Modern.az

Özünüzü koronavirusdan sonrakı mərhələyə hazırlayın - KARANTİNİN 22-Cİ GÜNÜNÜN psixoloq məsləhəti

Özünüzü koronavirusdan sonrakı mərhələyə hazırlayın - KARANTİNİN 22-Cİ GÜNÜNÜN psixoloq məsləhəti

Ölkə

14 Aprel 2020, 00:54

Bu gün karantin rejiminin 22-ci günüdür. Modern.az insanlarımız üçün psixoloq məsləhətini davam etdirir.

 

Növbəti həmsöhbətimiz psixoloq Aytən Ələkbərovadır.

 

O da ilk olaraq qeyd edib ki, yaşadığımız dövrdə belə karantin rejiminin, ciddi qadağaların tətbiq olunacağı heç kim ağlına gətirə bilməzdi:

“Bizim sonuncu dəfə evdən çıxma yasağımız Qarabağ savaşı zamanı fövqəladə vəziyyət elan ediləndə tətbiq olunub. İndiki karantin rejimi bizə həmin günləri xatırlatdı. Vəziyyətin tanış olmaması insanların bunu gərginləşdirmədən, sağlam düşünməsində, mövcud durumu qəbul etməsində də bəzən problemlər yaranır.

İstər-istəməz hamı düşünür ki, oturduğum yerdə bu nə idi, başımıza gəldi? Bu cür təşviş psixosematik olaraq, insan bədəninin hərarətini qaldırır. Həmin insan sağ əlini başının üzərinə qoyduqda başı və əli arasındakı məsafədə istiliyin nə dərəcədə gəldiyini hiss edir. Bunu daha çox hiss edən insanlar psixosematik durumla yaşayan insanlardır. Hansı ki, xəstəlik olmadığı halda öz fantaziyalarında yaradırlar. Temperaturu olmayan insan tez-tez özünə təkrar edir, termometri götürüb, istiliyini ölçür. Bu zaman biz beynimizlə vəziyyəti gərginləşdirə, yaxud sakitləşdirə bilirik. Bizim psixoloji immunitetimiz güclüdürsə, özümüzü sakitləşdirməyi bacarırıq. Amma psixosematik pozğunluq varsa, psixoloqun köməyi ilə vəziyyəti nəzarət altına almaq olar”.

 

Hər bir insanın fərdi bioloji və psixoloji xüsusiyyətlərinin olduğunu qeyd edən A. Ələkbərova diqqətə çatdırıb ki, indi demək olar, bütün peşə sahibləri evdədir:

“Öncə kitab oxumaqdan başladıq, çünki buna mənəvi ehtiyacımız var idi. Bir çox insanlar kitab oxumağa bu tərəfdən yanaşdılar ki, bundan sonra işimdə necə müsbət dəyişiklik edə bilərəm. Amma bəzi insanları evdə oturub, kitab oxumaq daha da vahimələndirir. Qeyd etdiyimiz kimi, insanların fərdi psixoloji xüsusiyyətləri bu məsələdə də önəmli rol oynayır. Hər kəsə #evdəqal çağırışı edilə bilər. İnsanlara ən böyük motivasiya ölkə başçısı tərəfindən səsləndirilən #bizbirlikdəgüclüyük çağırışı oldu.

Biz artıq evdə qalaraq, gündəlik işlərimizi həll etməklə bərabər toplanmış psixoloji gərginliyimizi də üstümüzdən ata bilərik. Bunun üçün televiziyada, internetdə öz milli kinolarımıza baxaraq, canlı yaxud onlayn şəkildə kitab oxuyaraq, ailəmizlə vaxt keçirərək özümüzə gələ bilərik”.

 

 

Karantin dönəmində ailədaxili münaqişələrin artdığını diqqətə çatdıran psixoloqun sözlərinə görə, son illər statistik məlumatlar hər 5 ailədən 4-də problem halının yaşandığını təsdiq edir:

“Normal vaxtlarda biz bununla əsaslandırırdıq ki, insanlar işinə daha çox vaxt sərf edir, ailəyə diqqət ayırmağa zaman qalmır. İndi əsl füsətdir ki, ailə üzvləri bir-biri ilə ünsiyyət qursunlar, yaşanan problemləri aradan qaldırmağa çalışsınlar. Ümumiyyətlə, bu təsdiq olunmuş məqamdır ki, hər bir ailədən 4 ildən bir müəyyən laxlama yaşanır.

Karantin dönəmində ailədaxili münaqişələr boşanmaya da gətirib çıxara bilər, boşanmadan çəkinməyə də. Məsələn, boşanmaq istəyən tərəf karantin dönəmində qarşı tərəflə daha çox vaxt keçirməyə məcbur olur və onun müsbət keyfiyyətlərini bir daha görə bilir. Boşanmaya gətirib çıxaran məqamlar isə artıq evdə qalan uyğun cütlük olmadığını anlayan ailələrdə yaşanır”.

 

A. Ələkbərova son olaraq, insanlara mövcud durumu olduğu kimi qəbul etməyi məsləhət görüb:

“Əsas məsələ, baş verən heç bir şeyə peşman olmasınlar. Artıq oldu, bitdi. Reallıq olaraq, “indi nə edə bilərəm” və gələcəyə baxış üzərində plan qurmaq lazımdır. Bu plana uyğun, hər kəs peşəsi ilə bağlı addımlar atarsa, yenilik etməyə çalışarsa, karantindən sonra daha müsbət nəticələr əldə edə bilərik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir