Modern.az

“Məni həyatımdan bezdirdilər” - Xeyrəddin Qocanın başına gələn HADİSƏ

“Məni həyatımdan bezdirdilər” - Xeyrəddin Qocanın başına gələn HADİSƏ

Ədəbi̇yyat

21 Aprel 2020, 18:11

Xeyrəddin QOCA
yazıçı


- 1978-ci il idi. İşsiz qalmışdım. Eşitdim Ədliyyə Nazirliyində "Sosialist qanunçuluğu" adlı jurnalın redaksiyasında iş var. Getdim müraciət elədim. Dedilər 3 ay sınaq müddətinə işə götürək, görək nə yazıb-poza bilirsən. Onlara anlada bilmədim ki, mən illərdir bütün respublika qəzetlərinə jurnalistikanın müxtəlif janrlarında yazılar yazıram, televiziya-radio efirlərində yüzlərlə süjetim, çoxlu çıxışlarım var!Məqalələrim ölkədə və xaricdə yüzdən çox adda qəzet-jurnallarda dərc olunub! Nə xeyiri, kimə deyirsən?! Nə isə... 3 ay məni o qədər işlətdilər, necə deyərlər, oxuculardan üzr istəyirəm, tərimi soyumağa qoymadılar. Mən Pespublika Prokurorluğunun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin yollarında qalmışdım. Əmr verilmək vaxtı gələndə dedilər ki, "səni yox, başqasını işə götürməli olduq. Get, kadrlar şöbəsindən sənədlərini götür..." Kor-peşiman kadrlar şöbəsinə gedəndə redaksiyada işləyən Raya xamım mənə yaxınlaşdı:

--Sənədlərini götürmə, get bizə rəhbərlik edən nazir müavini Ağakərim Kərimovun yanına, əhvalatı danış.

Həmin gün axşam jurnalı diqqətlə oxudum, 200-dən çox üslub səhvləri, korrektura səhvləri, hərif səhvləri tapdım, getdim Ağakərim müəllimə göstərdim. Dil cavabı da dedim ki, "baxın, üç böyük orqanın buraxdığı jurnal nə gündədir!" Ağakərim müəllim jurnalı səhifə-səhifə vərəqlədi, səhvləri gözdən keçirdi. Sonra soruşdu:

--Bu səhvləri siz tapmısınız?

- Bəli,-dedim.

Telefonun dəstəyini qaldırıb kadrlar şöbəsinin müdirinə zəng vurdu:

--Sizə beş dəqiqə vaxt verirəm, Xeyrəddin Qocanın işə götürülmək haqqında əmrini verin!

Əmrim verildi və mən Ədliyyə Nazirliyində redaksiyada işə götürüldüm. Məni ora-bura daha çox göndərməyə davam etdilər. Demək olar həyatımdan bezdirdilər. Amma ailəmə, uşaqlarıma görə dözdüm...Heç demə , mən səhvləri nazir müavininə göstərməklə bunları hörmətdən salmışam! Hansı ki, mənim elə bir məqsədim yox idi və bu heç mənim ağlıma da gəlməzdi...
Bakıda 19 il kirayədə yaşadığımdan nəhayət, nazirlikdə ev növbəsinə dayandım və 4 il gözlədim. Siyahıda birinci idim. Ev vermək məqamı gələndə mənim evimi məndən çox sonra nazirliyə işləməyə gələn hüquqşünas (indi biznesmen kimi tanınır) İlham Rəhimliyə verdilər. Dedilər ki, gənc mütəxəssis kimi ev ona verilməlidir...
Mən o zaman Azərbaycan KP-nin birinci katibi olan Heydər Əliyevin ünvanına şikayət məktubu yazdım. Bir neçə gündən sonra nazirin birinci müavini Zülfüqarov məni kabinetinə çağırdı və dedi:

--Bilirsən də, mənim sənə böyük hörmətim var. Nazir Nəriman Yusifov deyir, ərizəni yazıb işdən gedəsən... Səbəbini soruşdum, dedi ki, Heydər Əliyevə şikayət yazmısan, ona görə...

Əlbəttə, məktub Heydər Əliyevə çatmamışdı...

Mən də ərizəmi yazıb "öz xahişimlə" işdən getdim. Yenə qaldım işsiz... Sonra müxtəlif qəzetlərdə işlədim. Heydər Əliyev Moskvadan qayıdandan sonra Naxçıvanda yaşayanda (O, artıq, Naxçıvan MR Ali Məclisinin sədri seçilmişdi) onun haqqında pespublika qəzetləri üçün hazlrladığım yazılarla əlaqədar tez-tez yanına gedirdim. Bir dəfə səfərim zamanı gördüm keçmiş nazir Nəriman Yusifov qəbul otağındadır, Məclis sədrinin onu qəbul etməsini gözləyir. Mən heç beş dəqiqə gözləməmiş Heydər Əliyevin köməkçisi məni içəri dəvət etdi.Heydər Əliyev həmişəki mehribanlıqla hal-əhval tutandan sonra soruşdu:

--Sənin keçmiş nazirin hələ də gözləyir?

Dedim - bəli.

Heydər Əliyev:

-- Bilirsən, o, Moskvada Otellər İdarəsinin direktorudur. İndi məndən Azərbaycanda vəzifə almaq üçün gəlib. Amma mən onu qəbul etməyəcəyəm-,dedi. --Yadındadır, sən mənə işdən çıxarılmağın haqqında bir əhvalat danışmışdın? İndi görürsən, "örkən doğanaqdan necə keçir?

Sonralar Heydər Əliyev Azərbaycanın Prezidenti oldu. Onun dövründə Milli Məclisin deputatı seçildim, Azərbaycanın İstanbulda baş konsulu təyin edildim. Ən əsası, Böyük Şəxsiyyətin köməyi ilə Londonda ürəyimi əməliyyat etdirdim. Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev isə mənə daim qayğı göstərdi, mənzil verdi, Prezident təqaüdünə layiq gördü, ordenlərlə təltif etdi. Mən və ailəm bütün bunları unuda bilərikmi?
Başıma çox belə əhvalatlar gəlib...

Bu yazını yazmamaq da olardı. Çoxlarına İbrət olsun deyə yazdım...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?