Modern.az

Lavrov nə bilir Qarabağ nədir...

Lavrov nə bilir Qarabağ nədir...

22 Aprel 2020, 12:09

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


Ermənilərin nə vaxtsa öz xoşları ilə Qarabağı azad etmələrini hətta ən sadəlövh adam belə, düşünə bilməz...

 

Dünən Rusiyanın baş diplomatı Sergey Lavrovun A.N.Qorçakov adına İctimai Diplomatiya Fondunun nümayəndələri ilə video-konfransda Dağlıq Qarabağla bağlı söylədiyi fikirlər Azərbaycandan daha çox Ermənistan tərəfini narahat etdi.  

Məlum olduğu kimi Lavrov Dağlıq Qarabağla bağlı açıqlamasında münaqişənin həllində Madrid prinsipləri, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, o cümlədən Kazan sənədi, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 2019-cu ilin aprelində qəbul etdiyi ortaq sənədlərin olduğunu bildirdi və həmin sənədlərin münaqişənin mərhələli yolla həllini nəzərdə tutduğunu söylədi. Burada, o, ilk mərhələdə ən aktual məsələlərin - Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması, kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının nəzərdə tutulduğunu qeyd etdi.

 

Ancaq diqqət edəndə Lavrovun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə bağlı - "Bəli, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq olunub. Lakin bu qətnamələrdə müharibənin dayandırılması və danışıqlara başlanılması tələb olunub", - deyə, bildirdiyi fikirdə, əsasən atəşkəs rejiminə eyham vurması, sanki atəşkəsin ərazi bütövlüyündən daha vacib olduğunu göstərir.

Yeri gəlmişkən, 3 il bundan öncə "Qarabağ Azərbaycanın daxili işi deyil"  söyləyən Lavrov, o zaman da münaqişəsinin bir sıra həlli yolları olduğunu bildirərkən elə bu dəfə dediyi kimi ilk növbədə atəşkəsi irəli verərək - "BMT Təhlükəsizlik Şurasının münaqişənin ən qızğın vaxtı qəbul edilən və atəşin dayandırılmasını tələb edən qərar var. Hələ də işğal olunmuş torpaqların azad olunması tələbləri qüvvəsində qalır. Lakin bu, heç bir halda güc yolu və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirmədən ola bilməz" - demişdi.

Baxın, Lavrov bu fikrində də - "Hələ də işğal olunmuş torpaqların azad olunması tələbləri qüvvəsində qalır", - deyəndə, sanki o, bu fikri ikinci və ya üçüncü dərəcəli məsələ, ancaq "güc yolunu" istina etməyi əsas hesab edir.

Maraqlıdır, Rusiyanın bu koronavirus vurha-vurunda Qarabağla bağlı Madrid prinsipinə bənzər yeni mərhələli həll planı irəli sürməsində məqsədi nədir? Kim bilir, bəlkə burada Kremldə SSRİ-ni bərpa etmək istəyən xəyalpərəstlərin bu addımla Azərbaycanı şirnikləndirə biləcəklərini düşünənlər var? Məgər Rusiya prezidenti V.Putin 3 gün öncə "Rossiya" kanalına son müsahibəsində - "Keçmiş SSRİ respublikalarının keçmiş böyük dövlətin bərpası ilə bağlı qorxuları tədricən aradan qaldırılır. Keçmiş respublikalar arasında inteqrasiyanın genişlənməsində qəribə heç nə yoxdur. SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu qaçılmazdır", deyə, öz açıq mesajını vermədimi? O, bu çıxışında keşmiş SSRİ respublikalarının birliyinin dünya bazarlarında rəqabət gücünü artıracağını, nəqliyyat infrastrukturunun, enerji qaynaqlarının, hətta vahid dilinin olduğunu deməkdən belə, çəkinmədi və burada maraqlı olmayan qüvvənin Qərb olduğunu da dilə gətirdi.

Əlbəttə, canını Rusiya təbəliyindən güclə xilas edib Qərb və digər dünya ölkələri ilə hərtərəfli əlaqələr qurmuş heç bir müstəqil postsovet respublikasının özünü yenidən kölə vəziyyətinə salması inandırıcı deyil. Azərbaycana gəlincə isə, Moskvanın onu Avrasiya İttifaqı və KTMT-də arzuolunan üzv kimi çoxdan görmək istəməsinə baxmayaraq, mədəni şəkildə rədd edilməsi buna açıq sübutdur.  

Sözsüz ki, Lavrovun dediyi "mərhələli həll planı" ilə bağlı Azərbaycan diplomatiyası heç bir halda ehtiyatı əldən verməməlidir. Doğrudur, Azərbaycan cəmiyyəti indiyədək 3-5 rayonun geri qaytarılması kimi sözləri dəfələrlə eşitdiyindən onsuz da artıq bu plana haqlı olaraq inanmır. Çünki bir tərəfi erməni olan Lavrovdan Azərbaycana Qarabağ qaytaran olmaz. Digər tərəfdən də Lavrov nə bilir Qarabağ nədir? Ancaq ermənilərin gözündən uzaq, işdir budəfəki "plan" baş tutsa, şübhəsiz ki, Rusiya təmas xəttinə dərhal öz "sülhməramlı donlu" başkəsən ordusunu dürtəcək. Bu isə sonda Dağlıq Qarabağa 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan zorla qoparıldığı aqibətini yaşada bilər. Odur ki, bu sövdələşmədə sülhməramlısız ötüşməyə nail olmaq olduqca vacib, bəlkə də birinci dərəcəli məsələdir.

 

Bu arada onu da deyək ki, hüquqi qüvvəsi müəmmalı və nə qədər dəqiq olduğu bilinməyən "Atəşkəs müqaviləsi" bu gün az qala Azərbaycan tərəfinin göz dağına çevrilib. Maraqlıdır ki, bütün beynəlxalq prinsiplər ən azı BMT nizamnaməsinin 51-ci maddəsi Azərbaycanın haqlı tərəf olduğunu təsdiqlədiyi və öz suveren ərazi bütövlüyünü hərb yolu ilə bərpa etmək hüququna malik olmasını göstərdiyi  halda, hərbi ekspert Şair Ramaldanov - "...hansısa əməliyat aparmaqla - istər kiçikmiqyaslı olsun, istərsə də genişmiqyaslı, əgər biz atəşkəs rejimini qəbul etmişiksə, bu, mümkün deyil... Ona görə də atəşkəs rejimində hər hansı hərbi hərəkət atəşkəsin qaydalarının pozulması kimi qəbul edilir... Azərbaycan hərbi baxımdan heç bir addım ata bilmir", - deyə, az qala Dağlıq Qarabağın düyününü bir az da sıxıb və onun əldən getdiyini deyir. Çünki, ermənilərin nə vaxtsa öz xoşları ilə Qarabağı azad etmələrini hətta ən sadəlövh adam belə, düşünə bilməz.

Aydındır ki, Helsinki Yekun Aktına görə güc yolu ilə ərazi əldə etmək qadağandır. Ancaq məhz Ermənistan bu Akta "vız" atmadan üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozub gücdən istifadə etməklə Dağlıq Qarabağ və ətraf rayonları işğal edib. Müqayisədə indi məgər bu cızmaqara "atəşkəs protokolu" beynəlxalq təşkilatların qəbul etdiyi prinsiplərdən belə üstün sənəddir ki, Ramaldanov onu əsas gətirir?  

 

Baxın, hələ ortada heç bir şey olmamış Lavrovun mərhələli planını topa tutan ermənilər İrəvanda haray-həşir salıblar. Əvvəlcə politoloq Karen Bekaryan öz facebook səhifəsində - "Əgər Lavrovun dedikləri həqiqəti əks etdirirsə, onda Ermənistanın Xarici İşlər naziri istehfaya getməli və ya vəzifəsindən azad edilməlidir", yazıb və bu planın Ermənistan, həmçinin Qarabağ üçün qəbuledilməz olduğunu bildirir. Ermənistanın keçmiş hakim partiyasının icra orqanı isə mərhələli həll planını qəbul etməyərək Ermənistan hakimiyyətinin Qarabağ məsələsində xarici siyasətini tənqid edərək öz narahatlıqlarını bildirirlər. Keçmiş hakim partiyaçılar - "Biz təkrar edirik, istənilən tənzimlənmə variantı Artsax xalqının özünütəyinetməsi və hüququnun tanınması icrasında əsas olmayacaqsa, o beynəlxalq təhlükəsizlik qarantı baxımdan qəbuledilməz hesab olunacaq. Bu qarant isə əvvəlcə "Artsax respublikasının" dəqiq tanınması və xalqının özünütəyinetməsidir", - deyə öz fikirlərini daha kəskin və daha konkret deyiblər.

Budur, artıq bir gündən sonra saat 12 tamamda Ermənistanın bütün kilsələrində "kolokola" səslənəcək. Haylar güya 105 il bundan öncə "soyuqırılmışlarının" ruhlarına dua oxuyub, daim sağ-sollarına təpik atmaqdan utanmayıb Allahdan dünyaya səpələnmiş "cəfakeş kardaşyanlarına" sağlamlıq, sülh, əmin-amanlıq istəyəcklər. Görünür bu kolokolanın "danqıltısının" gur olmasındandır ki, ermənilər dünyanın harasında olmasından asılı olmayaraq milli məsələdə gözləri yumulmur, ayıq-sayıq olurlar.

 

Ancaq bizi nə İrandan Qarabağa gələn maşınların səsi, nə Qarabağda tikilən su elektrik stansiyasında işləyən traktorların nəriltisi, bir sözlə obrazlı desək nə də qulağımızın dibində atılan top belə, oyatmır ki oyatmır. Bizi oyadan az-çox sazla-sözdür ki, indi heç ona da müasir dünyada məhəl qoyan yoxdur. Yol, yalnız güc yoludur, nə Rusiya, nə də onun Lavrovunun Azərbaycana Qarabağ qaytarmaq istəməsi, sözsüz ki, Kremlin hansısa yeni bir oyunundan başqa bir şey deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir