Modern.az

Elmar Məmmədyarov Mnatsakanyanla razılaşdı: Danışıqlar davam etdiriləcək

Elmar Məmmədyarov Mnatsakanyanla razılaşdı: Danışıqlar davam etdiriləcək

Ölkə

21 Aprel 2020, 21:52

Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a verilən məlumata görə, tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.

Görüş zamanı tərəflər qlobal COVİD 19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər.

Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib. Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olunub. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb.

Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.

Tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar.

Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq