Modern.az

Misirdəki 24 azərbaycanlı vətənə qayıtmaq istəyir - Səfir Tural Rzayev

Misirdəki 24 azərbaycanlı vətənə qayıtmaq istəyir - Səfir Tural Rzayev

23 Aprel 2020, 08:42

“Misirdə yaşayan həmvətənlərimiz arasında koronavirusa yoluxan yoxdur. Səfirliyimizin və Misir Nazirlər Kabinetinin tövsiyələrinə əməl edən vətəndaşlarımız özünütəcrid qaydalarına riayət etməkdədir”.

Bu fikirləri Modern.az-a Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib.


“Hazırda 24 nəfər Azərbaycana qayıtmaq istəyilə səfirliyimizə müraciət edib.  Misir hava limanlarının bağlı olması səbəbindən bu mümkün olmayıb. Lakin çarter reysləri və ya digər imkanlar yaranan kimi, vətəndaşlarımızın bu arzusunu həyata keçirməyə çalışacağıq. Hələlik isə soydaşlarımıza imkan daxilində bütün köməkliklərimizi göstəririk”-deyə səfir əlavə edib.  


Misirdəki səfirimiz oradakı azərbaycanlı tələbələrin durumunu da şərh edib:

“Səfirliyimizə müraciətlər əsasən iki məsələ ilə əlaqədar olur. Bu maddi dəstək və Misirdə qalmaq müddətinin başa çatması ilə əlaqədardır. Bu məsələləri də həll edirik. Misirdə cəmi 9 tələbəmiz var. Onlarla da mütəmadi əlaqə yaradır və vəziyyətləri ilə maraqlanırıq. Tələblər olduğu halda köməkliyimizi göstəririk. Məsələn, bir tələbəmiz yataqxanasından narazı idi. Dərhal onu o yataqxanadan çıxararaq səfirliyimizə gətirdik. Sonra isə digər tələbəmizin yanına, icarə evə yerləşdirdik.

Bizim üçün çox acı və kədərli hadisə də baş verdi. Ürək çatışmazlığı səbəbindən Səfirliyimizin müşaviri Azər Abbas əməliyyat masasında vəfat edib. Allah ona rəhmət eləsin. Ailəsi ilə məsləhətləşərək, onun cənazəsini Azərbaycana çatdırdıq.  Bunun üçün də Azərbayacn XİN, Misir XİN, “Türk Hava Yolları”na və Azərbaycanın  “SilkWay” şirkətinə göstərdikləri köməkliyə görə təşəkkürümü bildirirəm. Hazırda Misirdə karantin vəziyyətidir. Axşam saat 18.00-dan səhərə qədər 13 saatlıq komendant saatı tədbiq olunur. Təhsil müəssisələri bağlıdır. Dövlət qurumlarında çalışanlar da məhdud şəkildə, demək olar ki, növbətçilik əsasında işə çıxırlar. Bütün kütləvi tədbirlər qadağan olunub. Hava limanları bağlıdır”.


Azərbaycanlı diplomat səfirliyin növbəlilik əsasında fəaliyyət göstərdiyini bildirib:


“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyinin tövsiyələrini nəzərə alaraq, Qahirədəki səfirliyimiz hazırda növbətçilik əsasında ev rejimində fəaliyyət göstərməkdədir. Səfirliyimizin 24 saat açıq olan “qaynar xətt”i var.  Eyni zamanda, Misirdə olan həmvətənlərimizin də qoşulduğu vatsap qrupu mövcuddur”.


Tural Rzayev Misirdə COVID-19-a yoluxan misirlilər barədə də danışıb:


“Hazırda Misirdə 3500-ə yaxın  şəxs koronavirusa yoluxub və 250 nəfər bu xəstəlikdən vəfat edib. Lakin bu rəqəmlər sürətlə dəyişir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!