Modern.az

Ramiz Quliyev: “Evdəki bahalı tarları satıb oğlumun təhsil haqqını ödədim” - MÜSAHİBƏ

Ramiz Quliyev: “Evdəki bahalı tarları satıb oğlumun təhsil haqqını ödədim” - MÜSAHİBƏ

Müsahibə

27 Aprel 2012, 10:04

Məşhur tarzən: “Allah üzümə baxdı ki, oğlum tarın dalınca getmədi...”


İnsanı tanımaq üçün mütləq onunla ünsiyətdə olmalısan. Bu ünsiyyət prosesində sənin üçün qaranlıq qalan hər bir məqam öz aydınlığı və dolğunluğu ilə açılacaq. Hətta sənin gözləmədiyin məqamların özü belə, xoş bir səhər küləyi kimi qapını açıb otağına daxil olacaq.

Bu dəfəki müsahibim fərqli bir insandır. Adını tar ifaçılığı sənətinin ən yüksək zirvəsinə yazmış və hər gün də bu zirvəni öz varlığı ilə zənginləşdirən Xalq artisti, tarzən Ramiz Quliyevdir. Tarın adı çəkiləndə Ramiz müəllimin adı canlanır gözümüzdə. Tar və Ramiz müəllim fərqli bir vəhdətin özülünü yaradıb. Bu vəhdət daim öz canlı və əsrarəngiz gücünü göstərməkdədir.

Bu insanı ilk dəfə  görürdüm və təsəvvürümə belə gətirə bilməzdim ki, bu yaşda bu qədər pozitiv bir enerjiyə malik olmaq mümkündür. Sanki həyat öz qaynar bulağından daim onun üçün bir pay ayırır və onu bu ağır yolundan qoruyur. Bir neçə gündən sonra ömrünün 65-ci baharına qədəm qoyan Ramiz müəllimlə fərqli bir auraya köklənən müsahibə alındı.


- Bir neçə gündən sonra siz ömrünüzün 65-ci baharına qədəm qoyacaqsınız. Bu yaşla və onun çəkisi ilə bağlı hansı hissləri keşirirsiz ? Bu yaş sizin üçün hansı yolların uğurlarına söykənərək gəlib çatıb?


- Əgər insan ömrü boyu səmimi ola bilirsə, demək ki, həyat da onun üçün çox mənalı keçəcək. Mən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında olan bu otağıma düz 1964-cü ildən daxil oluram. Bir nəzər salanda görürəm ki, 48 ili aşıb bu fəaliyyətim. Bu 65 yaş bəzilərinə az, bəzilərinə də çox şeyləri bəxş edə bilib. Amma bu illər elədir ki, gəldikcə-getdikcə insan bir az müdrikləşir, bir az səmimi olur, bir az da ehtiyatlı olur. İnanın ki, mən bu 65 yaşın necə gəlib-getdiyini bilmirəm. Çox yaxşı və pis anlarım da olub. Hətta yerimdə saydığımı anladığım anlarım da olub. Bu addımların hər birisini də mən düşünərək atmışam. Mənim hər zaman həyatda öz qarşımda, ailəmin qarşısında iş  və pedaqoji fəaliyyət üçün də öhdəçiliyim olub. Həyatda qarşına bir məqsəd qoymadınsa, demək ki, heç bir şeyə də nail ola bilməyəcəksən. Mən isə həmişə öz qarşıma bir məqsəd qoymuşam ki, həyatda bu şeylərə nail olmalıyam və nail də olmuşam. Bu 65 yaşa bir müştəri gözü ilə dönüb baxanda, görürəm ki, xeyli iş görmüşəm.


- Sizin ailədə musiqiçi olubmu ?


- Azərbaycan xalqı  çox istedadlı xalqdır. İncəsənətin bütün sahələri artıq bizim qanımıza hopub. Bizim ailədə isə musiqi ilə məşğul olan bir kimsə yox idi. Bəlkə məndən çox-çox əvvəllər kimsə olub, amma mən bunu bilmirəm. Tanımadığım və adlarını eşitdiyim böyüklərin, korifeylərin hamısını mən rayonda dirəyin üstündə olan reproduktordan eşitmişəm. Bülbülü, Rəşid Behbudovu, Sara xanımı, Şövkəti xanımı və Rübabə xanımı da dinləmişdim. Sonra hamısını gəlib sənətdə gördüm. Bu sənət dəryadı və mən də bu dəryadan çox şeyləri öyrənə bildim.


- Bir az əvvəl dediz ki, ailənizdə musiqiçi olmayıb. Bəs necə oldu sizdə musiqiyə və tara həvəs yarandı?  İlk dəfə tarı əlinizə götürəndə neçə yaşınız var idi?


- İlk dəfə tarı əlimə alanda təxminən beş, ya altı yaşım olardı. Ağdamda olan evimizdə otağın birində divardan bir alətin asıldığını gördüm. Hələ adını bilmirdim, amma qonşuda və toyda- bayramda ifa etdiklərini görürdüm. Bizdə də bu aləti görürdüm, amma ifa edən yox idi. Atamdan bu alətin kimə aid olduğunu soruşdum. Atam da əmimə məxsus olduğunu söylədi və ifa edə bilmədiyi üçün də burdan asıldığını dedi. Hiss elədim ki, atam qəhərləndi və mən də söhbəti davam etdirmədim. Mən də sonra anamdan soruşdum və anam dedi ki, əmim müharibədə olub. İxtisasca hərbiçi idi, rayonlarda hərbi komissar vəzifəsində çalışmışdı. Axırıncı dəfə də Kəlbəcərdə olub və qolundan yaralanıb. O dəqiqə yadıma onun isti havalarda belə, əlini bağlaması düşdü. Əmim bizə gələn kimi onu bu alətin yanına apardım və soruşum ki, bu alət kimindir? Dedi ki, bu gündən bu alət sənindir. Bəs niyə burda asıldığını soruşdum.  Əmim də onu divardan düşürtdü və çətinliklə də olsa o tarı mənim üçün köklədi. Və o gündən bu günə kimi də tar əlimdən düşmür.


- İndi də həmin tarı saxlayırsınız?


- Elə gözəl sədəfli tarlarım olub ki... Amma indi onlar məndə yoxdur. Bəlkə də nə vaxtsa deyərəm ki, hardadı o tarlar..  Elə indi ilk dəfə sizə deyəcəm bu sirrimi.  Niyə o sədəfli tarlarım indi məndə deyil? O sədəfli tarları mən bağışladım oğlum Əyyubun təhsilinə. Xaricdə təhsil alırdı və 16 min avro pul lazım oldu. 2006-cı ildə bu pulu ödəmək üçün də mən 4 ya 5 tarımı dəyər-dəyməzinə satdım. O istedada ancaq və ancaq qayğı göstərmək lazım idi. Bir əmimdən mənə yadigar qalan vəfalı tarım qaldı. İndi o tarı sinəmə qoyuram və onunla dərdləşirəm.


- Bəs siz ilk dəfə professional səhnəyə neçə yaşda çıxmısız?


- İlk dəfə Ağdam rayonunda Mədəniyyət evinin nəzdində olan “Şur” xalq çalğı alətləri ansambılının tərkibində çıxdım. Hardasa 14 ya 15 yaşım olardı. Sonra bizi Moskva şəhərinə  Xalq təsərrüfatı nailiyyətləri sərgisinə göndərdilər. Orda da çıxış etdim və orda aldığım medal hələ də məndə evdə qalıb. Ağdamda olan “Şur” ansambılı idi və hər muğamı da 8 ya 10 nəfər oxuyurdu. Onları müşayiət edirdim. Onu da deyim ki, ilk dəfə belə ansambl Ağdamda yaranıb. Onun da xeyir-duasını Əfrasiyab Bədərbəyli, Səid Rüstəmov, Süleyman Ələsgərov kimi bəstəkarlar verib.


- Siz özünüzdən əvvəl olan tar sənətkarlarına baxanda hansı yenilikləri edə bilmisiniz?


- Mən özümdən əvvəl olan sənətkarlara çox böyük hörmət və ədəblə yanaşıram. Onların keçdiyi yolu da həmişə özümə bir örnək kimi götürmüşəm.  Ümumiyyətlə, bütün tar çalanlar mənim üçün hər zaman çox maraqlı olub. Ən çox maraqlı olan da Qurban Pirimov, Hacı Məmmədov və Əhsən Dadaşov olub.  Onlardan bəhrələndim və sonra da baxdım ki, onlar nələri etməyiblərsə, mən onları edim. Yenilyim də müstəqil orkestrlərlə solo konsert vermək idi.  Mənə qədər Hacı Məmmədov da, Əhsən Dadaşov da tar konserti çalıb. Hərəsi bir ya iki konsert çalıblar. Amma mənə qədər tarda böyük orkestrlə bütün solo proqramlı konsert verən olmayıb. İndi də gözləyirəm ki, daim belə konsertlər olsun, mən də buna sevinim.


- Dünya musiqi mədəniyyətində öz yerimiz var və bunu  siz də, ayrı sənərkarlarımız da daim sübut edir. Bəs biz hansı yenilikləri edib onları necə təəccübləndirməliyik?


-  Dünya musiqi mədəniyyətində muğam qədər zəngin xəzinəsi olan ikinci bir musiqi xəzinəsi  yoxdur. Muğam gözəldir , amma dünyaya da bunu göstərmək mütləqdir və vacibdir. Bethoven, Çaykovski, Brams kimi klassik musiqiləri yaradanlar da olmalıdır. Əgər dünyaya inteqrasiya deyiriksə, elə dünyanın alətinin dilində danışmalıyıq, amma bir fərq var ki, bu musiqilər öz alətimizin dilində çatdırılmalıdır. Azərbaycan musiqisi bu dəqiqə bütün dünyada çox maraqla qarşılanır.

-  Çağdaş Azərbaycan tar məktəbi sizin adınızla bağlıdır. Bəs sizin fikrinizcə, bu məktəbin indiki vəziyyəti əvvəlki illərə, hardasa keçən əsrin sonlarına baxanda necədir ? Hansı dəyişikliklər var və bir az da müqayisəli fikirlərinizi öyrənmək istərdim.


- Müqayisə etsək çox böyük fərqlərin olduğunu görərik. Bilirsiniz, mən sizə cəsarətlə deyirəm, tarın hal-hazırda olan səviyyəsi çox yüksəkdir. Müasir dövrdə tarın ifaçılığı elə bir səviyyəyə gəlib çıxıb ki, dünya səhnələrində məşhur olan musiqi alətləri ilə bir cərgədə çəkilir. Skripka, violançel piano ilə yanaşıdır və bu bir inkişafdır. Bu tədrisin, ifaçının, müəllimin nailiyyətidir. Bu günün nailliyətidir. Yəni bu 20-ci əsrin ortalarında olan ifaçılığın üzərində yeni bir sıçrayış idi və bizi 20-ci əsrin sonlarına kimi apardı. Artıq 21-ci əsrdə fikirləşmək yox, ancaq ifa etmək lazımdı.


- Bu 48 il ərzində siz hansı məşhurları muşayiət etmisiniz ?


- Mənim görmədiklərimdən və tanımadıqlarımdan əlavə hər kəsi müşayiət etmişəm. Bülbülü görməmişəm və bir də Zülfi Adıgözəlov mən bura - konservatoriyaya gələndən bir il qabaq rəhmətə gedib. Xan Şuşinskidən başlayaraq indi cavanlara kimi hamısını müşayiət etmişəm. Gənc müsabiqə iştirakçılaı ilə də vaxtaşırı görüşürəm, amma onların da öz qrupları olduğu üçün bircə xarici səfərlərə gedəndə özümlə aparıram.


- Gənc muğam ifaçılarını müşayiət etdiyiniz zaman hansısa  bir problemlə qarşılaşmısınız?  


- Yox elə bir narahat olduğum məqamlar olmayıb. Çünki onlara mütləq güclü məktəb keçmək lazımdır. Bu gənclərin çoxu çox yaxşı məktəb keçiblər, amma son zamanlar seçimlərində bir az bəzi dəyişikliklər yaşanır. Amma əsl sənətin dalınca getmək mütləqdi və vacibdi. Əziyyət çəkib bu qədər təhsil alıblar, onlara məsləhətim də odur ki, çalışıb solo konsertlər də versinlər.


- Siz demək olar ki, tez-tez xarici səfərlərdə olursuz.  Bayaq da dediniz ki, tar skripka və digər alətlərlə birgə dayana biləcək qədər tanınır. Bəs bunun şahidi olduğunuz məqamlar var?


- 1976- ci ildə rəhmətlik İslam Rzayevlə İzmirdə festivala getmişdik. Kamançada Abdulla Abdullayev idi, mən tarda, İslam Rzayev də ifa edirdi. Açıq hava stadionu və böyük bir izdihamın müşayiəti ilə ifa edirik. Gözəl musiqimizi necə dinləyirdilərsə, bir dənə də olsun səs yox idi zalda. Sonda bizi ayaqüstə alqışlyırdılar. Bir segah, dalınca da Cahangir Cahangirovun “Anam” mahnısını ifa etdim. İfam bitəndə birdən diksindim. Başımın üstündə başı çarşablı bir qadın durmuşdu. Əlimdən tutub öpmək istəyəndə dəhşətə gəldim və qoymadım. Sonra gördüm əlimin içini axtarır  və məndən mizrabı almaq istəyir. Vətən torpağına həsrət qaldığı üçün heç olmasa bu mizrabı ona verməyimi istəyirdi. Öləndə bu mizrabı torpaq əvəzi gözünə qoyulmasını istəyirdi. İnanın çox qəhərləndim o zaman, elə pis oldum və daha da ifa edə bilmədim. O zaman da tarın gücünü bildim.


- Bir az da bizə oğlunuzdan danışın.


- Oğlum haqqında xoş sözlər eşidəndə fərəhlənirəm və coşuram. Oğlumun nailiyyətlərini və uğurlarını özümün uğuru sayıram. O, xüsusi bir fitri istedada malikdir. Əyyubun keçdiyi  yol çox ağır və çətindir. Dərəli, təpəli, tikanlı bir yoldur. Çoxları deyir ki, övladım  mənim yolumu davam etdirməsin, amma mən deyirəm ki, davam etdirsin. Bu yol çox  şərəfli və şöhrətli yoldur. Millətin musiqisi, vətənin səsi, mədəniyyətin qüdrəti bizim əlimizdədir və bundan da böyük nə ola bilər?  Əyyub da bu sənəti ilə məni varlandırır. Hə, bir də Allah üzümə baxdı ki, o tarın dalınca getmədi. Mənim kimi getsə idi, nəfəsimi kəsəcəkdi.


- Demək oğlunuz sizin üçün güclü bir rəqib idi?


- Hə çox güclü rəqib idi. Mən həmişə xoşlayıram mübarizə və rəqabətdə olum. Sənətdə rəqabət olmasa inkişaf da olmayacaq. Amma Əyyubda dirijorluq daha möhtəşəmdi və dünyəvidi. Onun yüzlərlə dirijor içində laureat olmağı və birinci yer qazanmağı, Azərbaycan musiqisinə belə uğurlar gətirməyi məni çox sevindirir. Əyyubun bu  yaşında elədiklərini mən o yaşda edə bilməmişdim.


- Yəni bu qədər istedadı ola-ola niyə ancaq dirijorluq sənətinin dalınca getsin ? Paralel olaraq hər ikisindən də istrifadə etmək olardı.


- Bilirsiz Əyyubun qrafiki çox gərgindir və daim səfərlərdə olur. Tarda da yüksək səviyyədə ifa edir və mən də ona deyirəm ki, paralel olaraq hər ikisində də ifa elə. Amma mənə elə sözlər deyir ki, cavab belə verə bilmirəm. Deyir ki, “mən həmişə istəmişəm ki, özüm olum. Sənin yanında özüm ola bilmirəm”. Ona görə də özünə fərqli yol seçdi.


- Bir az da qəlbinizi, ruhunuzu oxşayan və sizi xəyallara aparan muğamlardan danışaq.


- Bütün muğamlar mənim üçün doğmadır və əzizdir. Muğam çalınanada və ifa olunanda mənim üçün fərqli bir aləm açılır. Hansısa bir aləmi mənim üçün canlandırır. Bilmirəm bu muğamda nə hikmətdi ki, elə bil hansısa bir əsrin, hansısa bir zamanın, bir dövrün içində məni öz varlığı ilə zənginləşdirir. Amma segah ayrı muğamdır. Segah məni əsir eləyib. Bu segahda nə qədər dərin dərya və hikmət var imiş. Onun təsirindən bütün muğamları da segah kimi çalıram. Məni tam olaraq özünə heyran edib.


- Hansı muğam ifa edəndə məhz Ağdamı düşünürsüz ?


- “Qarabağ şikəstəsi” ifa olunada həmişə Qarabağ və Ağdamı düşünürəm. Mənim üçün o fərqli bir dünyadır və kimsə pis ifa edəndə çox kədərlənirəm. Onu gözəl ifa edəndə elə bilirəm ki ruhumun üzərinə su çiləyirlər.


- Kənardan siz çox ciddi bir insan obrazı yaradırsınız. Bəs əslində sizin xarakteriniz necədir?


- Özüm haqqında deyərdim ki, çox sadə və səmimi bir insanam. Amma başqalarının da adından danışmaq istəmirəm və danışa da bilmərəm. Bəlkə kimsə mənim kimi düşünmür və elə məni təkəbbürlü bir insan kimi görür. Yeri gəlir bir də görürsən bir dikbaş adam rastıma çıxır və  sərt şəkildə, tez cavabını verirəm. O dəqiqə yerinə otuzdurmağı da bacarıram.


- Hələ müsahibəyə başlamadan öncə sizi görəndə bir az narahat oldum. Mənə çox ciddi bir obrazda göründünüz və düşündüm ki, müsahibəni ala bilməyəcəm. Amma danışdıqca çox fərqli olduğunuzu anladım. Və bizim oxuculara da xarakterinizi tam olaraq açmağınızı istərdim. 


- Bilirsiz mən həmişə həm müəllimlərimə, həm də tələbələrimə hörmətlə yanaşmışam. Heç vaxt həddimi aşmamışam və hər anın normasını bilmişəm. Səsimi də heç vaxt ucaltmamışam. Münasibətdə hörməti gözləməyi çox dəyərləndirirəm. Tələbələrimin yanında da başı uca olmaq üçün hər şeyin qədərini gözləmişəm. Ömrümü ailəmə və sənətimə həsr elədim. Övladlarım da, tələbələrimin də həmişə mənimlə fəxr etsinlər istədim. Məndə həm mərdlik, həm də sərtlik var.


- Bu yaşda bir ata kimi özünüzdə hansısa bir dəyişikliklərin olduğunu  hiss edirsiniz ?


- Mən deyərdim ki, bu yaşda da son dərərcə qayğıkeş və diqqətcil olmağa çalışıram. Həmişə olduğu kimi, mühafizəkar olaraq qalıram. Amma inkişafa meyillənmə var. Həmişə gözləmişəm ki, bir yanlışım və səhvim olmasın. Övladalarım da, ailəm də utanmasın. Övladlarım da bizə çox bağlıdı və öz yuvalarının olmasına baxmayaraq, hər gün bizdədilər.


- Sizin qrafikiniz həmişə belə yüklənmiş olur? Çünki bu gün ərzində ən azı 8 tədbirə getdiyinizi söylədiniz.


- Demək olar ki, hər gün belə oluram. Mən səhər saat 6-dan oyanıram və işlərimə başlayıram. Bütün günü çöldə olsam da, yemək üçün mütləq evə gəlirəm. Hətta bütün günü ac olsam belə,  mütləq evdə xanımımın hazırladığı yeməyi yeyəcəm.


- Həmkarlarınızdan və ya muğam ifaçılardan kimlərə yaxın dostunuz deyə bilərsiz ?


- Ümumiyyətlə, mənim dostluq palitram çox genişdir. Yəni hər sahədən dostlarım var. Bu yaxınlarda, 19 apreldə Əyyubun toy məclisi oldu. Və orda yüksək vəzifə sahibindən adi zəhmətkeş insana qədər hər kəs var idi. Dostsuz insan məzardakından fərqlənmir. Amma bir məsələ də var ki, dostu olanın da, olmayanın da işi çətindir və bu bir aksiomadır. Dost çox olanda, həyat da maraqlı olur. Hər əsrdə, hər sənətdə, hər janrda bir gözəllik var. O gözəlliyi duymaq və qiymətləndirmək, hiss etmək və yaşamaq lazımdır. Bax deyim mən ayrı-seçkilik etmirəm və hər birinin özünün yeri var.


- Tarda ifa edəndə siz həmişə gözlərinizi yumursunuz və sanki bu dünyadan ayrılırsınız. Həmin an nələri düşünürsüz ?


- O baxır nəyi və necə ifa edirəm. Məsələn, muğam ifa edəndə sanki ruhlar dünyasında oluram və elə bil ki, Allahla danışıram. O anda mənə kimsə toxunsa, düşünün atom bombasi kimi partlaya da bilərəm.  Klassik musiqini ifa edəndə  mədəniyyətin müasir dünyası ilə qədim dünyası arasında olan fərqlərini görürəm. Amma məni daha yaxşı olardı ki, o dünyada, o ruhada olanda yaxalayasınız və o zaman dəqiq deyərəm.


- Xarici səfərlərdə sizin qarşılaşdığınız maraqlı hadisələrdəm də bir az danışardınız ?


- O qədər elə hadisələr olub ki... Bir dəfə rayonlardan birində konsertə getmişdik. Ansamblla getmişdim və oxuyanlar da çox idi. Konsertimiz məhsul yığımı dövrünə düşmüşdü. Kolxoz sədri də bir qəribə insan idi. Həm görünüş cəhətdən, həm də xaraktercə. Klubda səhnə hazırlayırdılar. Məhsullar da yeşiklərdə yerdə qalmışdı. Sən demə klubu anbar kimi də işlədirmişlər. Soruşdum ki, iş nə vaxta bitər? Dedilər Traktorun gəlməyini gözlədiyirlər. İnanın çaşıb qalmışdım və bu kluba traktorun  necə daxil olacağını düşünürdüm. Sən demə Traktor da kişinin adı imiş və atasından ona belə bir məzəli ad qalıbmış.


 - Siz xarici ölkələrə tez-tez gedirsiz və olub ki, eyni bir ölkədən yenə də dəvət alasınız?


- Mənim xoşbəxtliyim də elə ondadır ki, bir dəfə getdiyim yerə yenə də dəvət alıram. Bir çox ölkələrdə dəfələrdə olmuşam. Xarici vətəndaşların daha tar alətinə çox marağı var. Tar onlar üçün maraqlıdı, həm də mən repertuar göstərəndə yenə də dəvət edirlər. Mən  klassik musiqilər də, muğam da ifa edirəm və onlar da məəttəl qalır. Orkesrtlə birgə ayağa qalxırlar və alqışlayırlar Həm də tarın imkanları genişdir.


- Özünüzdən sonra tar sənətində kimi görürsünüz?


- Mən heç kimi ayrırmıram və hamının da istedadına bələdəm. Vallah indiki gənclərin mən deyərdim ki, elə istedadlıları var ki, mənim ümid yerimdi. Onlar inkişaf edirlər və mən də baxıram ürəyim açılır. Hamısı yaxşıdı və gözəldi.


-  Mən bildiyim qədər Rəşid Behbudov işində daim sərt və kaprizli bir insan olub. Sizinlə qastrollarda olanda, ya siz onu müşayiət edəndə hansısa kaprizli hallarla rastlaşmısınız?


- Tunisdə qastrolda idik,  hava da çox isti olduğundan dənizə gedib qaralmışdım və bir az da bığ saxlamışdım. Məni səhnədə görən kimi yanına çağırdı və dedi ki, “bığla olsan, mən səni özümlə İngiltərəyə aparmayacam”. Sonra geyimlərə xüsusi fikir verirdi və qırışlı geyinənləri də yaman danlayırdı. Kaprizləri çox idi, amma biz də ləzzət alırdıq. İsveçrədə olanda konsertdə birinci muğam və dalınca da bir xarici əsəri tarda ifa etdim. İki dəfə xahişlə eyni əsəri ifa etməli oldum və alqışlar dayanmırdı. Sonra da bir professor  gəldi Rəşid müəllimdən o muğamın notunu  soruşdu. Və notun olmadığını eşidəndə dəhşətə gəldi. Rəşid müəllim də məni təriflədi. Bax belə xasiyyəti də var idi. Sənətkarı ustalıqla təqdim etmək məharətinə daim heyran qalırdıq. Özü bizi danlayırdı, əzirdi və parıldadırdı, sonra da buraxırdı səhnəyə.


- Ramiz müəllim, müsahibəyə üçün sizə sonsuz təşəkkür edirəm..


- Mən sizə daim sənətkarları diqqətdə saxladığınız üçün təşəkkür edirəm. Və sizin Modern.az saytına ən xoş arzu və diləklərimi göndərirəm.






 

Könül Səid

Elçin Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır