Modern.az

İstilik mövsümü bu tarixədək UZADILDI - RƏSMİ

İstilik mövsümü bu tarixədək UZADILDI - RƏSMİ

İqtisadiyyat

15 Aprel 2020, 11:00

Koronavirus pandemiyası ilə əlaqədar ölkə prezidenti İlham Əliyevin birbaşa tapşırıq və göstərişləri əsasında həyata keçirilən geniş miqyaslı profilaktik və pereventiv tədbirlər, o cümlədən əhalinin sağlamlığının, sosial rifahının və iqtisadiyyatın qorunması ilə bağlı atılan addımlar, düşünülmüş strategiya çərçivəsində mərhələli yollarla həyata keçirilən məhdudlaşdırıcı rejim nəticəsində ölkədə vəziyyətin tam nəzarətdə saxlanılması təmin edilib.


Atılan addımlar ilk növbədə insanların sağlamlığının və onların həyatının qorunmasına yönəldilib, eyni zamanda iqtisadi dayanıqlığın təmin olunması və aztəminatlı ailələrin, həmçinin karantinlə əlaqədar ziyan görmüş sahibkarlıq subyektlərinin maliyə vəziyyətinin dəstəklənməsinə yönləndirilib.


“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, xüsusi karantin dövründə sosial təcrid tədbirləri ilə əlaqədar vətəndaşların evdə qaldıqları müddətdə vacib məsələlərdən biri də onların zəruri kommunal xidmətlərlə təmin edilməsindən ibarətdir:


“Bununla əlaqədar olaraq, ölkə prezidentinin tapşırıq və tövsiyyələri nəzərə alınaraq Nazirlər Kabinetinin göstərişinə əsasən,  Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC-yə hava proqnozu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının təhlil edilərək istilik mövsümünün müddəti ilə bağlı təkliflərin hazırlanması tapşırılıb, bununla bağlı müvafiq araşdırmalar aparılaraq hökumətə zəruri məlumatlar təqdim edilib.

Bununla bağlı Baş Nazirin tapşırığı ilə ölkə ərazisində istilik mövsümünün aprel ayının 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib”.

 

R.Əliyev deyib ki, ölkə ərazisində istilik mövsümünün aprel ayının 25-nə qədər davam etdirilməsi ilə bağlı "Azəristiliktəchizat" ASC tərəfindən bütün zəruri tədbirlər görülüb. İstilik təchizatı sistemlərinin dayanıqlı və fasiləsiz iş rejimi təmin edilməklə yaşayış binaları və zəruri sosial obyektlərin istilik təchizatının davam etdirilməsi təmin ediləcək.


"Hazırda respublika ərazisində istilik və isti su təchizatı davam etdirilir, Cəmiyyətin idarə aparatında rəhbərlik səviyyəsində və zəruri xidmət sahələrində mütəxəssislərdən ibarət növbətçilik yaradılıb, qazanxana və istilik məntəqələrinin işçi parametrlərinə Mərkəzi Dispetçer Xidməti vasitəsilə internet üzərindən məsafədən onlayn nəzarət həyata keçirilir.

“Azəristiliktəchizat” ASC-nin 956 nömrəli “Çağrı Mərkəzi” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və vətəndaşlarımız 956 nömrəli “Çağrı Mərkəzi”, telefon, elektron məktub və Cəmiyyətin rəsmi feysbuk səhifəsi vasitəsi ilə onları maraqlandıran suallarla bağlı müraciətlərini həyata keçirə bilərlər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?