Modern.az

“Qarabağda yaşayan ermənilərin həyatı Ermənistanı maraqlandırmır” - Tural Gəncəliyev

“Qarabağda yaşayan ermənilərin həyatı Ermənistanı maraqlandırmır” - Tural Gəncəliyev

Qarabağ

15 Aprel 2020, 12:11

“Hazırda dünyanın üzləşdiyi ən böyük problem sərhəd tanımayan koronavirus pandemiyasıdır”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının rəhbəri Tural Gəncəliyevin bəyanatında bildirilib.

 

Bəyanatda qeyd olunub ki, Azərbaycan Respublikası tərəfindən vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etmək, onları pandemiyanın yaratdığı sosial-iqtisadi fəsadlardan qorumaq üçün zəruri və qabaqlayıcı addımlar atılır: “Ölkə üzrə 22 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Mart ayında Azərbaycanın regionlarında, Goranboy, Qazax və Şəmkir şəhərlərində 3 yeni xəstəxana açılıb. Bakıda yeni istifadəyə verilmiş 575 çarpayılıq “Yeni klinika” koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub. Azərbaycanda koronavirus xəstələrinin müayinəsi üçün 70.000-dən artıq test aparılıb.

 

 

600000-dən artıq insanı əhatə edən iqtisadi, makroiqtisadi və məşğulluq problemlərinin həlli üçün dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Qeyd olunanlar Azərbaycanda həyata keçirilən dövlətin dəstəyinin yalnız bir hissəsidir”.

 

T. Gəncəliyev qeyd edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əsir saxladığı Dağlıq Qarabağın erməni icmasının Azərbaycanın həyata keçirdiyi sosial, iqtisadi, səhiyyə və s. layihə və proqramlardan yararlanmasının qarşısını alır: “Belə ki, həftələr öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal olunmuş ərazilərimizdə koronavirus xəstəliyinin yayılması barədə məlumat verməsinə və tərəfimizdən edilən xəbərdarlıqlara rəğmən, 31 mart 2020-ci il tarixində infeksiya halları gizlədilərək Ermənistanın əlaltısı olan rejim tərəfindən qanunsuz “seçki” şousu keçirildi. Bunun ardınca, infeksiyanın yayılmasını Ermənistan etiraf etsə belə, 14 aprel 2020-ci il tarixində yenidən bütün insanların həyatını təhlükəyə ataraq, “seçki” şousunun ikinci turu da təşkil olundu. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağda yaşayan sadə ermənilər Ermənistanın çirkin siyasi oyunları üçün alətdir və oradakı insanların həyatı və sağlamlığı Ermənistanı maraqlandırmır.

 

Ermənistan hakimiyyəti və qondarma rejimin nümayəndələri Qarabağda yaşayan sadə erməni icması üzvlərinin həyatını dəyərsiz sayaraq, onların Azərbaycan vətəndaşları kimi müalicə imkanlarından yararlanmasının qarşısını almaqda davam edir.

 

Azərbaycan Respublikasının siyasətinin ana xəttini Azərbaycan vətəndaşı və onun maraqlarının qorunması təşkil edir.

 

Bir daha bəyan edirik ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşayacaq və Azərbaycan Respublikasının vətəndaşı olmağın verdiyi imtiyazlardan bərabər hüquqlu şəkildə yararlanacaqlar”.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir