Modern.az

“Səhnəyə görə ailəmi dağıtmaq istəmədim” - Ərinin bir sözüylə rəqqasəliyi atan Əməkdar artist - MÜSAHİBƏ

“Səhnəyə görə ailəmi dağıtmaq istəmədim” - Ərinin bir sözüylə rəqqasəliyi atan Əməkdar artist - MÜSAHİBƏ

26 Aprel 2020, 10:14

Əməkdar artist Tutu Həmidova “Naz eləmə”, “İnnabı” kimi milli rəqslərimizin ən məşhur ifaçısı olub. Modern.az saytı tanınmış jurnalist Səfurə Çərkəzqızının rəqqasə Tutu Həmidovadan illlər öncə aldığı və indiyədək internet mediada yerləşdirilməyən müsahibəsini təqdim edir.

Tutu Həmidova sənətin “tilsiminə”  yar-yaraşığı, qədd-qaməti ucbatından düşüb, olub rəqqasə. Su sonası kimi süzməyi bir yana, həm də gözəl səsi varmış. “Bir dənəsən”,  “Dilbərim”,  “Sarı gəlin”i süzə-süzə zümzümə eləyirmiş...

Əməkdar artist adını da alıb.  Sonra birdən-birə yoxa çıxıb,  ailəni seçib. Hüsnünün aşiqləri, dərdindən ölənlərisə çoxmuş, lap çox...

 

- Gəncliyimdə pis olmamışam, deyirdilər,  yaraşıqlısan. İndi nəyim qalıb, 70 yaşım var.


- Göz dəyməsin, elə indi də təravətlisiz...


- Sağ olun! Məni 15-16 yaşında görərdiz. Anam elə o vaxtlar ərə verdi...


- Niyə belə tez?


- Nə bilim, bakılılar qızlarını tez köçürürdülər axı.


- Əriniz kimiydi, nəçiydi?


- Ticarətçi. 27 yaşı vardı. Xalasıgil bizə qonşuydu, onlara gedib-gələndə görmüşdü məni. Bir gün evimizə elçiliyə gəldilər, anam da “hə”mi verdi.


- Siz də razılaşdız?


- Heç mənim fikrimi soruşdular ki?! Anamın sözü qanunuydu. Deyirdi, qız nə qədər tez ərə getsə, bir o qədər yaxşıdı. Mənim də ağlım kəsmirdi, uşağıydım. Heç pasport da almamışdım.  Nəysə, adaxladılar, dörd-beş ay nişanlı qaldıq.


- Barı qoyurdular görüşəsiz, sonradan da olsa, tanıyıb-biləsiz?


- Hərdən evimizə gəlirdi. Anasıyla, xalasıyla... Amma bizi  tək qoymurdular. Toya kimi kəlmə də kəsmədik.


- Sonra onunla bir dam altında yaşamaq çətin olmadı?


- Ciddi adamıydı. Ondan xəbərsiz bir yerə gedə bilməzdim. Amma adamın gərək insafı olsun, Əmrullaha pis deyə bilmərəm. Hiss eləyirdi ki, darıxıram,  deyirdi, dur gedək anangilə.

...Anam görürdü ki, incəsənətə meylim var. Evimizdə olanda tara gedirdim axı. Ərə gedəndən sonra deyirdi, dinmə, acıqları tutar,  həvəsini ört-basdır elə getsin.


- Əriniz də duyurdu bu həvəsinizi?


- Həə, heç nə demirdi, başa düşəniydi. Amma razı olmazdı ki, arvadı səhnəyə çıxsın. Zəmanə pisiydi...

1942-ci ildə müharibəyə getdi, qayıtmadı. İki körpəylə tək qaldım. Bir gün bacım Xanbacı dedi ki, gəl səni aparım rəqsə. Dedim, yox, mən tar çalmaq istəyirəm. Səid Rüstəmovun ansamblına gedəcəm. Bacım birtəhər məni razı saldı. Əlibaba Abdullayevin yanına getdik. Əlibaba müəllim məni görən kimi dedi, heç yana getmə, səni Allah rəqsçün yaradıb. Boy-buxun... İncə-mincə qızıydım. Bir söz demədim. Yavaş-yavaş vuruldum bu sənətə. Gecəm-gündüzüm yoxuydu, bütün günü rəqs eləyirdim. Deyirdim, görəsən, əllərimi necə fırlatsam, daha yaxşı olar? Rusiyaya,  İrana, Türkiyəyə, Çinə qədər gedib çıxırdıq.



- Bəs ikinci həyat yoldaşınızla necə tapışdız?


- 1958-ci iliydi. Çindən təzəcə qayıtmışdım... Görürdüm bir nəfər bütün konsertlərimə gəlir. Özü də həmişə qabaq sıralarda oturur. Ürəyimə dammışdı ki, nəsə var. Bir belə, iki belə, axırda bu adam  mənə yaxınlaşıb dedi ki, “Tutu xanım, sizinlə ailə qurmaq istəyirəm”. Yoldaşından ayrılmışdı, iki uşağı vardı. Fikirləşdim ki, filarmoniya kimi bir yerə gedib-gəlirəm. Cavan gəlin, zəmanə də pis...Düzdü, dayılarım, qardaşlarım hər gün aparıb-gətirirdilər. Amma ər, ailə başqa şeydi.


- Bəs niyə sənətdən uzaqlaşdız?


- Həsənağa elə yaxşı insanıydı ki, bir sözünü iki eləmək istəmirdim.


- Deməli, o sizə mane olub?


- Özüm də çox ölçüb-biçdim. Fikirləşdim ki, onsuz da 5-6 ildən sonra deyəcəklər ki, Tutu xanım, day qocalmısız, səhnəyə yaramırsız, gedin evinizdə oturun. Mən o sözü eşitmək istəmədim. Dedim, vaxtında getsəm, yaxşıdı. Əfrasiyab müəllim direktorumuz idi. Nə qədər xahiş elədi ki, qal, dedim, olmaz. Gül kimi ailəmi dağıtmaq istəmədim.


- Sizi səhnədən uzaqlaşdırdığına görə yoldaşınızın  əzab çəkdiyini, peşman olduğunu hiss eləyirdiz?


- Olurdu. Birdən qayıdırdı ki, ay Tutu, oynamaqçün darıxmırsan? Deyirdim, sənin yanında niyə darıxım ki?!


- Ürəkdən deyirdiz, yoxsa onun xətrinə?


- Həqiqətən də eləydi. Çox istəyirdim onu. Birinci ərimi sevməmişdim. Sevginin nə olduğunu Həsənağa daddırmışdı mənə. Evlərindən mənimlə ailə qurmağa razı deyildilər. Anası deyirdi, bircə rəqqasəmiz  kəmdi. Heç kəsin sözünə baxmadı, evləndi mənimlə.  Düz 35 il yaşadıq. Allah ona rəhmət eləsin! Ailəcanlı adamıydı.  Ondan bir qızım olmuşdu. Oğlanlarımı o qızdan ayırmırdı, doğmalıq-ögeylik salmırdı. Yaxşı da qazanırdı. Heç nəyimiz kəm deyildi. Nə istəyirdim alıb gətirirdi.  Pal-paltar, bəzək-düzək...Bir dəfə demirdi ki, belə geyinmə, elə geyin. Hər il istirahətə gedirdik. Moskvaya, Kislovodskiyə...İndi o günlərçün burnumun ucu göynəyir.


- Tutu xanım, deyirlər o vaxtlar sizə görə ailəsini dağıdanlar da olub. Düzdü?


- Həsənağanı deyirlər də.


- Bəs o sizdən qabaq ayrılmamışdı?


- Yox.


- Bayaq elə dediz axı.


- Elə ayrılan kimiydilər, araları dəymişdi. Amma məndən sonra rəsmiləşdirdilər.


- Belə deyin! Sizi az sevmirmiş...


- Bəs nə bilmişdiz!


- Amma mən başqa birisini eşitmişdim. Sizin dərdinizdən əməlli-başlı dəliymiş... Kimiydi o?


- Bizimlə bir oğlan işləyirdi-Hüseynbala. Heç ağlıma da gəlmirdi ki, məndən ötrü dəli ola bilər. Hamı bilirdi, Əlibala müəllimin də xəbəri vardı. Çinə gedəndə xəstələnmişdi, yarı yoldan geri qaytardılar.


- Aşiqləriniz  az olmayıb, deyəsən...


- Əllərindən tərpənmək olmurdu. Konsertdən çıxanda oğlanlarımız cərgəylə düzülürdü, mən də onların arasıyla keçib gedirdim. Otağa qədər ötürürdülər. Qəşəng qızlarımız çoxuydu: Roza Cəlilova, Əminə Dilbazi, Sona Dadaşova, Nailə Mahmudova... Yerevanda qızlarımızın çoxuna evlənmək təklif eləmişdilər. Heç biri razılaşmamışdı ki, biz hara Yerevan hara? Konsertdə başımıza o qədər gül-çiçək tökmüşdülər ki! Arxamızcan  Bakıyacan gələni də olmuşdu.

Heç kəsin dərdindən dəli olmamışam. Görürsən, danışırlar, ay belə sevdim, ay elə sevdim... Mən elə olmamışam.


- Yəqin həmişə sevildiyinizdəndi...


- Nə bilim, bəlkə də...

 
1998

Səfurə Çərkəzqızı
“Sevdalılar”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı