Modern.az

Koronavirusun yaratdığı QIZIL AJİOTAJI: Satış tələbatı ödəyə bilmir

Koronavirusun yaratdığı QIZIL AJİOTAJI: Satış tələbatı ödəyə bilmir

16 Aprel 2020, 13:03

Dünya iqtisadiyyatı koronavirus pandemiyasının təsiri altında ciddi geriləmə nümayiş etdirir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün böhranlarda olduğu kimi, virusun səbəb olduğu böhran da investorları qiymətli metallara, xüsusən qızıl almağa sövq edir.

 

Artan tələbat hazırda qızılın 1 unsiyasının (31,1 qram) 1750 dollardan baha satılımasına səbəb olub. Bu 2012-ci ilin noyabrından bəri ən yüksək qiymətdir.

 

 

Qızıl fevralın ikinci yarısında virusun Avropa və Cənubi Koreyada yayılması fonunda bahalaşmağa başladı. Fevralın 19-da birjada qızıl 1600 dollar, 5 gün sonra isə 1650 dollara çatdı. Martın ilk günlərində qiymətə daha 5% əlavə olundu. Aprelin 14-ü üçün qiymətli metal daha da yüksələrək 1 unsiya üçün 1785 dollara çatıb.

“Sadə insanlar ərzaq ehtiyatlarını artırdığı zamanda zənginlər öz investisiya portfellərinə qızıl əlavə edirlər. Ona görə də tibbi maskalar və antiseptiklər kimi, qiymətli metallar bazarında da defisit yaranıb”- deyə iqtisadçı Migel Faria Kastro söyləyib.

 

 

ABŞ-ın “Uoll Strit Jornal” dərgisi isə fond birjalarında xaosun yarandığını yazıb. Kanadanın “Kitco” bütün standart qızıl külçələrini satdıqlarını elan etmişdi. Əgər banklar və investorlar iri külçələr - bar (400 unsiyalıq) almağa üstünlük verirsə, kiçik investorlar kilobar (32 unsiya) almağa üstünlük verirlər.

 

ABŞ-ın “Apmex” qızıl satışı şirkəti isə hər 99 qızıl alıcısına, 1 satıcısının düşdüyünü bildirib.

“İnsalar qızıl satmaq deyil, almaq istəyir”.

 

 

Dünyada qızıla tələbat artsa da, bazar bu istəyi tam qarşılamaq gücündə deyil. Koronavirusa görə, Peru və Cənubi Afrikanın qızıl mədənləri bağlanıb, Kanada mədəndəki işçilərin çoxunu evə buraxıb, qızıl metalını külçə halına salan İsveçrə zavodları isə xəstə sayı 10 mini keçəndən sonra fəaliyyətini dayandırıb.

 

Daha bir problem isə qızıl Avropa, ABŞ və Asiyada qızıl alıcılarına çatdırılması ilə bağlıdır. Aviaryeslərin ləğv olunmasına görə, anbarlarda saxlanılan minlərlə ton qızıl daşına bilmir. Dünyada 10 trilyon dollar dəyərində qızıl olsa da, onların müştərilərə çatdırılması problem yaradır. Londonda dünyanın ən böyük qızıl bazarına İsveçrə və Afrikadan 1 günə gətirilən qızıl külçələr üçün bu gün 10 gün gözləmək lazımdır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi