Modern.az

Türkiyədə virusla mübarizə aparan azərbaycanlı həkim: “Pandemiya birdən-birə yoxa çıxmayacaq” - MÜSAHİBƏ

Türkiyədə virusla mübarizə aparan azərbaycanlı həkim: “Pandemiya birdən-birə yoxa çıxmayacaq” - MÜSAHİBƏ

14 Aprel 2020, 09:54

Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Fərid Kasımzadə:

 

“Koronavirus bizim gündəlik həyat tərzimiz olacaq”



Dünyada koronavirusa yoluxan xəstələrin sayı günü-gündən artmaqdadır. Hələ ki  tibbin qalib gəlmədiyi bu xəstəlik barədə müxtəlif suallar yaranır.

 

Bu dəfə koronavirus pandemiyası ilə bağlı sualları Modern.az-a müsahibəsində  Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Fərid Kasımzadə cavablandırıb.

 

- Fərid bəy, virusa yoluxduqdan nə qədər zaman sonra simptomları hiss edə bilərik?

- Bir insanın virusa yoluxub-yoluxmadığı barədə 14 gün ərzində məlumat əldə etmək olar. Qızdırma və öskürək əsas simptomlardır. Tək qızdırma simptomu belə  koronavirus şübhəsi doğura bilər. Bugün etibarı ilə Türkiyədə 60.000 dən çox xəstəyə koronavirus diaqnozu qoyulub. Koronavirusun müalicəsi xəstənin ümumi vəziyyətinə görə evdə və xəstəxanada planlaşdırılır. Xəstəliyin müalicəsi üçün müəyyən alqoritmlər var, müxtəlif ssenarilərlə qarşılaşılır. Məsələn, şübhəli təması olan xəstə həkimə müraciət edir və edilən testə görə onun nəticəsi mənfi çıxır. Həmin şəxsə  məlumat verilərək izolyasiya qaydalarına riayət etmək şərti ilə evdə karantinə alınır. Çünki testin neqativ nəticə verməsi həmin adamın virusa yoluxmaması demək deyil. Yəni bir neçə gün sonra təkrar yoxlanış olunaraq  şəxsdə virus aşkarlana bilər. Bu səbəblə insanlar karantinə 14 günlük bir hesabla alınır.
Bir başqa ssenariyaya görə: klinik vəziyyəti rahat, nəfəs darlığı çəkməyən sadəcə qızdırma şikayəti olan xəstəyə testlər edilərək, ilkin müalicə kursu başlanır və o,  evdən müşahidə edilir. Simptomları daha ağır seyr edilən, oksigen dəstəyinə ehtiyac duyan, nəfəs çatışmazlığı şikayəti olanlar klinikalarda vəziyyətlərinin ciddiliyinə görə stasionar və ya reanimasiya şöbələrində daha ağır müalicə üsulu tətbiq olunaraq müalicə edilir. Bildiyiniz kimi, hələ ki koronavirusun xüsusi müalicəsi yoxdur. Koronavirus üçün  təşkil edilmiş Elmi Şura günlük toplantılar ilə ən son elmi yeniliklərə görə tətbiq olunan protokolları yeniləyərək, həkimlərə təbliğ edir. Buna görə də xəstəliyin ağırlaşmamasi üçün istifadə olunan dərmanlar və metodlar yenilənir.


- Yəqin ki, xəstələriniz arasında müxtəlif millətlərin də nümayəndəsi olub. Maraqlıdır, onların xəstəliyi keçirmə prosesi ilə türklərdə fərqlər var?


- Əslində  bu xəstəlik üçün millət fərqi olmamalıdır. Mövcud vəziyyətdə statistikalar güzgü rolunu oynayır. Türkiyənin statistikasına görə, 18-65 yaş arası insanlar ölkə əhalisinin təqribən 60 faizini əhatə edir. Belə vəziyyətdə Türkiyə koronavirusla mübarizə aparan Avropa ölkələrindən daha gənc hesab olunur. Ona görə də Türkiyədə virusa yoluxan xəstələrin sağalmasında artım faizi daha yuxarıdır. İzolyasiya qaydalarının vacibliyini bütün səhiyyə təşkilatları bildirirlər. Bu baxımdan xəstəliyin inkişaf dinamikasını millət fərqi ilə yox, insanların demoqrafik vəziyyəti və virusa məruziyyəti ilə ölçmək daha doğrudur.


- Xəstələrin qidalanması barədə danışmanızı istərdik. Virusa yoluxmuş şəxslərə hansısa ərzaq, yaxud da qida məhdudiyyəti qoyulurmu?


-
Əvvəla onu deyim ki, xəstəliyə yoluxan və yoluxma şübhəsi olan insanlar ev şəraitindədirsə, mütləq şəkildə əşyalarını və mümkünsə otağını ayırmalıdır. Otağın tez-tez havalandırılması vacibdir. Bundan başqa, həmin şəxslər bol maye içməlidir. Portağal, kivi, bibər və.s kimi C vitamini ilə zəngin  qidaları qəbul etmək məsləhətdir. Amma konkret qida yoxdur ki, deyək ki, bunu ye, sağalacaqsan. Ya da əksinə, yeməklə bağlı hansısa məhdudiyyət qoymuruq. Əsas odur ki, normal halda olduğu kimi, belə vaxtda da düzgün və sağlam qidalanasan, yuxu rejiminə riayət edəsən.


- Türkiyədən koronavirusla mübarizə üçün qrup halında gələn həkimlər tək Azərbaycan üçün ayrılıb ya necə? Bəs, Türkiyəyə mütəxəssislər cəlb olunubmu?

- Xeyr. Bu layihə Azərbaycanın təşəbbüsü ilə meydana gəlib. Hələ ki, başqa ölkələr üçün belə qrupların göndərilməsi nəzərdə tutulmayıb. O ki qaldı Türkiyəyə mütəxəssislərin cəlb olunmasına, burda kifayət qədər peşəkar kadrların olması səbəbi ilə əlavə qüvvəyə ehtiyac yoxdur.

 

- Koronaviruslu xəstələrin müalicəsi ilə ixtisasca hansı həkimlər məşğul olmalıdır?

- İnfeksiya xəstəlikləri, ağciyər xəstəlikləri, anesteziya ve reanimasiya, daxili xəstəliklər ilə məşğul olan həkimlər, təcili tibbi yardım mütəxəssisləri müalicə məsələsi ilə məşğul olmalıdır.

 

- Xəstəliyin kişi və qadınlarda inkişafı necədir? Yəni bu dövrü cinslər necə keçirir?


-
Xəstəliyə yoluxmada cinsiyyət fərqi yoxdur. Yəni həm kişilər, həm də qadınlar koronavirusa yoluxa bilər. Türkiyədə kişilərin koronavirus xəstələyini daha ağır formada keçirməsi müşahidə edilib. Bunun da əsas səbəblərindən biri kişilərin daha çox siqaret çəkməsidir.

 

- Xəstələr arasında gənclər də varmı? Onların vəziyyəti necədir?


-
Türkiyədə gənc xəstələrin əksəriyyəti ev şəraitində telefon vasitəsi ilə izlənilir. Onların qızdırma ve öskürəklərinin olması telefon məsafəsi ilə müəyyən edilib, yoxlanılır. Bu da ondan ötrüdür ki, xəstəxanalarda daha ağır xəstələri qarşılamaq üçün yer ehtiyatı tükənməsin. Gənc xəstələrin də vəziyyəti adətən yaxşı olduğu üçün evdən müalicə olunur. Amma təbii ki, çox olmasa da vəziyyətləri orta-ağır, ağır olan gənclər də var.

 

- Bildirilir ki, Türkiyədə koronavirus səbəbi ilə yaşlılar digər ölkələrə nisbətdə daha çox ölür. Bu nə dərəcədə doğrudur? Əgər belə bir fakt varsa, bu o deməkdir ki, türklərdə yaşlılıq zamanı immunitet çox zəif olur?

- Əslində bu tip söhbətlər sadəcə dedi-qodudur. Çünki söylənilən belə fikirlər real fakta əsaslanmır. Digər ölkələrə nisbətdə ümumiyyətlə Türkiyədə ölüm faktı daha azdır. Çünki səhiyyə sistemi olaraq istər həkim və tibbi personal, istərsə də xəstəxana ilə tibbi ləvazimat ehtiyatı hazırki vəziyyətin öhdəsindən gəlir.

 

-
Koronavirusun dərmanı yoxdur deyirlər. Amma sağalanların da sayı yetərincədir. Bu necə olur?

- Hər il keçid mövsümlərində daha çox olmaqla insanlarda qrip müşahidə olunur. Hər kəs ildə bir dəfə də olsa qripə yoluxur, boğazı ağrıyır və bu 10 gün də olsa davam edir. Koronavirus da bir virusdur. İmmuniteti normal olan insanlar bunu yaşayır və müəyyən müddətdə virusa qalib gəlir. Koronavirus olmasa da, başqa viruslardan da hər il minlərlə insan pnevmaniya olur, sağalır və ya ölür. Ona görə də demək olmaz ki, koronavirusun dərmanı yoxdur və hər kəs öləcək. İnsanlar inanmalıdır ki, normal və güclü immun sistemləri varsa virusa, qalib gələcəklər. Bəzi dərman və vitaminlər isə sadəcə xəstəliyin daha ağır keçirilməməsi üçün istifadə olunur. Burda ən vacib olan məqam xəstəliyin yayılmasının qarşısını alaraq, immuniteti zəif insanların tibbi xidmət ala bilməklərinə şərait yaratmaqdır.

 

- Vəziyyəti ağır olan insanlar yaxınlarını görmək istəyəndə şərait yaradırsınız? Çünki biz demək olar ki, hər gün mətbuatdan oxuyuruq ki, dünyada virusdan ölən insanlar tək-tənha, yaxınlarını görmədən ölür…

- Türkiyədə də bu problem var. Karantində olan xəstə yaxınları üçün sadə bir məntiq var, onlar xəstələri ilə görüşərsə, virusa yoluxma təhlükəsi yaranacaq. Bu məsələdə insanların sosial zəkası çox önəmlidir. Normalda virusa yoluxan xəstələri inefeksion xəstələr üçün olan palatalara yerləşdirirlər və yaxınları kənardan şüşə ara məsafəsi ilə onları görür. Amma indi xəstə sayının cox olması səbəbi ilə hər xəstəxanada belə şərait yaratmaq olmur. Ona görə də mövcud vəziyyətə həm xəstə, həm də xəstə yaxınları uyğunlaşmalıdır. Cəmiyyət bu mövzu ilə əlaqəli  maariflənməli və bir görüşün əslində onlar üçün nə qədər təhlükə yaradacağının fərqində olmalıdır.

 

- İndiyədək “SARS”, QİÇS və bu kimi təhlükəli viruslar olub və var. Amma elə görünür ki, insanlar koronavirusdan daha çox qorxur. Sizcə koronavirus o xəstəliklərdən daha risklidir?

- Koronavirus digər viruslardan fərqli olaraq daha tez yayılma və yoluxdurma gücünə malikdir. Ancaq bu virusa kimin immun sisteminin necə reaksiya verəcəyi bilinmir. Kimisi xəstəliyi sadə qrip kimi keçirə bilər, kimisi ağciyər çatışmazlığından ölə bilər. Bütün dünya artıq bu xəstəlikdən sonra hər şeyin dəyişəcəyinə inanır. İnsanlar gigiyena qaydalarına daha çox diqqət edəcək. Hər halda bir-birləri ilə əl verib göürşməyəcəklər. Bu pandemiya birdən-birə yoxa çıxmayacaq. Türkiyə də daxil milyonlarla əhalisi olan ölkələrdə hamı birdən sağalmayacaq. Bu səbəblə koronavirus bizim gündəlik həyat tərzimiz olacaq. Bu virusun mutasiyaları hər il bizi müxtəlif xəstəliklərlə qarşı-qarşıya qoyacaq.

 

- Mütəxəssis kimi fikrinizi almaq istərdik, Türkiyədə vəziyyətin bundan sonrakı kəskinləşmə riski nə qədərdir?

- Hazırda xüsusilə İstanbulda insan sıxlığına görə koronavirusa yoluxanların sayının artacağı gözlənilir. İnsanlar karantin qaydalarına tam əməl etmədiyi üçün virusdan tam qaçış da yoxdur.

 

- Hazırda çalışdığınız xəstəxanada həkimlərin iş qrafiki necədir? Bütün günü xəstələrlə ünsiyyətdə olan tibb işçilərinin işdən sonra evə getməsi sizcə riskli deyil?

- Mən çalışdığım xəstəxanın 7 əsas binasının 3-ü koronaviruslu xəstələr üçün ayrılıb. Bütün sahələrdən həkimlər ora cəlb edilib. Xəstəxana həkim sayını artıraraq, səhiyyə işçilərinin sağlıq durumunu qorumağa çalışır. Həkimlər 12 saat işdə olur və 48 saat işdən, viruslu xəstələrdən uzaq qalır. Bəlkə də İtaliyanın səhvi bu oldu ki, tibb personalının sağlamlığını daha çox iş saatı tətbiq edərək böyük risk altında qoydu. Bu onların virusla daha çox təmasda olmasına gətirdi və gündə 60 tibb işçisinin koronavirusdan dünyasını dəyişdiyi kimi hallar oldu. Türkiyədə bu təcrübə onu göstərir ki, planlı və növbəli şəkildə iş önəmlidir. Bundan başqa,  koronavirusla mübarizə aparan həkimlər üçün ayrıca otellər ayrılıb və ailə üzvlərini yoluxdurmamaq üçün tibb işçiləri istirahət günlərini orda keçirə bilərlər.

 

- Virusa yoluxan azyaşlılar olurmu? Olursa, onlara da böyüklərdəki kimi müalicə kursu keçirilir ya necə?

- Bu virusa hər yaş qrupu yoluxa bilər. Uşaqların xəstəliyi daha yüngül keçirdiyi və tez sağaldığı müşahidə edildiyi üçün onlara tətbiq edilən müalicə kursu frəqli olur. Amma təbii ki, istisnalar da var.

 

- Son olaraq, insanlara koronavirusla bağlı müraciətinizi eşitmək istərdik…

- Azərbayanlı Həkimlər Dərnəyi adından Azərbaycan xalqını alınan qəti karantin qərarlarına əksər ölkələrdən daha tez və ciddi yanaşdıqlarına görə təbrik edirəm. Bundan sonra da onların karantin və  izolyasiya qaydalarına riayət etməsini, xəstə olub-olmamalarından aslı olmayaraq, sosial məsafəni qorumağı, cəmiyyət arasında maska taxmalarını məsləhət görürəm. Çünki hələ tam virusa yoluxduğunu hiss etməyən insan da ətrafdakıları virusa yoluxdura bilər. Bu mübarizədə mükəmməl səhiyyə sistemi yoxdur. Dünyanın ən  inkişaf etmiş ölkələri belə, koronavirusun qarşısını ala bilmir. Hazırda bütün məsuliyyət vətəndaşların üzərinə düşür. Səhiyyə sisteminin, tibb işçilərinin xəstəlik qarşısında zəif düşməməsi insanlardan aslıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir