Modern.az

Xüsusi karantin rejimində psixoloq MƏSLƏHƏTİ: “Xəstəliyi övladlarımızın təsirlənəcəyi qədər böyütməməliyik”

 Xüsusi karantin rejimində psixoloq MƏSLƏHƏTİ: “Xəstəliyi övladlarımızın təsirlənəcəyi qədər böyütməməliyik”

Müsahibə

12 Aprel 2020, 22:28

Modern.az xüsusi karantin rejiminin 20-ci günündə insanlara psixoloq məsləhətini davam etdirir. Növbəti həmsöhbətimiz psixoloq Fərqanə Mehmanqızıdır.

Psixoloq saytımıza açıqlamasında söyləyib ki, insanlar adi günlərdə vaxt tapmaması səbəbilə ertələdiyi işləri karantin günlərində həll etməlidirlər:
“Amma bu işləri planlaşdırılmış şəkildə yerinə yetirsələr yaxşıdır. Hər gün etdikləri işlərin gündəliyini hazılayıb, bu zaman psixoloji durumlarını, müsbət təsirlərini qeyd edə bilərlər. Bu, karantin vaxtı da, bundan sonra da çox yaxşı müsbət stimul olacaq.


Sosial şəbəkədə hamımız yazırıq – darıxdıq... darıxdıq... Lakin bu situasiya bir az da həmrəylik psixologiyasından irəli gəlir. Biri darıxır yazırsa, digərləri də ona qoşulub, darıxdığını yazır. Halbuki o qədər insan var, bunu yalandan yazan... Əslində bu duyğulara köklənmək gərginliyi bir az da artırır. Mənə evdar xanımlar müraciət edirlər, hansı ki, adi günlərdə bütün vaxtını evdə keçirirlər. Onlar da karantin rejimindən, məhdudiyyətdən şikayətlənirlər. Aydın görünür ki, darıxmaq karantin dönəmində sadəcə psixoloji dalğa kimi yayılır. Ona görə, “necə darıxmaq olar” haqqında düşünmək əvəzinə, “bu vaxtımızı necə dəyərləndirə bilərik” sualı ətrafında düşünsək, yaxşı olar”.

Gündəlik işlərlə, problemlərlə məşğul olan adamın özü ilə tək qalmalı olduğunu vurğulayan psixoloq karantini əsl vaxt hesab edir:
“Bütün dünyəvi dinlərdə, kosmosa göndərilən enerjidə, elmdə də deyilir ki, insan ən azı gündə 2 saat özü ilə tək qalmalıdır. Dində bu hansısa rituallarla, yoqada meditasiya, elmdə kitab oxumaqla təlqin edilir. Karantin günlərində sosial şəbəkəsiz, yaxında, uzaqda olan insanlarsız, heç kimlə ünsiyyətdə olmadan özümüzlə qalmaq çox yaxşı şərait deməkdir. Özünə hesabat verməlisən, mənfi karakterin, vərdişin varsa, onu aradan qaldırmaq üçün özünlə baş-başa qalıb, çalışmalısan. Qoy, insanlar karantindən sonra səndə olan müsbət dəyişikliyi hiss etsin. Karantindən öncə sosial mühitdən aldığın insanla karantindən sonra sosial mühitə qaytardığın insan arasında müsbət fərqlər olmalıdır”.

 

 

 

F. Mehmanqızı valideynlərə məsləhət görüb ki, uşaqları karantin dönəmində koronavirus haqqında gərəksiz informasiyalarla yükləməsinlər:
“Valideyn içərisində olduğumuz duruma gərəkdiyindən daha aqressiv reaksiya verərsə, uşaq bundan təsirlənəcək. Valideynlər koronavirus haqqında necə həyəcanla, karantin rejimi barəsində necə aqressiya ilə danışsa, uşaq da bunu edəcək. Çünki uşaq qorxmağı, qorxmamağı, ciddiyə almağı, yola verməyi, hansısa hadisənin təsirinə düşməyi valideyndən öyrənir. Ona görə, uşaqlara koronavirus pandemiyasından qorunmaq lazım olduğunu, bununla yanaşı karantin rejiminin o dərəcədə dəhşətli durum olmadığını izah etmək lazımdır. Həmçinin, uşaqlara koronavirus pandemiyasından sağalmağın mümkünlüyünü mütləq vurğulamalıyıq. Ümumilikdə, xəstəliyi ciddiyə alaraq, ondan qorunmaqla bərabər, hazırkı durumu həm öz beynimizdə, həm də övladlarımızın, yaxınlarımızın yanında onların təsirlənəcəyi qədər böyütməməliyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu