Modern.az

Deputat Flora Qasımova: “Şuşanın işğalına görə gizlənmək istəyirəm”

Deputat Flora Qasımova: “Şuşanın işğalına görə gizlənmək istəyirəm”

1 May 2012, 12:58

Millət vəkili Flora Qasımova əslən şuşalıdır. Onunla Şuşanın işğalının 20-ci ildönümü ərəfəsi görüşdük. Deputat söylədi ki, bu günlər onun üçün çox hüznlüdür:

- Bilirsiniz niyə, hər dəfə Şuşanın işğalı kəlməsini eşidəndə həyəcan məni basır. Günahkar adam kimi gizlənmək istəyirəm. Mənim bu həyəcanıma səbəb bəlkə də əslən şuşalı olmağımdır. Atam Şuşanın Malibəyli kəndindən, anamım ana babası Şuşada (Fərrux bəyin), ata babası Laçın Ağanus kəndindən olub. Qarabağın baş axundu Molla Şükür Məhərrəmov Şuşada yaşayırdı. Onun oğlu mənim babam Mirzə Məhəmməd  təhsil görmüş çox savadlı və qoçaq kişi imiş. Savadlı olduğuna görə  hələ gəncliyindən ona “Mirzə” deyərlərmiş. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun sərəncamı ilə  Qubadlı qəza pristavı, sonra  Şuşa şəhər polismeysteri vəzifəsində çalışıb. Müsavatçı kimi sovet hakimiyyətinə qarşə mübarizədə də fəal iştirak edib, 1938-ci ildə güllələnib.

Ulu babam Şuşanın Axundu Hacı Molla Şükür Cıdır düzündə öz həyətində dəfn olunub. Görəsən o qəbir  dururmu? Cıdır düzündə onun yeddi otaqdan ibarət  mülkü var imiş. 1934-cü ildə mülkü onların əlindən alıblar. Anam  bizi hər il Cıdır düzündəki həyətlərinə aparardı. Ağanın qəbrini ziyarət edərdik. 1989-cu  ildə Qarabağ hadisələrinin qızğın vaxtında Şuşaya getmişdim. Şuşalılar ayaq üstə idilər. Kişilər keşik çəkirdilər. Bir gecə səs yayıldı ki, ermənilər Şuşanın yuxarı hissəsindən şəhərə girmək  istəyirlər. Qohumların kişiləri gecə yarısı geyinib  getdilər. Səhərə kimi yata bilmədim. Səhər xəbər yayıldı ki, Kərkicahandan  Şuşaya gələn iki nəfəri ermənilər öldürüblər. Meyitləri yük maşınında Şuşaya gətirmişdilər. Danışırdılar ki,meyitlər təhqir olunub. Uşaqlar kiçik olduğundan mən Bakıya qayıtmalı oldum. Ermənilər yolları bağlamışdılar. Biz vertolyotla Ağdama qayıtdıq. Vertolyotdan Şuşaya, meşələrə, düzlərə baxdıqda bu gözəllik məni heyran etdi. Mənə elə gəldi ki, mən  bu gözəlliyi indiyə qədər heç görməmişəm. Canımdan bir qorxu keçdi ki, birdən buralara bir də gələ bilmərəm. Məni ağlamaq tutdu. Uşaqlar elə bilirdilər ki, vertolyotdan qorxuram, məni sakitləşdirməyə çalışırdılar. Ağdama düşəndə anama dedim ki, ana, Şuşa necə gözəl imiş. Doğrudanmı ermənilər bu torpaqları ala bilərlər? İndi sanki bu torpaqların işğalında özümü günahkar bilirəm.

Yox, biz o torpaqları itirə bilmərik, bizi o torpaqlarda uyuyan ulularımızın ruhu bağışlamaz, biz bir millət olaraq, gələcək nəsillərin tənəsindən qurtara bilmərik.

- Flora xanım, həyat yoldaşınız, Milli Qəhrəman Şirin Mirzəyevlə sinif yoldaşı olmusunuz...

- Bəli. Orta məktəbi 1965 – ci ildə bitirmişik. Bizim Vahid Əliyev adlı bir ədəbiyyat müəllimi vardı. Allah ona qəni–qəni rəhmət eləsin, mən bu günədək elə müəllim görməmişəm. O əslən Gəncədən idi və Xankəndindən bir erməni qızıyla ailə qurmuşdu, iki qızı da vardı. Sonradan o arvadını boşadı.

- Məlum hadisələr başlayandan sonra?

- Yox, bu çox əvvəllər olub. Məhz onun təşəbbüsüylə dərslərdən sonra ədəbiyyat dərnəyimiz olardı. Həmin dərnəkdə biz Cəfər Cabbarlının “Sevil” və “1905-ci ildə” əsərlərini səhnələşdirmişik. Həmin “1905-ci ildə” əsəri sıhnələşdiriləndə  Ramil Usubovla Şirin Mirzəyev birgə çıxış ediblər, biri Allahverdini oynayıb, o biri İmamverdini. Deməyim odur ki, bizim həyata baxışımızın və dünyagörüşümüzün formalaşmasında Vahid Əliyevin danılmaz rolu olub. 

- Neçənci ildə Şirin Mirzəyevlə ailə qurdunuz?

- 1976-cı ildə.

- O təhsilini Rusiyada almışdı, ailə qurduqdan sonra onunla Azərbaycandan kənarda yaşadığınız illər olubmu?

- Qısa müddət İrəvanda yaşamışıq, sonradan işini Azərbaycandakı 6500 saylı hərbi hissəyə dəyişidi. Daha sonra da Daxili Qoşunların diviziyasına dəyişdi. Şirin orda “partkomissiya”nın sədri idi. O vaxt bu vəzifə diviziya komandirinin müavini statusunda idi.

- Onun Ağdərədə minaya düşməsiylə bağlı o vaxt mətbuatda ziddiyyətli məlumatlar dolaşdı ki,  guya eyni yolu gedib qayıdanda yola xəyanətkarların əliylə mina basdırılıb...

- Deyilənlərin şayiə və həqiqət olduğunu deyə bilmərəm. Əməliyyat hazırlananada  xəyanət olduğunu bilirdim. Şirin ona verilən tapşırığı yerinə yetirmişdi. Lakin əməliyyatın uğurla başa çatması üçün digər qüvvələr hücuma keçmədi.

O vaxt müdafiə naziri Rəhim Qazıyevə müraciət elədim ki, ön cəbhədə döyüşən ordunun kamandiri, 25 il sovet ordusunda xidmət keçmiş bir peşəkar zabitin ölüm səbəbini araşdıran varmı? Axı belə bir vətənpərvər igidin xəyanətin qurbanı olmasını araşdırmamaq da xəyanət idi. Təsəvvür edin ki, o Ağdama gedəndə Sabirin “Hophopnamə”sindən, diş və ayaqqabı “şotka”larından, əl-üz dəsmallarından başqa bir şey götürməmişdi.

- Rəhim Qazıyevin cavabı nə oldu?

- Müdafiə Nazirliyindən bir əcaib cavab gəlmişdi ki, 25 il qulluq etmiş peşəkar zabitin ölümü sizi narahat etdiyi üçün minnətdarlıq edirik, xahiş edirik nazirliyə gələsiniz. Nazirliyə getsəm də, cəhdlərim nəticə vermədi və onunla görüşə bilmədim. Ümumiyyətlə, Müdafiə Nazirliyinin xəbəri vardımı ki, orda hansı əməliyyatları kim necə keçirib, kim kimi bada verib və ya xəyanətkarlar kimlər olub? Mən bu gün də tam əminəm ki, Şirin xəyanətin qurbanı olub.

- Şəhidlər Xiyabanına tez-tezmi gedirsiniz?

- Əvvəllər tez-tez gedərdim, indi gedəndə özümü çox pis hiss edirəm. Axı nə qədər gedib göz yaşı axıdıb suçlu kimi başıaşağı onların məzarını tərk edəcəyik? Axı nə qədər xeyirdə-şərdə biri-birimizə yalandan təsəlli verərək “gün o gün olsun ki, torpaqlarımız azad olunsun, şəhidlərimizin narahat ruhları dinclik tapsın” deyəcəyik? Bilirsiniz, biz həmin qəbirləri ziyarətə xoş xəbərlə gedə bilmirik, adam onların qarşısında xəcalət çəkir.

- Şirin Mirzəyev heç yuxularınıza girirmi?

- Əvvəllər tez-tez girərdi, ancaq həmişə elə girərdi ki, guya ölməyib, düşmən arxasına keçib, ona zərbə vurmağa məqam axtarır, Azərbaycandan da kömək gözləyir...

- Heç sizə sual veribmi ki, bu qədər də işğala dözərlərmi?

- Bilirsiniz, ona Milli Qəhrəman adını gec verdilər. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra verdi. O vaxt cəbhə dostlarından yuxarılara bununla bağlı çoxlu müraciətlər edilirdi. Bir dəfə yuxumda mənə dedi ki, bəyəm mən ad almaq üçün Qarabağa getmişdim?

- Xankəndindəki evinizin indiki aqibətindən hər hansı məlumatınız varmı? O vaxt sizinlə qonşu olan ermənilərdən sonradan köçüb xaricə gedənlər olubmu, onlarla heç təsadüfən rastlaşmamısınız ki?

- Heç bir xəbər yoxdur. Ancaq Xankəndindən köçüb gedən ermənilərlə bizimkilərdən görüşənlər var. Onlar utana-utana deyiblər ki, böyüklərimiz elədi bunları, bizim heç bir günahımız yoxdur. Həm də deyiblər ki, sizinlə barışacağımız günləri səbrsizliklə gözləyirik, ancaq ruslar imkan vermir.

- İxtisasınız nədir?

- Riyaziyyatçıyam, Xankəndində riyaziyyat müəllimi işləmişəm, 4 saylı Xankəndi Şəhər məktəbində tədris hissə müdiri işləmişəm. Sonralar şəhər partiya komitəsində təlimatçı, vilayət sovetinin deputatı olmuşam. Daha sonra 12 il Daxili İşlər Nazirliyi Pasport Qeydiyyatı İdarəsində işləmişəm.

- Xankəndində azərbaycanlılarla ermənilər eyni qəbiristanlıqda dəfn olunurdular?

- Xeyr, azərbaycanlıların üç yerdə ayrıca qəbiristanlığı vardı. Amma elə o vaxt Şirin özü gedib görmüşdü ki, əksəriyyətinin baş daşını sındırıblar. Şirinin qardaşının da baş daşını aşırmışdılar, atasının da.

- Niyə Naxçıvanda bir alban qəbirstanlığının guya dağıdılmasına görə ermənilər bütün dünyaya səs saldıqları halda bu günədək Xankəndi qəbirstanlığı məsələsi qaldırılmayıb?

- Siz nəyi qoyub, nəyi axtarırsınız, üstündən 20 il keçib, hələ Xankəndi sakinlərinin işlərilə məşğul olan bir rəsmi qurum yoxdur. O boyda şəhərin əhalisi indi Xocalıya təhkim olunub. Onlar da ancaq arayış veriləndə, “çörəkpulu” siyahısı tərtib ediləndə yada düşür. Sizə bir şey deyim, vaxt vardı Xankəndi şəhər 4 saylı orta məktəbi ətraf rayonların, Kosalar, Malıbəyli, Quşçular və digər ətraf kəndlərin uşaqlarına qucaq açıb təhsil verirdi. Ancaq bu illər ərzində bir təşəbbüs qaldırılmayıb ki, tikilən hansısa yeni məktəbə həmin 4 saylı Xankəndi məktəbinin adı verilsin ki, sabah ermənilər üstümüzə ayaq aça bilməsin. Hər şeyi yuxarıdan gözləmək  düzgün deyil.Təşəbbüskarlıq lazımdı.

- Şiz Xankəndindən deputat seçilməzdən öncə bir şəhid Milli Qəhrəmanın həyat yoldaşısınız. Qarabağ savaşının sülh yoluyla nizamlanacağına inanırsınızmı?

- Mənim inamım yoxdur. O zaman bəlkə də inanardım ki, həmsədr dövlətlərin rəhbərləri riyakarlıqdan, ikiüzlülükdən əl çəkərək bu münaqişənin ədalətli həllini istəsinlər. Dünyanın indiki reallığında və şərtlərində 20 il də sülh danışıqları olarmı? Özü də həmin vasitəçi ölkə rəhbərlərinin hamısı bilir ki, işğalçı kimdir, işğala məruz qalan kim. Bunlar heç olmasa BMT-nin 4 qətnaməsinə hörmət etsinlər və işğalçı Ermənistanı onu yerinə yetirməyə məcbur etsinlər. Axı biz görmüşük ki, işğalçıya təzyiq edilər, siyasi, iqtisadi və digər sanksiya növləri tətbiq edilər, necə ki, bu gün dünya birliyinin qərarlarına məhəl qoymayan Suriya və İran kimi ölkələrə qarşı bu cür cəza mexanizmlərindən istifadə olunur. Amma bu günə kimi görün heç ermənilərə gözün üstə qaşın var deyən varmı? Yadınızdadırsa, 2001-ci ildə ulu öndər Heydər Əliyev Milli Məclisdə çıxış edərək bildirdi ki, həmsədrlərin əsas məqsədi ya Dağlıq Qarabağı  Ermənistana  birləşdirmək, ya da ona müstəqillik statusu verməyə razı salmaqdır.

- Həmin etirafdan düz 10 il keçib...

- Həmsədrlərin əsas fikirləri odur ki, görək Azərbaycan nəhayət bu danışıqlar prosesindən usanıb deyirmi ki, dediyiniz güzəştlərə hazıram.

- Onda “xalq diplomatiyası”na da münasibətiniz mənfidir.

- Əlbəttə. İndiki halda bu cür təmasların heç bir xeyri olan deyil. Bu cür müzakirələr o vaxt səmərə verə bilərdi ki, biz Qarabağda yaşayan yerli ermənilərlə təmas quraq, heç kim onları istiqamətləndirməsin. Mən əminəm ki, Qarabağdakı ermənilər köçəryanların, sərkisyanların əlindən sinədağlıdır və bir gün onların yaxalarından yapışaraq “niyə bizi azərbaycanlılarla düşmən elədiniz deyəcəklər”.

- Bütün bu olub keçənlərdən sonra nə zamansa onlarla yenidən bir qonşu kimi yaşaya biləcəyimiz mümkündürmü?

-1905 və ya 1918-ci illərdə də anoloji qırğınlar olmamışdımı? Gördünüz ki, biz heç nə olmayıbmış kimi sonradan onlara qaynayıb qarışdıq. Neynəyək, biz belə millətik də, bizə edilən pislikləri, düşmənçilikləri tez unuduruq.

- Bir müddət öncə parlament jurnalistləri, deputatlar və icra başçılarından ibarət geniş bir heyət Xocavəndin “Nərgiztəpə” yüksəkliyi deyilən yerə getdik və Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov ordan Qarabağ ermənilərinə səsləndi ki, ağlınızı başınıza yığın, Azərbaycan qanunlarına tabe olun, ağ günə çıxın. Tutaq ki, sabah Qarabağ erməniləriylə belə bir təmas mümkün oldu, o zaman onlara deyəcəyiniz sözü bilmək maraqlı olardı.

- Axı bəyəm bu davada Dağlıq Qarabağ ermənilərinin bir rolu varmı? Onları saya salan kimdir? Bu hadisələr təzə başlayanda Dağlıq Qarabağdakı sadə ermənilər qorxu içindəydi və bilirdilər ki, bu məsələ baş tutan deyil və gec- tez çanaq onların başında çatlayacaq. Hətta Xankəndində bizim qonşularımız vardı ki, hadisələr başlayanda bizə gileylənirdilər ki, niyə Bakıdan gəlib bu aranı qatanları tutmurlar?
Mən tam əminəm ki, onları Qarabağda girov kimi saxlayıblar.

- Ermənilərdən söz düşəndə “ilanın ağına da lənət, qarasına da” deyirik. Uzun illər onlarla birgə yaşamısınız, doğrudanmı onların hamısı başıəziləmlidir?

- Sadə insana nə lazımdır? Çörəyi, işi olsun, qonşusuyla mehriban, qorxusuz-ürküsüz yaşasın. Ancaq onları qızışdırıb qəsdən araya qan saldılar ki, barışmaq mümkün olmasın. Qardaşım neçə il bir idarədə ermənilərlə birgə işlədi, əsas dostları da ermənilər idi. Hadisələr qızışanda dedilər ki, Vidadi, daha səni qoruya bilməyəcəyik, neçə ki, gec deyil, çıx get. Bir şeyi də deyim ki, Qarabağ erməniləri hələ sovet dövründən Ermənistan erməniləriylə yola getmirdilər, deyirdilər ki, onlar kobuddur.

- Bilirəm ki, Sizi passiv deputat adlandırsam, dərhal etiraz edəcəksiniz, amma etiraf edək ki, həmkarlarınızın bir çoxundan fərqli olaraq, parlamentdə aktivlik göstərmirsiniz, tribunadan səsiniz tez-tez eşidilmir.

- Sizinlə razı deyiləm. Mütəmadi olaraq mətbuatda çıxışlar edirəm, seçilərlə görüşlər keçirirəm, tədbirlərdə mümkün qədər iştirak etməyə çalışıram. Parlament tribunasına gəldikdə isə bunun tək bir səbəbi var. Əslində hamı eyni şeyi deyir, yəni o problemi ki, mən qaldırmaq istəyirəm, məndən qabaq söz alıb çıxış edənlər səsləndirir deyə, mən təkrarçılığa ehtiyac görmürəm. Digər tərəfdən, axı gəlin insafla danışaq, dövlətimizin rəhbəri də hər cür çalışır ki, bu məsələni həll etsin. Bilirsiniz, Qarabağ təkcə mənim dərdim deyil ki, onu hər iclasda qaldıram, Qarabağdan olmayan deputatlar məndən də ötkəm danışırlar.

- Xankəndindən deputat seçilmisiniz, seçiciləriniz daha çox hansı bölgədə məskunlaşıb?

- Elə ən böyük problemə toxundunuz. 2001-ci ilə olan rəsmi məlumatlara görə təkcə Xankəndindən olan məcburi köçkünlərin - xaricə gedənləri nəzərə almasaq -sayı 10 mindən yuxarıdır və onlar ölkənin 38 rayonuna səpələniblər. Başqa rayonların icra strukturları olduğundan həmin əhalini kompakt şəkildə bir yerə yığa bildilər. Ancaq Xankəndindən olan əhalinin heç bir icra strukturu olmadığına görə çox ciddi problemlərlə üzləşirdilər.O vaxt əhalini Xocalı şəhər İcra Hakimiyyətinə təhkim etdilər.

- Niyə parlamentdə bu barədə məsələ qaldırmırsınız ki, hansı məntiqlə Xankəndi şəhər İcra Hakimiyyəti yaradılmır ki, həmin yerin əhalisi də sənəd alarkən qapılarda qalmaya?

- Bu məsələ dəfələrlə qaldırılıb, Prezident Adminstrasiyasında bu problemdən xəbərdardılar və bu məsələ həllini gözləyir. Çıxış yolu kimi “xankəndi.az” saytı və “Xankəndlilər” İctimai Birliy yaratmışıq.

- Bunlar ictimi təşkilatlardır, söhbət rəsmi dövlət qurumundan gedir.

- Dediyim kimi bu məsələ lazımi orqanlar qarşısında qaldırılıb, cavabını gözləyir.

- Çox acınacaqlı bir vəziyyət yaranıb, bəlkə sabah Qarabağda yaşayan ermənilərin və azərbaycanlıların sayı məsələsi sülh danışıqlarının hansısa fazasında xüsusi əhəmiyyət kəsb etdi.

- Axı Konstitusiyamıza görə referendum yalnız Dağlıq Qarabağda keçirilə bilməz, bütün ölkə üzrə keçirilməlidir. Ancaq haqlısınız, indidən bu barədə ciddi iş aparılmalıdır. Mən özüm ciddi araşdırma aparmışam, 1989-cu ilin siyahıyaalınmasında qəsdən Xankəndində azərbaycanlıların sayı az göstərilib.

-Axı təkcə Xankəndiylə bağlı deyil, hər il Dağlıq Qarabağın bütün rayonlarının demoqrafik xəritəsi hazırlanmalı və beynəlxalq təşkilatlara da göndərilməliydi...

- Problem təkcə Xankəndi deyil, Ağdərə rayonunda da eyni vəziyyətdir. Xankəndi inzibati ərazi bölgüsünə görə respublika tabeli şəhərdir. Eyni zamanda Xankəndində də şəhər tabeli Kərkicahan qəsəbəsi var. Bunlar da müvəqqəti olaraq Xocalı rayon İcra Hakimiyyətinə tabe olunub. Məndən öncə də bu məsələ bir neçə dəfə qaldırılıb, indiyə kimi mənə də izah edə bilmirlər ki, niyə belə edirlər. Məndə olan məlumata görə, hələ 2001-ci ildə Heydər Əlievin də razılığı varmış ki, Xankəndi heç olmasa nümayəndəlik səviyyəsində qəbul olunsun, ancaq nədənsə bu məsələ açıq qalıb. Başqa bir problem də məni çox narahat edir. Axı azərbaycanlıların həmin şəhərdə yaşadığını təsdiq edən izlərin itirilməsinə imkan verməməliyik. Bəlkə bu münaqişənin həlli bir az da uzandı, elə olmasın ki. günlərin bir günü ermənilər desin ki, Xankəndindəki azərbaycanlılar hardaydı, indi hardadırlar? Xankəndində Nizami adına 4 saylı, bir də Səməd Vurğun adına 6 saylı orta məktəb olub. İndi bu məktəblərin adı heç bir yerdə yoxdur.

- Prezidentin Şuşanın işğalının 20 illiyi münasibətilə imzaladığı sərəncam təqdir olunsa da, insanlar qorxur ki, bu qara yubileylər daha bir neçə onilliklər keçirilə bilər...

- Prezidentimiz çox böyük uzaqgörənlik edərək Şuşanın işğalının 20 illiyi barədə həmin qərarı verib. Bununla dünyanın batmış qulaqlarına bir daha demək istəyir ki, 20 ildir qədim Azərbaycan torpağının işğalına göz yumulur. Ancaq mənim subyektiv fikrim ondan ibarətdir ki, biz açıqca Rusiyanın yaxasından yapışmalıyıq ki, bu torpaqların işğalında sizin əliniz olub, onun azad edilməsində də əsas gücü siz ortaya qoymalısınız.

- Siz Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü deyilsiniz.

- Bəli, üzv deyiləm. Bu məsələ qurultayda həll olunur. Etiraf etməliyik ki, çox passivik. Eşitdiyimə görə, Ermənistanın 20-dən artıq dövlətdəki səfirliklərində Dağlıq Qarabağın erməni icmasının ayrıca nümayəndəliyi var. İstərdim ki, hər kəs öz işinə elə məsuliyyətlə yanaşsın ki, bizi qələbəyə aparan yollar yaxınlaşsın...

Zülfüqar HÜSEYNZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI