Modern.az

Öz qoca ata-ananızın yardım bağlaması ilə şəklini paylaşardınızmı? – ŞOU DÜZƏLDƏNLƏRƏ ETİRAZ

Öz qoca ata-ananızın yardım bağlaması ilə şəklini paylaşardınızmı? – ŞOU DÜZƏLDƏNLƏRƏ ETİRAZ

23 Aprel 2020, 22:14

COVİD-19 pandemiyası ilə mübarizədə çox mətləblər ortaya  çıxdı. Adamlar oldu ki, ehtiyacı olanlara külli miqdarda vəsait xərclədi, amma nə özləri göründü, nə də yardım etdikləri.

Amma bunun əksini də gördük, ümumən “Sağ əlin verdiyini sol əl bilməməlidir” deyimi iflic oldu.

Bir az da konkretləşdirsək, bəzən bir çörəyə möhtac olanlara çörək verib, şəklini az qala trend etdilər.

Hətta bəzi icra strukturları yaşlı insanları sıraya düzüb etdikləri yardımları fotoya köçürüb ictimailəşdirdilər. Ehtiyacı olan insanların məzlum obrazını ictimaiyyətə təqdim etmək  isə birmənalı qarşılanmır.

Kasıblıq qəbahət deyil, ancaq hər bir halda, kim öz atasının, anasının yardım bağlaması ilə şəkinin paylaşılmasına xoş baxa bilər ki?!

 


Milli Məclisin deputatı Cavanşir Paşazadə düşünür ki, insanların üzünü göstərmədən də yardımları etmək olar:

“Son zamanlar biz də yardım edilən insanların üzünü görürük. Belə məsələlər çox vaxt razılaşma əsasında, yəni danışığa əsasən aparılır. “Biz sizə bu yardımı edəcəyik, siz də 5 nəfər sıraya düzülün, şəklinizi çəkib göstərəcəyik”.  Demək olar ki, belə hallarla sosial şəbəkələrdə tez-tez  rastlaşırıq. Hesab edirəm ki, kimsə üzünün göstərilməsini istəməz. Sadəcə olaraq məcburi razılaşmada bu cür hallar olur. Bəzi yardım edənlər üz görünməsinə başqa cür don geyindirir. “Biz bunu edirik ki, başqaları da ibrət götürsün. Bu, doğru deyil. Ehtiyacı olan insanlara yardımların edilməsi lazım yox, vacibdir. İnsanların üzünü geniş formada göstərməməklə də bu yardımları etmək olar. Mən bunun əleyhinəyəm”.



 


Azərbaycanda İnsan Hüquqları üzrə ilk Müvəkkil olmuş Elmira Süleymanova bu məsələlərin çox zaman razılıq əsasında olduğunu deyib:

“Ehtiyacı olan insanlara yardımların edilməsi müxtəlif formada aparılır. Elə insanlar var ki, üzünün göstərilməsini istəyir. Təbii ki, belə məqamda münasibətlər də başqa cürdü. Bəzən bu cür yardımların edilməsi zamanı şəxslərin üzünün göstərilməsi razılıq əsasında da olur. Hesab edirəm ki, məsələ birmənalı qarşılanmadığı kimi, qəti olaraq bir söz demək olmur. “Balıq bilməsə də, xaliq biləcək” məsəli var. Bunu da unutmayaq”.



Tanınmış alim, professor, yazıçı-publisist Qəzənfər Paşayev də yardım edilən insanların üzünün göstərilməsinin tərəfdarı olmadığını bildirib:

“İmam Əlinin dediyi kimi “sağ əlin verdiyini sol əl bilməməlidir”. Bəzi məqamlar var ki, onları mən də doğru hesab etmirəm. Yardım edən kəs adamları yanına çağırır və gətirdiyi qutunu verən yerdə şəkillərini çəkir. Belə hallar yardım edənin özünə qarşı əks təsir göstərir. İnsanların üzünü açıq formada hər kəsə göstərmək o qədər də düzgün  deyil. Elə edək ki, yardım etdiyimiz insanların üzünü tam göstərməyək. Bu, həmin insanları alçaltmaq kimi başa düşülür. Həmin insanlar bəzən çox dərdli, bikef görünürlər. Hesab edirəm ki, bu cür məsələlərdə diqqətli olmaq lazımdır”.

 


Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər