Modern.az

Psixoloq hazırlaşmağa ÇAĞIRDI: “...həyata dönüş çətin olacaq” - Karantinin 23-cü gününün MƏSLƏHƏTİ

Psixoloq hazırlaşmağa ÇAĞIRDI: “...həyata dönüş çətin olacaq” - Karantinin 23-cü gününün MƏSLƏHƏTİ

Hadisə

15 Aprel 2020, 10:25

Artıq ölkəmizdə elan edilən xüsusi karantin rejiminin 23-ci günüdür. Modern.az insanlar üçün psixoloq məsləhətini davam etdirir. Budəfəki müsahibimiz psixoloq Vəfa Əkbərdir.

Psixoloq ilk olaraq qeyd edib ki, pandemiya bütün dünyanı ovucuna alıb:

“Bu gün bütün dünya sakinləri evdə qalmalıdırlar. Sırf bir ölkə və ya şəhər olaraq deyil, bütün dünya evdən çıxmamaqla həm özümüzü, həm yaxınlarımızı, həm də bütün ətrafımızı qoruya bilərik.

Karantinin ilk 14 günü insanların dezadaptasiya dövrü başladı. İzolyasiya düşüncəsi insanlarda gərginlik, səbirsizlik, ailədə müəyyən söz-söhbətlər yaratdı. Psixoloji problemləri olan insanlar isə ümumiyyətlə bu ilk dönəmdə daha çox əziyyət çəkdilər. Karantin elan edilməsi gündəlik müəyyən bir qrafiklə çalışan insanlardan tutmuş, evdar qadınlara qədər hər kəsə təsirsiz ötüşmədi. Lakin sonradan anladıq ki, bütün dünya bu duruma düçar olub, bunu qəbullanmalıyıq. Hər kəs emosiyaları kənara qoyub, çılğınlığı atıb, sakitləşib. Hazırda karantinə adaptasiya prosesi normallaşıb, axarındadır. Çünki karantin başlayanda insanlar “vaxtımızı necə dəyərləndirə bilərik” üzərində düşünüb, təşvişə düşürdüsə, indi bu situasiyanı çox da hiss etmirik. İnsanlar karantinə adaptasiya olublar, küçəyə çıxmamağa, özlərini qorumağa alışıblar. Normal həyata qayıdacaqları zamanı gözləyirlər. Amma bu qayıdış da heç də asan olmayacaq. Karantindən sonrakı problemlər, işinə, sosial mühitə adaptasiya olmaq çoxları üçün çətin olacaq”.


Vəfa Əkbər vurğulayıb ki, karantin dönəmində ona müraciət edən pasiyentlərin əksəriyyəti fizioloji problemlərdən şikayətləniblər:


“İnsanlar ağrılarının olduğunu, yata bilmədiklərini, iştahsızlıq və ya çox yeməkdən şikayət edirlər. Əslində bu simptomlar daxili psixoloji gərginliyin siqnalıdır. Bu o deməkdir ki, insanlar əslində daxilən gərginlik keçirirlər və orqanizm bunu qəbul etmək istəmir. Hər kəs yaxşı qorunmaqla, ünsiyyətdə qaçmaqla gündəlik yarım saat müddətinə hava almağa çıxa bilər. Bundan bacardığımız qədər faydalanmalıyıq.

Karantin dönəmində nə qədər az psixoloji narahatlıq keçirməyimiz öz əlimizdədir. Maksimum dərəcədə evdəki vaxtı yaxşı dəyərləndirmək lazımdır. Heç zaman evdə yemək hazırlamayan insanlar bunu sınaya bilərlər. Yaxud qadın heç vaxt evdə həyat yoldaşı ilə məsələn, domino, nərd oynamayıbsa, bunu indi eə bilər. Qeyd etdiklərim çox kiçik nümunələrdir. Karantin dönəmini faydalı, maraqlı keçirmək mümkündür. Sadəcə insanlar bunu necə, hansı şəkildə edəcəklərini bilmirlər”.


Karantin dönəmində ailədaxili ziddiyyətlərin artmasına gəlincə isə psixoloq hesab edir ki, əvvəldən ailədə problem olubsa, karantin dönəmində bu daha da qabarır:


“Ailənin fundamenti möhkəm deyilsə, sevgi yoxdursa, tərəflər bir-birini digər zamanlarda sadəcə yola veriblərsə, karantin vaxtı onların problemləri daha çox üzə çıxır. Nəticədə insanlar bir-birinə uyğun cütlüklər olmadıqlarını, sadəcə zamanın müəyyənləşdirdiyi qrafikə görə vaxtı ötürərək, uzun müddət birlikdə yaşaya bildiklərini dərk edirlər. Kişi və qadının bir-birindən gözləntiləri çox olduğundan bu problem böyüyür. Ona görə, ilk olaraq, bu gözləntiləri azaltmaqla prosesə başlamaq olar. Ailədə valideynlərin yaşadığı emosional bağ uşaq üçün əsasdır. Qısası, uşağın tərbiyəsi ana-atanın sözləri deyil, uşağa göstərdikləri nümunədir. Valideynlər nə qədər sağlam, möhkəm olsalar, ailələrini bu cür qursalar, onların övladları bir o qədər sağlam, cəmiyyət üçün şəxsiyyət kimi formalaşacaqlar”.


V.Əkbər son olaraq insanları karantindən sonrakı mərhələyə, normal həyata adaptasiya dövrünə hazırlaşmağa dəvət edib:


“Karantindən sonrakı mərhələdə cəmiyyətə adaptasiya çətinliyini aşmaq üçün indidən sosial çevrəmizlə onlayn ünsiyyətə başlamalıyıq. Əvvəllər insanlar işə 9 saat vaxt ayırırdılarsa, karantində bunu bacarıb, 3 saata endirsinlər. Geri qalan 6 saata isə öz hobbiləri, sevdiyi işlərlə məşğul olsunlar. Əgər karantin dönəmində insanlar evə qapanıb, heç kimlə virtual da olsa ünsiyyət qurmasalar, sevdikləri işlərlə məşğul olmasalar, özlərinə qapansalar karantindən sonra yaşam istəyi azalacaq, həyata dönüş çətin olacaq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü