemiyasının təsirləri azaldıqdan sonra da zərurət olarsa, fond fəaliyyətini davam etdirə bilər:

“Bu ölkə rəhbərliyinin qərarından asılıdır. Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Ölkə başçısı zəruri hesab edəcəksə, təhlükə tam sovuşana qədər fondun fəaliyyət müddəti davam etdirilə bilər”.

Qeyd edək ki, sərəncama görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ictimaiyyəti təmsil edən 5 (beş) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı təmsil edən 2 (iki) nümayəndə daxil olmaqla 7 (yeddi) üzvdən ibarət aşağıdakı tərkibdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb: Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Gəray Gəraybəyli – Azərbaycan Tibb Universitetinin rektoru
Zemfira Meftahəddinova – Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Aydın İsayev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri
Rasim İsmayılov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar