Modern.az

Türkiyədə 23 aprel uşaq bayramı bu dəfə evdə qeyd olundu - VİDEO

Türkiyədə 23 aprel uşaq bayramı bu dəfə evdə qeyd olundu - VİDEO

Aktual

23 Aprel 2020, 19:58

Bu gün Türkiyədə 2 qat bayramdır: Böyük Millət Məclisinin 100-cü il dönümü ilə yanaşı, türklər bu gün Milli Suverenlik və Uşaq Bayramını da qeyd edirlər.

 

Modern.az xəbər verir ki, hər il aprelin 23-də Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, habelə bələdiyyə sədrləri öz yerlərini müəyyən olunmuş uşaqlardan birinə verir və uşaqların bu vəzifədəki qərarlarına riayət olunur.

Lakin həmişə meydanlarda, məktəblərdə böyük coşquyla, insan axını ilə keçirilən bayram bu dəfə koronavirus pandemiyası səbəbilə fərqli formatda - evlərdə qeyd olunacaq.

 

Türkiyə paytaxtının demək olar hər yerində binaların pəncərələri, eyvanlar bayraqlarla, şarlarla bəzədilib.

Türkiyə Rabitə Nazirliyi tərəfindən “Turkiyenincocuklari.com.tr” adlı veb sayt da istifadəyə verilib.

Saytda 23 aprel tədbirləri ilə yanaşı, bayramın tarixi haqda da məlumat oxucuların istifadəsinə çatdırılıb.

 

Yerli vaxtla saat 22:00-da uşaqlara pəncərə və eyvanlara çıxaraq İstiklal marşını oxumaq çağırışı edilib. Bundan sonra isə onlar Türkiyəli müğənnilərin canlı konsertini “Turkiyenincocuklari” yutub səhifəsindən izləyə biləcəklər.

Uşaqlar saytda oxuduqları bayram şeirlərini, evlərində hazırladıqları səhnəcikləri də paylaşa bilirlər.

 

Qeyd edək ki, 23 aprel dünyada qeyd olunan ilk uşaq bayramının tarixi 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılması ilə bağlıdır. Bundan 1 il sonra, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk bu günün milli bayram kimi qeyd olunması haqqında qərar qəbul edir.

1929-cu ildə isə bu tarix Atatürk tərəfindən türk uşaqlarına hədiyyə edilib və 23 aprel Uşaq Bayramı günü kimi qeyd edilməyə başlanılıb.

1979-cu ildə ilk olaraq 6 ölkənin şənliklərə qatılması ilə bayram beynəlxalq səviyyədə tanındı, bunun ardınca isə Yunesko 1979-cu ili “Uşaq ili” elan etdi.

Həmin tarixdən bəri, hər il 23 apreldə Türkiyəyə dünyanın bir çox ölkələrindən şənliklərə qatılmaq üçün 8-14 yaş arasındakı uşaqlar qonaq gəlir.

Türk ailələrinin evində qonaqlayan uşaqlar şənliklərdə öz ölkələrinin xalq oyunları, mahnı və rəqslərini nümayiş etdirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?