Modern.az

Rəbiyyət Aslanova: “Jurnalistlərlə bağlı belə insidentlər yolverilməzdir”

Rəbiyyət Aslanova: “Jurnalistlərlə bağlı belə insidentlər yolverilməzdir”

26 Aprel 2012, 09:12

“Cənubi Qafqazda  gücünü bərpa etmək istəyən ayrı-ayrı dövlətlər Azərbaycanın nüfuzuna xələl gətirmək üçün insan haqları məsələsini gündəmə gətirirlər”

Milli Məclisin deputatı, İnsan hüquları komitəsinin sədri Rəbiyyət Aslanovanın Modern.az saytına müsahibəsini təqdim edirik.

- Son zamanlar bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbyacanda insan haqlarının pozulması ilə bağlı ittihamlar səslənir. Nüfuzlu qəzetlərin səhifələrində ölkəmizlə bağlı yazılarda bu məsələyə dair təzyiq elementləri hiss olunur. Bununla bağlı sizin münasibətiniz necədir?

- Azərbaycanda insan haqlarının təmin olunması, insan haqlarının müdafiəsinin səmərəliliyinin artırılması ilə əlaqadar dövlətin müxtəlif addımları var. Dövlət öz vətəndaşının hüquqlarının təmin olunmasını, onun cəmiyyət  daxilində fəaliyyətinin, hüquq və azadlıqlarının sərhədlərinin daha da genişlənməsini prioritet hesab edir. Dövlət vətəndaşının layiqli həyat şəraitinin təmin olunması üçün bütun fəaliyyətini ortaya qoyub. Mənə elə gəlir ki, bu çox yüksək demokratik bir  göstəricidir və irəliyə doğru atılan addımdır. Bu bir günün işi deyil.  

Cəmiyyətdə baş verən proseslərin, iqtisadi, siyasi, sosial islahatların əsas məqsədi  Azərbaycan vətəndaşının hüquqlarına və azadlığının təmin olunmasına xidmət edən məqamlardır. Bu gün Azərbaycanın mövqeyi dünyada dəyişməkdədir. Azərbaycan bir demokratik, dünyəvi müstəqil dövlət olaraq özünütəsdiq prosesini yaşayır və bu  çox sürətlə gedir. Əgər bu gün dünyanın ən aparıcı təşkilatlarında, Azərbaycan əvvəlki 10 ildən fərqli olaraq bu gün çox möhkəm yer tutursa və  bu gün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvu olursa, bu o deməkdir ki, Azərbaycanın  gedən proseslərə müdaxiləsi və imkanı genişlənməkdədir.

Bu baxımdan ayrı-ayrı qurumların, dövlətlərin, dünyanın nizamını dəyişmək iddasında  olan hökumətlərin Cənubi Qafqazda siyasi sabitlik məkanı olan Azərbaycana təsiri azalmağa başlayıb. Dünyanı bu gün idarə edən ilk nöbədə maraqlardır. Azərbaycana yönələn maraqların hər birinin dost marağı olub -olmadığını çox yaxşı bilirik. Bu baxımdan Cənubi Qafqazda öz mövqeyini, gücünü bərpa etmək istəyən, bərqərar etmək istəyən ayrı-ayrı mərkəzlər, dövlətlər Azərbaycanın yüksələn nüfüzüna xələl gətirmək üçün ən maraqlı  məqam olaraq  insan haqları məsələsini gündəmə gətirirlər. Çünki bu gün insan haqları problemi elə bir problemdir ki, onunla çox asan manipulasiya etmək olur. Böyük bir dövlətin nüfüzuna xələl gətirmək üçün ilk növbədə həmin dövlətdə “insan haqları pozulur, insanlar öz azadlıqlarının tam təmin olunmur” deyərək onu dünyaya  qara kölgə şəklində təqdim etmək mümkündür. Ancaq ilk növbədə dövlətin qəbul elədiyi qanunlar, o qanunların gerçəkləşməsi və Azərbaycan vətəndaşının öz dövlətinə, hakimiyyətinə  olan münasibətini təqdim etmək kifayətdir ki, o münasibətlərin nə qədər yanlış olduğu bir daha sübut olunsun.

- Hesab edirsiniz ki, “Human Rights”, “Amnest İnternasional” kimi təşkilatların hesabatları həmin prinsiplər üzərində qurulub?

- İstər “Human Rights”, “Amnest İnternasional”, bu təşkilatlar öz-özləri üçün fəaliyyət göstərən qurumlardır. Bunlar ötən əsrin ortalarında mövcüd olan bir təşkilatlardır. Belə təşkilatların hardan qaynağlandığı və kimlər tərəfindən yön verildiyi hansı qeyri-formal  mərkəzlər tərəfindən istiqamətləndirildiyi çoxdan  məlumdur. Dünyanın düzənini, inkşaf perespektivini müəyyən etmək iqtidarında olan və buna çalışan, müxtəlif beynəlxalq təşkilatlar var. Ümumilikdə bu gün beynəlxalq təşkilatlarının özlərinin xarakteri çox dəyişib. Bu gün beynəlxalq təşkilatların əksəriyyəti, xüsusilədə iqtisadi,  yaxud da insan haqları ilə məşğul olan beynəlxalq təşkilatlar fəaliyyətlərində heç də azad deyillər. Çünki onların fəaliyyət göstərməsi üçün həm resuslar verən, həm də öz missionerləri, emisarları tərəfindən onun fəaliyyətini müəyyənləşdirən  qurumlar var. Bu məlumdur. Dünya siyasətində həmişə mövcüd olan və həmişə istifadə edilən bir proqramdır.  Bu baxımdan da Azərbaycan haqqında söyənilən həmin məqamlar, fikirlər  obyektivlikdən çox uzaqdır. Bir şeyi deyim belə təşkilatların böyük əksəriyyətində erməni mənşəli insanlar oturublar və aparıcı yerlərdə bunlar dururlar. Onların da sözsüz ki, əsas istiqaməti Azərbaycanın həm yüksələn nüfüzuna və Azərbaycanın dünyadakı imicinə xələl gətirmək üçün konkret proqramlar işləyib hazırlımaqdan ibarətdir. Bunu Azərbaycan vətəndaşı çox gözəl bilir. Bu gün dünyada da çox gözəl anlıyırlar ki, Avropanın enerji təhlükəsizliyini təmin etmək iqtidarında olan, dünyada sabitliyin, sülhün, tolerantlığın təmin olunması üçün böyük fəaliyyət göstərən bir dövlət haqqında söylənilən bu fikirlər həmin o sözlərin müəlliflərinə  başucalığı gətirmir.

- Əsas olaraq jurnalistlərə qarşı olan zorakılıq və döyülmələr ciddi tənqid olunur. Xüsusən  ARDNŞ təhlkəsizlik xidmətinin əməkdaşları tərəfindən iki jurnalistə qarşı edilən zorakılıq ciddi rezonans verib. Bununla bağlı nə deyə bilərsiniiz?

- Jurnalistlərin döyülməsi məsələsinə gəlincə, insan haqları baxımından hər hansı fiziki təzyiqin əleyhinəyəm. Hər şey qanun çərçivəsində olmalıdır. Əgər belə bir hal baş verirsə, hər hansı bir jurnalistə fəaliyyəti zamanı təziqlər olunursa, bunun üçün qanunvericilik var. Dövlət başçısı da həmişə öz çıxışlarında jurnalistlərə və onların fəaliyyətlərinə çox böyük önəm verir.

Dövlət azad sözün gerçəkləşməsində və söz mətbuat azadlığın təmin olunmasında çox maraqlıdır.  

Odur ki, dediyiniz belə bir insidentlər yolverilməzdir. Jurnalist özünün peşə etkisanın tələblərinə cavab verməlidir.  Mən bu gün çox istəyirəm ki, Azərbaycan jurnalisti, reportyoru ona verilən peşə etikasından kənara çıxmasın. Hər hansı bir münasibətin sivil qayda ilə həll olunmasının tərəfdarıyam.

M. AĞAXANOV       

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı