Modern.az

Şofer Əhmədin 57 yaşını qeyd edən 75 yaşlı aktyor

Şofer Əhmədin 57 yaşını qeyd edən 75 yaşlı aktyor

Mədəni̇yyət

26 Aprel 2020, 04:36

Elxan Qasımov: "Özümü potensialıma uyğun şəkildə realizə etməyi bacarmadım"

 

Modern.az kaspi.az-a istinadən yazını təqdim edir.

 

Ömür yolunun 75-ci səhifəsini yaşayır. Bu günlərdə onun nə az, nə çox, 75 yaşı tamam oldu. İnsanların qəlbində şofer Əhməd kimi tanınıb, sevilib.  Bu il şofer Əhməd obranın dünyaya gəlişinin 57 ili tamamdır. Şofer Əhmədi uşaqdan böyüyə hər kəs tanıyır. Elxan Qasımovu isə sənətə dəyər verən, pisi yaxşıdan ayırmağaı bacaran sənət dostları daha yaxşı tanıyır.

 

Əməkdar artist olan, əslində isə xalqın artisti sayılan Elxan Qasımovu doğum günündə biz də təbrik etdik. Onunla söhbətimizdə 75 illik ömür yoluna nəzər saldıq.


 
-  Elxan müəllim, 75 yaş bir sənətkarın sözünü deməsi üçün ən gözəl mərhələdir. Yaradıcı insan üçün yaşın fərqi varmı?
 

- Hər yaşın öz gözəlliyi var. Yaradıcı insan üçünsə yaşın fərqi həm var, həm də yox. Yəni baxır hansı sənətkar üçün. Misal üçün, kinoda rejissor və aktyor üçün 75 yaş şərt deyil. Belə ki, çalışaraq təcrübə qazanırsan, daha böyük kütləyə çıxmış olursan, dünyanı dərk edirsən, sağlamalığın imkan verirsə, 75 yaş əsl işləməli vaxtdır. Çünki bu sənətdə təcrübənin, öyrəndiklərinin, qazandıqlarının da böyük rolu var. Elə sənət var ki, o, gəncliyi sevir, burada fiziki güc lazımdır. 75 az yaş deyil. 75 yaş bir imtahandır. Əslində indiki dövrüdə 60 yaş keçid dövrüdür. Amma yenə mən o yaşa önəm vermirəm. Özümü 75 yaşındakı kimi hiss etmirəm. Bu yaşımda belə, mütaəmadi olaraq kitablar oxuyuram, filmlərə baxıram.  Hələ də oxuduğum romanlardan, izlədiyim materiallardan təsirlənirəm və bunu qavraya, o hissi, həyəcanı hiss edə bilirəm. Bu da məni ruhlandırır ki, mən hələ gəncəm.  Ancaq son zamanlar özümdə bir az kövrəklik hiss edirəm.  
 
- Kövrək olmağınıza səbəb nədir?
 
- Sosial şəbəkədə Afrikada və ya müharibə gedən ölkələrdə ac uşaqların, əl-ayağı yalın, köməyə ehtiyacı olan vəziyyətdəki şəkillərini görəndə özümü saxlaya bilmirəm. Gözlərim dolur. Özümə hakim ola bilmirəm. Bunun elmi tərəfdən mənasını izah edə bilmərəm. Belə şeylər mənə təsir göstərir.
 
- Qeyd etdiniz ki, 75 yaş heç də az rəqəm deyil. Bəs geriyə baxanda nəyin peşmanlığını yaşayırsınız?
 
- Geriyə boylanmağı çox sevməsəm də, xəcalət çəkəcəyim bir keçmişim də yoxdur. Elə bir şey etməmişəm ki, bu gün onun peşmanlığını çəkim. Ancaq bir insan olaraq təəssüfləndiyim məqamlar var. Misal üçün, zamanında sevdiyim, dəyər verdiyim insanlarla çox ünsiyyətdə ola bilərdim. Hansı ki, bu gün onlar həyatda yoxdurlar. Həyat onlarla doya-doya, birlikdə zaman keçirməyə imkan vermədi. Elə bilirdim ki, o insanlar hər zaman yanımda olacaq. Ancaq onlardan doymadım. İndi düşünürəm ki, qardaşlarımı, dostlarımı, dəyər verdiyim insanları gecə-güzdüz qucaqlamalı idim.
 
- Bəs sənət baxımından peşmanlığını çəkdiyiniz məqamlar olmayıb?
 
- Mən özümü potensialıma uyğun şəkildə realizə etməyi bacarmadım.  Allahın verdiyi istedadın ancaq 30 faizini işlətdim.
 
- Səbəb nə oldu buna?
 
- Səbəbini özüm də bilmirəm. Bəlkə xarakterimdən irəli gəlir.
 
- Xarakteriniz necədir ki?
 
- Həyatda qəddarlığı, yaltaqlığı bacarmadım. Bu hisslər məndən uzaq olub. Çəkildiyim filmlərdən, mövqeyimdən   heç zaman istifadə edərək müəyyən məqama gəlməmişəm. Əslində çox filmə çəkilə bilərdim, ancaq onların hamısından  imtina etdim.
 
- İndi peşmansınız?
 
- Yaltaqlığı bacarmadığıma görə peşman deyiləm. Ancaq potensialımdan istfadə edə bilmədiyimə görə geriyə baxanda özümdən razı qalmıram. Bu gün edilən təbriklər, zənglər, yazılan təbrik mesajlarını görəndə sevinirəm və xalqın sevgisi məni ruhlandırır. O dəyəri gördükdə, boşuna yaşamadığımı düşünürəm. Bu gün haqqımda səsləndirilən fikirlər məni sevindirir. Demək ki, mən bu həyatı düz yaşamışam. Buna görə geriyə baxanda  peşman olmuram. Həyatdır də... Hər insanın həyatında dorğu  və yalnış addımı olur.

 

SSRİ dövründə, ondan sonrakı illərdə xarici ölkələri gəzmişəm, Azərbaycanın bütün rayonlarına kəndləri ilə birlikdə səyahət etmişəm və o gözəllikləri görmüşəmsə, bu, mənim bəsimdir.
 
- Bu il şofer Əhmədin 57, Elxan Qasımovun isə 75 yaşı tamam olur. Həyatınız da belə zidiyyətli keçib?
 
- Qəribə təsadüfdür. Tortun üzərində 75 rəqəminin yerini dəyişib şofer Əhmədin ad gününü qeyd edəcəyəm. Xalq məni şofer Əhməd kimi tanıdı, isti münasibət göstərdi. Çalışmışam ki, insnaların gözündə olan o dəyərə, o sevgiyə xələl gətirməyim.
 
- "Əhməd hardadır?" filmi 57 il bundan öncə çəkilsə də, siz müasir filmlərin qəhrəmanlarından daha çox tanınırsınız. Bunun nə ilə əlaqələndirirsiniz?
 
- Azərbaycan kinosunun elə görkəmli aktyorları var ki, onların da əksəriyyəti bir obrazlarına görə tanınıb. Bu normal haldır. Mən böyük ustadlarla işlədim. Məsələn, istedadlı heykəltaraş əlindəki palçıqdan sənət əsəri düzəldir. Palçığı əli ilə formalaşıdırıb onu qəlibə salır. Ustadlar var ki,  aktyorları, tələbələrini  elə sıxıb, qəlibə salırlar. Və nəticədə ortaya peşəkar bir iş çıxır. Müəllimim Ədil İsgəndərov da elə ustadlardan idi.
 
- Bugünün gənclərinə məsləhətiniz nədir?
 
- Nə qədər  bacarırlar çox kitab oxusunlar, çoxlu filmlərə baxsınlar. Nəzəriyyəni bilən, kitablardan hali olan aktyor öznü  dərk edə bilir.
 
- Yəqin ki, yeni yaşınızın ilk günündə də oturub, bu son ildə etdiklərinizi götür-qoy edəcəksiniz. Keçmişə boylanıb, gəlcəyə ümidlər bəsləyəcəksiniz. Sizcə, bu 75 ildə əldə etdikləriniz daha çox olar, yoxsa itirdikdləriniz?
 
- Mənə elə gəlir ki, itirdiklərim  daha çox olar... İtki nə çəki, nə metr, nə də hər hansı ölçü vahidi ilə ölçülmür. Heç maddiyatla da ölçülmür.
 
- Amma siz 75 illik mübarizdən məğlub kimi çıxmış olursunuz?
 
 - Xalqın sevgisini qazana bilmişəmsə, bunun özü böyük xoşbəxtlikdir. Ölçü vahidinə qaldıqda isə 10 parametrdən  götürsək, 9-da itirmişəm. Yalnız birində qazanmışam. Qazancım xalqın məhəbbəti olub.
 
- Yəqin ki, məğlubiyyətin səbəbləri də sizə məlumdur.
 
- Bir az həyatım keşməkeşli olub. Baxmayaraq ki, sınmamışam, dağılmamışam, heç kimə əyilməmişəm. 11 il kirayədə yaşadım, heç kimə heç nə demədim. Heç kəsə əyilmədim. Hər qaranlıq gecənin bir işıqlı sabahı var.  Mən düz yolumla getdim. Düz getmək çətin də olsa, şərəflidir. Çalışmışam ki, düz gedim, Allahın verdiyi ömrü düz yaşayım.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı