Modern.az

Dietoloqdan xanımlara irad - “Karantində ən çox yağlı, kalorili yeməklər, şirniyyatlar hazırlayırlar”

Dietoloqdan xanımlara irad - “Karantində ən çox yağlı, kalorili yeməklər, şirniyyatlar hazırlayırlar”

Aktual

22 Aprel 2020, 12:42

Koronavirus pandemiyası ilə əlaqədar Aərbaycanda tətbiq olunan xüsusi karantin rejimi may ayının 4-nə qədər uzadıldı. Karantin rejimində insanları ən çox narahat edən məsələlərdən biri də artıq çəki problemidir. Sosial şəbəkələrdə paylaşılan informasiyalardan da görünür ki, demək olar, hər kəs karantin vaxtı hərəkətsizlik ucbatından kökəlməyə meyilliliklə üzləşir.

 

Bu problemlə bağlı Modern.az-a danışan həkim-dietoloq Şəmsiyyə Namazlı qeyd edib ki, koronavirusla əlaqədar uzadılan karantin rejimində insanlar evdə qalaraq, həm də stress içərisində yaşayırlar:

 

“Çünki istər-istəməz hər kəs səhər oyanan kimi sosial şəbəkələri, mətbuatı açır, informasiyaları oxuyur, dünyada vəziyyətin necə olması ilə maraqlanır. Hər kəsin sinir sistemi heç də eyni vəziyyətdə deyil. Elə insan var ki, kənardan gələn xırda bir qıcıq onu depressiya vəziyyətinə sala bilər. Biz tez-tez eşidirik, bəzi insanlar deyirlər, mən kefim pozulanda, depressiyaya düşəndə, əsəbiləşəndə çox yemək yeyirəm. Belə insanlar indiki gərgin dövrdə kökəlməyə daha çox meyillidirlər. Yeməkdən sonra ev şəraitində az da olsa hərəkətin olmaması da insanların kökəlmə riskini artırır.

 

Əslində elə insanlar var ki, daim oturaq rejimdə çalışırlar və adi vaxtlarda da hərəkətsizdirlər. Amma iş vaxtı istər-istəməz insan rejimə düşür. Səhər bəlli bir vaxtda oyanır, yeməyini yeyib, işə yollanır, axşam da 6-da iş bitir və təxmini 7-8 arası şam yeməyinin vaxtı olur. İndi belə bir rejim olmadığına görə, insanlar cürbəcür, kalorili qidaları rejimsiz qəbul edib, hərəkətsiz otururlar”.

 

 

Dietoloq karantin rejimində xanımlarımızın kalorili yeməklərə, şirniyyatlara öz gündəlik menyularında daha çox yer verdiyini xatırladıb. Onun szölərinə görə, sosial şəbəkələrdə paylaşımlardan da görünür ki, demək olar, hər kəs evdəki vaxtını yemək hazırlamaqla dəyərləndirir:

 

“Karantindən öncə bir çox insanlar idman salonlarına gedirdilər, gəzintiyə çıxırdılar, heç biri olmasa belə ən azından işə gedib-gələrkən müəyyən qədər hərəkət edirdilər.

Karantində qaldığımız müddətdə kökəlməmək üçün yaxşı olar ki, insanlar evdə kiçik idman hərəkətləri etsinlər. Həyətə və ya izolyasiya olunmuş hansısa məkana çıxaraq, qısamüddətlik addımlasınlar. Yeməklərin tərkibinə isə xüsusilə fikir vermək lazımdır. Həddindən artıq kalorili, yağlı qidalardan, xəmir xörəklərindən və şirniyyatlardan mümkün qədər qaçın. Bizim cəmiyyətdə yanlış bir fikir formalaşıb. Əksəriyyət düşünür ki, immun sistemini möhkəmləndirmək üçün məhz bu qidalardan istifadə etmək faydalıdır. Tamamilə yanlışdır. Bu qidalar xüsusilə uşaqlarda bu qidalar immun sisteminin zəifləməsinə gətirib çıxarır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır